Məhkəmə qərarları › İş №1(106)-108/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-108/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-108/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu, Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 178.2.1 və və 178.2.2-ci maddələri ilə məhkum edilmələrinə dair Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(053)-8/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(053)-8/2023 nömrəli hökmü (hakim: Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi) ilə 23 avqust 1996-cı ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4., 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin olunan cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, 26 iyul-20 oktyabr 2022-ci il tarixləri üzrə tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 24 (iyirmi dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü ildən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmişdir. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs2 da Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum edilmişdir ona görə ki, o, tanışı X4 məxsus 3 otaqlı mənzilə çıxarış alacağına dair yalandan vəd verib inandıraraq vahid niyyətlə sonuncunun övladı X1 vasitəsi ilə 16 avqust 2019-cu il tarixdə ünvan 3 ünvanında 2.500 manat pulu, 25 avqust 2019-cu il tarixdə həmin ünvanda X8 vasitəsilə 2.000 manat pulu, 2019-cu ilin sentyabr ayında günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda X8 vasitəsilə 2.000 manat pulu, vahid niyyətlə, ümumilikdə 6.500 manat məbləğində, xeyli miqdarda pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 05 noyabr 2019-cu il tarixdə X2 ilə görüşmək bəhanəsi ilə sonuncunun yaşadığı ünvan 3 ünvanındakı evə gələrək, pula ehtiyacı olduğu üçün evdə olan qızıl əşyaları ona verməsini xahiş etmiş, X2 bundan imtina etdikdə evin mətbəxinə keçərək oradan mətbəx baltasını götürüb evin bağlı otağının qapısının kilidlərini sındıraraq otağa qanunsuz girməklə oradan X4 məxsus 750 əyyarlı qızıl metaldan 55 qram 2.000 dollar dəyərində – 3.400 manat məbləğində 01 ədəd tros boyunbağını, 850 əyyarlı qızıl metaldan gül formalı ağ brilyant və müxtəlif rəngli qaşları olan 25 qram 800 dollar dəyərində – 1.360 manat məbləğində 01 dəst sırğa-üzüyü, 750 əyyarlı qızıl metaldan 35 qram 1.500 dollar dəyərində – 2.550 manat məbləğində 01 ədəd tros qolbağı, 750 əyyarlı qızıl metaldan 25 qram 800 dollar dəyərində – 1.360 manat məbləğində 01 ədəd tros boyunbağını, 750 əyyarlı qızıl metaldan 22 qram 600 dollar dəyərində – 1.020 manat məbləğində 01 ədəd tros boyunbağını, 750 əyyarlı qızıl metaldan 25 qram 1.300 dollar dəyərində – 2.210 manat məbləğində 01 ədəd tros boyunbağını, 750 əyyarlı qızıl metaldan mirvari və brilyant qaşları olan 25 qram 1.200 dollar dəyərində – 2.040 manat məbləğində 01 dəst sırğa- üzüyü, 750 əyyarlı qızıl və ağ platin metaldan yantar və brilyant qaşları olan 15 qram 1.500 dollar dəyərində – 2.550 manat məbləğində 01 ədəd üzüyü, 750 əyyarlı qızıl metaldan 30 qram 1.500 dollar dəyərində – 2.550 manat məbləğində 01 ədəd qolbağı, 750 əyyarlı qızıl metaldan 20 qram 700 dollar dəyərində – 1.190 manat məbləğində 01 ədəd qolbağı, 750 əyyarlı qızıl metaldan 02 ədəd 6 qram, 01 ədəd 5 qram ümumi qiymətləri 600 dollar dəyərində – 1.020 manat məbləğində 03 ədəd qızıl metaldan uşaq üçün qolbağı, 300 manat dəyərində 1 ədəd qızıl metaldan üzüyü, 1.200 dollar dəyərində – 2.040 manat məbləğində qızıl metaldan tros bilərziyi və 300 dollar dəyərində – 510 manat məbləğində “Kanon” markalı fotoaparatı, ümumilikdə isə X3 24.100 manat dəyərində, xeyli miqdarda əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs5 «Tap.az» internet portalında «Vaz 2107» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 4.000 manata satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib inandıraraq, 23 iyul 2021-ci il tarixdə saat 19.52-də Qəbələ şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən «Emil» marketdə yerləşən 599 nömrəli «E-Manat» terminalı vasitəsilə beh və sənədləşmə işləri adı ilə 233 manat, 24 iyul 2021-ci il tarixdə saat 17.58-də Qəbələ rayonu, Zarağan qəsəbəsində fəaliyyət göstərən «Bazarstore»da yerləşən 4629 nömrəli «E-Manat» terminalı vasitəsilə beh adı ilə 606 manat, ümumilikdə 839 manat məbləğində pulunu Şahid1 məxsus bank hesabına köçürtdürməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs12 «Tap.az» internet portalında «Hyundai Elantra» markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3.500 manata satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib inandıraraq 09 avqust 2021-ci il tarixdə saat 17.18-də Şirvan şəhərində fəaliyyət göstərən «Cırtdan Ailəm» adlı marketdə yerləşən 01255 nömrəli «E- Manat» terminalı vasitəsilə beh adı ilə 400 manat, 09 avqust 2021-ci il tarixdə saat 12.40- da həmin terminal vasitəsilə beh adı ilə 600 manat, ümumilikdə 1.000 manat məbləğində pulunu Şahid1 məxsus bank hesabına köçürtdürməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək «Turbo.az» internet portalında «Vaz 2106» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2.000 manata satılması ilə bağlı yerləşdirdikləri elan əsasında həmin avtomobili almaq üçün onlarla mobil telefonla əlaqə saxlayan Qəbələ rayonu, Zirik kənd sakini Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib həmin avtomobilin Qax rayonunda olduğunu bildirərək, avtomobili Qəbələ rayonuna gətirib baxması üçün ilkin olaraq 25 aprel 2022-ci il tarixdə saat 23.48 radələrində ünvan 4 ünvanında yerləşən «Tayqa» adlı marketin qarısındakı 15112 nömrəli «MilliÖn» elektron ödəmə sistemi vasitəsi ilə 50 manat, daha sonra beh qismində 1.000 manat pulunun ödəniləcəyi təqdirdə avtomobilin ona satılacağına dair yalandan vəd verib inandıraraq, etibarından sui-istifadə etməklə 26 aprel 2022-ci il tarixdə saat 16.45 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti 13 ünvanında yerləşən «Tural» marketin içərisindəki 50177 nömrəli «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə 1.000 manat pulunu Təqsirləndirilən şəxs2 adına olan «Leo Bank»a məxsus **********855119 nömrəli bank hesabına köçürtdürməklə Zərərçəkmiş şəxs13 ümumilikdə 1.050 manat mələğində pulunu vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib «Turbo.az» internet portalında «VAZ 2101» markalı avtomobilin 2.000 manata satılması ilə bağlı yerləşdirdikləri elan əsasında qeyd olunan avtomobilin beh qismində ilkin olaraq 600 manat pulunun ödəniləcəyi təqdirdə ona satılacağına dair yalandan vəd verib aldadaraq 03 may 2022-ci il tarixdə saat 19.49-da Ucar rayonu, Qarabörk kəndindəki «Bəyaz» marketdə yerləşən 51150 nömrəli terminal vasitəsilə 300 manat, 03 may 2022-ci il tarixdə saat 20.27-də yenidən həmin terminal vasitəsilə 300 manat olmaqla, vahid niyyətlə ümumilikdə 600 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus **********855119 nömrəli bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib «İnstaqram» sosial şəbəkəsində «VAZ 21011» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı yerləşdirdikləri elan əsasında qeyd olunan avtomobilin beh qismində ilkin olaraq 600 manat pulunun ödəniləcəyi təqdirdə ona satılacağına dair yalandan vəd verib aldadaraq 04 may 2022-ci il tarixdə saat 12.06-da Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən «Oba-6» marketdəki 14014 nömrəli terminal vasitəsilə 600 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus **********855119 nömrəli bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs10 etibarından suiistifadə edib «Turbo.az» internet portalında «VAZ 21011» markalı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 16 may 2022-ci il tarixdə saat 15.42-də Göyçay rayonu, Ləkiçılpaq kəndində fəaliyyət göstərən «Emil» marketdə yerləşən 201 nömrəli «E-Manat» terminalı vasitəsilə beh adı ilə 600 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs4 avtomobil satmaq adı ilə yalan vədlər verib, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, 20 may 2022-ci il tarixdə «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs4 «VAZ 21011» markalı **- BL-*** dövlət qeydiyyat nömrəli avtomobili satmağı vəd edərək, beh kimi Şirvan şəhərində yerləşən mağazadakı «E-Manat» terminalı vasitəsilə ödədiyi 202 manat pulunu, həmin gün «E- Manat» terminalı vasitəsilə ödədiyi 400 manat pulunu, ümumilikdə vahid niyyətlə 602 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs11 etibarından suiistifadə edib «Turbo.az» internet portalında «VAZ 2101» markalı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 20 may 2022-ci il tarixdə saat 14.54- də Göyçay rayonunda fəaliyyət göstərən «Dəniz» marketdə yerləşən 5733 nömrəli «E- Manat» terminalı vasitəsilə beh adı ilə 606 manat, 20 may 2022-ci il tarixdə saat 19.50-də Göyçay şəhəri, Natavan küçəsində fəaliyyət göstərən «Ekonom» marketdə yerləşən 50105 nömrəli «MilliÖn» terminalı vasitəsilə beh adı ilə 51 manat, vahid niyyətlə ümumilikdə 657 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 22 may 2022-ci il tarixdə «Turbo.az» saytında tanış olduğu Tovuz rayonu, Əsrik Cırdaxan kənd sakini Zərərçəkmiş şəxs9 ona qarşı etibarlı münasibətlərindən sui-istifadə edib aldadaraq 22 may 2022-ci il tarixdə «Turbo.az» saytında tanış olduğu Tovuz rayonu, Böyük Qışlaq kənd sakini Zərərçəkmiş şəxs9 sayta yerləşdirmiş olduğu «VAZ-21011» markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili 3.600 manata satacağını vəd edib, ondan ilkin ödəmə kimi 700 manat məbləğində nağd pulu, Tovuz rayonu, Aşağı-Quşçu kəndində «Dondar priyezdi» deyilən yerdə yerləşən «Rahat» marketdə yerləşən «E-Manat» ödəmə terminalı vasitəsilə saat 14.56-da Təqsirləndirilən şəxs2 məxsus kartın hesabına, 23 may 2022-ci il tarixdə isə sənədləşdirmə işlərinin aparılmasına görə Təqsirləndirilən şəxs2 məxsus kartın balansına daha 190 manat yüklətdirdikdən sonra öz vədinə əməl etməməklə vahid niyyətlə Zərərçəkmiş şəxs9 890 manat məbləğində nağd pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs8 etibarından suiistifadə edib «Turbo.az» internet portalında «Vaz 2106» markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2.500 manata satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 31 may 2022-ci il tarixdə saat 22.02-də Qusar şəhəri, F.Musayev küçəsində fəaliyyət göstərən «Pioner» adlı supermarketdə yerləşən 816 nömrəli «E- Manat» terminalı vasitəsilə beh adı ilə 1.000 manat, 01 iyun 2022-ci il tarixdə saat 11.53- də Qusar şəhəri, N.Şərifov küçəsində fəaliyyət göstərən «Rossiya» marketdə yerləşən 50068 nömrəli «MilliÖn» terminalı vasitəsilə etibarnamə alacağı adı ilə 300 manat, vahid niyyətlə ümumilikdə 1.300 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs7 etibarından suiistifadə edib «Tap.az» internet portalında «Vaz 21099» markalı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 01 iyul 2022-ci il tarixdə saat 19.43-də Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində fəaliyyət göstərən «Araz» supermarketdə yerləşən 50079 nömrəli «MilliÖn» terminalı vasitəsilə beh adı ilə 150 manat, 02 iyul 2022-ci il tarixdə saat 14.24-də Bakı şəhəri, Binəqədi rayonu, 125-ci korpusda fəaliyyət göstərən «İnam» marketdə yerləşən 3590 nömrəli Kassa terminalı vasitəsilə beh adı ilə 800 manat, vahid niyyətlə ümumilikdə 950 manat məbləğində pulunu Təqsirləndirilən şəxs2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib «Tap.az» internet portalında «Vaz 2109» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı yerləşdirdiyi elan əsasında qeyd olunan avtomobilin ona satılacağına dair yalandan vəd verib aldadaraq 14 iyul 2022-ci il tarixdə saat 14.28-də Qusar rayonu, Çiləgir kəndində fəaliyyət göstərən «Şahdağ» marketdə yerləşən 853 nömrəli «E- Manat» terminalı vasitəsilə beh adı ilə 500 manat, 14 iyul 2022-ci il tarixdə saat 21.12-də həmin terminal vasitəsilə beh adı ilə 200 manat, vahid niyyətlə ümumilikdə 700 manat məbləğində pulunu Şahid2 məxsus bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib «Tap.az» internet portalında «Vaz 21099» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2.800 manata satılması ilə bağlı yerləşdirdikləri elan əsasında qeyd olunan avtomobilin beh qismində ilkin olaraq 150 manat pulunun ödəniləcəyi, daha sonra isə yaslarının düşməsi bəhanəsi ilə əlavə olaraq 500 manat pulun ödəniləcəyi təqdirdə ona satılacağına dair yalandan vəd verib aldadaraq 21 iyul 2022-ci il tarixdə saat 17.16-da Neftçala şəhəri, 20 yanvar küçəsində yerləşən 00542 nömrəli terminal vasitəsilə 150 manat, 21 iyul 2022-ci il tarixdə saat 20.35-də Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən «Halal» marketdəki 01504 nömrəli terminal vasitəsilə 500 manat olmaqla vahid niyyətlə, ümumilikdə 650 manat məbləğində pulunu Şahid2 məxsus, faktiki olaraq isə özlərinin istifadəsində olan **********075644 nömrəli bank hesabına köçürtdürməklə ələ keçirib dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələrinə bəraət verici əsaslarla xitam verərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 özünü cinayət məcəlləsinin 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində Bakı şəhər sakini olan Səna adlı qızla 2019-cu ilin təxminən iyul ayından noyabr ayına qədər tanışlıqları və bir müddət sevgili kimi münasibətləri olmuşdur. Səna bir neçə dəfə öz anası Zeynəbin qızıllarını öz razılığı ilə Təqsirləndirilən şəxs1 vermişdir ki, lombarddan pul götürüb xərcləsinlər. Zeynəbin Təqsirləndirilən şəxs1 barəsində verdiyi ifadələr həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxs1 əvvəl də Zeynəb və Səna tərəfindən zorlama və oğurluq cinayətləri barədə şər və böhtana məruz qalsa da “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Zeynəb Təqsirləndirilən şəxs1 Səna ilə evlənməsini istəmiş, bu baş tutmadığından və ayrıldıqları üçün Zeynəb Təqsirləndirilən şəxs1 böhtan atmışdır. Təqsirləndirilən şəxs1 Zeynəbdən hansısa məqsədlə pul almamış, evlərindən qızıl əşyalarını götürməmişdir. Təqsirləndirilən şəxs1 digər əməlləri qəbul etməsi və peşman olması onun Səna xanımla bağlı ifadəsinin doğrulunu təsdiq edir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmadığını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, məhkum olunmuş şəxs Orxan İsgəndərov Cinayət Məcəlləsinin 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməmişdir. Buna görə də Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2023cü il tarixli, 1(053)-8/2023 nömrəli hökmünün həmin hissədə ləğv edilməsini və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə bəraət verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasınnda həbsdə saxlanılan və videokonfrans əlaqə sistemi vasitəsi ilə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 X4 məxsus 3 otaqlı mənzilə çıxarış alacağına söz verdiyini, Zeynəbin qızı Sənadan bu məqsədlə 6500 manat deyil, 2.500 manat pul aldığını, apellyasiya şikayətini müdafiə etdiyini və müdafiəçisi Müdafiəçi4 çıxışı ilə razı olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının zərərçəkmiş şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddələrlə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni, Təqsirləndirilən şəxs1 birinci instnsiya məhkəməsində verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ifadəsi, zərərçəkmiş şəxs X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 ifadələri, şahidlər Şahid6, Şahid7, Şahid5, Şahid1, Şahid3, Şahid2, Şahid4 ifadələri və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, Təqsirləndirilən şəxs1 ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin müdafiəçisi apellyasiya şikayətində və apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində “Zeynəb Qululu onun qızı Səna ilə evlənməsini istəməsi, bu baş tutmadığından və ayrıldıqları üçün Zeynəbin ona böhtan atmasını, onun Zeynəbdən hansısa məqsədlə heç bir məbləğdə pul almaması, evlərindən qızıl əşyaları götürməməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsində tədqiq edilən və yuxarıda qeyd olunan X6, Şahid6 və Şahid7 ifadələri ilə yanaşı işdə olan digər sübutlarla təkzib olunan dəlillər olmaqla məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 42.1.1-42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü-cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyatı olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə və sair hallar olduqda çıxarılır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə hazırki cinayət işi üzrə məhkum edilmiş şəxsə o halda bəraət hökmü çıxarıla bilər ki, onun əməlində təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmasın; həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar mövcud olsun; onun təqsirləndirildiyi cinayətləri törədilməsinə aidiyyatı olmaması sübuta yetirilsin; onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmasın və ya toplanmış sübutlar təqsirliliyini təsdiq etməsin və sair. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar və ya məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 bəraət verilməsi, həmçinin sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrinin sanksiyasında isə börd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, onun ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, özünün 2016-cı il aprel döyüşlərində, qardaşının isə 44 günlük Vətən Müharibəsində iştirak etməsini, zərərçəkmiş şəxslər X6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 istisna olmaqla digər zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə üç il doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, təyin olunan cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri, cəzanı yüngülləşdirən hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(053)-8/2023 nömrəli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(053)-8/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhəmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar