Məhkəmə qərarları › İş №1(106)-159/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-159/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-159/2024 05.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu ( sədrlik edən və məruzəçi ), Bəhmənov Habil Xanoğlan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)-582/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (099)-582/2023 saylı hökmü ilə (sədrlik edən hakim Müşfiq Məmmədov) xx.xx.1991 -ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 318.1 -ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20 oktyabr 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, işsiz, İmişli rayonu, Qaragüvəndikli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2023-cü ildən hesablanmaqla 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları : Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 318.1 -ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 20 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 24,206 qram çəkidə narkotik vasitə heroini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində saxlanılaraq İmişli RPŞ-də üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 24,206 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayətində göstərmişdir ki, onun barəsində çıxarılmış hökm ədalətsiz olmuşdur. Belə ki, iş obyektiv araşdırılmamışdır. Saxlanılan zaman onun üzərində heç bir qadağan olunmuş əşya, vasitə olmamışdır. İttiham aktrında göstərilən narkotik vasitə ona məxsus olmayıb. Əməkdaşlar ona hədə qorxu gələrək razılaşmayacağı halda daha ağır cinayətlə cəza şəkəcəyini bildirmişlər. Onu yalan ifadə verməyə məcbur etmişlər. Məhkəmə işin faktiki hallarını araşdırmadan qeyri qanuni olaraq ona cəza təyin etmişdir. Ona görə barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində düzgün tövsif edildiyini və onun əməlinin sübuta yetirildiyini göstərərək Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi çıxışlarında apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və məhkəmənin Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törətmiş olması barədə düzgün nəticəyə gəlmişlər. Ona görə də apellyasiya şikayətinin Təqsirləndirilən şəxs bəraət verilməsi barədə dəlilləri əsassızdır. Onun üzərində 24,206 qram narkotik vasitə olan heroini saxlaması onun özünün istintaq zamanı verdiyi ifadəsi ilə, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid2 və Şahid3 ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışındakı çıxışında özünü təqsirli bilmədiyini göstərsə də, ibtidai istintaq zamanı ifadəsində özünün ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilib, ifadəsində üzərində aşkar olunan 24,206 qram heroini saxlanılmamışdan bir gün əvvəl yaşadığı kəndin ərazisində yerdən tapdığını, həmin bükümü götürüb üzərində saxladığını, məqsədi narkotiki tanışlarına göstərmək, istəyən olarsa onlara hədiyyə etmək və bir hissəsini də gələcəkdə özünün istifadə etməsi olduğunu, 30 mart 2023-cü il tarixdə saat 18 radələrində polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparıldığını, şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd heroin olan sellofan bükümü çıxarıb təqdim etdiyini, saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalmadığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 31 mart 2023-cü il tarixli 6/1874 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində "AR DİN Zərflər üçün №7” möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 24,206 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Qeyd: heroin ümumi təmiz çəkisi - 24,206 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 24,106 qram. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2023-cü il tarixli 1262/K nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs oğlundan götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar olunur, barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Məhkəmədə tədqiq edilimiş və iş materiallarında olan 30 mart 2023-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Tərxan Əliyev əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. 1 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 24,106 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. 7 iyun 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 2-ci bəndinə əsasən «Şəxsi axtarış və götürmə» zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxladığına, qanunsuz əldə etdikdən sonra bu maddəni qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Təqsirləndirilən şəxs bu maddəni hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. Verilən tapşırıqla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə olaraq bildiriləcəkdir. Məhkəmə kollegiyası müəyyən edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma başlandığı ilk gündən istintaq başa çatanadək izahatında, habelə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, üzərinə heroinin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Tərxan Əliyev üzərində olan külli miqdarda bir büküm heroini çıxarıb təqdim edərək özünə məxsus olduğunu səmimi etiraf edir, həmin maddənin polis əməkdaşları tərəfindən cibinə qoyulması, döyülməsi, hədə-qorxuya və ya təzyiqlərə məruz qalması ilə bağlı müdafiəçinin iştirakı ilə hər hansı bir dəlil irəli sürmür. Eyni zamanda, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 132/MEŞ №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Başqa bir tərəfdən Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən heroinin qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitəni satış məqsədi ilə daşımasına dair işdə heç bir sübut müəyyən etmir. Digər bir tərəfdən işdə olan məhkəmə-narkoloji ekspertizasının 31 mart 2023-cü il tarixli 1784 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə narkomaniya xəstəsi olmaqla üzərində aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlaması tamamilə mümkündür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi istintaq tərəfindən əldə edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin satış məqsədi ilə əldə olunması barədə düzgün qənaətinə gəlməmişdir. İşdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə saxlamasını təstiq dən hər hansı sübut yoxdur. Onun heç bir alıcı ilə əlaqəsi müəyyən edilməmiş, kim tərəfindənsə ona narkotik vasitə sifariş verilməsi barədə telefon danışığı müəyyən edilməmiş, ondan narkotik vasitəni satmaq üçün hazırlanması məqsədi ilə tələb olunan hər hansı vasitə aşkar edilməmişdir. İttihamın Təqsirləndirilən şəxs CM-in 234.3.4.3-cü maddəsi ilə verilmiş ittihamın düzgün olmasını əsaslandırmaq üçün istinad etdiyi sübutlar olsa-olsa Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə daşıması şübhəsini yarada bilər. AR CPM-in 145.3-cü maddəsində isə qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İstintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib-etməməsi şübhəsini həll etmək üçün şübhəni əsaslandıracaq başqa heç bir sübut əldə etməyə cəhd belə etmədən yaranan şübhəni CPM-in 145.3-cü maddəsinin tələbinin ziddinə olaraq özünün verdiyi ittihamın xeyrinə təfsir etmiş,məhkəmə də əsassız olaraq bu tövsiflə razılaşmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməlinin tövsifi Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndi ilə məhkəmələrə izah olunur ki, “ təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Bu izahdan da belə görünür ki, təkcə narkotik vasitənin küllü miqdarda və ya küllü miqdardan dəfələrlə çox olması, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi nəticəsinə gəlməyə əsas vermir. Bu o vaxt belə qənaətə gəlməyə əsas verən amillərdən biri kimi qiymətləndirilə bilər ki, satış məqsədini təstiq edən digər sübutlar da mövcud olsun. İşdə Təqsirləndirilən şəxs əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi istər ibtidai istintaq, istərsə də məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Başqa bir tərəfdən Təqsirləndirilən şəxs müntəzəm narkotik vasitə istifadəçisi olduğundan ondan aşkar edilmiş heroin bir neçə gün və ya bir neçə həftə ərzində tələbatına uyğun miqdar olmuşdur. Cinayətin tövsifi törədilmiş konkret ictimai təhlükəli əməlin əlamətlərinin Cinayət Məcəlləsində abstrakt şəkildə təsvir edilmiş oxşar əməllərin əlamətləri ilə müqayisə edilib şəxsin Məcəllədə göstərilmiş əməllərdən hansını törətmiş olmasının müəyyən edilməsindən ibarətdir. Yalnız o tövsüf düzgün olacaq ki, törədilmiş əməlin bütün əlamətləri Məcəllədən ona uyğun olduğu hesab edilərək seçilmiş maddədə göstərilmiş əlamətlərlə tam üst-üstə düşmüş olsun. Təqsirləndirilən şəxs əməlinin tövsüfünə bu qaydada yanaşılanda onun əməlinin əlamətlərinin tam şəkildə CMnin 234.1-1-ci maddəsində abstrakt şəkildə təsvir edilmiş əməlin əlamətləri ilə üst-üstə düşdüyü görünür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi zamanı hazırkı cinayəti törətməklə onun əməlində cinayətlərin təhükəli residivinin yaranması nəzərə alınmalıdır. Ona görə ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilən cəza maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddin(8 ilin) 3/2-sindən az ola bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (099)- 582/2023 saylı hökmü dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.2-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (099)- 582/2023 saylı hökmü, həmin hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri ilə əlaqədar dəyişdirilsin. Təqsirləndirilən şəxs əməlinin tövsifi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 5(beş) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 mart 2023-cü il tarixdən hesablanması nəzərə alınsın. Hökm apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar