Məhkəmə qərarları › İş №1(105)-73/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-73/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-73/2023 19.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elman Gülbaba oğlu Rəhimov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Aytəkin Qurban qızı Hacıyevanın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-246/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-246/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə (hakim F.H.Əliyev) xx.xx.1997-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evdə yaşayan, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 07 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 09 (doqquz) ay, 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, 06 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,304 qram və 0,130 qram, ümumi təmiz çəkisi 0,434 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 07 oktyabr 2021-ci il tarixdə, saat 00:10 radələrində Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 30\62 saylı binanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümlərdə və çəkilərdə olan narkotik vasitə heroin əynindəki boz rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-246/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cinayət hadisəsinə və mühüm əhəmiyyətə malik olan hallara və mötəbər sübutlara düzgün qiymət verməyərək, eyni zamanda onun şəxsiyyətinə uyğun olmayan sərt cəza təyin edərək qanunsuz hökm çıxarmışdır.Bundan başqa öz əməlinə tənqidi yanaşaraq səmimi peşmançılığı, ailəsi üçün yeganə qazanc gətirən şəxs və gənc olması məhkəmə tərəfindən nəzərə alınmamış və onun şəxsiyyətinə uyğun olmayan sərt cəza təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X4 çıxış edərək, apellyasiya şikayətinə etiraz etmiş, əsassız olduğundan apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-246/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində özünü təqsirli bilərək, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya instansiyası məhkəməsində çıxış edərək, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməklə, hökmün dəyişdirilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, hökm təqsirləndirilən şəxsə cəza təyininə dair hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında etdiyi çıxışında ona istinad edilən cinayətin törədilməsində özünü qismən təqsirli bilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkəmə Kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsədə, apellyasiya məhkəməsinin məhkəmə baxışı zamanı şikayətin dəlillərində dəyişiklik edərək, özünü təqsirli bilmiş, əməlindən səmimi peşman olduğunu və ona görə də ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Onun özünü təqsirli bilməsi iş materiallarında olan sübutlarla, şahid ifadələri ilə təsdiq edilir. Bu səbəbdən də məhkəmə kollegiyası sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 00:10-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində tutulmuşdur.(i.v 18) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdə, saat 17:30-da MSY-dən azad edilmişdir.(i.v 67-68) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektorkriminalist rəqəmsal tipli “Panasonic” tipli videokameranı işə salmışdır. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxladığı 2 (iki) ədəd gümüşü rəngli siqaret kağızında olan bükümləri təqdim etmişdir. Həmin bükümlər ardıcıllıqla açılmışdır. Gümüşü rəngli siqaret kağızında olan birinci büküm açılan zaman onun içərisində göy rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddə, gümüşü rəngli siqaret kağızında olan ikinci büüm açılan zaman isə onun içərisindən şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunana maddə kokosdur, həmin maddəni xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindənn aşkar olunmuş bükümlər ardıcıllıqla tərəziyə qoyulub çəkilən zaman birinci bükümün çəkisinin 0,50 qram, ikinci bükümün çəkisinin 0,31 qram, ümumilikdə hər iki bükümün çəkisinin 0,79 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin içərisində qəhvəyi rəngli maddə olan 2 ədəd büküm xüsusi qaydada qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilmişdir.(i.v 26-27, 103- 106) Birinci instansiya məhkəməsinin məhkəmə iclasında diskdəki görüntülər nümayiş olunmuş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/4445 saylı, xx.xx.2021- ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №128” möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. Yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrırlıqda təmiz çəkiləri 0,304 qram, 0,130 qram, ümumi təmiz çəkiləri 0,434 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu heroin kütlələri tərkiblərinə görə öz aralarında eynilik təşkil edir.(i.v 39-42) İş materiallarında olan 1333 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən göünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır.(i.v 70-72) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-637/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməllərinin ifşa olunması məqsədilə onun üzərində əməliyyat-axtarış tədbirlərinin aparılması qanunauyğun hesab edilmişdir.(i.v 76) İş materiallarında olan 4668 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcbur müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 107-108) Məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək, eyni zamanda təqsirləndirilən şəxsin barəsində sərt cəza təyin edilməsinə dair apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Vidad oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəza müəyyən edilərkən, yaşayış yerindən müsbət xarakterizə edilməsini və ilk dəfə məsuliyyətə cəlb edilməsini yüngülləşdirən hal kimi nəzərə alınmış, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Kollegiyanın fikrincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, işin bir sıra xüsusatlarını, o cümlədən cəza təyininin ümumi əsasları olan təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini tam nəzərə almamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kolegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı azadlığın məhdudlaşdırılması növündə cəza nəzərdə tutulduğu halda, birinci instansiya məhkəməsi ona azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə düzgün nəticəyə gəlməmişdir. Kollegiyanın fikrincə, məhkəmə onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü tam araşdırmamış, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin hansı zərurətdən əmələ gəlməsini əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədini təmin edə bilmir. Qanunun bu tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli qəsdən törədilməklə Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 74) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 4424 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 111) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v 113) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ilk məhkumluğunun olmasını, çıxışında törətdiyi əməli səmimi etiraf etməklə peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi və məhkəmədəki davranışını onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində olan yüngülləşdirici halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd edilən əsaslar həmçinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında və Məhkəmə-hüququ sistemində islahatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli fərmanında cəza siyasətinin humanistləşdirilməsi məqsədi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna tövsiyələr verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyə vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin mübahisə edilən hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, onun 07 oktyabr 2021-ci il tarixdən, 08 oktyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət və hazırki iş üzrə xx.xx.2022-ci il tarixdən həbsdə saxlanıldığı 03 (üç) ay, 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesablanması nəzərə alınaraq hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il, 4 (dörd) ay, 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəza çəkdiyi müddət ərzində, onun üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi ev ünvanında yerləşən evindən çıxmamaq, günün qalan hissəsini yaşadığı Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın çəkilməsi müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, qərarın icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1, 399.1.5-ci maddələrinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-246/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə cəzanın ağırlığına görə dəyişdirilməli, təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası təqsirli bilindiyi maddənin sanksiyası nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 404, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-246/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdən, 08 oktyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət və hazırki iş üzrə xx.xx.2022-ci il tarixdən həbsdə saxlanıldığı 03 (üç) ay, 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesablanması nəzərə alınaraq hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il, 4 (dörd) ay, 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddət ərzində, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi ev ünvanında yerləşən evindən çıxmamaq, günün qalan hissəsini yaşadığı Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərarın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilsin. Qərarın icrası təqsirləndirilən şəxsin həbsdən azad edilməsi hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar