Məhkəmə qərarları › İş №1(106)-114/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-114/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-114/2023 08.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), X2 və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağcabədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(017)- 151/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(017)-151/2022 saylı hökmü ilə (sədrlik edən hakim Rəşad Nuriyev) xx xxx 1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 1(017)-30/2022 saylı hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə saxlandığı müddət nəzərə alınıb cəzasını çəkmiş hesab edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində başqa həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə kimi tutulduğu iki günün ona təyin olunmuş bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq bir il yeddi ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, məhkəmənin hökmü ilə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(017)-151/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,802 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən əldə edib 1 ədəd siqaretin qızılı kağızı bükümündə üzərində saxlamış, 06 avqust 2022-ci il tarixdə saat 20 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanında yerləşən evin qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən həmin psixotrop maddə olan metamfetamin əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Ağcabədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(017)-151/2022 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək bildirmişdir ki, ona təyin olunmuş cəzadan narazıdır. Belə ki məhkəmə cəza təyin edərkən ata-anasının olmamasını, az yaşlı övladının yoldaşının himayəsində qalmasını nəzərə almamışdır. 2-ci qrup əlildir. Qeyd olunanları nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini xahiş etdilər. Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu və onun təmin edilməməsini, təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğunu və cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edildiyini, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən (Məhkəməyə təkrar müraciət hüququ) məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. Azərbaycan Respublikası CPM-nə əsasən yuxarı məhkəməyə şikayət vermək hüququ ilk əvvəl Apellyasiya məhkəmə icraatının hesabına təmin olunur. Qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına (o cümlədən hökmə) Apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bu növ icraatda məhkəməyə qədər və ya birinci məhkəmə araşdırması zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımı cinayət-hüquqi qiymətin verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız məhkəmə aktını vaxtında ləğv edərək yeni qərar qəbul etsin. Bununla da qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhfləri düzəldilmiş olur və bu səhflərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Xüsusilə qeyd olunmalıdır ki, kassasiya icraatından fərqli olaraq Apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının dəlillərində təqsirləndirilən şəxsin barəsində olan hökmun dəyişdirilməsi və ona daha yüngül cəzanın tətbiq edilməsinə dair məsələlər mübahisələndirildiyi üçün ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın hüquqi əsaslarının mövcüd olub-olmamasına, əməlin ictimai təhlükəliliyinin, təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallarla uzlaşıbuzlaşmamasına və sonda təqsirləndirilən şəxsə daha yüngül cəzanın tətbiq edilməsi üçün əsasların mövcüd olub-olmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb dövlət ittihamçısının, təqsirləndirilən şəxs və müdafiəçinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi barədə yekun rəyə gələrkən aşağıda qeyd edilənlərə əsaslanır. İlk əvvəl qeyd etmək lazımdır ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsi mübahisələdirilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə onun aidiyyatının olmasına və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, ona bəraət verilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair ədalətli, qanuni və əsaslı olan yekun nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu, onun özünün məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadələri, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, ibtidai istintaq və məhkəmə iclas protokolları, ekspert rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair dəlillərin birinci instansiya məhkəməsinin hökmündə geniş şəkildə təsvir və tədqiq olunduğunu nəzərə alaraq apellyasiya məhkəməsi həmin xüsusatları təkrar sadalamağı zəruri hesab etmir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi qanuni, ədalətli və əsaslı olmuşdur. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinməsinə dair həm ibtidai istintaq orqanı, həm də işə baxan birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(017)-151/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplamış sübutlar tam, hər tərəfli və obyektiv yoxlanılmaldır. Yoxlama zaman sübutlar təhlil olunur və bir – biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliliyi müəyyənləşdirlir. Həmin Məcəllənin 145.1. maddəsində birbaşa göstəriş vardır ki, hər bir sübut mənsubiyyəti, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. "Mahmudovun Rusiyaya qarşı" işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq hesab etmək lazımdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana" qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqlarının və X1 Haqında Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması haqqında hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd etdiyi hallar ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Həsənov X5 Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 1(017)-30/2022 saylı hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli məhkumluq dövründə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər törətdiyi eyni xarakterli cinayət üzrə təyin edilmiş cəzadan nəticə çıxarmamış, qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğu ödənilməməsinə baxmayaraq yenidən eyni xarakterli qəsdən az ağır cinayət törətmişdir. Beləliklə,işə baxan birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, İİ qrup əlil olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı gəldiyi nəticəsini də yuxarıda qeyd edilənlərə əsasən qanuni və ədalətli hesab edərək qeyd edir ki, işə baxan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının orta həddindən yuxarı cəza təyin etməklə qanuni, ədalətli, işin faktiki hallarına uyğun olan cəza təyin etmişdir. Həmçinin apellyasiya instansiyası təqsirləndirilən şəxsə cəza təyin ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini şərh edərkən müəyyən edir ki, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə alaraq ona ədalətli həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(017)-151/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-cü və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Ağcabədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(017)-151/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(017)-151/2022 saylı hökmü Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar