Məhkəmə qərarları › İş №1(105)-69/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-69/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-69/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası hakimləri Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Atakişiyeva Şəfəq Arif qıznın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-155/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsi ilə) baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə (Hakimlər H.S.Əliyev (sədirlik edən), F.Z.Hümbətov və A.T.Rzayevadan ibarət tərkibdə) Təqsirləndirilən şəxs (xx.xx.1982-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var), orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli şəhəri, XX Partiya Qurultayı küçəsi, ev 8-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, mənzil 30-da yaşayan, hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 il 6 ay (yeddi il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğısının 19 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma, saxlama cinayətini törətmişdir. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Möhsüm» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 39,245 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda təmiz çəkisi 10,153 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021ci il tarixdə saat 21:00-də Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsi, 20 saylı evin yaxınlığında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-yə gətirilmiş və orada xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qısa şalvarın sağ yan cibindən «Prima» markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 39,245 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,153 qram kustar üsulla külli miqdarda psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində olan cinayət işi bütün sübutları tədqiq edərək ona bəraət verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, onu polis əməkdaşları Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində saat 20:00 radələrində avtomaşında olarkən saxlamışlar. Təxminən 5-10 şəxs polis əməkdaşları ona yaxınlaşıb və məhlənin ortasında şiddət göstərmişlər, həmin vaxt yüksək səslə üstündə heç nə olmadığını demiş və onun bu sözlərini qonşular da eşitmişdir. Ona zor tətbiq edərək maşına otuzdurmuşlar və yaşadığı evə aparmışlar, onun evində qanunsuz baxış keçirmişlər. Lakin cinayət işinin materiallarından görünür ki, guya polislər onun evinə 23 avqust 2021-ci il tarixdə baxış keçirmişlər, əslində isə o polislər tərəfindən saxlanılan gün evinə baxış keçirilmişdir. O, 3-cü Polis Bölməsində olarkən ona işgəncə verilmiş, sol ayağı yeni əməliyyat olundugu üçün həmin ayağına xəsarətlər yetirməklə onun ayağının qanaxmasına səbəb olmuşlar. O, bu təzyiqlərə və işgəncəyə dözməyib polislərin diktəsi altında narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, saxlanılarkən yay ayı olduğu üçün əynində nazik şortik olmuş və həmin şortikin cibində elektron tərəzi və xeyli miqdarda narkotik maddənin gəzdirilməsi inandırıcı deyil. İkincisi, onun tutulduğu gün evdə onun arvadı, uşaqları və atası var idi. Baxış protokolunu imzalayan şəxsləri tanımır və protokolda imzası olan qardaşı Emin Məmmədov isə ümumiyyətlə onlarla birlikdə yaşamır. Onun heç kimdən narkotik vasitələrin satışı ilə bağlı nə yazışması, nə də ki başqa cür əlaqə qurmağı ibtidai istintaq orqanı tərəfindən aşkar edilməyib. Həmçinin, kiminləsə üzləşdiriləməsi həyata keçirilməyib ki, həmin şəxs ona narkotik satdığımı göstərsin. Ekspertiza rəyi ilə onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi təsdiq edilsə də, üzərində olan narkotik vasitələrin məhz satış məqsədi ilə saxlanılmasını təsdiq edən sübut yoxdur. Narkotik vasitələr xırda bağlamalara bükülməmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, səhhəti ilə əlaqədar Müalicə Müəssisəsində saxlanılması, sol ayağının amputasiya edilmək təhlükəsi altında olması, həmçinin himayəsində iki azyaşlı uşağının olması nəzərə alınmamış və birinci instansiya məhkəməsi tərəfindən ona həddindən artıq sərt cəza təyin edilmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Videokonfrans əlaqə sistemi vasitəsi ilə məhkəmə iclasında iştirakı təmin edilmiş Təqsirləndirilən şəxs apellyasiya məhkəməsindəki çıxışında apellyasiya şikayətində göstərdiyi xüsusatları nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Könül Qədimalıyeva apellyasiya məhkəməsindəki çıxışında apellyasiya şikayətinin təmin edilməsi, hüquqularının müdafiə etdiyi şəxsə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, bəraət hökmü çıxarılması üçün əsaslar müəyyən olunmadığı halda isə təqsirləndirilən şəxsin səhhətini və ailə vəziyyətini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu və cəzanın azaldılması üçün əlavə yüngülləşdirici halların müəyyən olunmadığını qeyd edib, birinci instansiya məhkəməsinin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüdudları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya tələblərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, müdafiəçinin Təqsirləndirilən şəxs bəraət verilməsi, bəraət verilmədiyi halda hökmünün dəyişdirilməsini, hüquqlarını müdafiə etdiyi şəxsə yüngül cəza təyin edilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçinin, şikayətin rədd edilməklə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 155/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayat- Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddəa 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilinda tədqiq edilənədək sübut va digar materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versinlər. Təqsirləndirilən şəxs apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməl mübahisələndirilərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə təqsirləndirilən şəxsin müdafiəçisinin göstərdiyi xüsusatlar digər danılmaz sübutlarla – təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edən təqsirləndirilən şəxsin və müdafiəçinin, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, onu polis əməkdaşları Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomaşında olarkən saxlamışlar. Həmin vaxt əməliyyat olunmuş, yeriyə bilməmişdir. Polis əməkdaşları onu götürüb, evinə baxış keçirmişlər. Daha sonra isə onu 3-cü Polis Bölməsinə aparmışlar. Bölmədə nakotik vasitənin ona məxsus olmasını deməsini məcbur etmişlər. Bundan sonra video çəkiliş olmuş və o, məcbur olub etiraf etmişdir. Saxlanılarkən üzərində narkotik vasitə olmamış, narkotik vasitələri heç kimə satmamışdır. Məhkəmə kollegiyası ilk olaraq Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, məhkəmə istintaqı zamanı onun ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və şahidlərin ifadələrindən əlavə, «əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokolu, Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diski, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini və s. sənədləri sübut növü kimi qəbul edib ittiham hökmü çıxarmış birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2021-ci il tarixdə saat 21:00-da ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Təhqiqatçı tərəfindən dəvət ediliş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qısa şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində 01 ədəd şəffaf bükümdə narkotik vasitə heroini, digər 01 ədəd şəffaf bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirildi və əynində olan qısa şalvarının sağ yan cibindən 01 ədəd elektron tərəzi, şalvarının sol yan cibindən 01 ədəd “RedMe” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 30 manat məbləğində pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra heroin və metamfetamin elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, onları 1 gün əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Möhsüm” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Neftçilər prospekti yaxınlığından götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini həmin “Möhsüm” adlı şəxsə göndərəcəyini və gördüyü işin qarşılığında sonuncunun ona göndərdiyi narkotik vasitələrdən istifadə etməsinə icazə verdiyini, həmin “Möhsüm” adlı şəxsi təxminən 4 aydır ki, tanıdığını əvvəllər Azərbaycan Respublikası CMin 234.4.1-ci maddəsi ilə məhkum olunduğunu, başqa yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qarşı təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə, ekspertiza rəylərinə qiymət verərək, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Kollegiya onu da qeyd edir ki, məhkəmənin gəldiyi nəticələrin «yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı olması» barədə CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilən müddəa o demək deyildir ki, təqsirlilik məsələsi müzakirə edilərkən yalnız məhkəmə iclasında verilən ifadələr əsas götürülməlidir. Qanunun mənasına görə, ibtidai araşdırma dövründə verilmiş ifadələr məhkəmə iclasında tədqiq edilərkən onların işin digər halları ilə uyğun gəlməsi müəyyən edildikdə daha mötəbər sübut kimi qəbul edilə bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxsin, habelə bir sıra şahidlərin ibtidai araşdırma vaxtı verdikləri ifadələri işin məhkəmə iclasında tədqiq edilən hallarına daha uyğun və inandırıcı hesab edən birinci instansiya məhkəməsi bu halı hökmdə qeyd etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 19 avqust 2021-ci il tarixdə axşam saat 21:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsi, 20 saylı evin yaxınlığında piyada hərəkət edərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu söyləyərək onu Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. O isə heç bir etiraz etmədən onların təklifini qəbul edərək deyilən yerə onlarla birlikdə getmişdir. Orada xidməti otaqların birində ona həmin gün növbətçi olan vəkillərin siyahısını təqdim etmişlər. Həmin siyahıdan o hüquqlarını müdafiə etmək üçün X1, bir neçə dəqiqədən sonra onun seçdiyi müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmaqla yanaşı həmin hüquq və vəzifələrin yazılı olduğu bildirişi də təqdim etmişlər. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o əynində olan şalvarın sağ yan cibindən 01(bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, şəffaf sellofana bükülmüş narkotik vasitə heroini və 01 (bir) bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra üzərində əşəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən elektron tərəzi, həmin şalvarın sol yan cibindən bir ədəd “Red Mİ” markalı mobil telefon, ona məxsus olan şəxsiyyət vəsiqəsi və otuz manat pul aşkar olunaraq götürülmüşdür. Sonra narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə narkotik vasitə olan heroinin çəkisi 40,83 qram və psixotrop maddə olan metamfetaminin çəkisi 11,54 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalandıqdan sonra götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etməsi ona izah olunduqdan sonra mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra isə içərisi boş olan siqaret qutusu və otuz manat pul ona geri qaytarılmışdır. O sorğu zamanı aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Möhsüm” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Möhsüm” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul qazandığını, narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Onun üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. O saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin qeyd olunan ifadələrini müqayisəli şəkildə təhlil edərək onun bu göstərdiklərini məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla, işin halları ilə uzlaşmadığından obyektiv ifadə kimi qəbul etməmiş və onu məsuliyyətdən yayınmaq üçün verilən qeyri-səmimi ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, hökmdə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməsi halları ətraflı tədqiq və təhlil edilmiş, işdəki sübutlara düzgün hüquqi qiymət verilmişdir. İşdə təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən kifayət qədər sübutlar vardır. Cinayət işinin materiallarında olan və tədqiq edilmiş Şəxsi axtarış keçirilməsi haqqında və Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2021-ci il tarixdə saat 21:00-da ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmiş Təqsirləndirilən şəxs saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən Sumqayıt ŞPi-nin 3-cü PB-nin inzibati binasında xidməti iş otağında video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl ona Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Eyni zamana ona izah edilir ki, Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qısa şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində 01 ədəd şəffaf bükümdə narkotik vasitə heroini, digər 01 ədəd şəffaf bükümdə psixotrop maddə olan metamfetamini təqdim edir. Sonra onun üzərinə şəxsi axtarış keçirilir və əynində olan qısa şalvarının sağ yan cibindən 01 ədəd elektron tərəzi, şalvarının sol yan cibindən 01 ədəd “RedMe” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 30 manat məbləğində pul aşkar olunaraq götürülür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Sonra heroin və metamfetamin elektron tərəzidə çəkilir və qablaşdırılır. Şübhəli şəxs, müdafiəçi, polis əməkdaşları tərəfindən imzalanır və götürülür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi götürülür, 01 ədəd boş olan siqaret qutusu və 30 manat pul isə Təqsirləndirilən şəxs qaytarılır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, onları 1 gün əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Möhsüm” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Neftçilər prospekti yaxınlığından götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini həmin “Möhsüm” adlı şəxsə göndərəcəyini və gördüyü işin qarşılığında sonuncunun ona göndərdiyi narkotik vasitələrdən istifadə etməsinə icazə verdiyini, həmin “Möhsüm” adlı şəxsi təxminən 4 aydır ki, tanıdığını əvvəllər Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə məhkum olunduğunu, başqa yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Daha sonra videçəkiliş dayandırılır. Məhkəmə kollegiyasl hesab edir ki, Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolun həqiqiliyini şübhə altına qoyan və onun əsassızlığını təsdiq edən hər hansı sübut cinayət işinin materiallarında müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun tələblərinə və izahına əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması; həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması hesab edilir. Bundan əlavə, həmin Qanuna əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər- narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli «Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən təqsirləndirilən şəxsdə həm narkotik vasitənin, həm də psixatrop maddənin aşkar olunmasını və eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitələrin külli miqdarda olması, həmçinin narkotik vasitə ilə yanaşı elektron tərəzinin aşkar edilməsi mühüm əhəmiyyət kəsb etmiş və qeyd olunan hallara mötəbər sübüt kimi istinad etmişdir. Birinci instansiya məhkəməsi qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyyələrinə riayət etməklə Təqsirləndirilən şəxs əməlini düzgün olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib saxlanılması və daşıması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Apelyasiya kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla təqsirləndirilən şəxsin verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək onu da qeyd edir ki, şikayətdə sadalan hallar təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsinə əsas vermir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. İş materiallarından görünür ki, iş üzrə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış, iş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İşdə olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 27 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2018-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunur. Əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı). Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin əvvəllər məhkum edilmiş şəxsin yenidən cinayət törətməsi onun cinaytət meyilli şəxs olduğunun göstəricisidir və ona qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutduğundan birinci instansiya məhkəməsi tərəfindən təyin edilən cəza ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-155/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 394, 397, 399.1.4, 401, 403, 407, 410-cu maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-155/2022 saylı, 07 oktaybr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar