Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-12/2024 02.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Quliyev Orxan Sabir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X4 şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Şirvan regional Vəkil bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin 1(020)-03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 1(020)-03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmü (hakim:X5) ilə xx.xx.1993-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və 30 avqust 2-023-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəlli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. İş üzrə mülki iddia qismən təmin edilmiş, Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 18850 manatın alınıb zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 verilməsi hökm edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə Beyləqan rayonu Qaradağlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 1-ci Qarabağ nüharibəsində iştirak etdiyi üçün ona verilmiş qırmızı rəngli müharibə veteranı vəsiqəsini göy rəngli vəsiqə ilə əvəz edərək müharibə veteranı statusu alacağına köməklik göstərəcəyi barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq Zərərçəkmiş şəxs3 vasitəsilə Beyləqan rayonu Qaradağlı kəndi ərazisində 2019-cu ilin avqust ayında 600 manat və 2019-cu ilin sentyabr ayında 100 manat olmaqla ümumilikdə 700 manat pulunu ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək Zərərçəkmiş şəxs2 700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan Zərərçəkmiş şəxs1 1-ci Qarabağ nüharibəsində iştirak etdiyi üçün müharibə veteranı statusu ala bilməsinə köməklik göstərəcəyi barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq Zərərçəkmiş şəxs3 vasitəsilə 2019-cu ilin avqust ayında Beyləqan rayon Aşağı Çəmənli kəndi ərazisində 200 manat və 1400 manat olmaqla, ümumilikdə 1600 manat pulunu ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək, Zərərçəkmiş şəxs1 1600 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə Beyləqan rayonu Yuxarı Çəmənli kəndində yaşayan Zərərçəkmiş şəxs6 1-ci Qarabağ nüharibəsində iştirak etdiyi üçün müharibə veteranı statusu ala bilməsinə köməklik göstərəcəyi barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq Zərərçəkmiş şəxs3 vasitəsilə 2019-cu ilin avqust ayında Beyləqan rayonu Yuxarı Çəmənli kəndi ərazisində 800 manat, 2019-cu ilin noyabr ayında Beyləqan şəhəri SMS-4 qəsəbəsində yerləşən Beyləqan rayon məhkəməsinin qarşısında 540 olmaqla, ümumilikdə 1340 pulunu ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək Zərərçəkmiş şəxs6 1340 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan Zərərçəkmiş şəxs3 Qarabağ müharibəsində iştirak etdiyi üçün kompensasiya düzəldilməsinə köməklik edəcəyi barədə qəsdən yalan vəd verib belə niyyəti olmadan aldadaraq, 2019-cu ilin dekabr ayında içərisində 5500 manat olan "xxxx" ASC-yə məxsus Zərərçəkmiş şəxs3 adına olan 416973*******9303 saylı birkartdan Beyləqan şəhəri ərazisində yerləşən bankomatdan çıxarmaqla, 2019-cu ilin dekabr ayında Kapital Bank ASC-nin Beyləqan rayon filialının qarşısında 2700 manat, 2020-ci ilin mart ayında Beyləqan şəhəri SMD-4 qəsəbəsində yerləşən Beyləqan rayon məhkəməsinin qarşısında 350 manat, 2020-ci ilin aprel-may ayları ərzində Beyləqan rayonu Aşağı Çəmənli kənd məktəbinin yaxınlığında müxtəlif vaxtlarda ümumilikdə 6200 manat, 2020-ci ilin aprel-may ayları ərzində ona məxsus hesab kartına köçürdüyü 4000 manat, 2020-ci ilin iyun-iyul ayları ərzində 5500 manat, 2020-ci ilin avqust ayında 3100 manat pulu Beyləqan şəhəri ərazisində yerləşən bankomatdan çıxarmaqla ələ keçirib, vədinə əməl etməyərək əldə edilmiş məbləği şəxsi ehtiyacına sərf edərək Zərərçəkmiş şəxs3 27350 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan Zərərçəkmiş şəxs4 Firdovsi oğlunu 1-ci Qarabağ nüharibəsində iştirak etdiyi üçün əlavə yardım paketi veriləcəyinə köməklik göstərəcəyi barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq 2020-ci ilin fevral ayında Beyləqan şəhəri SMD-4 qəsəbəsində Beyləqan rayon məhkəməsinin qarşısında 600 manat, Zərərçəkmiş şəxs4 xx.xx.2020-ci il tarixdə onun qayınanası X2 adına olan Kapital Banka məxsus hesab kartına köçürdüyü 152 manat pulu Beyləqan şəhəri S.Qazıyeva küçəsində yerləşən bankomatdan çıxarmaqla və 2020-ci ilin avqust ayında isə Zərərçəkmiş şəxs4 məxsus hesab kartından 230 manat pulu Beyləqan şəhəri ərazisində yerləşən bankomatdan çıxartmaqla, ümumilikdə 982 manatını ələ keçirib, vədinə əməl etməyərək əldə edilmiş məbləği şəxsi ehtiyacına sərf edərək, Zərərçəkmiş şəxs4 982 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Beyləqan rayonu Yuxarı Çəmənli kəndində yaşayan Zərərçəkmiş şəxs5 əvvəl SSRİ-də xidmət etdiyi üçün, sonra isə könüllü olaraq 1-ci Qarabağ nüharibəsində iştirak etdiyi üçün sosial müavinətin sığorta şəklində verilməsini təmin edə biləcəyinə köməklik göstərəcəyi barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq Zərərçəkmiş şəxs3 vasitəsilə onun qayınanası X3 məxsus hesab kartına köçürdüyü xx.xx.2020-ci il tarixdə 1000 manat və xx.xx.2020-ci il tarixdə 1000 manat, ümumilikdə 2000 manat pulu Beyləqan şəhəri ərazisində yerləşən bankomatdan çıxarmaqla ələ keçirib, vədinə əməl etməyərək əldə edilmiş məbləği şəxsi ehtiyacına sərf edərək Zərərçəkmiş şəxs5 2000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Beyləqan Rayon Məhkəməsinin 1(020)-03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 1(020)-03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin yuxarı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və iş üzrə verdiyi mülki iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edərkən onun himayəsində azyaşlı uşağının olmasını, zərəri ödəməsini yüngülləşdirin hallar kimi nəzərə alsa da, zərərçəkmiş şəxs kimi ona dəymiş maddi ziyanın ödənilməməsini, onun da himayəsində azyaşlı uşaqlarının olmasını, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində uşaqlarının aclıq çəkməsini nəzərə almamışdır. Ona vurulmuş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Dövlət ittihamçısı1 apellyasiya protestində Beyləqan Rayon Məhkəməsinin 1(020)- 03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan tələb və şikayətlərinin olmaması kimi halların hökmdən xaric edilməsini, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəmə prosesi bir ildən artıq davam etməsinə baxmayaraq, yalnız son anda ziyanın cüzi bir hissəsini ödəmiş, lakin vurulmuş ziyanın əsas qismini ödəməkdən yayınmışdır. Bu onu göstərir ki, təqsirləndirilən şəxs heç də törətdiyi dələduzluq əməlindən səmimi peşimançılıq çəkmir. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsini yüngülləşdirici hal kimi nəzərə alsa da, iş materiallarından görünür ki, 5 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 6622 manat təşkil edən maddi ziyanı ödəmiş, lakin Zərərçəkmiş şəxs3 vurulmş 27350 manat maddi ziyandan yalnız 8500 manatını ödəmiş, bu da ümumi vurulmuş ziyanın 33972 manatın az bir qisminin ödənildiyini göstərir. 18850 manat maddi ziyan ödənilməmiş qalmışdır ki, bu da ümumi vurulmuş maddi ziyanın yarısından da çoxdur. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətlərinin olmaması barədə məhkəmənin mövqeyi əsassızdır. Həmçinin Zərərçəkmiş şəxs3 məhkəmə iclasında çıxışında təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya məhkəməsində çıxışında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 verdiyi apellyasiya şikayətindən və mülki iddiasından imtina edərək göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Şikayət və tələbi olmadığından Təqsirləndirilən şəxs həbsdən azad olunmasına etirazının olmadığı bildirdi. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi və ona qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ona vurulmuş maddi ziyan ödənildiyindən apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Göstərdi ki, müdafiəçisi olduğu şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin işdə olan digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan da tam həcmdə ödənilmişdir. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyan tamamilə ödənildiyindən apellyasiya şikayətindən imtina etmiş və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Ona görə də apellyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs barəsində olan Beyləqan Rayon məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin digər müdafiəçisi Müdafiəçi3 da Müdafiəçi4 çıxışına uyğun çıxış etdi. Apellyasiya məhkəməsi iclasında Dövlət ittihamçısı2 zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 apellyasiya şikayətindən imtina etdiyindən onun barəsində apellyasiya şikayətinə baxılmasına xitam verilməsini etiraz etmədiyini, lakin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, hökmün dəyişdirilməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə zərərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Sərdan oğlunun apellyasiya şikayətinə baxılmasına xitam verilməli, dövlət ittihamçısı tərəfindən verildmiş apellyasiya protesti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 1(020)-03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmü qismən dəyişdirilməlidir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyindən apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə görə 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apelyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apelllyasiya şikayətinin və ya apelyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 apellyasiya şikayətindən imtina etməsi və apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə müraciəti təmin edilməli, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 apellyasiya şikayətinə baxılmasından imtina etdiyindən onun apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun öz ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, baxış protokolları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Dövlət ittihamçısı1 apellyasiya protestində Beyləqan Rayon Məhkəməsinin 1(020)- 03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan tələb və şikayətlərinin olmaması kimi halların hökmdən xaric edilməsini, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla, məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Belə ki, zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs3 apellyasiya məhkəməsinə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs həbsdən azad olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin apellyasiya məhkəməsində çıxışında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ona dəymiş maddi ziyan ödənildiyindən apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətinə baxılmasına xitam verimlməsini xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını,himayəsində iki azyaşlı uşağının olmasını, onun tərəfindən vurulmuş maddi ziyanın bir hissəsinin öədnilməsini nəzərə alaraq onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Hazırda, apellyasiya məhkəməsi baxışı gedişində Təqsirləndirilən şəxs zərərçəkmiş və mülki iddiaçı X1 vurulmuş ziyanı tamamilə ödəməsini, beləliklə cinayət işi üzrə bütün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya protestində göstərdiyi hallar aradan qalxdığından, yəni bütün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tamamilə ödənildiyindən, həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 apellyasiya şitkayətinldən imtina etdiyindən, dövlət ittihamsının apellyasiya protestinin dəlilləri əsassız olduğundan apellyasiya protesti təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyan tamamilə ödənildiyindən, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığından və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdiyindən, mülki iddianın təmin edilməsi, Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 18850 manat pulun alınıb Zərərçəkmiş şəxs3 verilməsinə dair müdddəalar hökmdən xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beyləqan Rayon Məhkəməsinin 1(020)-03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya protestinin dəlilləri ilə razılaşmır və apellyasiya protestini təmin edib, Təqsirləndirilən şəxs Umsudvar oğluna təyin edilmiş cəzanın dəyişdirilməsi, ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsaslar görmür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə təqsirini boynuna almaqla könüllü olaraq Beyləqan RPŞ-yə gedərək özünü təqdim etmiş və həmin tarixdən həbsdədir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası belə hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 1(020)-03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 apellyasiya şikayətindən imtina etdiyindən və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdiyindən, onun apellyasiya şikayətinə baxılmasına xitam verilməli, Beyləqan Rayon Məhkəməsinin 1(020)-03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Beyləqan Rayon Məhkəməsinin 1(020)-03/2023 saylı,10 fevral 2023-cü il tarixli hökmü mülki iddianın təmin edilməsinə aid hissədə dəyişdirilsin. Mülki iddianın təmin edilməsi, Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 18850 manat pulun əlınıb Zərərçəkmiş şəxs3 verilməsinə dair müdddəalar hökmdən xaric edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2023-cü ildən 02 fevral 2024-cü il tarixədək həbsdə qaldığı ümumilikdə 5 ay 03 gün müddət Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən həbsin bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 10 (on) ay 06 (altı) gün ona Beyləqan Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilsin. Beyləqan Rayon Məhkəməsinin 1(020)-03/2023 saylı, 10 fevral 2023-cü il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-12/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-12/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver