Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-16/2024 15.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri Əsədov İlqar Həsən Ağa oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçilər - Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi5 və Müdafiəçi4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi3 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (hakim M.İ.Məmmədov) 30 mart 2023-cü il tarixli 1(018)-04/2023 saylı hökmü ilə xx.xx.1990-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Yasamal rayonu, General A.Abbasov küçəsi 9B saylı binanın 82 saylı mənzilini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş; üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, cəzanın əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanması, cinayət işi üzrə mülki iddianın qismən təmin olunmaqla Təqsirləndirilən şəxs cinayətlə vurulmuş maddi ziyana görə 6360 (altı min üç yüz altmış) manat, mənəvi ziyana görə isə 500 (beş yüz) manat məbləğində pulun alınıb Zərərçəkmiş şəxs verilməsi, mülki iddianın mənəvi ziyana görə 1500 (bir min beş yüz) manat hissədə təmin edilməməsi və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin iş üzrə məhkəmə məsrəflərinə dair məsələlər həll edilmiş, habelə hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. İşin halları Hökmə əsasən Təqsirləndirilən şəxs 29 avqust 2021-ci il tarixdə təxminən saat 11 radələrində idarə etdiyi özünə məxsus «Lexus GX470» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara-Lənkəran avtomobil yolunun Astara rayonu Çayoba kəndindən keçən hissəsində Lənkəran rayonu istiqamətdə 60 km/saat sürətdən yüksək sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna riayət etməyərək, öz hərəkətinə davam edib hadisənin qarşısını alacağını güman etməklə cinayətkarcasına özünə güvənərək həmin vaxt qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağında toqquşaraq ehtiyatsızlıqdan "Mercedes E270" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ dirsək sümüyünün proksimal ucunun travmatik sınığı, sağ said nahiyəsində qançır, başın təpə nahiyəsində sıyrıq ilə müşayiət edilməklə sonuncunun sağlamlığına az ağır zərər vurulmasına və “Mercedes-Benz E270” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs 6360 (altı min üç yüz altmış) manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur. Apellyasiya müraciətlərinin dəlilləri Məhkəmənin qeyd olunan hökmündən Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi3 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini cəzanı yüngülləşdirən hallardan biri kimi hesab etmişdir. Bu cinayət əməlində hadisələrin təsadüfi axarı deyilən bir hal yoxdur. Təqsirləndirilən şəxs cinayətkarcasına özünəgüvənmə nəticəsində, yolnəqliyyat hərəkətlərini kobud surətdə pozmaqla cinayət törətmişdir. Keçirilmiş ekspertizalar nəticəsində onun təqsirli olunduğu sübut edilsə də, o özünü təqsirli bilməmiş, zərərçəkmiş şəxslə barışmamış və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Məhkəmə hökmü Konstitusiya Məhhkəməsinin Plenumunun qərarına və digər qanunvericilik aktlarına əsaslanaraq göstərmişdir ki, məhkəmə aktı qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır. Təqsirləndirilən şəxsə münasibətdə bəlkə də hökm ədalətli ola bilər, zərərçəkmiş şəxsə münasibətdə ədalətli deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən ədalət bərqərar olmamışdır. Hökmdən, həmçinin Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində tələbini belə əsaslandırmışdır ki, iş üzrə istər təhqiqat, istərsə də istintaq aparılan zaman kobud pozuntulara yol verilmişdir. Təhqiqatçı tərəfindən hadisə yerinin müayinəsi aparılarkən hadisə yerinin sxeması və protokolu hadisə yerində bilavasitə deyil, sonrdan tərtib olunmuş, həmin istintaq hərəkətləri edilərkən Azərbaycan Respublikası CPM-in 51-ci maddəsinin tələbləri pozulmuşdur. Hadisə yerinin sxeması və protokolu ona istintaq materiallarının tanış olması zamanı, yəni 15 aprel 2022-ci ildə təqdim olunmuş, müstəntiq onu aldadaraq protokola imza etdirmiş, lakin sxemaya imza etməmişdir. Nəticədə istintaqçı onun müdafiə hüququnu pozmuşdur. İstintaq materialları ilə tanış olarkən müdafiəçi iştirak etməmişdir. İstintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalı olduğu halda, buna əməl olunmamışdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunmalı olduğu halda, qanunvericiliyin bu tələbinə də əməl olunmamışdır. İstintaqçı 29 yanvar 2022-ci ildə şahid statusunda olduğu vaxt onu Zərərçəkmiş şəxs ilə üzləşdirmiş, 01 fevral 2022-ci ildə isə şübhəli şəxs kimi axtarış elan edilərək tutulmağı barədə qərar vermiş və daha sonra iş üzrə icraatı dayandırmışdır. 05 aprel 2022-ci ildə isə əməliyyat müvəkkili məlumat yazaraq onun könüllü gəlməyini bildirmişdir. Çağırılmağı barədə ona heç bir sənəd verilmədiyi və bu barədə işdə heç bir sənəd olmadığı halda müstəntiqin hansı məqsədlə bunu etməsi məlumdur. Müstəntiq cinayət işi üzrə istintaq müddəti ərzində lazım olan istintaq hərəkətlərini etməmiş, istintaq müddətinə guya qənaət etmək məqsədi ilə belə bir hərəkətə əl atmış və nəticədə istintaq müddəti 2 ayın 23 gününə qənaət etmişdir. Həmin qərarı istintaqa nəzarət edən prokurora da göndərmiş, lakin sonuncu bu qanun pozuntusuna heç bir reaksiya verməmişdir. 05 aprel 2022-ci ildə iş təzələnərək tələm-tələsik məhkəməyə göndərilmişdir. 05 aprel 2022-ci ildən sonra aparılan istintaq hərəkətləri qanunsuz olmuşdur. İşin istintaq müddəti 24 fevral 2022-ci ildə tamamlandığı üçün bundan sonra aparılan istintaq hərəkətləri üçün müddət olmamışdır. Eyni qaydada bu halda da onun da müdafiə hüququ pozulub və o, özünü lazımi qaydada müdafiə etməsi üçün müddət qalmamışdır. 05 aprel 2022-ci ildən sonra aparılan istintaq hərəkətləri işin istintaq müddəti olmadan aparılmışdır. Hadisə yerinin müayinəsi protokolunda və sxemada (xx.xx.2021-ci il) hal şahidi kimi qeyd olunmuş Astara rayonu Pensər kənd sakini Nəsirov Vaqif Dilasəf oğlu qarşı tərəf, yəni Zərərçəkmiş şəxs ilə eyni iş fəaliyyəti ilə məşğuldur, aralarında iş birliyi və dostluq münasibətləri vardır. Vaqif Nəsirovun özünün atasına dediyi kimi o, plastik pəncərə bağlamaq üçün materialı Zərərçəkmiş şəxs aldığını və yaxın münasibətdə olduğunu, hadisədən sonra ona zəng edərək hadisə yerinə gəlib maşınından hansısa sənədləri götürməyi xahiş etdiyini, hadisə yerinin müayinəsinin aparılmasından məlumatı olmadığını, heç bir ölçü və sair hərəkətlərinin olunmasında iştirak etmədiyini, yalnız maşınları polisin həyətinə aparıb orada saxlamaq barədə polis əməkdaşının ona dediyi kimi saxlanc barədə akta imza etməyi xahiş etdiyini və hadisə yerinin müayinəsi protokolunun ona təqdim olunmuş kserosurətinin birinci vərəqində bir yerdə imza etdiyini, atası tərəfindən ona təqdim olunmuş hadisə yerinin protokolunun surətinin vərəqlərində onun soyadının qarşısında olan imzaların ona məxsus olmadığını və həmin imzaları özü icra etmədiyini bildirmişdir. Digər hal şahidi Lənkəran rayonu Siyavər kənd sakini Səfərov Həsən Mahir oğlu Zərərçəkmiş şəxs iş yerində işləyir və sonuncu bilavasitə Zərərçəkmiş şəxs asılı adam olmaqla yanaşı yaxın qohumudur (dayısı nəvəsi). H.Səfərov Zərərçəkmiş şəxs asılı adam olsa belə, vicdanlı bir adam kimi o, ümumiyyətlə hadisə yerinin müayinəsi protokoluna imza etmədiyini və ona təqdim olunmuş hadisə yerinin müayinəsi barədə protokolu və sxemasının surətində onun soyadının qarşısında olan imzaların ona məxsus olmadığını və həmin sənədə imza etmədiyini qeyd etmişdir. Lakin hər iki hal şahidi məhkəmədə qəsdən yalan ifadə verməklə müayinə protokolunu özləri imza etdiklərini bildirmişlər. Hər iki hal şahidinin sərbəst imza nümunələri müstəqil ekspertə təqdim olunmuş və espert rəyi ilə hadisə yerinin müayinə protokolundakı imzanın həmin şəxslərə məxsus olmaması müəyyən edilmişdir. Məhkəmə iclas zalında guya həmin şəxslərdən eksperimental imza götürülmüş, lakin hal şahidlərindən deyil, həmin saxta imza edənlərin imzalarını götürüb ekspertə təqdim etmişlər. Nəticədə hakim də istintaq orqanının cinayətinə şərik olmuşdur. Eksperimental imza nümunələrini hal şahidləri deyil, həmin saxta imzaları edən şəxslər imza etdikləri üçün ekspert rey verərək protokoldakı imzaların həmin şəxslər tərəfindən icra olunduğunu bildirmişdir. Halbuki, məhkəmədə həmin məhkəmə iclası yazılı və videoçəkilişlə aparılır. Heç olmasa səhvi düzəltmək üçün onların yanında həmin hal şahidlərindən imza nümunələrini götürüb ekspertə göndərilməsini xahiş etmişlər, lakin buna əməl olunmamışdır. Hər iki hal şahidinin notariusda olan sərbəst imza nümunələrini tapıb alternativ ekspertə təqdim olunmuş və rəydə hadisə yerinin müayinəsi protokolunda olan imzaların həmin hal şahidlərinə məxsus olmaması müəyyən olunmuşdur. Hakim bu ziddiyyəti araşdırmaq üçün yenidən komisyon qaydada ekspertiza təşkil olunub rəy almalı olduğu halda bunu etməmiş və bu barədə verilmiş vəsatətlərə ümumiyyətlə qiymət verməmişdir. Göründüyü kimi, hər iki şəxs hadisə yerinin müayinəsi istintaq hərəkətinin aparılmasında iştirak etməmişdir. Onlar həmin protokolu imza etmiş olsaydılar belə, cinayət prosesində marağı olmayan şəxslər hesab oluna bilməzlər. 2013-cü ildə anadan olmuş Beyqiyev İbrahim Elnur oğlu hadisə zamanı zərərçəkmiş olsa da, onun qanuni nümayəndəsi zərərçəkmiş kimi tanınmamış, o və qanuni nümayəndəsi dindirilməmiş, hadisə zamanı almış olduğu xəsarətlərin dərəcəsinin təyin olunması üçün ekspertizadan keçirilməmişdir. Yetkinlik yaşına çatmayan 2013-cü ildə anadan olmuş Beyqiyev İbrahim Elnur oğlunun dindirilməsi hadisə mexanizmi ilə bağlı daha ətraflı məlumat verməyə imkan vermiş olardı. Müstəntiq CPM-in 268-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozmuş, 05 aprel 2022-ci ildə ittaham elan olunduqdan sonra ekspertizanın rəyi ilə razı olmamağını və təkrar məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə həmin vaxt və əvvəlki verdiyi vəsatətlərdə irəli sürsə belə həmin vəsatətlərə heç bir məhəl qoymadan işi tələm-tələsik məhkəməyə göndərmişdir. Müstəntiq əvvəlki vəsatətlərini işə əlavə etməmişdir. Belə olan halda müdafiə hüququ pozulmuşdur. Məhkəmə avtotexniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, onun idarə etdiyi nəqliyyat vasitəsinin yolun soluna çıxan anda avtomobillər arasında məsafə, avtomobillərin hərəkət sürəti təqdim edilmədiyindən Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması ilə bağlı tədqiqat aparılmamışdır. Müstəntiq bilərəkdən həmin məlumatları təqdim etmədən yanlış qərar qəbul edərək ekspertə təqdim etmişdir. Lakin hər iki sürücünün nəqliyyat vasitələrinin hərəkət surəti barədə ifadələrində qeyd vardır. Lakin nədənsə müstəntiq həmin məlumatları qərarda qeyd etməmişdir. Müstəntiq hər iki avtomaşın üçün təhlükə yarandığı anda onların hansı məsafədə olmalarını müəyyənləşdirmək məqsədilə hər iki sürücünü hadisə yerinə çıxarmaqla istintaq eksperimenti keçirərək müəyyənləşdirə bilərdi. Qeyd olunan məlumatlar olmadığı üçün ekspert tam və obyektiv rəy verə bilməmiş və verdiyi rəydə hər iki sürücü barəsində yanlış nəticəyə gəlmişdir. Nəticədə yenə onun müdafiə hüququ pozulmuşdur. Ekspertiza təyin olunması barədə qərarla tanış olduqdan sonra müstəntiq təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti təmin etmiş olsaydı, ekspert qarşısında həmin sualları qoyaraq obyektiv rəy almaq olardı. Cinayət işinin dayandırılması və onun barəsində axtarış elan olunması əsassız olmuşdur. Axtarışa verilən şəxsin heç olmasa ünvanına bildiriş göndərilməli, məcburi gətirmə barədə qərar verilməli və yaxud cəlb olunmuş şəxsin qaçıb gizlənməsi barədə bir məlumat olmalıdır. Heç bir məlumat və qeyd edilənlər olmadan 2-3 gün əvvəl müstəntiqin yanında olmasına baxmayaraq təkrar çağırış barədə heç bir söz demədən müstəntiq əsassız olaraq işi dayandırmış və axtarış elan etmişdir. Məqsəd isə istintaq müddətini süni artırmaq olmuşdur. Bu da yəqin qanunvericilikdə istintaq müddətinin uzadılmasının qaydasıdır. Cinayət işinin istintaq müddəti qanunsuz, əsassız və formal olaraq istintaq müddətinə görə dayandırılmış ve axtarış verilmişdir. Həmin qərar axtarışda olan şəxsin axtarılması üçün Astara RPŞ-yə göndərilməmiş və heç bir axtarış işi açılmamışdır. Axtarış işi açılmış olsaydı həmin işin nömrəsi və tarixi mövcud olmalı idi. Bunu Astara RPŞ-nin əməliyyat müvəkkili Yaşar Rzayevin xx.xx.2022-ci il tarixli, ********* saylı məktubundan aydın görmək olur. Müstəntiq cinayət işini formal olaraq dayandırmış və həmin halın qanuni hesab olunması mümkün deyildir. Belə çıxır ki, istintaqçı 05 aprel 2022-ci ildən sonrakı müddətdə apardığı istintaq hərəkətləri işin istintaq müddəti olmadığı bir dövrdə həyata keçirmişdir. Bu da nəticədə onun müdafiə hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Müstəntiq onu təqsirləndirilən şəxs qismində cəlb etdikdən sonra istintaq müddəti olmamış və onun özünü müdafiə etmək üçün vaxt imkanından məhrum olmuşdur. Müdafiəçi qismində dəvət etdiyi vəkil Müdafiəçi2 istintaq materialları ilə tanış olmaq üçün müstəntiqin yanında olmuş, sonuncu artıq işin prokurorda olduğunu bildirmiş, sonradan rayon prokuroruna müraciət etmiş müdafiəçinin orderini rayon prokuroru qəbul etməmiş, iş materialları ilə tanış olmaq və vəsatətlər verilməsinin qarşısını almaqla müdafiə hüququnu pozmuşlar. İş üzrə ittiham aktı CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunmuşdur; -İttiham aktında iş üzrə icraatın 01 fevral 2022-ci ildə CPM-in 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırıldığı, 05 aprel 2022-ci ildə isə icraatın təzələndiyi qeyd olunmuşdur. Lakin işin dayandırılması və təzələnməsi qanunsuz olmuş, iş üzrə icraat faktki dayandırılmamış və axtarış verilməmişdir. Bu barədə Astara RPŞ-də heç bir axtarış işi açılmamış və iş müstəntiqin istəyi ilə dayandırlır və təzələnir. -İttiham aktında cinayətin törədildiyi yer Astara rayonu Çayoba kəndi qeyd olunmuş olsa da, hadisə Bakı-Astara magistral younlda baş vermiş, lakin hadisənin yolun hansı kilometrliyində baş verməsi qeyd olunmamışdır. -İttiham aktında onun hadisənin qarşısını alacağına güman etməklə cinayətkarcasına özünəgüvənərək qarşı tərəfdən gələn nəqliyyat vasitəsi ilə toqquşduğu qeyd edilmişdir. Özünəgüvənmənin nədən ibarət olması məlum deyil, bu ittiham aktında qeyd olunmamışdır. Bu bir daha onu göstərir ki, ittiham ona düzgün verilməmiş, işin bütün halları tam araşdırılmamış, ittiham formal fərziyələrə əsaslanmışdır. Onun təqsirliliyi barədə müstəntiqin sübutları yuxarıda qeyd etdiyi əsaslara görə sübut kimi qəbul oluna bilməz, həmin sübutlar onun təqsirli olmağı üçün yetərli deyildir. Məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən məhkəmə cinayət işinin icraat materiallarının baxılmasına xitam verməli və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalıdır. Onun təqsirləndirilən şəxs qismində müdafiə hüquqları pozulmuş və bu hüquqların bərpa olunması məqsədi ilə iş geri qaytarılmalıdır. Əfsuslar olsun ki, iş üzrə verilmiş vəsətətlərə məhkəmə də heç bir əhəmiyyət verməmiş, hakim verilmiş vəsatətləri müzakirə etməmiş, iki ilə yaxın iş üzrə süründürməçiliyə yol verərək, axırda sübutları saxtalaşdırmaqla işi tamamlamışdır. Hakim axrıncı gün hadisəni öz gözü ilə görən şahidi ötəri və qısa dindirməklə ona hədə qorxu gələrək “siz yalan danışırsınız” və sair bu kimi ifadələrdən istifadə etməklə ona təsir göstərmiş, lakin onun ifadəsinə qiymət verməmiş, digər tərəf məhkəmə iclasında şahidin ifadəsinin yerində yoxlanılmasını tələb etsə belə hakim buna qiymət verməmiş, rədd və ya təmin olunması barədə heç bir fikir bildirməmiş, hətta başqa şahidlər də olduğu halda onları dindirməyə çalışmamış, verilmiş alternativ ekspertizaların həqiqi olubolmamasını yoxlamaq məqsədi ilə komisyon qaydada ekspertiza keçirmədən və sair lazım olan istintaq hərəkətlərini icra etmədən işi yekunlaşdırmışdır. Axırıncı məhkəmə iclası barədə onun müdafiəçisinə məlumat verilməmiş və sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin 30 mart 2023-cü il tarixdə keçirilmiş iclasında hakim ekspertiza keçirilməsi barədə verilmiş vəsatətlərə müşavirə otağında qiymət verməli olduğu halda heç bir araşdırma aparmadan vəsatətə qiymət verməmiş sadəcə üstündən keçmişdir. Məhkəmə baxışında iş üçün əhəmiyyət kəsb edən hallar barədə olan sənədlər (müayinə protokolu, sxema, rəylər və sair istintaq sənədləri) elan olunmamış, həmin sənədlərə sonradan məhkəmə hökm çıxararkən istinad etmişdir. Hakim verilmiş mülki iddia ilə bağlı dövlət rüsumunun ödənilməsi barədə zərərçəkmiş tərəf heç bir sənəd təqdim etmədiyi halda mülki iddianı icraata götürərək təmin etmişdir. Zərərçəkmişin məhkəməyə gəlib-getməsini məhkəmə sonuncuya mənəvi ziyan dəyməsi kimi qiymətləndirmişdir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi4 müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsə CM-in 263.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişlər. Müdafiəçilər apellyasiya baxışı zamanı, həmçinin işə məhkəmə istintaqı aparılmaqla baxılmasını da məhkəmə kollegiyasından xahiş etmişdirlər. Apellyasiya baxışı zamanı Ə.Q.Mahmudov və nümayəndələri Müdafiəçi3 və O.E.Məmmədli zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməsini, müdafiə tərəfinin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bildiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi üçün heç bir əsasın olmadığını göstərib, müdafiə tərəfinin apellyasiya şikayətinin təmin olunmamasını və Astara Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi, zərərçəkmiş tərəfindən verilmiş apellyasiya şikayətini isə təmin olunub-olunmamasını isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası nəzərə almışdır ki, müdafiə tərəfi birinci instansiya məhkəməsində təqsirliliklə bağlı məsələni mübahisələndirmiş, o cümlədən, vəsatətlərinin məhkəmə tərəfindən təmin olunmadığını bildirmişdir. Müdafiə tərəfinin qənaətinə görə yolnəqliyyat hadisəsi yerinə istintaqçı tərəfindən səthi baxış keçirilmiş, baxış qanun pozuntuları ilə və natamam şəkildə aparılmış, habelə onun mövqeyi nəzərə alınmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası qərara almışdır ki, hazırkı işə qismən məhkəmə istintaqı aparılmaqla baxılsın, o cümlədən, təqsirləndirilən və zərərçəkmiş şəxslər dindirilsin, yol-nəqliyyat hadisəsi yerinə yenidən baxış keçirilsin və zəruri olduğu halda yenidən yol-nəqliyyat hadisələri ekspertizası təyin edilsin. Belə ki, Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Beləliklə, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi «Lexus GX470» markalı **-EL-*** dövlət nömrə nişanlı avtomobillə 60 km/saat sürətdən artıq olmamaqla Astara rayonundan Lənkəran rayonu istiqamətinə doğru (köhnə Ələt-Astara yolu ilə) hərəkətdə olmuşdur. Astara rayonunun Çayoba kəndi əraizisində «Osman bulağı» adlanan yerə çatmağa az qalmış hərəkəti istiqamətində olan hərəkət hissəsinin sağ tərəfində əvvəlcə dayanmış vəziyyətdə olan «Mercedes-Benz» markalı avtomobilə çatmağa təxminən 24,5 metr qalmış həmin «Mercedes» markalı avtomobil qəflətən onun yoluna çıxmış və üzü Astara rayonu istiqamətinə burularaq dönməyə və Astara rayonu istiqamətində olan hərəkət hissəsinə düzəlməyə çalışmış, bu zaman məsafə kifayət qədər az olduğuna görə toqquşmadan qaçmaq mümkün olmamışdır. Belə ki, idarə etdiyi «Lexus» markalı avtomobili sol tərəfə, yəni Astara rayonu istiqamətinə gədən tərəfə çəkməyə çalışmışsa da, toqquşma baş vermiş və nəticədə onun «Lexus» markalı avtomobilinin sağ tərəfi ilə «Mercedes-Benz» markalı avtomobilin sağ tərəfi birbirinə dəymişdir. Toqquşmadan sonra onun idarə etdiyi «Lexus» markalı avtomobil hərəkət istiqamətini dəyişib Astara rayonu istiqamətindəki hərəkət zolağının kənarında olan arxa düşmüş, «Mercedes» markalı avtomobil isə fırlanaraq üzü Lənkəran rayonu istiqamətinə dönüb hərəkət hissəsində dayanmışdır. Apellyasiya baxışı zamanı məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, «Mercedes-Benz E270» markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə saat 10:20 radələrində Lənkəran rayonundan üzü Astara rayonu Pensər kəndi istiqamətində (köhnə Ələt-Astara yolu ilə) hərəkətdə olmuşdur. Avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etmişdir. Astara rayonunun Çayoba kəndi əraizisində «Osman bulağı» adlanan yerə çatanda qarşıdan yüksək sürətlə «Lexus GX470» markalı **-EL-*** dövlət nömrə nişanlı avtomobilin təxminən 52 metr məsafədən onun hərəkət istiqamətinə çıxaraq çəpinə və birbaşa onun üstünə (ziq-zaqvari formada) gəldiyini görmüşdür. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi ilə idarə etdiyi avtomobili öz yolunda sola çəkməyə çalışmış, lakin onun yolunda olan «Lexus GX470» markalı **-EL-*** dövlət nömrəli avtomobil sürətlə (təxminən 100-120 km/saat) hərəkət etdiyinə görə o, tam olaraq hadisədən qaça bilməmiş, nəticədə Lexus markalı avtomobilin sağ tərəfi onun avtomobilinin sağ tərəfinə dəyərək toqquşma baş vermişdir. Zərbənin təsirindən onun idarə etdiyi avtomobil kənara atılmışdır. Lexus markalı avtomobil isə onun hərəkət yolunun kənarındakı arxa düşmüşdür. Həmin hadisə zamanı o, sağ qol nahiyəsindən xəsarət almışdır. Apellyasiya baxışı zamanı yol-nəliyyat hadisəsi yerinə məhkəmə kollegiyası tərəfindən təkrar baxış keçirilmişdir. Yol-nəqliyyat hadisələrinə təkrar baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş vermə vaxtı, hadisənin baş vermə yeri, avtonəqliyyat vasitələri, o cümlədən onların hadisədən əvvəlki hərəkət istiqamətləri, hadisənin baş verdiyi yolun parametrləri, hadisədən sonra nəqliyyat vasitələrinin dayanma vəziyyəti mübahisə doğurmamışdır. Yalnız, əvvəlki mərhələlərdə tam müəyyən edilməyən hallar, yəni bir sıra zəruri olan məsələlər aydınlaşdırılmışdır. Xüsusən hər iki sürücünün hərəkət üçün təhlükənin yarandığı anın müəyyən edilməsi üçün məsafələr ölçülmüş, sürücülərin hər birinin mövqeyinə görə hadisənin baş verdiyi nöqtə təyin edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs hadisənin baş vermə mexanizminə yanaşması Zərərçəkmiş şəxs ibtidai araşdırmanın ilk vaxtlarından etibarən verdiyi izahat və ifadələrində yol-nəqliyyat hadisəsinin baş vermə mexanizmini eyni şəkildə təsvir etmişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, o, «Mercedes E270» markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Avtomobil bacısı oğlu Cabbarov Mahir Salman oğlunun adına olsa da, ona məxsusdur. xx.xx.2021-ci il tarixdə saat 10:20 radələrində Lənkəran rayonundan üzü Astara rayonu Pensər kəndi istiqamətində hərəkətdə olmuşdur. Avtomobili təxminən 30- 40 km/saat sürətlə idarə etmişdir. O, idarə etdiyi «Mercedes E270» markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobillə Astara rayonu Çayoba kəndi əraizisində «Osman bulağı» adlanan yerə çatanda qarşıdan yüksək sürətlə «Lexus GX470» markalı **-EL-*** dövlət nömrə nişanlı avtomobil onun yoluna çıxaraq üzbəüz ziq-zaq hərəkətləri ilə gəldiyini görüb yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi ilə idarə etdiyi avtomobili öz yolunda sola çəkmişdir. Lakin onun yolunda olan «Lexus GX470» markalı **-EL-*** dövlət nömrə nişanlı avtomobilin sağ tərəfi onun avtomobilinin sağına dəymiş və zərbənin təsirindən onun idarə etdiyi avtomobil kənar atılmışdır. Həmin avtomobil isə onun hərəkət yolunda olan yol çiynində xəndəyə düşmüşdür. Hadisədən əvvəl spirtli içki və ya narkotik və psixotrop maddə qəbul etməmişdir. «Lexus» markalı avtomobilin sürəti təxminən 100-120 km/saat olmuşdur. Həmin hadisə zamanı o, sağ qol nahiyəsindən xəsarət almışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq vaxtı hərəkəti üçün təhlükənin yarandığını gördüyü anda təqsirləndirilən şəxsin “Lexus” markalı avtomobili ilə 50-55 metr məsafədə olduğunu bildirmiş, apellyasiya baxışı zamanı isə təqsirləndirilən şəxsin avtomobilinin onun üstünə gəldiyi yeri göstərmiş və bu məsafə ölçülərkən onun 52 metr olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı keçirilmiş hadisə yerinin müayinəsi vaxtı ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, o, Astara rayonu istiqamətində öz hərəkət zolağı ilə və saatda 30-40 km sürətlə hərəkətdə olmuş, hadisənin baş verdiyi yerdə qarşıdan təxminən 52 metr məsafədən Təqsirləndirilən şəxs idarə etdiyi “Lexus” markalı avtomobil öz hərəkət zolağından çıxaraq çəpinə, yəni onun hərəkət zolağı istiqamətinə və birbaşa üstünə gəldiyini görmüş, bu zaman toqquşmadan yayınmaq üçün öz idarə etdiyi avtomobili sol tərəfə, yəni Təqsirləndirilən şəxs hərəkət zolağı istiqamətinə meyilləndirmişdir. Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizminə yanaşması Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilk vaxtlarından verdiyi ifadəni birinci və apellyasiya instansiyası məhkəmələrində də eyni ilə təkrar edərək hadisənin tamamilə fərqli şəkildə baş verdiyini qeyd etmişdir. Belə ki, təqsirləndirilən şəxs hadisə yerinə apellyasiya baxışı zamanı bilavasitə hadisənin baş verdiyi yeri göstərməklə və hadisənin hansı qaydada baş verməsini təsvir etməklə bildirmişdir ki, o, idarə etdiyi “Lexus” markalı avtomobillə Lənkəran rayonu istiqamətinə doğru hərəkətdə olmuşdur. Avtomobilin surəti 60 km/saatdan artıq olmamışdır. Hadisənin baş verdiyi yerə yaxınlaşarkən hərəkət zolağının sağ tərəfində dayanmış “Mercedes” markalı avtomobil qəflətən onun yoluna çıxmış və üzü Astara rayonu istiqamətinə dönüb getmək istəmişdir. Bu zaman məsafə kifayət qədər az olduğuna görə toqquşmadan qaçmaq mümkün olmamış, öz idarə etdiyi avtomobili sol tərəfə çəkib hadisədən yayınmaq istəyərkən onun avtomobilinin sağ tərəfi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı avtomobilin sağ tərəfi arasında toqquşma baş vermişdir. Nəticədə onun idarə etdiyi avtomobil sürüşərək Astara rayonu istiqamətindəki hərəkət zolağının kənarında olan arxa düşmüş, “Mercedes” markalı avtomobil isə fırlanaraq üzü Lənkəran rayonu istiqamətinə dönüb dayanmışdır. Yuxarıda qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, həmçinin ekspert qarşısında müdafiə tərəfinin vəsatətində göstərdiyi xüsusatlar nəzərə alınmaqla suallar qoyulmuşdur. Təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3238 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə avtomobillər arasındakı toqquşmanın “Lexus GX470” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğun deyildir, toqquşmanın "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğundur. “Lexus GX470” markalı **- EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa apellyasiya baxışı zamanı cinayət işinin materiallarında olan digər yazılı sübutlar da məhkəmə istintaqında təkrar tədqiq edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Müdafiə tərəfinin apellyasiya şikayətindən görünür ki, müdafiəçilər və təqsirləndirilən şəxs təqsirliliklə bağlı məsələni mübahisələndirərək Təqsirləndirilən şəxs əməlində CM-in 263.1-ci maddəsinin tərkibinin olmadığını bildirmişdir. Zərərçəkmiş tərəf isə cəzanın yüngüllüyündən narazı qalmışdır. CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə əsasən Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 263.1-ci maddəsinin dispozisiyasından görünür ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. İşdə olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/2615 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Lexus GX470” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin işdə olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2172 №-li rəyindən görünür ki, 1.2.3 Tədqiqat obyekti olan "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Lexus GX470” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillər təmir olunduqlarından toqquşma bucağını müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə avtomobillər arasındakı toqquşmanın “Lexus GX470” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğun deyildir, avtomobillər arasındakı toqquşmanın "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğundur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə "Mercedes E270" markalı, **-CT- *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmadan sonra istiqamətini dəyişərək üzü Lənkəran istiqamətində, yəni əks istiqamətdə dayanması toqquşmanın "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi baş verməsi ilə zidiyyət təşkil etmir. 4.6a. “Lexus GX470” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 5.6b. Rəyin tədqiqi hissəsində göstərilən tələblərə görə "Mercedes E270" markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiq aparmaq mümkün deyildir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 04 sentyabr 2021-ci il tarixli 364 №-li rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində – sağ dirsək sümüyünün proksimal ucunun travmatik sınığı, sağ said nahiyəsində qançır, başın təpə nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə idarə etdiyi minik avtomaşının digər avtomaşınla toqquşması zamanı aavtomaşının salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İşdə olan məhkəmə-tibb ekspertizasının 22 fevral 2023-ci il tarixli T 71/2033 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində – sağ dirsək sümüyünün proksimal ucunun travmatik sınığı, sağ said nahiyəsində qançır, təpənin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Bundan başqa, apellyasiya baxışı zamanı keçirilmiş təkrar komisyon məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 23 noyabr 2023-cü il tarixli 8/3238 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə avtomobillər arasındakı toqquşmanın “Lexus GX470” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğun deyildir, toqquşmanın "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğundur. “Lexus GX470” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin ibtidai istintaq dövründə, habelə birinci və apellyasiya instansiyası mərəhələlərində dindirilmiş zərərəçəkmiş Zərərçəkmiş şəxs Qəhrəman oğlu tamamilə eyni məzmunda olan ifadələrində göstərmişdir ki, o Astara rayonun Pensər kənd istiqamətində hərəkətdə olarkən Çayoba kəndi ərazisindən keçən zaman qarşı tərəfdən Lənkəran rayonu isitiqamətinə hərəkətdə olan “Lexus” markalı avtomobilin öz hərəkət zolağından çıxararaq çəpinə onun üstünə gəldiyini görmüş, özünün idarə etdiyi “Mersedes-Benz” markalı avtomobilini sola tərəf meyilləndirib qəzadan yayınmaq istəmiş, buna baxmayaraq “Lexus” markalı avtomobilin sürəti çox olduğuna görə avtoqəzadan qaçmaq mümkün olmamamış və hər iki avtomobilin sağ tərəfləri bir-birinə dəyməklə toqquşma baş vermişdir. Göründüyü kimi, biri digərinə uyğun gələn sübutların məcmusu ilə hadisənin baş verməsində Təqsirləndirilən şəxs təqsirli olması təsdiq edilir. Qeyd edilən sübutlar ibtidai istintaq zamanı, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilmiş, yoxlanılmış və tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Beləliklə, yuxarıda qeyd edilən işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi təsdiq edilmişdir. Ona görə də məhkəmə kollegiyası müdafiə tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmağı mümkün hesab etmir. Bununla belə məhkəmə kollegiyası müdafiə tərəfin apellyasiya şikayətinə və apellyasiya baxışı zamanı irəli sürdüyü dəlillərə də qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir. Əvvəla qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində təhqiqatı aparan müstəntiqin və birinci instansiya məhkəməsinin tam, hərtərəfli və obyektiv araşdırıma aparmadığını bildirmişdir. Onun qənaətinə görə müstəntiq hadisə yerinə baxış keçirərkən işin faktiki hallarını təhrif etmiş, yol-nəqliyyat hadisəsinin sxemini düzgün tərtib etməmiş və ilkin araşdırmanı natamam aparmışdır. Hətta təhqiqatçı hadisə yerinə baxış zamanı hal şahidi kimi göstərdiyi şəxslərdən biri olan Səfərov Həsən Mahir oğlu zərərçəkmiş Zərərçəkmiş şəxs işçisi olmuş və həmin hal şahidi zərərçəkmiş şəxsin maraqları baxımından düzgün ifadə verməmişdir. Bundan başqa, hadisəni görən Şahid ifadəsi də obyektiv olmamamşdır. Bundan başqa, birinci instansiya məhkəməsi onun vəsatətlərini təmin etməmişdir, nəticə etibarı ilə tam hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Məhkəmə Şahid ifadəsini nəzərə almadan qanunsuz və əsassız hökm çıxartmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və müdafiəçilərinin yuxarıda qeyd edilən dəlilləri ilə razılaşmağı mümkün hesab etmir. Belə ki işdən görünür ki, təqsirləndirilən şəxs və müdafiəçisi birinci instansiya məhkəməsində də eyni dəlillərlə çıxış etmişdir. Məhkəmə onun vəsatətləri üzrə hadisə yerinə baxış keçirmiş təhqiqatçını və şahidləri dindirmiş, təkrar yol-nəqliyyat hadisələri ekspertizası təyin etmiş, bununla kifayət qədər araşdırma aparmışdır. Birinci instansiya məhkəməsindəki icraat zamanı təhqiqatçı ifadəsində göstərmişdir ki, o, 29 avqust 2021-ci il tarixdə əməliyyat-istintaq qrupunda növbədə olmuşdur. Həmin gün saat 12 radələrində Astara RPŞ-nin Növbətçi Hissəsindən Astara rayonu Çayoba kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə ona məlumat verilmişdir. Bundan sonra o, Növbətçi Hissənin avtomobili ilə həmin hadisə yerinə getmişdir. Ora çatdıqda görmüşdür ki, «Lexus» markalı avtomobillə «Mercedes» markalı avtomobil toqquşmuş və hadisədən sonra hər iki avtomobil üzü Lənkəran rayonu istiqamətində hərəkətsiz vəziyyətdə dayanmışlar. Bundan sonra o, hadisə yerini müayinə etməyə başlamışdır. Hadisə yerini müayinə edərkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Lexus» markalı **-EL-*** dövlət nömrə nişanlı avtomobil üzü Lənkəran rayonu istiqamətdə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes» markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilin yoluna çıxaraq onunla toqquşmuşdur. O, hadisə yerinə çatarkən «Mercedes» markalı avtomobilin sürücüsünün özü və avtomobildə sərnişin olan az yaşlı nəvəsi xəsarət aldığına görə üçün xəstəxanaya getmiş, bu səbəbdən də hadisə yerində olmamış, «Lexus» markalı avtomobilin sürücüsü isə hadisə yerində olmuşdur. Hadisə nəticəsində isə «Mercedes» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. «Lexus» markalı avtomobilin sürücüsü isə xəsarət almamışdır. Hadisə yerini müayinə etdikdən sonra həmin avtomobillərin duracağa aparılmasını təmin etmişdir. Bundan başqa hadisə yerinə baxış keçirilən zaman hal şahidi qismində iştirak etmiş Nəsirov Vaqif Dilavər oğlu ifadəsində göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Lənkəran rayon Siyavar kəndində yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs da sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına görə tanımışdır. 29 avqust 2021-ci il tarixdə saat 11:30 radələrində iş yerində olarkən Zərərçəkmiş şəxs qəzaya düşməsini eşidib, hadisə yerinə getmişdir. Həmin vaxtı polis işçiləri də ora gəlib, müvafiq ölçmə işlərinə başlamışlar. Həmin vaxtı polis işçiləri ona və orada olan Həsən Səfərova hal şahidi qismində iştirak etməyi təklif etmişlər. Onlar razılaşmışlar. Onlar hal şahidi qismində hadisə yerinin müayinəsində iştirak etmişlər. Sonra isə tərtib edilmiş “Yol nəqliyyat hadisəsinə dair protokolu” və “Baxış aparılan yerin sxemini” öz imzaları ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Səfərov Həsən Mahir oğlu da Nəsirov Vaqif Dilavər oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Bundan əlavə, hadisə yerinə baxış keçirilən zaman hal şahidi qismində iştirak etmiş Şahid ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayon Pensər kəndində yaşayır. 29 avqust 2021-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin qarşısında, magistral yolun kənarında dayanarkən Astara şəhərindən Lənkəran şəhəri istiqamətində «Lexus GX470» markalı avtomobilin hərəkət etməsini görmüşdür. Həmin vaxtı qarşıda Lənkəran şəhəri istiqamətində bulağın yanında dayanmış «Mercedes» markalı avtomobil hərəkətə başlamış və onlar «Lexus GX470» markalı avtomobilin hərəkət zolağında toqquşmuşlar. Toqquşma yeri ilə onun olduğu yerin arasındakı məsafə 100-150 metr olmuşdur. Sonra o, hadisə yerinə getmişdir ki, xəsarət alan olarsa köməklik etsin. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 8/1203 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 4-7-ci vərəqlərində olan 29 avqust 2021-ci il tarixli “hadisə yerini müayinə edilməsi haqqında” protokolun 1-ci vərəqəsində “1.V.Nəsirov qrafasındakı imza, həmin imzadan sağa istiqamətdə 2-ci imza, 2-ci vərəqin aşağısındakı soldan sağa istiqamətdəki 2-ci imza, 3-cü vərəqin aşağısındakı soldan sağa istiqamətdəki 2-ci imza, 4-cü vərəqin aşağısındakı “Vaqif Nəsirov” qrqfasındakı imza Nəsirov Vaqif Dilavər oğlu tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş cinayət işinin 4-7-ci vərəqlərində olan 29 avqust 2021-ci il tarixli “hadisə yerini müayinə edilməsi haqqında” protokolun 1-ci vərəqəsində “2.H.Səfərov qrafasındakı imza, həmin imzadan aşağıda soldan sağa istiqamətdə 3-cü imza, 2-ci vərəqin aşağısındakı soldan sağa istiqamətdəki 3-cü imza, 3-cü vərəqin aşağısındakı soldan sağa istiqamətdəki 3-ci imza, 4-cü vərəqin aşağısındakı “2. H.Səfərov” qrafasındakı imza Səfərov Həsən Mahir oğlu tərəfindən icra edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamnaı da müdafiə tərəfin dəlilləri tam, hərtərəfli və obyektiv araşdırılmış, bu məqsədlə təqsirləndirilən və zərərçəkmiş şəxslər dindirilmiş, yol-nəqliyyat hadisəsi yerinə təkrar baxış keçirilmiş və həmin məlumatlar əsasında təkrar yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın nəticələri də əvvəlki ekspert rəylərində göstərilən nəticələr ilə eyni olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, işin faktiki halları zərəçəkmiş Zərərçəkmiş şəxs ifadəsində təsvir edilən hadisə mexanizminə uyğun gəlsə də, kollegiya müdafiə tərəfin təqdim etdiyi hadisə mexanizmini də yoxlamışdır. Bu məqsədlə müdafiə tərəfin tamamilə fərqli şəkildə təqdim etdiyi hadisə mexanizmi təkrar ekspertiza həyata keçirən ekspertlərə təqdim edilmiş və işin digər halları ilə birlikdə yoxlanılıb rəy verilməsi ekspertlərdən tələb edilmişdir. Lakin ekspert komissiyası kifayət qədər obyektiv tədqiqat aparıldıqdan sonra müdafiə tərəfin hadisə mexanizmi barədə dəlilləri ilə razılaşmamış, hesab etmişdir ki, müdafiə tərəfin təqdim etdiyi mexanizm üzrə yol-nəqliyyat hadisəsinin baş verməsi mümkün görünmür. Məhkəmə kollegiyası ekspert komissiyasının gəldiyi bu nəticəni əsaslı hesab edir. Belə ki, hadisədən sonra toqquşmuş avtomobillərin durduqları yer, toqquşma zamanı avtomobillərin qabaq sağ tərəflərinin bir-birinə dəyməsi kimi hallar hadisənin zərərçəkmiş Zərərçəkmiş şəxs təsvir etdiyi kimi baş verməsini təsdiq edir. Zərərçəkmiş şəxs ifadələrində qeyd etmişdir ki, o öz idarə etdiyi avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən qarşı tərərfdən Lənkəran rayonu istiqaminə doğru hərəkətdə olan “Lexus” markalı avtomobil öz yolundan çıxaraq çəpinə onun üstünə gəlmiş, o, toqquşmadan qaçmaq üçün öz avtomobilini sola meyilləndirmiş, “Lexus” markalı avtomobil isə onun hərəkət hissəsinin dərinliyinə doğru çəpinə irəliləmiş, sonuncu avtomobilin sürəti çox olmuş, bu səbəbdən qəzadan qaçmaq mümkün olmamış və hər iki avtomobilin sağ tərəfləri bir-birinə dəymişdir. Həqiqətən də iş materiallarından da görünür ki, hər iki avtomobil qabaq sağ tərəfləri ilə toqquşmuşlar. Göründüyü kimi, işin bütün faktiki halları hadisənin məhz zərərçəkmişin təsvir etdiyi şəkildə baş verməsini sübut edir. Əksinə təqsirləndirilən şəxsin hadisə mexanizmi barədə ifadəsi işin hallarına uyğun gəlmir. Belə ki, əgər hadisə həqiqətən Təqsirləndirilən şəxs göstərdiyi kimi, yəni zərərçəkmişin onun hərəkət yolunun üstündə dayandığını və qəflətən vurulub Astara rayonu istiqamətinə getmək istədiyi şəraitdə baş vermiş olsa idi, bu halda avtomobillər qabaq sağ tərəfləri ilə deyil, sol tərəfləri ilə toqquşmuş olardılar. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müdafiə tərəfin, Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlmiş və haqlı olaraq əməli CM-in 263.1-ci maddəsinə tövsif etmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmalı, lakin həmin əməl üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 15-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması nəzərə alınmaqla belə nəticəyə gəlmək olar ki, həmin əmələ münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildir. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs istinad edilən hazırkı cinayət hadisəsi 29 avqust 2021-ci il tarixdə baş vermiş, hazırkı qərarla birinci instansiya məhkəməsinin həmin hökmü isə 15 yanvar 2024-cü il tarixdə qüvvəyə minmişdir (apellyasiya instansiyası məhkəməsinin yekun qərarının elan edildikdən dərhal sonra qanuni qüvvəyə minməsi nəzərə alınmaqla). Göründüyü kimi, cinayət hadisəsinin törədildiyi vaxtdan 2 il 4 ay 17 gün vaxt keçmişdir. Cinayət işi üzrə icraat xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təqsirləndirilən şəxsin istintaqdan yayınması əsası ilə dayandırılsa da, 2 ay 4 gündən ibarət olan bu müddət cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsinə təsir etməmişdir. CM-in 75.1.1-ci maddəsinə görə isə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti iki il təşkil edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1-ci maddəsi iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduğuna görə böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hökmdən, Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı müddəalar xaric edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası cəzanın ağırlaşdırılması ilə bağlı zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin etmə ilə bağlı müddəalar hökmdən xaric edildiyi üçün cəza məsələsinin yenidən müzakirə edilməsinə lüzum qalmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, lakin məhkəmənin hökmü cinayət qanununun müddəalarına uyğun olaraq dəyişdirilməli, hökmdən Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407 və 410- 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi3 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Astara Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 1(018)-04/2023 saylı hökmündən, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-16/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-16/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver