Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-122/2024 23.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu ( sədrlik edən və məruzəçi ) , Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli 1(099)-636/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli 1(099)-636/2023 saylı hökmü ilə (sədrlik edən hakim Əli Əliyev) xx xxxxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Dostluq küçəsi, ev 49/11, mənzil 7-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala Stansiya ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-cü ildən hesablanmaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə digər şəxslər ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 499,7 qram tiryəki, külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 14049,40 qram qurudulmuş marixuananı, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan məhlul halında təmiz çəkisi 0,780 qram metadonu, külli miqdarda güclü təsir edən maddə olan 1260 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 378 qram "Gabapentin-300” adlı dərman preparatlarını və külli miqdarda güclü təsir edən maddə olan 300 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 45 qram olan "Preqabalin-150” adlı dərman preparatlarını digər şəxs Beyləqan rayonunun ərazisində, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətində gizlədib, bu barədə 05 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra, o, digər şəxs ilə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Beyləqan rayonunun ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətindən iki ədəd bağlamada külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri 06 yanvar 2023-cü il tarixdə, saat 01:00 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 499,7 qram tiryək, külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 14049,40 qram qurudulmuş marixuana, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan məhlul halında təmiz çəkisi 0,780 qram metadon, külli miqdarda güclü təsir edən maddə olan 1260 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 378 qram "Gabapentin-300” adlı dərman preparatları və külli miqdarda güclü təsir edən maddə olan 300 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 45 qram olan "Preqabalin-150” adlı dərman preparatları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, onun barəsində çıxarılmış hökm ədalətsiz omuşdur. Belə ki, onun barəsində olan cinayət işi obyektiv araşdırılmamışdır. Hakim hökmdə göstərmişdir ki, məhkəmə onun tprətdiyi cinayətin ağırlığını nəzərə alır. Görəsən onun əməlində cinayətlərin residivi, təhlükəli residivi olmuş olsaydı ona hansı cəzanı təyin edərdilər. Bu sualdan görünür ki, onun barəsində olan hökm ədalətsiz olmuşdur. O əməlindən peşmandır. Əməlini səmimi olaraq etiraf edir. Bunları nəzərə alaraq onun cəzasının xeyli dərəcədə yüngülləşdirilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini, təyin edilmiş cəzanın işin hallarına uyğun olmasını göstərərək Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs çıxışında yalnız Kamil tərəfindən ona verilməsi nəzərdə tutulan 0,5 qram metanfetamini götürmək üçün getmiş olduğunu göstərərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili çıxışlarında apellyasiya şikayətinn təmin edilməsini, Təqsirləndirilən şəxs cəzasının yüngüllə.dirilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs AR CM-in 32.5, 206.2-ci maddəsi ilə bəraət verməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilməsi düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi Təqsirləndirilən şəxs özünün istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan ƏAŞ-nin rəisi mayor Fərzənd Allahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-c2 il tarixli raportun məzmunundan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən Beyləqan rayonu İmamverdili kəndinin yaxınlığında kol və qamış bitkiləri arasında (22-ci SZ-nın xidməti ərazisinin 31-ci sahəsinin arxa hüdudu) külli miqdarda narkotik vasitələrin gizlədildiyi barədə bildirilmişdir. xx.xx.2023-cü il tarixdə 2-ci sərhəd dəstəsinin əməkdaşlarından ibarət Beyləqan rayonu İmamverdili kəndinin yaxınlığında Pusqu sərhəd naryadı xidməti təşkil olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində bir ədəd KİA RİO markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilin gəlməsi, həmin avtomobildən bir nəfər şəxsin düşərək kol və qamış bitkiləri olan əraziyə daxil olduğunu və oradan 2 ədəd bağlamanı götürüb uzaqlaşarkən sərhəd naryadı tərəfindən saxlanılmış, həmin şəxsi əraziyə gətirən avtomobili idarə edən Fərid adlı şəxs oradan uzaqlaşmışdır. İş materiallarında olan Əməliyyat tədbirlərinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan çıxarışdan görünür ki, narkotik vasitələrin sifarişçilərinin saxlanılması məqsədilə 2-ci SD-nin əməkdaşlarından ibarət Beyləqan rayonu İmamverdili kəndi ərazisində Pusqu sərhəd naryadı xidməti təşkil olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:00-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 22ci sərhəd zastavasının 31-ci sahəsinin arxa hüdududur. Həmin istiqamətdə Beyləqan rayonu, İmamverdili kəndi yaxınlığında sıx qamışlıq və kol bitkiləri olan ərazidə saxlanılmış Təqsirləndirilən şəxs saxlanıldığı yerdən narıncı və qara rəngli olmaqla iki ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bağlamaları götürmək üçün əraziyə gəldiyini, həmin bağlamalarda əsəb dərmanları olmalı olduğunu bildirmişdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamalara baxış keçirilən zaman içərisindən çəkisi 14500 qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə, çəkisi 600 qram təşkil edən tiryəkə bənzər maddə, 1300 ml plastik qablaşdırmada olan metadon məhlulu, 1260 ədəd üzərində “Gababrel-300” yazısı olan həb, 300 ədəd üzərində “Preqabalin-150” yazısı olan həb və 10 ədəd flakonda maye halında üzərində “Sinarolac” yazısı olan dərmanların olması aşkar olunmuşdur. İş materiallarında olan «Şübhəli şəxsin tutulması haqqında» 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 7 yanvar 2023-cü il tarixli, 6/60 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 499,7 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir, 1 plastik butulkadakı 850 ml həcmində sarımtıl rəngli şəffaf maye kustar üsulla hazırlanmış metadon məhluludur və həmin məhlulda metadonun təmiz çəkisi 0,780 qramdır, üzərilərində “Gabapentin 300” markalanma göstəriciləri olan 126 ədəd konvalyutda, hər konvalyutda 10 kapsul olmaqla, ümumilikdə 1260 ədəd üzərlərində “SAMİSAZ” yazısı olan qəhvəyi-sarı rəngli kapsul gabapentin tərkibli dərman preparatıdır və 1260 ədəd kapsuldan ibarət gabapentin təsiredici maddəsinin ümumi miqdarı 378 qramdır, üzərində “Pregabline -150” markalanma göstəriciləri olan 20 ədəd konvalyutda, hər konvalyutda 15 kapsul olmaqla, ümumilikdə 300 ədəd üzərlərində narıncı-göy rəngli kapsul preqabilin tərkibli dərman preparatıdır və 300 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 45 qramdır, tədqiqata təqdim edilmiş üzərində “Sinorolac” markalanma göstərici olan 10 ədəd plastik qablardakı ketorolak tərkibli göz damcısı narkotik vasitə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid deyildir. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, tiryəkin təmiz çəkisi -499,7 qram, tədqiqata sərf olundu -0,2 qram, qalıq -499,5 qram, metadon məh. Həcmi 850 ml, tədqiqata sərf edildi 20 ml, qalıq 830 ml, 1260 gabapetin tərkibli kap. 10 kap tədqiqata sərf edildi, qalıq 1250 kap, 300 preqabalin tərkibli kap. 10 kap tədqiqata sərf edildi, qalıq 290 kap, 10 fla. Sinorolac dərm preparatdan 1 flak tədqiqata sərf edildi, qalıq 9 fakon. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə bioloji ekspertizasının 6 yanvar 2023-cü il tarixli, 7/13 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 16 ədəd sellofan bağlamalarda ümumi təmiz çəkisi 14049,40 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, marixuananın təmiz çəkisi -14049,40 qram, tədqiqata sərf olundu-0,8 qram, qalıq -14048,60 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-10/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 yanvar 2023-cü ildən hesablanmışdır. İş materiallarında olan 07 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, narkotik vasitələr olan 830 ml məhlul halında narkotik vasitə olan metadon qalığı, 14048,60 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, 499,5 qram tiryək qalığı, güclü təsir edən maddələr olan 1250 kapsul Gabaprel-300 qalığı və 290 kapsul Preqabalin-150 qalığı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İstintaq və təhqiqat idarəsinin saxlanc yerinə verilmişdir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 03/202 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşamadığından, onun harada işləməsini müəyyən etmək, ailə tərkibi haqqında arayış və barəsində xasiyyətnamə təqdim etmək mümkün olmamışdır. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə şəxsiyyəti istintaqa Fərid adı ilə məlum olan şəxsin istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “102” saniyəlik danışıqlar, xx.xx.2023-cü il tarixdə 1 halda “54” saniyəlik, xx.xx.2023-cü il tarixdə 7 halda “29, 1, 79, 31, 57, 18, 20” saniyəlik danışıqlar və şəxsiyyət istintaqa Memo adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 3 halda “22, 57, 6” saniyəlik danışıqların olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həsb edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 843 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunanəməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olanan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 1436 nömrəli rəyindən görünür ki, müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin fotoşəkil üzrə tanınması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, ifadələrində adını qeyd etdiyi, şəxsiyyəti istintaqa "Fərid” adı ilə məlum olan şəxsi tanıyaraq həmin şəxsin X7 olmasını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, sonuncunun yalan danışdığını, həmin şəxsin içərisində narkotik vasitələr və güclü təsir edən maddə olan iki ədəd bağlamalardan qara rəngli bağlamanı götürüb avtomobilə doğru 2-3 metr irəlilədikdən sonra saxlanıldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, sonuncunun yalan danışdığını, həmin şəxsin içərisində narkotik vasitələr və güclü təsir edən maddə olan iki ədəd bağlamalardan qara rəngli bağlamanı götürüb avtomobilə doğru 2-3 metr irəlilədikdən sonra saxlanıldığını bildirmişdir. İş materiallarında olan 11 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa Memo adı ilə məlum olan İİR vətəndaşı, şəxsiyyəti istintaqa Fərid adı ilə məlum olan Azərbaycan Respublikası vətəndaşı X7 və cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri hazırki cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə nəzərdə tutulan əməlləri törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona verilmiş cəzanın ağır olmasını göstərmişdir. Lakin ondan aşkar edilmiş narkotik vasitə və güclü təsir edən maddələrin çeşidi və miqdarı ona təyin edilmiş cəzanın işin hallarına uyğun olduğunu göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli 1(099)-636/2023 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli 1(099)-636/2023 saylı hökmü, həmin hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitsəi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-122/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-122/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver