Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-101/2025 15.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(071)-67/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(071)-67/2024 nömrəli hökmü (hakim: Əkbərli Günel Bəkir qızının sədrliyi) ilə xx xxxx 1997-ci il tarixdə Sabirabad rayonu,Qəzli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olmamış, Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində hazırkı cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin ləğv edilərək həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınması, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu, Qarasu kəndinə daşımış, 26 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Qarasu kəndində saxlanılaraq rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən təmiz çəkisi - 310,0 qram xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana sağ əlində saxladığı 01 ədəd polietilen torba bükülüdən aşkar edilib götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Hacıqabul Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(071)- 67/2024 nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəzanın, yəni azadlığın məhdudlaşdırılması cəzasının minimum həddində təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, məhkumluğu yoxdur, əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilən əsaslar hökmdə nörmal qeyd olunmaqla nəzərə alınmamışdır. Təqsirləndirilən şəxslə bağlı istinad etdiyi yünglləşdirici hallar, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəza təyin edilməsini şərtləndirir. Qeyd edilmiş yüngüilləşdirici halların olmasına baxmayaraq məhkəmə bu halları nəzərə almamış, ittihamla elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş olan cəzanın yuxarı həddində cəza təyin etmişdir. Halbuki, məhkəmə yuxarıda qeyd edilmiş yüngıilləşdirici halları nəzərə alıb azadlıqdan məhrum etməklə bağlı olmayan cəzanın aşağı həddində cəzanı təyin edə bilərdi. Hakin birinci instansiya məhkəməsi vermiş olduğu ağır cəzanın zəruriliyini əsalsandırmamış, təqsirləndirilən şəxsin həmin cəzanın tətbiq edilmədən islah olunub-olunmamasına münasibət bildirməmişdir. Cinayət qanunvericiliyinin prinsiplərinə görə verilmiş olan cəza törədilən cinayətə görə tənbeh olsa da heç bir halda əvəz çıxmaq məqsədi daşımamalıdır. Cəza cinayəti törətmiş şəxsin islah olunaraq cəmiyyətə təhvil verilməsinə xidmət etməlidir. Hökmdə isə məhkəmənin qeyd edilmiş əsaslara ümimiyyətlə münasibəti görünmür. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı Dövlət ittihamçısı2 bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya nəhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini, habelə narkotik vasitə və psixotrop maddənin miqdarını kifayət qədər nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsaslar olmadığına görə həmin hökmün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Hacıqabul Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş daha yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X6 çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ilk növbədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə isitntaqı zamanı veridiyi tam etirafedici ifadəsi, şahidlər Şahid5, Şahid4, Şahid1, Şahid2 ifadələri, xx.xx.2024-cü il tarixli raport, əmr, şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024cü il tarixli protokolu, məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli 18/112 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair ekspert komissiyasının 12 mart 2024-cü il tarixli 1650 nömrəli rəyi, maddi sübut və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Cinayət-Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəuyğun saymışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə təqsirli bilindiyi maddələrin sanksiyası ilə müəyyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın cəza təyin etmişdir ki, bu hal da belə qənaətə gəlməyə əsas verir ki, təyin olunmuş cəza törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və məhkumun şəxsiyyətinə uyğun ədalətli cəza olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə onun islah olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin külli miqdara yaxın miqdar təşkil etməsi baxımından hesab edir ki, məhkum olunmuş şəxsin apellyasiya şikayətinin dəlilləri ona daha yüngül cəza və ya həbslə əlaqədar olmayan digər cəzanın təyin edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. AR Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Hacıqabul Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(071)-67/2024 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(106)-101/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-101/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver