Məhkəmə qərarları › İş №1(105)-696/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-696/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-696/2024 11.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin apellyasiya instansiya məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru X6, məhkum edilmiş şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Sumqayıt regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 15/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə (videokonfrans əlaqə sistemi vasitəsi ilə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-15/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmü ilə (hakimlər F.Z.Hümbətov (s.e), H.S.Əliyev və A.T.Rzayeva) Təqsirləndirilən şəxs2 (xx xxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2022-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs1 (xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, subay, işləməyən, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 19 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 hökmdən apellyasiya şikayəti verməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroin əldə etmə, daşıma və saxlama cinayət əməlləriini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 16 fevral 2022-ci il tarixdə günorta saatlarında şəxsiyyəti istintaqa məlum olmayan İran islam Respublikası vətəndaşının “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə ona mesaj yazaraq Quba rayonu, Almaz-Qazmalar kəndi ərazisində fəaliyyət göstərməyən kafenin həyətində satış məqsədilə əldə olunmuş külli miqdarda yəni 01 kiloqram narkotik vasitə heroin olduğunu, həmin heroinin 100 qramını ona verəcəyini bildirərək heroinin oradan götürülüb Bakı şəhərinə çatdırması barədə təklifini qəbul edib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib saxlamaq, daşımaq və göndərmək məqsədi ilə həmin gün saat 15 radələrində Quba rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarından yük daşıyan tanışı Təqsirləndirilən şəxs2 zəng vuraraq qeyd olunan külli miqdarda narkotik vasitə heroini götürüb Bakı şəhərinə çatdırmasını xahiş edib Təqsirləndirilən şəxs2 da cinayət əlaqəsinə cəlb etmiş, narkotik vasitənin yerini müəyyən etmək üçün İran İslam Respublikası vətəndaşının “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə onagöndərdiyi “məkan" və səsli mesajı sonuncuya göndərmiş, Təqsirləndirilən şəxs2 isə həmin gün saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs3 zəng vuraraq Quba rayonu, Almaz Qazmalar kəndi ərazisində olan külli miqdarda narkotik vasitə heroinin oradan götürülərək Bakı şəhərinə göndərilməsibarədə xahiş edildiyini, lakin işlədiyi şirkətə məxsus “Shaqman” markalı yük avtomobili ilə hərəkət reysindən kənarlaşa bilmədiyini deyərək narkotik vasitəni həmin yerdən götürüb onlara çatdırmasını xahiş etdikdə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la razılaşıb qabaqcadan əlbir olan cinayətkar qrupa qoşularaq yaşadığı Siyəzən şəhərindən çıxıb taksi avomobili ilə Quba rayonuna yola düşmüş, saat 23 radələrində Quba rayonu Almaz- Qazmalar kəndinə çataraq Təqsirləndirilən şəxs2 “Whatsapp" ani mesajlaşma xidməti vasitəsilə ona göndərdiyi məkana, yəni həmin kənddə yolun kənarında yerləşən fəaliyyət göstərməyən kafeyə gedib həyətə daxil olaraq qamış və metal dam örtüyündən qurulmuş tikilinin arxasında yerə qoyulmuş bir ədəd sellofan bağlamada olan külli miqdarda yəni təmiz çəkisi 1.020 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürərək qanunsuz olaraq əldə edib saxlayıb, daşıyaraq kafenin həyətindən çıxmaq istəyərkən Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində orada saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən sol əlində olan 01 ədəd üzərində “Barutti” sözü yazılmış ağ rəngli sellofan torbanın içərisindən bir ədəd bağlamada külli miqdarda yəni təmiz çəkisi 1020.0 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və göndərmə cinayət əməllərini törətmişlər. Apellyasiya şikayətinin dəlilləri: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-15/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsini və onun barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətində subay olduğunu, yaşlı xəstə atasının çətin vəziyyətdə olduğunu, birinci instansiya məhkməsi tərəfindən onun ilk məhkumluğunun, maddi və sosial vəziyyətinin nəzərə alınmadığını qeyd etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-15/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən onun ilk məhkumluğu, əməlindən peşman olması və ən əsası gənc olması nəzərə alınmamışdır. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 çıxışında ona təyin olunmuş cəzanın ağır olduğunu bildirərək cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi X7 apellyasiya məhkəməsindəki çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin cavan olmasını nəzərə alaraq, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 15/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanın ağır olduğunu bildirərək cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi4 apellyasiya məhkəməsindəki çıxışında hüquqlarını müdafiə etdiyi şəxsə təyin olunmuş cəzanın ağır olmasını bildirərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-15/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi Apellyasiya instansiya məhkəməsində dövlət ittihamçısı X6 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsas olmadığını, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə ədalətli cəza təyin olunduğunu, ittiham tərəfi olaraq təyin olunmuş cəza ilə razı olduqlarını bildirərək, şikayətin təmin edilməməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-15/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətlərinin təmin edilməsi barədə təqsirləndirilən şəxslərin və müdafiəçilərin, apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 15/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2t ittiham olunduğu cinayət əməlini törətməkdə özlərini qismən təqsirli bilmişlər. Onların əməli etiraflarından başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətlərində mübahisələndirilmir. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətlərinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətlərdə sadalanan hallar təqsirləndirilən şəxslərə daha yüngül növdə cəza təyin edilməsinə əsas vermir. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi məhkumlara təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq onlara qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin qəsdən törədilməsini, cinayətin törədilmə üsulunu, kifayət qədər nəzərə almışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almınması baxımından ədalətli olmasını istisna edir. Belə ki, cinayət hüququnun prinsipi kimi təsbit edilən ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin diferensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı rola görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-nin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli tədqiq edilməsidir ki, bu zaman təqsirkarın həyat yolu, ictimai vəzifəyə, əməyə münasibəti, ailədə, məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırlmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müdətinə islah işləri cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 49.3-cü maddəsinə əsasən 02 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. 09 oktyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə başlayan cinayət işi üzrə icraata Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumluğun ödənilməsi bütün hüquqi nəticələri aradan qaldırır. Lakin nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətdiyinə görə təqsirli bilinmişdir ki, bu da onun islah olunmadığı qənaətinə gəlməyə əsas verir. Yəni, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması məhkumluğu ödənildiyi üçün cəzasını ağırlaşıdıran hal kimi nəzərə alınmasa da, onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kifayət qədər ədalətli cəza təyin etmiş, onlara təyin edilmiş cəzasının azaldılması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdar, 1020.0 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və göndərmə cinayət əməllərini törətmələrini cinayətin ictimai təhlükəlililk dərəcəsini artıran hal kimi qiymətləndirir, məhkum edilmiş şəxslər barəsində daha yüngül cəza təyin edilməsi üçün kifayət qədər əsaslar görmür və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-15/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs1 göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı X5, Təqsirləndirilən şəxs2 göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi4 vəkil işlədikləri Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu və Sumqayıt regional Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 193, 197, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ : Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 15/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkillər X7 və Müdafiəçi4 5 (beş) iş saatı üçün 30 (otuz) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu və Sumqayıt regional Vəkil Bürosu vasitəsi ilə ödənilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəmə-sinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar