Məhkəmə qərarları › İş №1(106)-144/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-144/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-144/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Quliyev Orxan Sabir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru, X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmü (hakimlər: X5 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) ilə Təqsirləndirilən şəxs, 01 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Seyid Şuşinski küçəsi,ev 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və cəzaçəkmə müddətinin başlanğıcının 28 may 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən 28 may 2022-ci il tarixdə saat 05 radələrində təzə Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 154-cü kilometrliyində, üzərində “Sərhəd To border 50 km” yazısı yazılmış, yaşıl rəngli dəmir lövhənin yaxınlığından külli miqdar təşkil edən 01 ədəd bağlamada təmiz çəkisi-1027,0 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdar təşkil edən bir ədəd kibrit qutusunda və 05 ədəd bağlamada ümumi təmiz çəkisi 5009,73 qram, ayrıayrılıqda təmiz çəkiləri 4,730 qram, 990,0 qram, 995,0 qram, 995,0 qram, 1020 qram, 1005,0 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,730 qram olan qurudulmuş marixuananı əynində olan gödəkçənin sol yan cibində saxlamış, qalan 01 ədəd bağlamada təmiz çəkisi-1027,0 qram narkotik vasitə heroini və ayrıayrılıqda təmiz çəkiləri, 990,0 qram, 995,0 qram, 995,0 qram, 1020 qram, 1005,0 qram ümumi təmiz çəkisi 5005,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Mercedes Benz E200” sedan tipli 99-SJ344 qeydiyyat nişanlı avtomobilin arxa salonunda sağ ayaqlıq yerində saxlayaraq daşımış və 28 may 2022-ci il tarixdə saat 07 radələrində Lənkəran şəhəri “Ləvəngi” dairəsində idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Lənkəran ŞRPŞ-nin X14 X8 Xidməti əməkdaşı tərəfindən saxlanıldıqdan sonra, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən, həmin tarixdə, saat 07 radələrində Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri yerindən aşkar edilərək götürülmüşdür. Nəticəsində, Lənkəran şəhəri Nizami Gəncəvi küçəsində yerləşən Lənkəran şəhər Narkoloji xəstəxanasının qarşısında saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı qara rəngli əl çantasının içərisindən bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, əynində olan gödəkçəsinin sol yan cibindən həmin 01 ədəd kibrit qutusunda və çəkidə narkotik vasitə marixuana, qeyd olunan çəkilərdə, bir ədəd bağlamada narkotik vasitə heroin və beş ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana 28 may 2022-ci il tarixdə saat 08:20 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən idarə etdiyi “Mercedes Benz E200” sedan tipli 99-SJ344 qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa salonunda sağ ayaqlıq yerindən aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Müdafiəçi apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini,həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əməli sübuta yetirilməmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən heç nə aşkar edilməmişdir. Maşınından aşkar edilmiş heroin narkotik vasitəsindən və marixuanadan onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs avtomobilindən öz istifadəsi üçün Bakı şəhərindən əldə etdiyi 200 qram marixuana olmuşdur.Barəsində həbs qətimkan tədbiri seçilərkən də məhkəməyə heroinin ona məxsus olmamasını bildirmişdir. İlkin ifadəsində ona təzyiq olunduğundan etirafedici ifadə vermişdir.Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən polis əməkdaşları arxa oturacaqdan bağlamanı çıxarıb kapotun üzərinə qoymuş və bağlamada heroin olduğunu bildirmişlər. Maşından aşkar edilən torbada olan narkotik vasitə Təqsirləndirilən şəxs məxsus olmamışdır. Təqsirləndirilən şəxs sərhəd nişanı yazılan plakatın yanında olmamış və videoçəkiliş zamanı heç nə danışmamışdır.Lakin işə baxan məhkəmə məhkəmə istintaqında müəyyən edilmiş halları deyil, istintaq zamanı gəldiyi nəticə ilə bağlı olmuş,ittiham aktını olduğu kimi hökmə köçürmüşdür. Təqsirləndirilən şəxs apellyasiya şikayətində onun törətdiyi cinayət əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası həddində ona cəza təyin edidməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin bütün hallarını tam araşdırmamış, istintaqın yalan və qərəzli sübutlarına əsaslanaraq barəsində qeyri-qanuni hökm çıxartmışdır. Özünü qismən, yəni narkotik vasitənin istifadəçisi kimi təqsirli bilir. Onda heç vaxt külli miqdarda narkotik vasitə olmamışdır. Saxlanıldıqdan sonra fiziki və psixi təsirlərə məruz qalaraq törətmədiyi cinayət əməli barədə etirafaedici ifadə vermişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası həddində ona cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi özü və müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərinin təmin edilməsini, Təqsirləndirilən şəxs cinayət əməlinin CM-in 234.1ci maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Göstərdi ki, Təqsirləndirilən şəxs yalnız öz istifadəsi üçün Bakı şəhərindən əldə etdiyi 200 qram marixuana olmuşdur. Digər narkotik vasitələr ona məxsus olmamışdır. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X7 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Göstərdi ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, o cümlədən hazırki müdafiəçisi Müdafiəçi iştirakı ilə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin heç bir əsası yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ifadənin yerinjdə yoxlanılması protokolu, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş, və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətlərində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs cinayət əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar görmür. Beləki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi onun özünün ibtidai araşdırma zamanı verdiyi ifadəsi, o cümlədən müqavilə bağladığı Müdafiəçi iştirakı ilə verdiyi etirfaedici ifadələri, məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ifadənin yerində yoxlanılması protokolu, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ona qarşı fiziki təzyiq olduğundan etirafedici ifadə verməsi barədə dedikləri həqiqətə uyğun olmadığından sübut kimi qəbul edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yalnız istintaqın ilkin mərhələsində deyil, sonradan ailə üzvləri tərəfindən müqavilə bağlanmış vəkil Müdafiəçi iştirakı ilə verdiyi ifadələrində də törətdiyi cinayət əməli tamamilə etiraf etmişdir. Eyni zamanda Lənkəran Rayon Prokurorluğundan daxil olmuş 10 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər-Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən döyülərək, təzyiqlərə məruz qalması barədə vəkili X4 müraciətinə prokurorluqda baxılmış,lakin Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından Lənkəran rayon prokurorluğuna qeyd olunanlarla bağlı hər hansı şikayət və tələbinin olmaması,şikayətinin baxılmamış saxlanılması və araşdırmanın dayandırılması barədə ərizə ilə müraciət etdiyindən onun müdafiəçisi tərəfindən edilmiş müraciət baxılmamış saxlanılmışdır. Eyni zamanda, məhkəmə kollegiyası müdafiəçinin Təqsirləndirilən şəxs sərhəd nişanı yazılan yerdən narkotik götürməsi barədə heç vaxt ifadə verməməsi barədə dəlillərinə münasibət bildirirərək qeyd edirki, məhz Müdafiəçi iştirakı ilə ifadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs sərhəd nişanı yazılan yerdən narkotik vasitəni hansı şəraitdə götürməsi ilə barədə ətraflı ifadə verdiyindən müdafiəçinin bununla bağlı dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətilərnin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətlərini təmin edib, Təqsirləndirilən şəxs cinayət əməlinin CM-in 234.1ci maddəsinə tövsif edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayələrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Q ə r a r a a l d ı : Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayələrinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elşad Əliyev Hakimlər: Məhəmməd Bağırov İsmayıl Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar