Məhkəmə qərarları › İş №1(106)-1032/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-1032/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-1032/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 1(057)-102/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 1(057)-102/2024 nömrəli hökmü (X1) ilə xx xxxx 1985-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 71.5, 67.1, 69.3-cü maddələrinə əsasən 02 il 08 ay 27 gün müddətə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzalarına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 1(057)-85/2022 saylı, 29 iyun 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci ildən həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə hesablanmış, CM-in 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə üzərində saxlanılmış cərimə cəzasının çəkilməmiş hissəsi 2990.79 manat cərimə cəzası hökmlə ona təyin olunmuş cəza ilə tam birləşdirilərək üzərində 2 il müddətə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzasının saxlanılmış, məhkumluğu olan, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 30, mənzil 5-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə üzərində saxlanılmış cərimə cəzasının çəkilməmiş hissəsi 2990,79 manat cərimə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəza ilə tam birləşdirilməklə üzərində 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 2990,79 manat cərimə cəzalarının saxlanılması, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin tutulduğu gündən, yəni 21 aprel 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş 23 aprel 2024-cü il tarixli “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və Ərazi Narkoloji kabinetində 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olmasının nəzərə alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilnib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 21 aprel 2024-cü il tarixdə saat 12:00 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,358 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, məhkəmə tərəfindən barəsində təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup əlildir, himayəsində xəstə və qoca valideynləri var. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun X7 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini xahiş etdi. Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə baxışı iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdəfiə edərək birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza təyin edildiyini bildirərək təyin olunmuş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Dövlət ittihamçısı X8 iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsinin sübuta yetilməsini, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi, o cümlədən əməlində cinayətlərin xüsusi ilə təhlükəli residivinin olması nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən ona ədalətli cəza təyin edilməsini bildirmiş, bu səbəbdən də, Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 1(057)-102/2024 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa vəbu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin vəapellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, müdafiə tərəfinin isə hökmün dəyişdirilərək cəzanın yüngülləşdirilməsi barədə təkliflərini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 1(057)- 102/2024 saylı, 03 sentaybr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddləri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, birinci instansiya məhkəməsində şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri, “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokol, “Şəxsi axtarış və götürmə aparılması barədə” 21 aprel 2024-cü il tarixli protokol və ona əlavə edilmiş videogörüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş xx.xx.2024 cü il tarixli, 3-16-16/1-18/414 saylı ekspert rəyi və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 71.5, 67.1, 69.3-cü maddələrinə əsasən 02 il 08 ay 27 gün müddətə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzalarına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 1(057)-85/2022 saylı, 29 iyun 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci ildən həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə hesablanmış, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə üzərində saxlanılmış cərimə cəzasının çəkilməmiş hissəsi 2990.79 manat cərimə cəzası hökmlə ona təyin olunmuş cəza ilə tam birləşdirilərək üzərində 2 il müddətə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzasının saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 69.3, 67.1, 68.2-ci maddələrinə əsasən 2 il müddətinə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzalarına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədənədək ardıcıl, yəni məhkumluq ödənilmədən və götürülmədən 4 dəfə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsində əsasən, qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin xüsusilə təhlükəli residivi hesab edilir. İş materiallarına əlavə edilmiş tələbnamə və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs hazıradək az ağır cinayət törətməyə görə üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin işlər üzrə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törədən zaman onun əvvəlki məhkumluğu Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbləri baxımından ödənilməmiş və götürülməmiş, bununla da onun əməlində cinayətin xüsusilə təhlükəli residivi mövcud olmuşdur. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halların olmmasını, əməlində cinayətin xüsusilə təhlükəli resedivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 65.2-cı maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Salyan Rayon Məhkəməsinin əvvəlki hökmlərinə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, cinayət qanunvericiliyi ilə qadağan olunmuş ictimai təhlükəli əməli yenidən törətmiş və islah olunmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı)”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olması baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmün ləğv edilərək məhkum olunmuş şəxsə bəraət verilməsi və yaxud hökmün dəyişdirilərək məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın azaldılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Salyan Rayon Məhkəməsinin 1(057)-102/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 1(057)-102/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar