Məhkəmə qərarları › İş №1(106)-113/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-113/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-113/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X10, zərərçəkmi şəxs Zərərçəkmiş şəxs vəkili X4 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsi barədə Ağcabədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(017)-149/2022 saylı hökmündən zərərçəkmi şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(017)-149/2022 saylı hökmü ilə (sədrlik edən hakim Sulduz Ləzimov) xx xxxxxxxx 1992-ci ildə Ağcabədi rayonu, Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağcabədi rayon Qaz İstismar idarəsində çilingər işləyən, məhlumluğu olmayan, hazırda Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, oğurluq etmiş, yəni qəsdən, tamah niyyətilə, yaşayış yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə 18 iyul 2022-ci il tarixdə saat 00:20 radələrində Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evin mətbəx otağındakı soyuducunun üzərində 1 manat dəyərində qara rəngli cib dəsmalına bükülmüş vəziyyətdə olan 45 ədəd 100 manatlıq Azərbaycan Respublikası milli pul əskinaslarından ibarət olan 4500 manat məbləğində pul vəsaitini həmin cib dəsmalı ilə birlikdə qəsdən qanunsuz olaraq oğurlamaqla, Zərərçəkmiş şəxs 4501 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs apellyasiya şikayətində göstərmişdir ki, onun işi ilə bağlı çıxarılmış hökm ədalətli olmamışdır. O hökmdən narazıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işin bütün hallarını nəzərə almamışdır. O Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası verilməsi ilə razılaşmır. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növdə cəza təyin edilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini göstərərək, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, vurduğu zərəri ödəməsini, ailə vəziyyətini nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növdə cəza təyin edilməsi ilə razılaşdığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, vurmuş olduğu zərəri dərhal ödəməsini, iki azyaşlı uşağının olmasını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin vəkili apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növdə cəza təyin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və məhkəmənin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi istintaq və birinci instansiya məhkəməsində özünün etirafı, şahidlər Zərərçəkmiş şəxs, X5, X17 və X8 ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobillə rayon ərazisində olan sexlərdən saçaq pendiri yığıb Bakı şəhərində yerləşən şirkətə təhvil verir və daşıyıcı kimi zəhmət haqqı alır, Təqsirləndirilən şəxs tanıyır, eyni kəntdə yaşayırlar, qohumluğu və ədavəti olmamışdır. 17 iyul 2022-ci il tarixdə saat təxminən 23 radələrində arvadı X5, bacısı X11 və bacısı oğlu X16 yaşadığı evin həyətində əyləşib söhbət etmişlər, oğlu Murad Quliyev isə həyətdə özünə məxsus Mercedes markalı avtomobili təmizləmiş, sonra onlaırn yanına gələrkən avtomobildən cib dəsmalına bükülmüş vəziyyətdə olan pulu həyat yoldaşı Gülbənizə vermiş və pendirin pulu olduğunu demişdir. O da açıb pulu saymış və orada 45 ədəd 100 manatlıq əskinaslardan ibarət 4500 manat pul olmuş, pulu saydıqdan sonra yenidən həmin cib dəsmalına büküb, oturduğu stolun üstünə qoymuş və Gülbənizə demiş ki, evə qoysun. Gülbəniz də ondan nə qədər olduğunu soruşmuş, o da 4500 manat olduğunu demişdir. Sonra o, Ağcabədi rayonu, Təzəkənd kəndindən pendir götürmək üçün kiçik oğlu Fərdi Quliyev ilə birlikdə ona məxsus Mercedes markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxmışlar, Murad da Ağcabədi rayonu, Hacıbədəlli kəndindən pendir götürmək üçün onların arxasınca çıxmışdır. Gəlini Ruhiyyə isə oğlu Nihadla evdə qalmışlar. 18 iyul 2022-ci il tarixdə gecə saat 00:30 radələrində Fərdi ilə birlikdə pendiri götürüb evə qayıdarkən artıq yaşadığı Hüsülü kəndi ərazisində olan zaman oğlu Murad ona zəng edib qonşu Təqsirləndirilən şəxs onların evinə girdiyini demişdir. O, evə çatmağa az qalmış Valehin idarə etdiyi VAZ-2107 markalı avtomobilin yolun kənarda dayanmış vəziyyətdə görmüş, lakin Valeh özü orada olmamışdır. O gəlib evə çatmış, Gülbənizdən nə baş verdiyini soruşmuş, Gülbəniz də ona Valehin gəlib evə girib onlara baxdığını demiş və Valehin əynində ağ rəngli, boyun hissəsi qara rəng olan üç düyməli kofta olduğunu demişdir. O da buna görə bərk əsəbiləşmiş və oğlu Fərdi ilə Valehin evinə getmiş, həyətə daxil olmadan Valehi çağırmış, Valeh də darvazanın arxasında olan tövlədən çıxıb cavab vermiş və ona tərəf gəlmişdir. Həmin vaxt Valehin əynində koftası olmamış, Valehə demiş ki, koftan haradadır, Valeh də tövlədən asdığını deyib koftanı götürmüşdür. Həmin vaxt Valeh tərli olmuş, şalvar və koftası toz-torpaq içində olmuşdur. O Valehə evə girməklə bağlı hər hansı bir söz demədən onun arxasınca gəlməyi demiş, Fərdi ilə yaşadığı evə qayıtmışdır. Aradan bir az keçdikdən sonra Valeh anası Sərgül ilə birlikdə onlara gəlmişlər. O Valehə demiş ki, qapıma niyə gəlmisən, Valeh də sərxoş olduğu üçün gəldiyini demiş, o Valehin bu sözündən əsəbiləşib şillə ilə bir dəfə Valehin sifət nahiyəsinə zərbə vurmuş və Valeh anası Sərgül ilə çıxıb getmişlər. O, sonra DİN-nin 102 xidmətinə Valehin həyətinə daxil olması və ailə üzvlərinin onu görməsi barədə məlumat vermişdir. Sonra həyətdə olan zaman Gülbənizə verdiyi pulu nə etdiyini soruşmuş, Gülbəniz də ona pulu mətbəxdə olan soyuducunun üstünə qoyduğunu demişdir. Onlar ikisi də birlikdə evə girmişlər və soyuducunun üstündən pulu götürmək istədikdə pulun orada olmadığını görmüşlər. Həmin vaxt Gülbəniz də onun yanında olmuş, Gülbəniz ona demiş ki, pulu soyuducunun üstünə qoyub hamama daxil olmuş, hamamın qapısı açıq olmuş, hamamda yuyunduğu zaman Valehin ona baxdığını görmüş, qışqırdığı üçün Valeh qaçıb getmişdir. Onlar artıq əmin olmuşlar ki, soyuducunun üstündə olan 4500 manat pulu Valeh götürmüşdür. Aradan biraz keçdikdən sonra şikayətə görə polis əməkdaşları gəlmişlər. O artıq pulun Valeh tərəfindən oğurlandığını bilmiş, ona görə də bu barədə müraciət etmişdir. Aradan bir neçə gün keçdikdən sonra Valehin əmisi oğlu X20 ona zəng etmiş və Valehin oğurladığı pulu qaytarmağı demişdir. O gəlib Eminlə görüşmüş, Emin demiş ki, “pulunu özünə qaytarırıq, səndə gərək şikayət ərizəni geri götürəsən və izahaıtnda pulu itirdiyini, yazarsan”. O da Eminin bu təklifi ilə razılaşmamış, izahatımı da dəyişməyəcəyini demişdir. Aradan bir neçə saat keçdikdən sonra işlərini bitirib evə getmiş və Gülbəniz ona Sərgülün gəlib Valehin oğurladığı 4500 manat pulu yerinə qoyduğunu demişdir. Həmin vaxt gəlini X9 da telefonla pulu yerinə qoyduqlarını videoyaya çəkmişdir. Valeh onun evindən bir manata aldığı qara rəngli cib dəsmalına bükülmüş vəziyyətdə olan 4500 manat pulunu oğurlamış, başqa heç nə oğurlamamış, hadisə nəticəsində ona 4501 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan Valeh tərəfindən tam ödənilmişdir. Valeh onun evinə girdiyinə görə ona ağır cəza verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs anası X2 Cəfər Kamal oğluna məxsus Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən fərdi yaşayış evinə gəlir, həmin vaxt evdə X5, X13 və X17 da vardır, Sərgül Quliyeva oğlunun qələt elədiyini deyib üzrxahlıq edir və 4500 manat pulu Təqsirləndirilən şəxs oğurladığı evin mətbəx otağındakı soyuducunun üzərinə qoyur və gedir. İş materiallarında olan Ağcabədi rayon mərkəzi Xəstəxanası publik hüquqi şəxsin tibbi arayışından görünür ki, Qasımov X6 RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda durmur. İşdə olan DİN-nin BƏSİİ-dən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Zərərçəkmiş şəxs Ağcabədi RPŞ-nə ünvanladığı ərizəsindən görünür ki, o, ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs onun evindən oğurladığı 4500 manat pulu geri qaytardığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona görə də dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs şikayəti olmadığını göstərmişdir. İş materiallarında olan Ağcabədi RİHB-nın Hüsülü kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər kənd əhalisi arasında özünün sakit davranışı ilə onu tanıyanların hörmətini qazanmış, lakin onun tutduğu sonuncu əməl kənd sakinləri tərəfindən kəskin pislənilmişdir. Himayəsində iki azyaşlı uşağı var. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs apellyasiya şikayətində göstərilənlər Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməsinə və cəzasının ağırlaşdırılmasına əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətmiş, cinayət nəticəsində vurduğu zərəri dərhal ödəmişdir. Onun himayəsində iki azyaşlı uşağı vardır. Ona görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması növündə cəza nəzərdə tutulduğu halda məhkəmənin ona daha ağır növdə olan azadlıqdan məhrum etmə cəzası təyin etməməsi düzgün olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin əldə edilməsi Təqsirləndirilən şəxs ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı çəkməsi ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(017)-149/2022 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsi barədə Ağcabədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(017)-149/2022 saylı hökmü, həmin hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi nvasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: İsmayıl Əhmədov Hakimlər: Məhəmməd Bağırov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar