Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-127/2024 09.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru X7, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.3-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(099)-611/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(099)-611/2023 nömrəli hökmü (hakimlər: X8 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə) ilə xx xxxxxx 1974-cü ildə Neftçala rayonu Novo-Vasilyevka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, məhkum olunmamış, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu Kürkənd kəndində qeydiyyatda olmaqla həmin orada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilnərək ona 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 29 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 1030 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 29 mart 2023-cü il tarixdə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonunun Kürkənd kəndindəki yaşadığı fərdi yaşayış evinin qarşısındakı küçədə saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində saat 17:05-dən 17:45-dək şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin altında qara rəngli sellofan torbada 1 ədəd, üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada 1030,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-611/2023 saylı iş üzrə 13 noyabar 2023-cü il tarixli hökmünü ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara obyektiv qiymət verilməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılması təmin edilməmiş, məhkəmənin hökmündə əks etdirilmiş onun gəldiyi nəticələr tədqiq olunmuş sübütlarla təsdiq olunmamış, hökmdə şərh olunmuş hallarla məhkəmənin gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyətlər mövcud olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ibtidai istintaq zamanı yol verilmiş pozuntulara əhəmiyyət vermədən, işin qeyd olunan həqiqi hallarını aşkara çıxartmaq əvəzinə, özü də ittiham mövqeyi tutmuş, qanunun tələbləri pozulmaqla əldə edilmiş həmin sənədləri mötəbər sübut kimi qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi İlham Qərbalıyevin təqsirsizliyinə dair özünün və əlavə şahid kimi dindirilmiş şəxslərin ifadələrini hökmdə şərh etsə də, həmin yekun qərarda onlara qiymət verməmiş, sübut kimi qəbul edib-etməməsi barədə izah verməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X7 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, məhkum edilmiş şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını bildirib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və həmin dəlillərə uyğun çıxış edərək, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, daşıması, üzərində saxlaması və ya hər hansı digər şəxsə narkotik vasitə satması barədə iş materiallarında heç bir sübut olmamasını bildirib apellyasiya şikayətinin təmin olunmasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmün çıxarılmasını xahiş etdi. Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Müdafiəçi2 çıxışı ilə razi olduğunu bildirib şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Qeyd olunan Qərarında Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını apellyaisya şikayətinin dəlilləri həcmində, həmçinin birinci instasniya məhkəməsi tərfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətini apellyaisya şikayətinin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakı sübutların müqayisəli şəkildə təhlil edilməsini vacib hesab edir. MƏHKUM EDİLMİŞ ŞƏXS Təqsirləndirilən şəxs BƏRAƏT VERİLMƏSİ BARƏDƏ MÜDAFİƏÇİNİN APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: İş materiallarında olan Neftçala RPŞ-nin CAB-ni rəisi polis polkovnik-leytenant tərəfindən 29 mart 2023-cü ildə tərtib olunmuş raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə Neftçala rayon polis şöbəsinə əməliyyat məlumatları daxil olmuşdur. İş materiallarında olan Neftçala RPŞ-nin CAB-nin rəisi polis polkovnik-leytenantı Şahid1 “təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” tərəfindən 29 mart 2023cü il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa etmək məqsədi ilə onun yeri müəyyən edilərək üzərinə vəkilin iştirakı ilə təxirə salınmadan baxış keçirilməsi, Baxışın Neftçala RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilməklə, vətəndaşın Konstitusion hüquqları müdafiə edilməklə, videoçəkiliş aparılmaqla və nəticələləri sənədləşdirməklə həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Neftçala RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru, X5 tərəfindən qəbul olunmuş “tutma” haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu, həmin cinayətin az ağır cinayət olmasını, bununla əlaqədər təhqiqatın normal gedişatına mane ola biləcəyini nəzərə alaraq şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması barədə 29 mart 2023-cü il tarixli protokoldan və məhkəmə baxışında nümayiş etdirilmiş videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin altında qara rəngli sellofan torbada bir ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, 1 kloqram 170 qram olması müəyyən edilmişdir. Məhkəmə-biloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/367 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, təmiz çəkisi 1030 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazınlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2023-cü il tarixli, 379 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları olub, lakin narkomaniya xəstəliyi aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkum edilmiş şəxsin müdafəçisi apellyasiya şikayətində, o cümlədən məhkəmə baxışı müdafiə tərəfi çıxılarında ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs döyülüyünü, ona müxtəlif təzyiq və təsirlər edildiliyini bildirsələr də iş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertinin 31 mart 2023-cü il tarixli, 56 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tibbi müayinədən keçirilərkən onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 4 aprel 2023-cü il tarixdə təcridxanaya daxil olarkən tibbi müayinə nəticəsində bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə dindirilmiş şahidlər X4, Şahid8, Şahid7 ümumi ifadələrinin məzmununda göstərilən halların, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evdən tutularaq Polis Şöbəsinə aparılması, İlhamın narktok vasitələrdən istifadə etməməsi və onun üzərində narkotik vasitə olmaması barədə irəli sürdükləri dəlillər məhkum edilmiş şəxsin xeyrinə, onu müdafiə etmək üçün verilmiş ifadələr olmaqla yuxardı qeyd olunan sübutlara yanaşı birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilimiş Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələri ilə təkzib olunur. MƏHKUMUN ƏMƏLİNİN CİNAYƏT MƏCƏLLƏSİNİN 234.4.3-CÜ MADDƏSİ İLƏ TÖVSİF EDİLMƏSİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Plenum eyni zamanda qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri çərçivəsində iş materiallarını apaşdırıb belə qənaətə gəlir ki, birinici instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi tövsif etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud istehlakçı ilə əvvəlcədən razılıq əldə etmə, narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda satma kimi hərəkətlər edilməlidir. İş materiallarından görünür ki, yuxarıda qeyd edilən halların hər hansı biri müəyyən edilməmiş, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən yalnız aşkar olunan narkotik vasitənin külli miqdarda olmasını əsas götürmüşlər. Bu da onu deməyə əsas verir ki, iş materiallarında Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyil. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəlmiş hərəkətlərdir. Bununla yanaşı «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarda həmçinin göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan digər sübutlarla müqayisəli təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində narkotik vasitəni satış niyyəti ilə, yəni əvəzli və yaxud qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə əldə edərək saxlaması və daşıması barədə ona qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsində əsaslı şübhələr mövcuddur və ittiham tərəfindən təqdim olunmuş hər hansı bir sübutla həmin şübhələrin aradan qaldırılması mümkün deyil və iş materiallarında belə bir sübut mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttihamın sübuta yetirilməsinə dair milli qanunvericiliyin tələbləri həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mötəbər və inandırıcı sübutlar olmadan, yalnız mülahizələrə əsaslanan dəlillərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq külli miqdarda, 1030 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıması barədə nəticəyə gəlmiş, məhkəmənin bu səhvi öz növbəsində əməlin düzgün olmayan tövsifinə səbəb olmuşdur. Halbuki, Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməklə barəsində ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunmuş narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkum edilmiş şəxs və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(099)-611/2023 nömrəli hökmü dəyişdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(099)-611/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunsun və o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hökmdən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə, saxlamasına, daşımasına və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(099)-611/2023 nömrəli hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-127/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-127/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver