Məhkəmə qərarları › İş №1(105)-735/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-735/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-735/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elman Gülbaba oğlu Rəhimov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxsin hüquqi varisi Şahverdiyev Azər Rəfi oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Şahverdiyev Azər Rəfi oğlunun apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-107/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Şahverdiyev Azər Rəfi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-107/2024 nömrəli 27 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər A.T.Rzayeva (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyev) xx xxxxx 1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 76-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, ev 3, mənzil 362-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək həbsdə saxlandığı 3 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 fevral 2024-cü il tarixdən hesablanması, 04 sentyabr 1997-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş, Lənkəran şəhəri, V.Tereşkova küçəsi, ev 3/2-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi Quşçuluq massivində yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddəsinə əsasən hazırki hökmlə, ona Nərimanov rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 (bir) il 2 (iki) ay 8 (səkkiz) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmək əlavə cəzası tam birləşdirilmək, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaq yolu ilə qəti olaraq 01 (bir) il 2 (iki) ay 8 (səkkiz) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş əlavə cəza nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməsi, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 30 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin materiallarına əsasən zərərçəkmiş şəxsin hüquqi varisi Şahverdiyev Azər Rəfi oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 1(124)- 107/2024 nömrəli hökmündən apellyasiya şikayəti və apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair vəsatətlə (ərizə ilə) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-107/2024 nömrəli, 04 sentyabr 2024cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi Şahverdiyev Azər Rəfi oğlunun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 1(124)-107/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan Şahverdiyev Azər Rəfi oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökm onun əvvəlki ünvanına göndərildiyi üçün o, hökmü vaxtında əldə edə bilməmiş və həmin hökmü 21 aprel 2024-cü il tarixdə vəkildən götürmüşdür. Həmçinin məhkəmənin yekun iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilməsi qaydası ona izah olunmuş, lakin elə anlamışdır ki, hökmü aldığı vaxtdan 20 gün ərzində şikayət verə bilər. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Şahverdiyev Azər Rəfi oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, zərərçəkmiş şəxsin hüquqi varisi Şahverdiyev Azər Rəfi oğlunu və dövlət ittihamçısının çıxışlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-107/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilməməlidir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 107/2024 nömrəli hökmü 27 fevral 2024-cü il tarixdə elan olunmuş, Şahverdiyev Azər Rəfi oğluna hökmün elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ izah edilmiş, lakin o bu hüququndan qeyd olunan müddət ərzində heç bir üzürlü səbəblər olmadan istifadə etməyərək, yalnız 01 aydan artıq vaxt keçdikdən sonra yəni 25 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bundan başqa onun hökmü aldığı vaxtdan 20 gün ərzində şikayət verə bilməsi ilə bağlı qeyd edilməlidir ki, bu hüquq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən yalnız həbsdə saxlanılan məhkumə məxsusdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1 və 384.2-ci maddələrinə əsasən apellyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə ittiham hökmü ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə uyğun olaraq, apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, Azərbaycan Respublikası CPM-nin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətin rədd edilməsinə dair qərarı qanuni, əsaslıdır və zərərçəkmiş şəxsin hüquqi varisi Şahverdiyev Azər Rəfi oğlunun apellyasiya şikayətində göstərdiyi dəlilləri hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin bu barədə dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Şahverdiyev Azər Rəfi oğlunun apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətinin təmin edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-107/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384, 386 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəməsi kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi Şahverdiyev Azər Rəfi oğlunun apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətinin təmin edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-107/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar