Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-113/2024 09.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 29, 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(099)-745/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(099)-745/2023 nömrəli hökmü (hakimlər: X6 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə,) ilə xx xxxxxx 2003-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 08 iyun 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 08 iyun 2023-cü il tarixdə, saat 20 radələrində atası Şahid2 ilə birlikdə yaşadığı evdə olarkən atasının ofisiant kimi işə başladığı “Narva” adlı kafenin inzibatçısı Şahid5 ilə mobil telefonda danışarkən, sonuncunun atasını müştəridən əlavə pul almaqda ittiham edib, nalayiq ifadələrlə təhqir etməsinə aydınlıq gətirmək üçün həmin gün, saat 22 radələrində atası Şahid2lə birlikdə Lənkəran şəhəri Sahil küçəsində fəaliyyət göstərən “Narva” adlı kafeyə gedərək, orada olan Şahid5 ilə kafenin sahibi Şahid4 yanında söhbət edib, mobil telefonda dediklərinə görə Şahid5 onlardan üzr istəməsindən sonra mübahisənin sülh yolu ilə həll etdiyini zənn edib kafedən getmək istəyərkən, bu vaxt Şahid4 qardaşı Zərərçəkmiş şəxs idarə etdiyi “Volswagen” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaxınlaşaraq, ondan israrla avtomobilə əyləşməsini tələb etdiyinə görə avtomobilin arxa sərnişin oturacağında oturduqdan sonra Zərərçəkmiş şəxs avtomobillə hərəkətə davam edərək oradan uzaqlaşıb, yaxınlıqdakı “Dəniz” oteli istiqamətində hərəkətdə olarkən, ona atası Şahid2 kafedə müştərilərdən artıq pul istədiyini kinayəli şəkildə bildirib, onun və atasının ünvanına təhqiramiz ifadələr işlətməsinə əsəbiləşərək, bu zəmində, yəni şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun və atası barədə dediyi sözlərə görə qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə Lənkəran şəhəri, Sahil küçəsində hərəkətdə olan “Volswagen” markalı avtomobilin salonunda əynindəki şalvarın arxa cibində gəzdirdiyi, açıq vəziyyətdə ümumi uzunluğu 210 mm olan, tiyəsinin uzunluğu 90 mm olan bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən qatlanan bıçaqla qəsdən Zərərçəkmiş şəxs mühüm həyati əhəmiyyətə malik olan nahiyələrinə, yəni qarın və döş qəfəsi, habelə baş, sifət, qol və bel nahiyələrinə zərbələr vuraraq, ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yarısından döş boşluğuna nüfuz edən, sağ tərəfli hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsin bir ədəd kəsilmiş-deşilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gicgah, sol təpə, sol yanaq (ord), sol qulaqaltı, sağ bazu oynağı, döş qəfəsi, hər iki said və bel nahiyələrində kəsilmiş yaralardan ibarət xəsarətlər yetirib, niyyətini başa çatdırmaq üçün növbəti zərbəni vurarkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil digər avtomobilə dəyərək dayandıqdan sonra onu özünə tərəf çəkərək bıçağı əlindən alıb, hər ikisi birlikdə avtomobildən yerə düşərkən Zərərçəkmiş şəxs cəld onun üstünə uzanaraq qollarından tutmaqla ona aktiv müqavimət göstərdiyindən, bu vaxt avtomobildə olmuş Şahid3 mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verməklə çağırdığı Şahid4, Şahid2 və digərlərinin hadisənin gedişinə müdaxilə edib onları bir-birindən ayırdıqlarından və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardımlar göstərildiyindən, öz iradəsindən asılı olmayan həmin səbəblərə görə niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(099)-745/2023 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edib və Cinayət Məcəlləsinin 62.1 və ya 70-ci maddəsini tətbiq etməklə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müddəalarına, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi 08 iyun 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilib, ibtidai istintaq aparılmışdır. 09 iyun 2023-cü il tarixdə qanunsuz və əsassız olaraq Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən qanunsuz və əsassız olaraq Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif olunmasına baxmayaraq birinci instansiya məhkəməsi səhvə yol verərək ibtidai istintaq orqanının gəldiyi nəticəni düzgün hesab etmişdir. Belə ki, Təqsirləndirilən şəxs fikri, məqsədi və niyyəti zərərçəkmiş şəxsi öldürmək olmamışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunmalı və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq ediməklə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətlərini müdafiə edib, apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək təmin olunmasını, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, həmçinin Cinayət Məcəlləsinin 62.1 və ya 70-ci maddəsini tətbiq etməklə məhkum edilmiş şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediməsi barədə yeni qərar qəbul edilməsinii xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsindən videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu və apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı2 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif edildiyini, məhkum edilmiş şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunması üçün əsasların olmadığını bildirərək, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumat verilmiş zərərçəkmiş şəxs məhkməmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb məhkum edilmiş şəxs və onun müdafiəçisinin apellyasiya şikayətlərinin dəlillərinə tətbiq edilməli qanun normalarına uyğun qiymət verib, dövlət ittihamçısının, məhkum edilmiş şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1(099)-745/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs ifadələri, şahidlər Şahid3, Şahid5, Şahid4, Şahid2 və Şahid1 ifadələrini, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” və 11 iyun 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokollar və protokollara əlavə edilmiş fotoşəkillər, “təqdim etmə, götürmə və baxış keçirilməsi barədə” 08 iyun 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilər, təqdim edilən paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” 10 iyun 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillər, məhkəmə-tibbi ekspertizasının 09 və 12 iyun 2023-cü il tarixli rəyləri, məhkəmə-ballistik-trasoloji ekspertizasının 10 iyul 2023-cü il tarixli rəyi, məhkəmə-bioloji ekspertizasının 25 avqust 2023-cü il tarixli rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli rəyi, istintaq hərəkətlərinin protokolları və maddi sübutları Cinayət Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, iş üzrə tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edib cəzalandırılmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı qanunu üsullarla toplanmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan sübutların və iş üzrə müəyyən olunmuş faktiki halları tam, obyektiv və hərtərəfli araşdırlması və 31 oktyabr 2023-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilməsi nəticəsində əsaslı olaraq Təqsirləndirilən şəxs məhkum olunduğu maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş və onun əməllərini Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif etmiş və məhkum edilmiş şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona cəza təyin etmişdir. Ona görə də məhkum edilmiş şəxs və onun müdafiəçisinin şikayətlərinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməsi və ya onun cəzasının yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Odur ki, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində eləcə də, müdafiə tərəfinin apellyasiya məhkəməsi zamanı çıxışlarında qeyd etdikləri halları, yəni təqsirləndirilən şəxsin hadisə baş verərkən zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək üçün kifayət qədər imkanı, vaxtı və şəraitinin olmasına baxmyaraq təqsirləndirilən şəxsin bunu etməməsi ilə bağı dəlillər yuxarıda qeyd edilən sübutlarla təkzib olunduğundan məhkəmə kollegiyası həmin dəlilləri əsaslı və mövcud ittihamı təkzib edən sübut kimi qəbul etmir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 2-ci bəndində göstərilir ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.”. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək öz cinayətkar niyyətini həyata keçirmək üçün bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən qatlanan bıçaqla qəsdən Zərərçəkmiş şəxs mühüm həyati əhəmiyyətə malik olan nahiyələrinə, yəni qarın və döş qəfəsi, habelə baş, sifət, qol və bel nahiyələrinə zərbələr vuraraq, ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yarısından döş boşluğuna nüfuz edən, sağ tərəfli hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsin bir ədəd kəsilmiş-deşilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gicgah, sol təpə, sol yanaq (ord), sol qulaqaltı, sağ bazu oynağı, döş qəfəsi, hər iki said və bel nahiyələrində kəsilmiş yaralardan ibarət xəsarətlər yetirmiş, niyyətini başa çatdırmaq üçün növbəti zərbəni vurarkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil digər avtomobilə dəyərək dayandıqdan sonra Təqsirləndirilən şəxs özünə tərəf çəkərək bıçağı əlindən alıb, hər ikisi birlikdə avtomobildən yerə düşərkən Zərərçəkmiş şəxs cəld onun üstünə uzanaraq qollarından tutmaqla ona aktiv müqavimət göstərdiyindən, bu vaxt avtomobildə olmuş Şahid3 mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verməklə çağırdığı Şahid4, Şahid2 və digərlərinin hadisənin gedişinə müdaxilə edib onları bir-birindən ayırdıqlarından və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardımlar göstərildiyindən, öz iradəsindən asılı olmayan həmin səbəblərə görə niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və apellyasiya şikayətlərinin dəlillərinə tətbiq edilməli qanun normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, cinayət hadisəsi baş vermişdir və Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin tərkib əlaməti vardır. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı iş üzrə cinayət təqibini istisna edən, eləcə də əməlin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunmasını zəruri edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməli həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma, istərsə də birinci instansiya məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran hal olmamsını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə həmin Məcəllənin 63.3 və 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətləri və məhkəmə baxışı zamanı müdafiə tərəfinin çıxışlarının dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58, 59 və 61-ci maddələrini rəhbər tutmuş, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün saymış və bununla da məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda da məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya maddənin sanksiyasında nəzərədə tutulmayan daha yüngül cəza ilə əvəz edilməsi, məhkum olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından qanunvericiliyin tələbinə, o cümlədən məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin hökmündən məhkum olunmuş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(099)-745/2023 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(099)-745/2023 saylı hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-113/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-113/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver