Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-14/2024 09.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 29,144.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(099)-482/2021 nömrəli hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(099)-482/2021 nömrəli hökmü (hakimlər- X8 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə) ilə xx xxxxxxx 1995-ci ildə Cəlilabad rayonun Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonun Alar kəndində qeydiyyatda olmaqla yaşamış, Məhkum Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, ona 8 (səkkiz) il 5 (beş) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 29 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması haqqında yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(099)-482/2021 nömrəli hökmündən narazı qalan məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verib həmin hökmün dəyişdirilməsini və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli, 1(106)-100/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(099)-482/2021 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli narazı qalan Müdafiəçi4 kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-ci il tarixli, 1(102)-29/2023 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək, Məhkum Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunmuşdur. İŞİN HALLARİ: Məhkum Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, yetkinlik yaşına çatmayan, xx xxxxxx 2006-cı il təvəllüdlü, həmkəndlisi Zərərçəkmiş şəxs onunla evlənmək məqsədi ilə oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 27 mart 2021-ci il tarixdə saat 16 radələrində Cəlilabad rayonu Alar kəndində yerləşən İncəçay çayının yaxınlığında Zərərçəkmiş şəxs tutub, ona qarşı fiziki zor tətbiq edərək, qollarından dartıb aparan zaman sonuncu müqavimət göstərdiyindən onu yerə yıxıb həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla vurub ona sol əlin 5-ci barmağında kəsilmiş səthi yara, sol əlin 1-ci barmağında sıyrıq, sağ əlin 3-cü barmağında və sağ baldır nahiyəsində qançır əmələ gəlməsi ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs səs-küy salaraq yaxınlıqda olan şəxsləri köməyə çağırdığından hadisə yerinə kənar şəxslərin gəlməsini görüb Zərərçəkmiş şəxs buraxaraq öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək, silah qismində istifadə edilən əşyadan istifadə etməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamağa cəhd etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(099)-482/2021 nömrəli hökmündən narazı qalan məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verib həmin hökmün dəyişdirilməsini və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmişdır ki, istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı dövründə o, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbi yoxdur, onların hər ikisi ilə barışmışdır. Ailəsini dolandıran yeganə şəxsdir. Onun himayəsində xəstə olan anası vardır, atası vəfat etmişdir. Barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası onun səhətinə və ailəsinin dolanışığına həm maddi, həm də mənəvi cəhətdən pis təsir edir. Odur ki, onun əsəb xəstəsi olmaqla İİ qrup əlilliyini, Maştağa qəsəbəsində yerləşən psixatriya xəstəxanasında stasionar qaydada müalicə almasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı ərazi üzrə müsbət xarakterizə edilməsini nəzərə almağı xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayətində dəqiqləşdirmə apararaq heç bir cinayət xarakterli əməl törətmədiyini, lakin əsassız olaraq Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasını bildirib işin faktiki hallarını mübahisələndirərək Zərərçəkmiş şəxs qaçırmaq, yəni oğurlamaq niyyətində olmadığını, yalnız onunla tanış olmaq istədiyini, Əsra isə buna razılıq vermədiyinə görə onunla mübahisə etdiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, İnsa Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına istinad edərək şikayətin dəlillərini onunla əsaslandırdı ki, birinci instansiya məhkəməsi hazırki cinayət işinə baxarkən sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun qaydada tədqiq etməmiş, gəldiyi nəticə yalnız ibtidai aradırma zamanı əldə edilmiş ziddiyyətli sübutlara əsaslanmışdır. Müdafiəçi qeyd etdi ki, məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq və cinayət tərkibinin əlamətləri olmadan Məhkum barəsində yekun qərar qəbul edərkən onun zərər çəkmiş şəxsə qarşı törətdiyi əməlin şəxsi münasibətlər zəminində törədilmiş əməl olmasını, mübahisə zamanı həm Əsrə Əzimovanın, həm də Yusif Əəsədullayevin ehtiyatsızlıqdan dərəcəsi təyin olunmayan xəsarət almalarnı kifayət qədər nəzərə almamış və bu halları düzgün təfsir etməyərək adam oğurluğu kimi qiymətləndirmişdir. Halbuki, Məhkum Zərərçəkmiş şəxs oğurlamağa və ya evlənmək məqsədilə onu qaçırmağa yönələn hər hansı bir hərəkətə yol verməmiş və onun hərəkətləri bu məqsədlərə yönəlməmişdir. Müdafiəçi həmçinin bildirdi ki, Məhkum psixi xəstəlikdən əzab çəkdiyi üçün anasının ona verdiyi məsləhəti (bir qızın qolundan tutaraq evə gətirib evlənmək barədə) düzgün dərk etməmiş, bu məsləhəti hərfi mənada başa düşüb icra etməyə cəhd etmiş, lakin bu hallar da onun adam oğurluğu cinayətini törətmək niyyətində olmasına dəlalət etmir. Bu cinayətin onun tərəfindən törədilməsinin sübuta yetirilməməsinə baxmayaraq birinci instansiya məhkəməsi Məhkum barəsində cəza tədbirinin seçilməsini məsələsini həll edərkən ona istinad olunan əməli ağır həyat şəraiti nəticəsində (uzun müddət əvvəl atasının vəfat etməsi və anasının ağır yataq xəstəsi, özünün isə psixi xəstəliyinə görə İİ qrup əlil olması) və fiziki (ailə qurmaq ehtiyacının yaranması) və psixi məcburiyyət təsiri altında törətməsini, ilk dəfə cinayət məsliyyətinə cəlb olunmasını, etdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ailəsini dolandıran yeganə şəxs olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə edilməsini nəzərə almamışdır. Müdafiəçi yekun nitqində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(099)-482/2021 nömrəli hökmünün ləğv edəməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını və ya onun əməlini zərərçəkmiş şəxsə yetirdiyi xəsarətin dərəci müəyyən olumalqa həmin xəsarətə uyğun olaraq tövsif olunmasını, bu mümkün olmadıqda isə Məhkum barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrini tətbiq etməklə ona daha yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı3 müdafiə tərəfinin məhkum olunmuş şəxsə verilmiş ittihamın əsassız olması barədə dəlillərinə etiraz edərək həmin dəlillrin əsassız olduğunu bildirdi və qeyd etdi ki, məhkum olunmuş şəxsin əməli Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, təyin olunmuş cəzanın onun ailə vəziyyətinə təsirini kifayət qədər nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin hökmünün məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayətinin dəlillərində dəqiqləşdirmə apararaq onun barəsində bəraət hökmünün çıxarılması, Müdafiəçi4 məhkəmə baxışı çıxışında isə məhkum edilmiş şəxsin barəsində bəraət hökmünün çıxarılması və ya onun əməlinin zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş xəsarətin dərəcəsinə uyğun olaraq Cinayət Məcəlləsinin müvafiq maddəsininə tövsif edilməsi və ya ona daha yüngül cəza təyin edilməsinə dair məsələlər mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Məhkum törətmiş olduğu əməlin hüquqi tövsifinə, ona bəraət verilməsi üçün əsasların olub-olmamasına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb, məhkum olunmuş şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(099)-482/2021nömrəli hökmü apellyasiya şikayətinə münasinətdə məhkum edilmiş şəxsə təyin olunmuş cəzaya münasibətdə dəyişdirilməldir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qismən etirafedici, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, iş üzrə tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək, silah qismində istifadə edilən əşyadan istifadə etməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamağa cəhd etməsini sübuta yetirilmiş hesab edib, onun cinayət əməlinin Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə tövsif edilməsi və ittiham olunduğu maddə ilə cəzalandırılmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı qanunu üsullarla toplanmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan aşağıda qeyd olunan sübutların və iş üzrə müəyyən olunmuş faktiki halların tam, obyektiv və hərtərəfli araşdırlması və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmündə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilməsi nəticəsində əsaslı olaraq Məhkum ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun yekun nəticəyə gəlmişdir. Belə ki, apellyasiya məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qısa formada ifadə verərək bildirdi ki, vəkilinin qeyd etdiyi dəlillərlə razılaşır, o, Zərərçəkmiş şəxs qaçırmaq, yəni oğurlamaq niyyətində olmamış, onun məqsədi yalnız Əsra ilə tanış olmaq olmuşdur. Əsra buna razılıq vermədiyinə görə aralarında mübahisə baş vermişdir. Birinci instansiya məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Məhkum Bəbir oğlu ona Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Cəlilabad rayonun Alar kəndində yaşayır, əsəb xəstəliyi olduğuna görə İİ qrup əlildir. Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında stasionar müalicə olunmuşdur. Bir-neçə qıza elçi getsələr də, xəstəliyinə görə ona qız verməmişlər. Hadisədən təxminən bir ay əvvəl küçədə olan zaman bir nəfər qız uşağının əlində məktəbli çantası ilə keçdiyini görmüşdür. Həmin qızdan xoşu gəlmiş və onunla ailə qurmaq istəmişdir. Lakin həmin qızın adını və kimin qızı olmasını belə bilməmişdir. 27 mart 2021-ci il tarixdə səhər saatlarında həmin qızı hazırlıqdan qayıdan zaman qaçırmaq qərarına gəlmiş və hazırlıqdan qayıdan zaman onun Alar kəndində İncəçay adlanan çayın üzərindən keçən körpünün yaxınlığından keçəcəyini bildiyindən, həmin yolun üstündə dayanıb gözləməyə başlamışdır. Saat 16 radələrində həmin qızı çiynində çantası ilə hazırlıqdan gəldiyini görmüşdür. Həmin qız yanından ötüb keçən zaman ona yaxınlaşaraq onunla tanış olmaq istədiyini bildirmişdir. Həmin qız ondan uzaq olmasını deyərək üstünə qışqırmışdır. Ona görə də onun qollarından tutaraq səssiz qalmasını tələb etmişdir. Lakin həmin qız sakitləşməyərək qışqırmağa davam etdikdə cibində olan bıçağı çıxararaq qışqırmamasını və onunla ailə qurmaq istədiyini deyərək onu qaçıracağını demişdir. Həmin qız bıçağı gördükdən sonra qorxusundan səsini kəsmişdir. Bundan sonra onun qolundan tutaraq İnçəçayın üzərində olan körpüdən keçirərək darta-darta aparmağa başlamışdır. Bir neçə metr getdikdən sonra qız yenidən qışqırmağa başlamışdır. Onu sakitləşdirmək istəyən zaman ayağı sürüşmüş və qız yerə yıxılmışdır. Bundan sonra onu yerdən qaldırmışdır. Yerdən qaldıran zaman bıçağı da cibindən çıxartmışdır ki, qorxub qışqırmasın. Həmin vaxt qız əlləri ilə bıçağın tiyəsindən tutub dartmış, həm onun, həm də özünün barmaqları kəsilmişdir. Qız qışqırmağa başladığından yaxınlıqda yaşayan Mahir adlı şəxs küçəyə çıxmışdır. Mahir qızı dartaraq apardığını gördüyündən ondan həmin qızı nəyə görə apardığını soruşmuş, o sə Mahirə bildirmişdir ki, bu qızdan xoşu gəlir və onunla ailə qurmaq istəyir. Mahir qızın kimlərdən olduğunu soruşduqda qızın qohumlarından heç kimi tanımadığını bildirmişdir. Qızın onunla getmək istəmədiyini və hay-küy salaraq köməyə başqa adamlar da çağırdığını görüb onu buraxmışdır. Bundan sonra qız həmin yerdən uzaqlaşaraq getmişdir. Daha sonra o da öz evinə getmişdir. Cəlilabad rayon polis şöbəsinə gətirdikdən sonra həmin qızın həmkəndlisi Əsra adlı qız olduğunu bilmişdir. Əsranı qaçırmaqda istifadə etdiyi bıçağı hadisədən sonra su kanalına atmışdır. Əməlindən peşimandır. Apellyasiya məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ali məktəbə qəbul imtahanlarına hazırlaşması ilə bağlı 27 mart 2020-ci il tarixdə riyaziyyat hazırlığından çıxıb və evilərinə tərəf getdiyi zaman bir nəfər cavan oğlanın kanalın üstündən keçən körpüdə dayanmasını görmüş, körpüyə çatan zaman həmin oğlan, yəni sonrada tanıdığı Məhkum qəfildən yaxınlaşaraq onunla tanış olmaq istədiyini bildirmişdir. O, Məhkum ondan uzaq olmasını tələb dedikdə Yusif çiyinlərindən tutaraq onu sıxmağa başlamış və cibindən bıçaq çıxarmışdır. O, Yusifə müqavimət göstərib, onu yerə yıxıb əlində olan bıçağı almış, həmin vaxt özü də yerə yıxılmış və bıçaq əlini kəsmişdir. Bundan sonra onlar mübahisə etməyə başlamışlar. Həmin vaxt yaxınlıqda olan həyətlərin birində bir qadın görüb ondan kömək istəmiş, lakin həmin qadın ona əhəmiyyət verməmişdir. Bundan sonra Yusif ondan ayrılıb getmiş və həmin vaxt yolun kənarında olan evin pəncərəsindən bir nəfər tanımadığı kişi onlara qışqırıb sakit olmalarını tələb etmişdir. O da yolunu dəyişib yaxınlıqda olan nənəsigilə getmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində vermiş olduğu ifadə ilə məhkəmə kollegiyasının iclasında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Cinayət Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən məhkəmə həmin ifadələri elan etməklə tədqiq etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Cəlilabad rayonu Alar kəndində valideynlərinin himayəsində yaşayır və Alar kənd 1 saylı tam orta məktəbinin 9 A sinifində oxuyur. Ali məktəbə qəbul imtahanlarına hazırlaşır. Bununla əlaqədar müxtəlif fənlərdən hazırlığa getmişdir. 27 mart 2020-ci il tarixdə saat 16:00-da riyaziyyat hazırlığından çıxmış və evlərinə tərəf getməyə başlamışdır. Yolla getdiyi zaman bir nəfər cavan oğlanın onun yolunda qarşıda dayanmasını görmüşdür. Onun yanından ötüb keçmişdir. Həmin oğlanın hərəkətə başlayaraq onun yanından ötüb keçərək qarşıda yerləşən kanalın üstündən keçən körpüdə dayanıb gözlədiyini görmüşdür. Körpünün üstünə çatan zaman həmin şəxs qəfildən ona yaxınlaşaraq tanış olmaq istədiyini demişdir. Ondan uzaq olmasını dedikdə həmin şəxs çiyinlərindən tutaraq onu sıxmağa başlamışdır. Ona müqavimət göstərməyə çalışsa da, ona gücü çatmamışdır. Qışqıraraq onu buraxmasını demişdir. Ona görə də həmin şəxs cibindən bıçaq çıxarıb ona göstərərək sakit qalmsını demişdir. Bıçağı gördükdə qorxduğu üçün səsini çıxarmamışdır. Bundan sonra həmin oğlan bıçağı cibinə qoymuşdur. Həmin şəxs ondan xoşu gəldiyini və onu qaçıracağını demiş, onun boynundan tutaraq sıxmağa başlamışdır. Həmin vaxt boynu ağrıdığına görə ona ağrıdığını və buraxmasını demişdir. Ona görə həmin şəxs boynundan sıxmayaraq buraxıb əlindən tutaraq onu darta-darta aparmağa başlamışdır. Həmin şəxs onu təxminən 200-300 metr dartaraq aparmışdır. Bir qədər getdikdən sonra bir nəfər adını bilmədiyi qadının həyətində olmasını görmüşdür. Həmin qadının həyəti setka çəpərdən olduğuna görə onu görürmüş və o, qışqırararaq qadından kömək etməsini istəsə də, həmin şəxs ona kömək etməmişdir. Qışqırdığına görə Yusif onu yerə yıxmışdır. Yerə yıxılan zaman palçığa bulanmışdır. Həmin vaxtı Yusif yenidən cibindən bıçaq çıxararaq onu bıçaqla hədələmiş, ona uzadanda o, bıçağı əli ilə tutmuşdur. Həmin vaxtı sol əlinin çeçələ barmağı kəsilmişdir. Bu zaman yaxınlıqdakı evdən bir nəfər sonradan adını öyrəndiyi Şahid2 adlı kişi pəncərədən baxaraq nə olub deyə qışqırmağa başlamış, ona görə də Yusif onu buraxmışdır. Dərhal durub həmin yerdən qaçmağa başlamışdır. Bir qədər qaçdıqdan sonra bir nəfər başqa bir cavan oğlanın gəldiyini görmüşdür. Yorulduğuna görə dayanaraq həmin oğlandan xahiş etmişdir ki, bir nəfər onu tutaraq döymək istəyir. Həmin oğlandan köməklik etməsini bildirmişdir. Buna görə də həmin oğlan bir qədər qabağa getmişdir. Həmin vaxt qorxudan qışqırdığına görə bir nəfər tanımadığı qadın küçəyə çıxmışdır. Həmin qadından xahiş etmişdir ki, onu nənəsinin evinə aparsın. Bundan sonra həmin qadın onu nənəsinin evinə aparmışdır. Nənəsigilə çatdıqdan sonra bu barədə bütün ailə üzvlərinə məlumat vermişdir. Birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirdi ki, Yusifin ona qarşı başqa heç bir hərəkəti olmayıb. Yusif onunla tanış olmaq istəmiş, qolundan tutub dartmışdır. Yusufun ona yaxınlaşması ilə ayrılması təxminən 2 dəqiqə çəkmişdir. Yusif ona ailə qurulması ilə bağlı heç bir təklif etməmişdir. İbtidai istintaq zamanı hadisənin şokunda olduğundan Yusifin onu evlənmək niyyəti ilə qaçırması barədə ifadə vermişdir. Birinci instansiya məhkəməsində isə məhkəmədə tanımadığı adam ona bildirmişdir ki, ibtidai istintaq zamanı necə ifadə vermişdirsə məhkəmədə də eyni qaydada ifadə verməlidir. Hazırda hadisə barədə daha düzgün ifadə verir və belə ifadə verməsini və ya ifadəsini dəyişməyi heç kim ondan xahiş etməyib. Apellyasiya məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında dinirilmiş Şahid2 ifadəsində bildirdi ki, Məhkum bir dəfə məzarlıqda görüb yasin oxutdurmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə günü evdə tək olmuş və divanda uzanan zaman, səs-küy eşitmiş və xəstə olduğu üçün bu səslər ona pis təsir etmişdir. Otaqın pəncərəsi açıq olduğundan yerindən durmadan səs salan şəxslərə qışqıraraq sakit olmalarını tələb etmişdir. Buna baxmayaraq yenidən səs-küy gəlmiş və durub pəncərədən çolə baxanda Məhkum görmüşdür. O, Yusifdən səs salan şəxslərin kim olmasını soruşmuş, Yusif isə bir nəfər şəxsin onu söyüb oradan getdiiyini bildirmişdir. O, həmin vaxt orada Yusifdən başqa heç bir şəxsi görməmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadə ilə məhkəmə kollegiyasının iclasında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən məhkəmə, həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməyi zəruri hesab etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Cəlilabad rayonu Alar kəndində yaşayır, Məhkum onun qonşusudur. 27 mart 2021-ci il tarixdə günorta saatlarında evdə olduğu vaxt küçədə qız uşağının qışqırtı səsini eşitmişdir. Pəncərədən baxan zaman Yusifin bir nəfər qızla tutaşdığını və qızın yerə yıxılmasını görmüşdür. Onlara acıqlanaraq başqa yerdə mübahisə etmələrini və səs-küy salmamalarını demişdir. Həmin vaxt orada olan tanımadığı qız uşağı uzaqlaşıb getmişdir. Yusifdən həmin qızla nəyə görə mübahisə etdiyini soruşan zaman Yusif həmin qızdan xoşu gəldiyinə görə onunla ailə qurmaq istədiyini, lakin qız razı olmadığına görə aralarında mübahisə yarandığını demişdir. O isə Yusifi bu hərəkətlərinə görə danlamışdır. Şahid2 verilən suallara cavab olaraq bildirdi ki, həmin vaxtı həyətdən gələn səsin qız və ya oğlan səsi olduğunu dəqiq bilmir. İbtida istintaq vaxtı müstəntiqə Yusifi qızla gördüyünü bildirmədiyini, ifadəsini oxumadan imzalamışdır. O, xəstə olduğu üçün müstəntiqin yanında özünü pis hiss etdiyindən müstəntiq ona su vermiş və sənədləri oxumadan imzalatdırmışdır. Birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadısində bildirmişdir ki, qızı Əsra xx xxxxxx 2006-ci il təvəllüdlü olmaqla Alar kənd 1 saylı tam orta məktəbinin 9-cu sinifində oxuyur. 27 mart 2021-ci il tarixdə günorta saatlarında evdə yatdığı zaman arvadı Əsmər onu yuxudan oyadaraq qardaşı Validin ona zəng edərək Əsranın döyülməsi ilə bağlı məlumat verdiyini və Əsrarın hazırda Validin evində olduğunu bildirmişdir. O, dərhal Əsmərlə birlikdə Validin evinə getdikdə Əsranın onlarda olduğunu görmüşdür. Əsra həyəcanlı olmuş, onlara bildirmişdir ki, hazırlıq məşğələsindən qayıdarkən İnçəcay adlanan çayın üzərindəki kiçik körpüdən keçən zaman bir nəfər şəxs onun qarşısını kəsmiş, onu bıçaqla qorxudaraq evlənmək məqsədi ilə qaçırdığını bildirmişdir. O, qışqıraraq müqavimət göstərmiş, bu zaman adamların gəldiyini görüb onu buraxmışdır. Əsranın sol əlinin barmaqları kəsilmişdir. Sonradan Əsranı oğurlamaq məqsədi ilə qaçıran şəxsin həmkəndlisi Məhkum olduğunu bilmişlər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 mart 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad rayonu Alar kəndində İncəçay çayının yaxınlığında baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs hadisə vaxtı Məhkum ona zor tətbiq etməklə dartaraq apardığı, yıxıb üzərinə bıçaq çəkdiyi və ona xəsarət yetirdiyi yerləri göstərmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 29 mart 2021-ci il tarixli, 188 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs sol əlin 5-ci barmağında kəsilmiş səthi yara, sol əlin 1-ci barmağında sıyrıq, sağ əlin 3-cü barmağında və sağ baldır nahiyəsində qançır müəyyən olunmuşdur. Həmin xəsarətlərdən kəsilmiş səthi yara kəsici əşyanın (ola bilər ki, bıçağın), digər xəsarətlər isə bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan 27 mart 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 02 aprel 2021-ci il tarixli, 205 nömrəli rəyindən görünür ki, Məhkum sağ əlinin 5-ci barmağında kəsilmiş səthi yara müəyyən olunmuşdur. Həmin xəsarət kəsici əşyanın təsirindən törənmişdir, törənmə müdəti 27 mart 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 xx.xx.2023-cü il tarixli, 143 nömrəli təkrar kompeks stasionar məhkəmə-psixiatrik-psixoloji ekspertizasının rəyindən görünür ki, Məhkum hal-hazırda “X6 X2” xroniki psixi xəstəliyi müəyyən edilir. Məhkum törətdiyi əməl dövründə «X6» xəstəliyi qeyd olunmuşdur və xəstəliyinin dayanıqlı remissiya (yaxşılaşma) mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkum oğlunda aşkar olunan xəstəlik dayanıqlı remissiya (yaxşılaşma) mərhələsində olduğundan hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarına malikdir. Hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Hal-hazırkı psixi durumuna görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmir. Onda müəyyən edilmiş «X6» xroniki psixi xəstəliyinin dayanıqlı remissiya (yaxşılaşma) mərhələsində olduğundan onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum ona ittiham edilən əməli törədərkən şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə (kəskin stress, güclü ruhi həyəcan, psixiemosional gərginlik, psixopatoloji əlamətlər və s.) olmamışdır. Məhkum əqli-intellektual imkanlarına görə, həmçinin onda qeyd olunan psixi xəstəliyin yaxşılaşma mərhələsində olması ilə əlaqədar yaranmış vəziyyəti və ya onun ayrı-ayrı komponentlərini düzgün qiymətləndirə, düzgün qərar qəbul edə və həmin qərarı icra edə bilər. Lakin dünyagörüşünün zəngin olmaması, elmi biliklərinin kasad olması, təfəkkür tərzindəki primitivlik, emosiyalarındakı solğunluq, xarakterindəki səthilik, sadəlöhvlük davranışına təsir göstərməklə istəyinə uyğun hərəkət etməsinə zəmin yarada bilər. Onun yaddaş proseslərinin aktiv olduğu, diqqətini cəmləməkdə nisbətən dağınıqlıq müşahidə edilsə də, şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyətdən başqa fəaliyyətə yönəlmə bacarığının normaya uyğun olduğu, təfəkküründə primitivlik, autiklik elementləri nəzərə çarpsa da, analizetmə, ümumiləşdirmə, proqnozlaşdırma qabiliyyətinin normaya uyğun çıxış etdiyi, qavrama xüsusiyyətlərinin adekvat təzahür etdiyi, maraq dairəsinin nisbətən məhdud olması, tənqidi münasibət bəsləməsi müəyyən edilməklə əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar olunmadı. Xarakterində səthilik, sadəlöhvlük, dünyəvi biliklərinin kasad olması, dünya görüşünün zəngin olmaması aşkar edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum, Zərərçəkmiş şəxs və Şahid2 apellyasiya instansiya məhkəməsi zamanı vermiş olduğları ifadələri ilə bağlı qeyd edir ki, həmin ifadələr işin faktiki hallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə etmək xarakteri daşıyır. Qeyd edilən şəxslərin ibtidai istintaq və birinci instansiya məhkəmələrin zamanı verdikləri ifadələri ilə, hadisə yerinə baxış keçirilməsi haqqında 28 mart 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəl, şahid Qanuni nümayəndə ifadısi, məhkəmətibb ekspertizasının 29 mart və 02 aprel 2021-ci il tarixli rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 xx.xx.2023-cü il tarixli, 143 nömrəli təkrar kompeks stasionar məhkəmə-psixiatrik-psixoloji ekspertizasının rəyi və iş materiallarında olan digər sənədlərlə təkzib olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Məhkum istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Məhkum əməli Cinayət Məcəlləsinin 29.144.3-cü maddəsi ilə tövsif olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Məhkum istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin çıxışında məhkum edilmiş şəxs Məhkum əməlində Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkib əlamətlərinin olmaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla məhkum olunmuş şəxs Məhkum Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə bəraət verilməsi və ya onun əməlinin daha yüngül maddəyə tövsif olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə tətbiq edilməli qanun normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, cinayət hadisəsi baş vermişdir və Məhkum əməlində Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsinin tərkib əlaməti vardır. Yəni Məhkum öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək, silah qismində istifadə edilən əşyadan istifadə etməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamağa cəhd etmişdir. İş materialları tədqiq edilərkən, eləcə də apellyasiya instansiyası məhkəmə baxışı zamanı iş üzrə cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, “X6, dayanıqlı remisiya vəziyyəti” xroniki psixi xəstəliyinin olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Məhkum Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə həmin Məcəllənin 63.3 və 60.1-cı maddələrinin tələbləri nəzərə alınmaqla 8 (səkkiz) il 5 (beş) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan cəzanı yüngülləşdirən halların dairəsini tam müəyyən etsə də, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsinin mümkün olub-olmamasını müzakirə etməmiş və bunun da nəticəsi olaraq təqsirləndirilən şəxs Məhkum təyin edilmiş cəzanın müddəti onun şəxsiyyətinə uyğun olmayan açıq-aydın ədalətsiz və ağır cəza olmuşdur. Belə ki, Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki. onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (Cinayət Məcəlləsinin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (Cinayət Məcəlləsinin 70-ci maddəsi) hüquq verir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxslə barışıq əldə edib əməlindən peşman olması kimi davranışını və onun “X6, dayanıqlı remisiya vəziyyəti” xroniki psixi xəstəliyindən əziyyət çəkməklə müddətsiz İİ qrup əlil olması və həmin xəstəlikdən ömürlük olaraq sağalma ehtimalının olmamasını müstəsna hallar kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara tətbiq olunmalı qanun normalarına uyğun qiymət verərək, məhkum olunmuş şəxsə cəza təyini məsələsini müzakirə edib, birinci və apellyasiya instansiyası məhkəməsində araşdırmalar zamanı müəyyən olunmuş yuxarıda qeyd olunan halları müstəsna hal kimi qəbul edərək Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsinə həmin Məcəllənin 62.1-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin sanksiyasında müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının (Cinayət Məcəlləsinin 63.3 və 60.1-cı maddələrinin tələbləri nəzərə alınmaqla 8 il 5 ay 7 gün) aşağı həddindən az cəza təyin olunmasını cəzanın məqsədi və cəza təyin edilmənin ümumi əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 8, 9, 41, 58 və 62-ci maddələrinin tələbləri baxımından məqsədəuyğun sayır. Belə ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Məhkum Bədirxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(099)-482/2021 nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməli, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən Məhkum Bədirxan oğlunun təqsirli bilinərək məhkum olunduğu 29,144.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Məhkum Bədirxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(099)-482/2021 nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum Bədirxan oğlunun təqsirli bilinərək məhkum olunduğu Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsinə həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq olunmaqla ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-14/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-14/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver