Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-867/2025 14.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və Ağayev Rəşadət Əhməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxdərrin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-304/2025 nömrəli, 06 oktyabr 2025-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-304/2025 nömrəli, 06 oktyabr 2025ci il tarixli hökmü (hakimlər N.Mirzəyev (sədrlik edən), N.Hüseynli və İ.Cəfərzadə) ilə xx xxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, üç azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-də satıcı işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndi, X1 Kompleksi, bina A2, mənzil 225 ünanında kirayədə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, özünü müdafiə etməyini və güclü ruhi həyəcan (affekt) halında olmağını nəzərə alaraq CM-nin 120.1-ci maddəsindən CM-nin digər müvafiq maddəsinə tövsif edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, əri Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdən rəsmi nikah münasibətində olmaqla birlikdə yaşadığı əri Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər ailə-məişət zəminində baş vermiş mübahisələrin davamı kimi, xx.xx.2024-cü il tarixdə səhər radələrində kirayədə yaşadıqları ünvan 3 ünvanında yerləşən mənzilin mətbəxində hazırladığı yeməklə 750 ml həcmində spirtli içki olan arağı əri Zərərçəkmiş şəxs ilə birlikdə qəbul edib orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşdükdən sonra həmin gün saat 13 radələrində yüngül dərəcəli sərxoşluq vəziyyətində olan ərinin onun və yaxın qohumlarının ünvanına nalayiq ifadələr səsləndirib təhqir etməsi, habelə onu əl zərbələri ilə döyərək sol qulaq seyvanının, burun, boyun, hər iki baldır nahiyələrinin, sağ əlin arxa və ön səthinin qançırları, döş qəfəsi və qarın nahiyələrinin səthi yaraları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməsinin ardından Zərərçəkmiş şəxs evin mətbəxindən götürdüyü ümumi uzunluğu 222 mm, dəstəyi qara, tiyəsi qara rəngli, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağı ilə özünün sol said nahiyəsinə kəsiklər atıb sol said nahiyəsinin 5 ədəd kəsilmiş yaraları kimi dərəcələrinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya xarakterik xəsarətləri yetirdikdən sonra o, Zərərçəkmiş şəxs mətbəxdə yerləşən divanda uzanaraq yenidən onu söyməsindən hiddətlənib sonuncudan qisas alıb qəsdən öldürmək qərarına gələrək qeyd olunan bıçağı götürüb Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi bədən nahiyələrinə bir neçə bıçaq zərbəsi endirib, zərərçəkmişin sol kürək və qarın nahiyələrinin döş və qarın boşluğuna nüfuz edərək sol ağciyəri, böyük piyliyi və sağ common iliac arteriyasını (sağ ümumi çanaq arteriyası) zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmədən ölümünə səbəb olan sol kürək nahiyəsinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası və qarın nahiyəsinin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi ayrı-ayrılıqda dərəcələrinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmanın əlamətlərinə malik xəsarətlər, habelə sağ said nahiyəsinin yuxarı 1/3-nin arxa-bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası və burun nahiyəsinin 1 ədəd kəsilmiş yarası kimi kimi ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malik xəsarətlər, həmçinin alın və sağ yanaq nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, törətmiş olduğu əməli etiraf etsə də, əməlinin CM-nin 120.1-ci maddəsi ilə tövsif olunması ilə razı deyildir. Belə ki, hadisə baş verən zaman affekt keçirmiş və özünü müdafiə məqsədilə bıçağa əl atmalı olmuşdur. Məhkəmə işə yenidən baxılmasını, təkrar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının təyin olunmasını xahiş edir. müvafiq ekspertiza rəyində onun mərhuma xəsarət yetirməyində niyətinin onun həyatdan qəsdən məhrum etmək olduğu, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməyi və bunu arzu etməyi barədə fik həqiqətə əsaslanmır. Onun mərhuma vurduğu üç bıçaq zərbəsinin ikisi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər olmuşdur. Hadisə qəfil baş verən zaman güclü ruhi həyəcan vəziyyətində olmuş, hadisə şahidlərinin hamısının da ifadəsində qeyd etdiyi kimi mərhum hələ yaralı ikən blikda başının üstündə dayanıb fəryad etmiş, əgər onu öldürmək niyyəti olsaydı, onun ölümünə yaxud yaralanmasına bu dərəcədə yanmazdır. Hadisə elə anda baş vermişdir ki, o, heç oturub qəsdən adam öldürmək planı qura bilməzdi. Odur ki, qisa niyətilə qəsdən adam öldürmək fikri doğru deyildir. Hadisə zamanı ilk olaraq mərhum Zərərçəkmiş şəxs ona hücum etmiş, onu döymüşdür. Bunu başında, bədənində indiyədək qalmaqda olan xəsarət izləri də sübut edir. Odur ki, onun bədəni və başındakı xəsarət izlərinin müəyyən edilməsi üçün MRT və digər müayinələr keçirilməlidir. O, hadisə günü təcili olaraq polisə və təcili yardıma zəng edərək, hadisə barədə məlumat vermiş, könüllü olaraq eyni zamanda mərhuma tibbi yardım göstərilməsinə aid yalvarışlar etmişdir. Bunu onun telefonundan edilən zənglər də təsdiq edir. Əməlindən peşmandır, səbəb nə olursa olsun həmin əməli törətməməli idi, lakin bu bəxbəxt hadisə baş vermişdir. Qanunların humanistliyini nəzərə alaraq, onun qadın olmağını, üç azyaşlı uşağının olmasını nəzərə alaraq on bir il azadlıqdan məhrum edilmənin nə dərəcədə onun və uşaqlarının vəziyyətinə təsirinin nəzərə alınmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham üzrə gəldiyi nəticəni ittiham üzrə əməlin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən cəzanı ağırlaşdıran halların olmamasını, yüngülləşdirən hal kimi himayəsində üç azyaşlı uşağının olmasını, qadın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə almışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutları və məhkəmənin gəldiyi nəticələrin qanunauyğunluğunu yoxlayaraq, hökmün cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyini müəyyən edildiyindən, apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəmə istintaqı zamanı tədqiq edilməklə qiymətləndirilən sübutlara düzgün istinad edilməklə, onlara hüquqi qiymət verilməsi barədə gəldiyi nəticə ilə kollegiya razılaşdığından, həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür, ancaq əməl üzrə dəyərləndirilmə aparılarkən birinci instansiya məhkəməsində tədqiq edilməklə əldə olunmuş sübutların məzmunu dəyişdirilmədən qiymətləndiriləcəkdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs qəsdən öldürmə ilə bağlı ittiham verilmişdir. Təqsirləndirilən şəxs ittiham üzrə əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə görə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət məsuliyyəti yaradır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında göstərilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların (təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və s.) müqayisəli təhlili ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum edilməsinə yönəlmiş ictimai təhlükəli əməl törətməsi, həmin ictimai təhlükəli əməllə bağlı olaraq Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarətləri (cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) alması və həmin xəsarətlər sonuncunun vəfat etməsinə gətirib çıxarması nəticəsi formalaşır. Həmin sübutları təkzib edən hər hansı bir digər hal müəyyən edilmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək istəmədiyini, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, özünü müdafiə edərkən onu vurmaq məcburiyyətində qaldığını bildirsə də, o cümlədən müdafiəçi çıxışında sonuncunun əməlinin CM-nin 122.1ci maddəsinə tövsif olunmasını xahiş etsə də, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 174 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Həmin ekspertiza rəyi şikayətdə mübahisələndirilsə də, rəyin əsaslılığının mübahisələndirilməsinin nədən ibarət olması əsaslandırılmamış, ekspert rəyi ilə müəyyənləşdirilən hal üzrə digər sübutların müqayisəli təhlili ekspertiza rəyinin mübahisələndirilməsinin əsaslığını təkzib edir. Belə ki, müvafiq ekspert rəyi əsas götürülməklə təqsirləndirilən şəxsin qarşılıqlı mübahisə zamanı əldə etdiyi bıçaqla insan həyatı üçün vacib orqanlara iki dəfə xəsarət yetirməsi onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd edilən xəsarətləri yetirərkən niyyəti məhz onu həyatdan məhrum etmək olmuş, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Təqsirləndirilən şəxs barəsində bədəni üzərində olan xəsarətlərin müəyyən edilməsindən ötrü də ekspertiza keçirilməli olmasını mübahisələndirsə də, həmin xəsarətlər artıq məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edildiyindən, müəyyən edilən hal üzrə həmin halı şübhə altına alan əsaslı şübhə yaratmayan hal müəyyən edilmədən təkrar və ya əlavə ekspertizanın keçirilməsi istisna edilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları müqayisəli təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Bundan əlavə kollegiya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən cəzanı ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin barəsində cəza təyin edilərkən yüngülləşdirən halların olmasını nəzərə alaraq, cəza təyin edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən, cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrinin tələblərinə uyğun törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə aldığı qənaətini qaçılmaz edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi üçün hər hansı bir müstəsna hal müəyyən edilməmişdir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs göstərilmiş 9 (doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 99 (doxsan doqquz) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-304/2025 nömrəli, 06 oktyabr 2025ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi2 9 (doqquz) iş saatına görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-867/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-867/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver