Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-129/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – X1 və X3 ibarət tərkibdə məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 və Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 144.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər: X8 (sədrlik edən), X6 və X4 ibarət tərkib) xx xxxxx 1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri N.Tusi küçəsi ev 2-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 aprel 2023-cü il tarixdən hesablanmsı və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxx 1994-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəlilabad şəhəri Ə.Cavad küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlancığının 17 iyun 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə məhkum edilmişlər ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 evlənməsi məqsədi ilə Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yaşayan, yetkinlik yaşına çatmayan, xx xxxxxx 2005ci il təvədllüdlü Zərərçəkmiş şəxs oğurlamaq (qaçırmaq) qərarına gəlib cinayət əlaqəsinə girərək bu məqsədlə əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2107” markalı 90DA213 dövlət qeydiyyat nişanlı avtomobillə 20 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Cəlilabad şəhəri, Ə.Cavad küçəsində Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində piyada hərəkətdə olan zaman ətrafda heç kimin olmamasıdan istifadə edib avtomobili Zərərçəkmiş şəxs yanına doğru idarə edib saxlamış, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 avtomobildən düşüb qəfildən Zərərçəkmiş şəxs qollarından tutub iradəsinə zidd olaraq zorla avtomobilin arxa oturacağına əyləşdirərək müqavimətini qırdıqdan sonra Təqsirləndirilən şəxs2 avtomobili idarə edib birlikdə Zərərçəkmiş şəxs başqa yerə, Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yerləşən, Təqsirləndirilən şəxs1 dayısı X2 evinə aparıb saxlamaqla birgə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamışlar. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 Arif oğlu və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərini onunla əsaslandırılmışlar ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məhz evlənmək məqsədilə qaçırsa da, birinci instansiya məhkəməsi ona ağırlığına görə açıqaşkar sərt cəza təyin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf etməsi və peşman olmasını, əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə ittiham hökmündə qeyd etsə də, həmin halları nəzərə almamışdır. Bundan başqa birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs1 zərərsəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Məhz bu cür cəzanı yüngülləşdirən halların məcmusu müstəsna hal hesab olunmaqla Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sankiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinə və ya ona təyin olunmuş cəzanın şərti hesab olunmasına əsas verir. Təqsirləndirilən şəxs1 Arif oğlu və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona məhkum olunduğu maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin olunmasını və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən cəzasının şərti tətbiq edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən halları – yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini formal olaraq hökmdə qeyd etsə də kifayət qədər nəzərə almamışdır. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü tarixli hökmünün dəyişdirilməsini, Hikmət Abbasov barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona məhkum olunduğu maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Baş prokurorunun müavini apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmündə həmin hökmlə təyin olunmuş cəzaya münasibət bildirməmiş və bununla da Cinayət Məcəlləsinin 66.5-ci maddəsini tətbiq etməməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası Baş prokurorunun müavini apellyasiya protestində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü tarixli hökmünü Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirərək, ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli ilə təyin edilmiş cəza nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya protestini müdafiə edib, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab etməklə protestin dəlillərinə uyğun çıxış edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü tarixli hökmünü Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirərək, ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli ilə təyin edilmiş cəza nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 Arif oğlu və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətlərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona məhkum olunduğu maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin olunmasını və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən cəzasının şərti tətbiq edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətlərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü tarixli hökmünün dəyişdirilməsini, Hikmət Abbasov barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona məhkum olunduğu maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin olunmasını və dövlət ittihamçısı tərəfindən veilmiş apellyasiya protesti üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Zərərçəkmiş şəxs gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 398.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Müdafiə tərəfi apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərə ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini, Baş prokurorunun müavini apellyasiya protestində Təqsirləndirilən şəxs2 cəza təyini zamanı cinayət qanunu normasının düzgün tətbiq edilməməsini, yəni Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməməsini iddia edərək, tələblərini müvafiq olaraq Cinayət-Prosessual Məcəlləsinin 399.1.4 və 399.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanununun normasının düzgün tətbiq edilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxslərin etirafı ilə yanaşı, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə tövsif etmişdir. Apellyasiya müraciətlərinin məzmunundan həmçinin görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, habelə Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətlərinin hüdudunda təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinin mümkünlüyünün yoxlanılması: Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında apellyasiya şikayətində qeyd olunan yüngülləşdirici halların təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə əsas verib-verməməsini araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - İştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, Cinayət Məcəlləsinin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsi isə, əksinə, hansı halların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təqribi dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (Cinayət Məcəlləsinin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar – təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, eləcə də, yaşayış yeri üzrə məsbət xarakterizə olunmaları, əməllərini etiraf etmələri onların heç də müstəsna hallar kimi qiymətləndirilməsi, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinin düzgün olması barədə fikir yürütmək üçün kifayət etmir. Belə ki, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi ilə ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətdikdən, yəni Zərərçəkmiş şəxs oğurladıqdan sonra nəinki, könüllü gəlib təqsirli boynuna almağa çalışmışlar, əksinə bir müddət hüquq mühafizə orqanından yayınmışlar, yalnız əməliyyat orqanının instensiv əməliyyat-axtarışları nəticəsində tutulmaları, cinayətin üstünün açılmasına fəal kömək etməmələri müəyyən olunur və belə olduqda onların təqsirli bilindiyi cinayətləri törətdikdən sonra həmin cinayətin ictimai təhlükəliliyini azaldan hər hansı müsbət davranışından söhbət gedə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul olunsa da, nəzərdən qaçırılmamalıdır ki, onlar zərərçəkmiş şəxslə könüllü olaraq deyil, yalnız cinayət məsuliyyətinə cəlb edildikləri və təyin edilmiş cəza təhdidindən qurtulmaq üçün barışıq əldə etmişlər. Göründüyü kimi, bu hal da cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsi üçün əsas vermir və həmin hallar Cinayət Məcəlləsinin 62-ci maddəsinin deyil, həmin Məcəllənin 60-cı maddəsinin tətbiqini şərtləndirir. Qeyd olunan cəzanı yüngülləşdirən halların mövcud olmadığı halda belə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə yaxın cəza təyin etmişdir. Beləliklə işin faktiki hallarının Cinyət Məcəlləsinin 62-ci maddəsinin işığında təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddəni tətbiq etməklə onlara törətdikləri cinayət əməlinə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilməz. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərinin hüdudunda Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin mümkünlüyünün yoxlanılması: Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Cinayət Məcəlləsinin 58.3cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır . Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətinin şərti məhkum etmənin tətbiqi ilə bağlı dəlilini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, əməlin ictimai təhlükəliliyi, törədilmə üsulu, cinayəti törətdikdən sonra Təqsirləndirilən şəxs1 sərgilədiyi davranış, onun cəzanı çəkmədən islah olunacağına dair məhkəmə kollegiyasında inam yaratmır. Buna görə də, həmin hissədə apellyasiya dəlili əsaslı sayıla bilməz Bununla yanaşı qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə almaqla birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi halları – təqsirləndirilənlərin şəxsiyyəti, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın onların ailəsinin həyat şəraitinə və islah olunmalarına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə, Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini göstərir. Baş prokurorunun müavini apellyasiya protestinin hüdudunda birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halların yoxlanılması: Təqsirləndirilən şəxs2 cəza təyini zamanı cinayət qanunu normasının düzgün tətbiq edilməməsinə dair apellyasiya protestində göstərilən dəlillərə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır”. Cinayət Məcəlləsinin 66-cı (66.5) maddəsinin birbaşa tələbinə, həmin maddənin tətbiqi ilə bağlı cinayət hüquq nəzəriyyəsinə və formalaşmış məhkəmə təcrübəsinə əsasən işə dair hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu məlum olarsa, ona yenə eyni qaydalarla cəza təyin edilir. Məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları əhatə etmə və ya toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Bu halda birinci hökmə əsasən tamamilə və qismən çəkilmiş cəza yeni cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, hazırki iş üzrə birinci instansiya məhkəməsi ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə zidd olaraq həmin halı nəzərə almamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, apellyasiya protesti təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə protestə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətləri təmin edilməsin. Apellyasiya protesti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü apellyasia protestinə əsasən Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli ilə təyin olunmuş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 30 yanvar 2023-cü ildən 31 yanvar 2023-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-129/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-129/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver