Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-82/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 1(059)-74/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə MÜƏYYƏNETDİ: Siyəzən Rayon Məhkəməsinin 1(059)-74/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakim B.Ələkbərov) xx xxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 1(059)-56/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktının 2.4-cü bəndinə əsasən 03 yanvar 2022-ci il tarixdə cəzadan azad edilmiş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki yaşayış yeri məlum olmayan, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirləndirilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,489 qram təşkil edən psixotrop maddə olan metamfetamini üzərində saxlamış, 11 iyun 2022-ci il tarixdə, saat 02:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin Xətai küçəsi ərazisində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi məqsədilə gətirildiyi Siyəzən RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın qabaq sol yan cibindən daxilində narkotik vasitə heroinin izləri olan 2 ədəd şpris, həmin şalvarın qabaq sağ yan cibindən daxilində narkotik vasitə heroinin izləri olan 1 ədəd qırıq şüşə ampuladakı 1 ədəd şəffaf rəngli sellofan bükülüsünün içərisində ümumi təmiz çəkisi 0,489 qram olan psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Siyəzən Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq olunaraq dəyişdirilməsi xahiş edilmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs əsassız olaraq əməlində cinayətlərin residivinin olması kimi səhv nəticəyə gəlməklə, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Bununla da məhkəmə hökmdə Təqsirləndirilən şəxs residivə görə cəzaçəkmə müəssisəsinin növünün (CM-in 56.1.3) müəyyən edilməsi zamanı yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 51-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2022-ci il tarixli, 6/3288 saylı ekspert rəyindən görünür ki, üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün № 96" dairəvi möhür əksləri olan, "Təqsirləndirilən şəxs götürülmüş kütlə..." yazıları və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,489 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 ədəd 1 ml- lik şprisin və 1 ədəd qırıq şüşə ampulanın daxilində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-insiyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram metamfetamin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,439 qram təşkil etmişdir. Cinayət işinin 50-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 55 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 143-144-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 06 iyul 2022-ci il tarixdə verilmiş, 3684 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-40-cı vərəqələrində olan 11 iyun 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 11 iyun 2022-ci il tarixdə saat 02:54-dən saat 03:03-dək olan müddət ərzində Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın qabaq sol yan cibindən 2 ədəd şpris, qabaq sağ yan cibindən 1 ədəd qırıq şüşə ampula və onun içərisində 1 ədəd şəffaf bükülü aşkar edilərək götürülmüş, bu qırıq şüşə ampulanın içərisində olan şəffaf sellofan bükülüdə ağ kristalşəkilli kütlələrin olması müəyyən olunmuşdur. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-102-ci və 174-184-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 13 iyun 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, 31 avqust 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,439 qram psixotrop maddə metamfetamin, daxilində narkotik vasitə heroinin izləri olan 2 ədəd şpris və 1 ədəd qırıq şüşə ampula cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk də cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 iyun 2022-ci il tarixli tələbnaməsindən, işin 135-138-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 1(059)-56/2020 saylı hökmünün, eləcə də işin 173-cü səhifəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 31 avqust 2022-ci il tarixli, 17/26- 3/24 nömrəli məktubundan, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 26 noyabr 2021-ci il tarixli amnistiya tətbiq edilməsi barədə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 7(001)-614/2021 saylı qərarlarının surətlərindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktının 2.4-cü bəndinə əsasən, lakin bu qərarın 36-cı bəndi nəzərə alınmaqla, narkomaniyadan məcburi müalicəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarına əsasən ləğv edildikdən sonra 03 yanvar 2022-ci il tarixdə cəzadan azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cu vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 49 saylı evin 29-cu mənzilində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Həmçinin hazırki hökmlə birinci instansiya məhkəməsi cəza təyin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi bu barədə səhv nəticəyə gəldiyindən apellyasiya protesti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 1(059)-74/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən, əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Qeyd olunan qərardan göründüyü kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin cəzaları çəkməkdən tam azad edilərkən üzərlərindən məhkumluq götürülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 26 noyabr 2021-ci il tarixli amnistiya tətbiq edilməsi barədə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 7(001 )-614/2021 nömrəli qərarlarının surətlərindən görünür ki, «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, amnistiya qərarının 36-cı bəndi nəzərə alınmaqla, narkomaniyadan məcburi müalicəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarına əsasən ləğv edildikdən sonra 03 yanvar 2022-ci il tarixdə cəzadan azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüş və o, məhkumluğu olan şəxs hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əsassız olaraq əməlində cinayətlərin residivinin olması kimi səhv nəticəyə gəlməklə, cinayət qanunu normasını düzgün tətbiq etməmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qərara almışdır. Məhkəmə kollegiyası hesab edir ki, hökm həmin hissədə dəyişdirilməli, cəzaçəkmə müəssisəsinin növü ümumi rejimli cəzaçəkmə müəssisəsi kimi müəyyən edilməli, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyəti, məhkumluğunun götürülməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi nəzərə alınaraq ona təyin edilən cəza dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi əsasdır. Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamadığından keyfiyyətli müdafiə hüququnun təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs göstərilmiş 06 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 193, 397, 398.1.4, 399.1.4, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 1(059)-74/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X4 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-82/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-82/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver