Məhkəmə qərarları › İş №1(105)-738/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-738/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-738/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin apellyasiya instansiya məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 1(124)-237/2025 nömrəli hökmündən təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında (videokonfrans əlaqə sistemi vasitəsi ilə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 1(124)- 237/2025 nömrəli hökmü ilə (hakimlər İlham Cəfərzadə (sədrlik edən), Nahid Mirzəyev, Nurəddin Hüseynli) Təqsirləndirilən şəxs1 (xx.xx.1982-ci ildə Naxçıvan MR-sı, Şərur rayonu, Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; Təqsirləndirilən şəxs2 (xx.xx.1974-cü ildə Naxçıvan MR-sı, Şərur rayonu, Maxta kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 33, mənzil 7-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «Mehriban qonşular» məhəlləsi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona görə məhkum edilmişlər ki, onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qeyrirəsmi ər-arvad münasibətində olduğu X2 atası X3 özünə məxsus obyekti satıb pulunu qardaşı Şahid1 evində saxladığını bilib həmin pulu quldurluq yolu ilə ələ keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 01:45 radələrində bir qrup şəxs halında Şahid1 Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsində yerləşən 119 saylı evinin həyətinə gəlib, evdə olan şəxslərin və qonşuların yatmasına əmin olduqdan sonra özləri ilə götürdükləri əlcək və maskaları əllərinə və başlarına geyinib birlikdə nərdivanla evin ikinci mərtəbəsindəki eyvana, sonra isə evdə 31.000 manat məbləğində xeyli miqdarda əmlakı ələ keçirmək üçün pəncərədən evə qanunsuz olaraq girib, qonaq otağında divanda yatmış və onların səsinə oyanıb qışqırmaq istəmiş Şahid1 arvadı Zərərçəkmiş şəxs əlində tutduğu silah qismində istifadə etdiyi bıçaqla hücum edərək digər əli ilə ağzını tutub burunun sağ hissəsinin və sağ almacıq nahiyəsini əhatə edən sahənin qançırı kimi sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, səsküyə evdə olan digər şəxslər oyandıqlarına görə evi tərk edib hadisə yerindən qaçmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, cinayət işinin yenidən araşdırılması üçün prokurorluğa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəzadan narazıdır. Məhkəmə işin faktiki hallarını araşdırmadan qərar qəbul etmişdir. ibtidai istintaq natamam aparılıb. Lazımi sübut və dəlillər araşdırılmadan qərəzli olaraq saxlanılıb. Oğurluq, soyğunçuluq niyyəti olmayıb. Sadəcə götürüləcək pulla xəstə (vərəm) olan arvadını müalicə etdirmək niyyəti olub. Şahid ifadələrində ziddiyyətlər var. Şahidlər öz ailə üzvləri tərəfindən öyrədilərək, məhkəməyə gətirilib. O, öz əməlini etiraf edib və səmimi peşmandır. Məhkəmə verilən vəsatətləri təmin etməmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, ona təyin edilmiş cəzanın ədalətsiz olduğunu nəzərə alaraq, düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş Təqsirləndirilən şəxs1 apellyasiya baxışı zamanı ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Müdafiəçi3 apellyasiya məhkəməsindəki çıxışında apellyasiya şikayətini müdafiə edərək, hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilmiş cəzanın ağır olduğunu qeyd edərək, ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş Təqsirləndirilən şəxs2 apellyasiya baxışı zamanı ona təyin edilmiş cəza ilə razı olmadığını qeyd edərək, düzgün araşdırma aparılmasını və ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Müdafiəçi4 apellyasiya məhkəməsindəki çıxışında apellyasiya şikayətini müdafiə edərək, hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilmiş cəzanın ağır olduğunu qeyd edərək, ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı X5 çıxışında təyin olunmuş cəza ilə razılaşdıqlarını bildirib, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar olmadığını qeyd edib, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətlərini müdafiə edən təqsirləndirilən şəxslərin və müdafiəçilərinin, apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 1(124)-237/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətməkdə özlərini qismən təqsirli bilmişlər. Onların əməli özlərinin qismən etirafedici ifadələrindən başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadəsini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilmişdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmələri, həmin cinayət əməlinə aidiyyatları və təqsirliliklərinin tam sübuta yetirilməsinə, onlara ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onların həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın ağır olmasına görə yüngülləşdirilməsi barədə apellyasiya şikayətlərinin və müdafiə tərəflərinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətlərdə sadalanan hallar təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xətai rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ya ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132, 128 və 66.2-ci maddələri və ilə təqsirli bilinib 150 manat cərimə cəzası təyin edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 05 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən qeyd olunan 150 manat cərimə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2.-ci maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər bundan əvvəl də cinayət törətdiklərinə görə təqsirli bilinmişlər ki, bu da onların islah olunmadıqları qənaətinə gəlməyə əsas verir, həmçinin bu hal cəzalarını ağırlaşıdıran hal kimi nəzərə alınmasa da, onların şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxslərin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi məhkumlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq onlara qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə cəza təyin edərkən CM-nin 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətin qəsdən törədilməsini, cinayətin törədilmə üsulunu kifayət qədər nəzərə almışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından ədalətli olmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri və müdafiə tərəflərinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın ağır olduğundan yüngülləşdirilməsi barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittihamda göstərilən əməli törətmələri sübuta yetirilmişdir və apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxslərin əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkum edilmiş şəxslərin şəxsiyyəti, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onların təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri maddə ilə CM-in 62ci maddəsinin və onların barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində irəli sürdüyü ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə tələbi cinayət prosessual-qanunvericiliyində apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərində nəzərdə tutulmadığından təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi istisna olmaqla, təqsirləndirilən şəxsə başqa, daha ağır ittihamın irəli sürülməsi və ya digər şəxslərə ittiham elan edilməsi üçün hökmün ləğv edilib cinayət işinin ibtidai araşdırmaya prsessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi səlahiyyəti apellyasiya instansiyası məhkəməsinə verilməmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin edilməsinə dair təqsirləndirilən şəxslərin və müdafiəçilərinin, apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 1(124)-237/2025 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (28 aprel 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 məhkəmədə iştirak etdikləri ayrı-ayrılıqda 5 (beş) iş saatına görə hər birinə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 193, 197, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 1(124)-237/2025 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 sərf etdikləri hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ayrı-ayrılıqda 5 (beş) iş saatına görə hər birinə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar