Məhkəmə qərarları › İş №1(106)-1009/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-1009/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-1009/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X3 və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə Hüseynov Pünhan Sübhan oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X5 və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-9/2024 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 1(050)-9/2024 nömrəli hökmü ilə (hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi) xx xxxxxx 1959-cu ildə Masallı rayon Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin 17 sentyabr 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edimişdir. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü ildə saat 20:25 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundaı Azera” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə, Masallı-Qızılağac yolunun Yeddioymaq kəndi ərazisində, Masallı rayon istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, yolun hərəkət hissəsinin sol kənarı ilə eyni istiqamətdə hərəkətdə olan piyada ilə təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin etdikdən sonra keçib getməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun hərəkət hissəsinin sol kənarı ilə Masallı rayon istiqamətdə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs avtomaşının qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, baş beyin toxumasına və baş beynin yumşaq qişasına yayılmış qansızma, sağ almacıq sümüyünün sınığı, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq sınığı, döş qəfəsinin qapalı küt travması, sağ İİ, İİİ, İV və sol İV, V, Vİ, Vİİ qabırğaların sınığı, başın alın nahiyyəsinin və çənəaltı nahiyyənin əzilmiş yarası, alnın tüksüz hissəsinin, sol yanaq nahiyyəsinin, burnun, döş qəfəsinin və qarnın ön və yan hissələrinin, sağ və sol diz nahiyyəsinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla, sonuncunun elə həmin gün saat 22:13-də “Bioloji Təbabət” klinikasında ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin hökmündən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, hökmün cəza hissəsində dəyişdirilməsini və barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona daha yüngül cəza təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, əməlindən peşmandır, 66 yaşı vardır, 5 övladı var, 1 övladı əlildir, eyni zamanda əlil bacısı onun himayəsindədir, ailəsinin ona ehtiyacı var, 44 illik sürücülük təcrübəsində qanun pozuntusuna yol verməmişdir, onkoloji xəstəlikdən əziyyət çəkir. Həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi X4 təqsirləndirilən şəxsin apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi X9 apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X13 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs apellyasiya müraciətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün ona cəza təyin edilməsi hissəsini mübahisələndirməklə hesab etmişdir ki, onun barəsində CM-in 62-ci maddəsində tətbiq edilərək aşağı həddə yüngül cəza təyin olunmalıdır. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X6, şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid7, Şahid6 ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirliliklə bağlı işin mübahisələndirilməyən faktiki hallarına əsasən əməlin düzgün olaraq CM-in 263.2-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsi üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin yaxın qohumları ilə barışıq əldə edilməsi üçün dəfələrlə cəhdlər etməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, xəstəliyini, ikinci dərəcəli əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonra cəzanı yüngülləşdirən yeni hal yaranmamışdır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, ümumilikdə CM-in 8.1-ci maddəsinə tam əməl etmiş, qanuni, əsaslı və ədalətli cəzanın təyin edilməsinə nail olmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Bundan başqa, kollegiya müdafiəçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün iş üzrə müstəsna halların olması da müəyyən edilməmişdir. Belə ki, CM-in 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmçinin, CM-in 62.2-ci maddəsinə görə isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Lakin işdən görünür ki, istər təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi baxımından, istərsə də təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar baxımından işdə müstəsna hallar yoxdur. Hökmdə nəzərə alınan cəzanı yüngülləşdirən hal isə nə ayrı-ayrılıqda, nə də məcmu halında müstəsna halların olmasını şərtləndirmir. Kollegiyanın qənaətinə görə müstəsna hallar bir qayda olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən hallarla bağlı olan elə halları ehtiva edir ki, belə halların nəticəsində cinayətin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalır, təqsirkar özünün ən yüksək etimada layiq olduğunu, habelə islah olunduğunu sübut etmiş olur, iştirakçılıqla törədilən cinayətlərdə həmin cinayətin üstünün açılmasına fəal kömək edir və s. Lakin, hazırkı cinayət işi üzrə məhkəmə tərəfindən müəyyən edilən cəzanı yüngülləşdirən hallar müstəsnalıq barədə məhkəmə kollegiyasında təsəvvür formalaşdırmır. Ona görə də kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətinin CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı dəlilləri əsassızdır. Beləliklə, yuxarıda göstərilən səbəblərə görə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 1(050)-9/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar