Məhkəmə qərarları › İş №1(106)-160/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-160/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-160/2024 15.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, İ dərəcəli hüquqşünas Almazov Ramin Pənah oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(099)-353/2023 saylı hökmü ilə (hakimlər C.Ş.Səfərli (sədrlik edən), N.H.Məmmədov və M.V.Məmmədov) xx.xx.1994-cü ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi, 133 saylı evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 11 ay 9 gün müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş; CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə olduğu 11 ay 9 gün ona təyin edilmiş cəzaya hesablanaraq cəzasını çəkib qurtarmış hesab edilmiş; barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və saxlanıldığı istintaq təcridxanasından həbsdən dərhal azad edilməsi, ərazi narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə Ağcabədi rayon Polis şöbəsinin inzibati binasında keçirilən xx.xx.2022-ci il tarixli şəxsi axtarışa aid olan 13,055 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi faktı üzrə materialların araşdırılaraq hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmış; həmçinin iş üzrə məhkəmə məsrəfləri məsələləri həll olunmuşdur. İşin halları Məhkəmənin hökmünə görə ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 11,791 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 11:00-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evin dərs otağındakı qəhvəyi rəngli dolabın içərisindən bir ədəd sellofan bükümdə ona məxsus 11,791 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya müraciətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsi ilə təqsirli bilinərək barəsində cinayət və cinayət- prosessual qanunvericiliyinin normalarına uyğun yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, «məhkəmənin gəldiyi nəticədən fərqli olaraq işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,055 qram çəkidə narkotik vasitə heroini və 11,791 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, narkotik vasitə heroini öz üzərində daşıması, narkotik vasitə qurudulmuş marixuananı isə daşıyaraq yaşadığı evdə saxlaması, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 13,055 qram çəkidə narkotik vasitə heroinin Təqsirləndirilən şəxs üzərindən, 11,791 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın sonuncunun evindən aşkar edilərək götürülməsi tam sübuta yetirilmişdir. İş materiallarından, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan aydın şəkildə görünür ki, üzərində aşkar olunmuş narkotik vasitə olan heroin barədə soruşularkən Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, 4 gün əvvəl taparaq evində saxladığını, həmin kütlənin olduğu bükümdə marixuananın da olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında olduğunu öyrənilmiş və onun yaşadığı ünvana gəlmişlər. Həmin ünvanın yaxınlığında 20 dekabr 2022-ci il tarixdə, saat 08:20 radələrində küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı və videoçəkilişlə şəxsi axtarış aparılmış. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evinə videoçəkilişlə baxış keçirilmiş, evə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin dərs otağındakı dolabın içərisində olan bir ədəd sellofanı təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış keçirilən zaman içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edildi. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkildi, qablaşdırıldı, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə çəkisi 13,055 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Beləliklə, yuxarıda göstərilənlərdən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 13,055 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 11,791 qram qurudulmuş marixuananı əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə isə qeyd olunanlara heç bir əhəmiyyət vermədən, Təqsirləndirilən şəxs özünümüdafiə xarakteri daşıyan, habelə sonuncunu müdafiə etməyə çalışan qohum və qonşularının işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın üzərindən 13,055 qram narkotik vasitə heroinin aşkar edilməsi xüsusatının sübuta yetirilməməsi barədə qənaətə gəlmişdir. Lakin, məhkəmənin Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş sonuncunun qohum və qonşularının ziddiyyətli, işin faktiki hallarına uyğun olmayan ifadələrini əsas götürərək Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Hacıyev küçəsində deyil, məhz yaşadığı evindən polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılması barədə göstərdiklərinin həqiqətə uyğun olması barədə qənaətə gəlməsi ilə razılaşmaq olmaz. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularaq üzərinə baxış keçirildikdən sonra sonuncunun iştirakı ilə evinə də baxış keçirilmiş və evinə baxış keçirilərkən orada Təqsirləndirilən şəxs məxsus 11,791 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əgər həqiqətən də Təqsirləndirilən şəxs evində olarkən polis əməkdaşları tərəfindən qohumlarının yanında tutularaq polis şöbəsinə aparılmış olsaydı, onun narkotik vasitələrdən istifadə etməsini bilən qohumları evdə olan narkotik vasitələrini evdən çıxarmış olardılar və polis əməkdaşları aşkar olunmuş yuxarıda göstərilən narkotik vasitə marixuananı aşkar edə bilməzdilər. Qeyd etmək lazımdır ki, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış xx.xx.2022-ci il tarixdə 09:50-dən 10:01-dək, evinə isə baxış həmin gün saat 11:00-dan 11:14-dək olan müddətdə keçirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs evində olan marixuananın evdən çıxarılaraq başqa yerə atılması üçün kifayət qədər vaxt olmuşdur. Lakin Təqsirləndirilən şəxs qohumları bunu etməmişdirlər. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən məhz küçədə olduğu zaman tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs yaxın qohumları və qonşularının ziddiyətli, işin faktiki hallarına uyğun olmayan ifadələrini əsas götürərək Təqsirləndirilən şəxsnn evində olduğu zaman polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılması barədə qənaətə gəlmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlara, yəni polis əməkdaşları tərəfindən evinə ağır çəkidə narkotik vasitə qoyularaq daha ağır ittiham olunacağı deyilməsinə görə videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını deməsi halına xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğulamaqla hesab etmişdir ki, bu halların həqiqət olması ehtimalları öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatın, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin hədə-qorxu, aldatma tətbiq edilməsi ilə alınması qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətə gəlməsini hökmdə heç nə ilə əsaslandırmamış, hansı hallara əsasən bu nəticəyə gəlməsini qeyd etməmişdir. Yuxarıda sadalananların məcmusundan görünür ki, məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın üzərindən 13,055 qram narkotik vasitə heroinin aşkar edilməsi xüsusatının sübuta yetirilməməsi barədə qənaətə gələrək ittihamdan həmin bəndi xaric etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Beləliklə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli ifadələrə tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənefiyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olunmuş sübutları – şahid ifadələrini, baxış və götürmə protokollarını, ekspertiza rəylərini, əməliyyat məlumatlarını müqayisəli şəkildə təhlil edib onları nəzərə almamışdır. Hökmdən həmçinin Müdafiəçi2 da apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, müdafiə etdiyi Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs aşağıda göstərilən səbəblərə görə tam şəkildə qanunsuz və əsassız olaraq istintaqa cəlb edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərarın nəticəvi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulsun və Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən saat 08:20 dəqiqədən tutulmuş hesab edilsin. Göründüyü kimi, bu qərar ümumiyyətlə hüquqi biliyi olmayan şəxs tərəfindən tərtib edilmişdir. Belə ki, bir qayda olaraq şübhəli şəxsin tutulması haqqında qərar o vaxt qəbul edilir ki, həmin şəxsin cinayət törətməsi və ya cinayət törədəcəyi barədə məlumat daxil olur, həmin məlumata əsasən, təhqiqat və istintaq orqanı ilkin olaraq həmin şəxsin tutulması barədə qərar qəbul edir ki, şəxs tutulsun və təhqiqat orqanına gətirilsin. Bundan sonra həmin qərar əsasında əməliyyatı həyata keçirən şəxslər qərarda göstərilən yerə gedib şəxsin tutulması ilə məşğul olurlar. Əgər şəxsi tapıb tuturlarsa, onun barəsində nə vaxt, harada və hansı tarixdə tutulması barədə yerindəcə protokol tərtib olunur. Şübhəli şəxsin tutulması haqqında qərarın saxta tərtib olunması onunla müəyyən olunur ki, qərarda göstərilir ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni, xx.xx.2022-ci il tarixdə saat 08:20 dəqiqədən tutulmuş hesab edilməlidir. Qərarın tərtib edildiyi saat göstərilməmişdir. Belə çıxır ki, şübhəli şəxsin tutulması haqqında qərar, şübhəli şəxsin tutulması haqqında protokoldan sonra tərtib edilmişdir. Çünki, ilkin olaraq şübhəli şəxsin tutulması haqqında protokolda onun hansı tarixdə və hansı saatda və harada tutulduğu göstərilir. Şübhəli şəxsin tutulması haqqında protokol tərtib edildikdən sonra şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilməsinə ehtiyac qalmır. Çünki, artıq bu qərar heç nəyi həll etmir. Qərar ona görə əvvəlcədən qəbul edilir ki,əməliyyat işçilərinin şübhəli hesab olunan şəxsi saxlayıb və polis idarəsinə gətirmələri üçün əsasları olsun. Ən maraqlı məqam ondan ibarətdir ki, şübhəli şəxsin tutulması haqqında qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 08:20 dəqiqədən tutulmuş hesab edilməlidir. Hər hansı qərar qəbul edilərkən şəxsin tapılıb tutulması əvvəlcədən dəqiq müəyyən edilə bilməz. Maraqlı burasıdır ki, şübhəli şəxsin tutulması haqqında qərarın verilməsi yalnız inzibati orqanın əməkdaşlarına aiddir. Lakin, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması barədə qərarı Baş Narkotiklə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Anar Aslanovla birlikdə Təqsirləndirilən şəxs müdafiə edəcək şəxs, vəkil Xanım İsayeva da imza etmişdir. Eyni zamanda Xanım İsayeva Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması haqqında protokolu da imza etmişdir. Göründüyü kimi, Xanım İsayeva əməliyyat tədbirinin iştirakçısı olmuşdur. Bu biabırçılıq deyilmi? Artıq bu sənədlərə imza etməklə müdafiəçi Xanım İsayeva tərəfindən şəxsin müdafiə hüququ kobud sürətdə pozulmuşdur. Odur ki, hər iki sənəd sübut kimi qiymətləndirilib ittihamın əsasına qoyula bilməz. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmişdir. Unutmaq olmaz ki, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətləridir. Cinayət işi başlanılmadan aparılan axtarış və götürmə əməliyyat tədbirlərinə aiddir. Əməliyyat tədbiri aparılır ki, məlumatın doğru olub-olmadığı təsdiq edilsin. Bu kimi əməliyyat tədbirində müdafiəçinin iştirakı qeyri-mümkündür. Bundan əlavə şübhəli şəxs kimi tutulma protokolunda göstərilir ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08:20 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, sonra isə Ağcabədi RPŞ-yə gətirilmişdir. Lakin, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, öz evlərində təxminən 08:20 dəqiqədə çarpayıda yatdığı vaxt tanımadığı şəxslər bütün ailə üzvlərinin gözü qarşısında onu, yatağından götürüb şortik və maykada həyətə çıxartmışlar, sonra isə evlərindən Rəşadın həyat yoldaşı və bacısı onun şalvarını göndərmiş və onun şalvarını həyətdə ona geyindirmişlər. Bu hadisə istintaq zamanı dindirilən çoxsaylı şahidlərin ifadələri ilə təsdiq olunur. Əfsuslar olsun ki, müdafiəçi adlanan Xanım İsayeva, Təqsirləndirilən şəxs harada tutulmasını bilmədiyi və tutulmasında iştirak etmədiyi halda bu protokolu da imza etmişdir. Bu birbaşa müdafiə hüququnun pozulmasıdır. Müdafiəçi müdafiə etdiyi şəxs barəsində görmədiyi faktı təsdiq edir. Bundan əlavə, cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən və evindən narkotik vasitə çıxmasını təsdiq edən bir dənə də olsun düzünə mötəbər sübut müəyyən edilməmişdir. İşdə iştirak edən polis əməkdaşları maraqlı şəxslərdir. Onların ifadələri maraqlı şəxs olduqlarına görə sübut kimi qiymətləndirilib ittihamın əsasına qoyula bilməz. Qeyd edilməsi zəruridir ki, həm ibtidai istintaq zamanı verdiyi ifadələrində, həm də məhkəmədə verdiyi ifadəsində əməliyyatda iştirak edən polis əməkdaşı Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs, yeri əməliyyat qrupu tərəfindən müəyyən edilərək xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən evin yaxınlığında küçədə saxlamışlar. Göründüyü kimi, itiham tərəfinin əsas şahidi olan polis əməkdaşı Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yaşadığı evin yaxınlığında küçədə saxladıqlarını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş onunla qohumluq və ya digər yaxınlıq münasibətləri olmayan qonşuları- Abdullayeva Dilbazi Ələkbər qızı, Səfərova Sevda Əliş qızı, Yusifov Yaşar Ağarza oğlu, qonşu həyətdə fəhlə işləyən Fətəliyev İlkin Kamil oğlu həm ibtidai istintaq, həm də ki, məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Hacıyev küçəsində deyil, yaşadığı evindən, konkret olaraq isə H.Hacıyev küçəsi, 133 ünvanında yerləşən yaşadığı evindən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayarkən əynində qısa şortik olmuş, sonra ona şalvar geyindirdikdən sonra polis şöbəsinə aparmışlar. Həmçinin, təqsirləndirilən şəxsin bacısı Gürşadlı Əsmər Tahir qızı və arvadı Əlişirinli Mehriban Süleyman qızı eyniliklə həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərmişlər ki, xx.xx.2022-ci il tarixdə səhər saat 8 radələrində Təqsirləndirilən şəxs küçədə deyil, yaşadığı evdə yatan zaman polis əməkdaşları tərəfindən evin içində saxlanılaraq əynində qısa şortiklə həyətə çıxarılmış, ona şalvar geyinməyə imkan yaradılmış, bu səbəbdən də bacısı Rəşadın cins şalvarını polis əməkdaşına təqdim etmişdir, şalvarı verməmişdən əvvəl isə bacısı şalvarın cibindən plastik kartları götürmüş və cibləri boş vəziyyətdə polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində qısa şortik olmasını yuxarıda adları çəkilən qonşular və qonşuluqda fəhlə kimi işləyən İlkin Fətəliyev də təsdiq etmişdir. Bu Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, yəni onun küçədə deyil, yaşadığı evdən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsi, üzərində narkotik olmaması, polis əməkdaşları tərəfindən dağa ağır çəkidə narkotik qoyularaq daha ağır ittiham oluna bilməsinə görə istintaqın ilk dövründə etirafedici ifadə verməsi hallarının həqiqət ola bilməsi ilə bağlı məhkəmədə əsaslı ehtimallar, ittihamda qeyd olunan heroin narkotik vasitəsinə münasibətdə isə halların həqiqət olmaması ilə bağlı əsaslı şübhələr yaradır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs üzərində Ağcabədi RPŞ-nin inzibati binasında şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun mötəbərliyi şübhə doğurduğundan təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi xüsusatlara, yəni polis əməkdaşları tərəfindən üzərinə və ya evinə ağır çəkidə narkotik qoyularaq daha ağır ittiham olunacağı deyilməsinə görə Ağcabədi RPŞ-nin inzibati binasında videoçəkiliş zamanı narkotik vasitə heroinin ona məxsus olmasını deməsi halı xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğulamaqla hesab edir ki, bu halların həqiqət olması ehtimalları öz təsdiqini tapır. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatda, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən heroin aşkar edilməsi xüsusatı üzrə özünə qarşı alınmış ilk ifadələri hədə-qorxu, aldatma tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu əsasa görə də Ağcabədi RPŞ-də keçirilən şəxsi axtarış keçirilməsi barədə protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadələri mötəbərliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Yuxarıda qeyd olunanlardan tam şəkildə aydın olur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə 08:20-də ünvan 4 ünvanında öz yataq otağında yatdığı zaman polis əməkdaşları tərəfindən evə qanunsuz və zorakı daxil olaraq onu şortik və maykada həyətə çıxarmalarını və həyətdə evdən tələb edərək şalvarını alıb geyindirmələrini, sonra isə onu Ağcabədi RPŞ-yə aparmalarını kifayət qədər mötəbər faktlarla sübuta yetirmiş, bununla da polis şöbəsində Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən narkotik vasitə çıxarılması faktının yalan olduğunu və saxtalaşdırıldığını tam şəkildə təsdiq etmişdir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya protestinin təmin olunmasını, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilib, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə və ona həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni hökm çıxarılmasını, apellyasiya şikayəti ilə isə razılaşmayaraq onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək şikayətin təmin olunmasını, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsini, apellyasiya protesti ilə isə razılaşmayaraq onun təmin olunmamasını kollegiyadan xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya müraciətlərinin dəlillərindən görünür ki, həm ittiham tərəfi, həm də müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirirlər, o cümlədən birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etsə də, müdafiə tərəfi Təqsirləndirilən şəxs ümumiyyətlə cinayət törətmədiyini iddia edib ona bəraət verilməsini, ittiham tərəfi də məhkəmə tərəfindən əməlin tövsifi ilə razılaşmayıb Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin bütün materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddənin tərkibini yaradır. CM-in 234.4-cü maddəsinin dispozisiyasından isə görünür ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CMin 234.4.3-cü maddəsinin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vaitə əldə edib saxlamış, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, Ağcabədi rayon Polis şöbəsinə gətirilmiş, orada onun üzərində aparılan şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 13,055 qram çəkidə narkotik vasitə olan heroin, bundan sonra özünün iştirakı ilə yaşadığı Ağcabədi şəhərinin H.Hacıyev küçəsində yerləşən 133 saylı evində aparılan axtarış zamanı isə evdən ona məxsus 11,791 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs evindən narkotik vasitənin aşkar edilməsi ilə razılaşsa da, onun üstündən narkotik vasitənin aşkar olunması ilə razılaşmamışdır. Məhkəmə bu qənaətə gələrkən aşağıdakı sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş şəxsi axtarış və götürmə protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon Polis şöbəsində DİN BMCMİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarş keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə 13,055 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilmişdir. Göründüyü kimi, şəxsi axtarış protokoluna görə narkotik vasitə Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən aşkar edilmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə yaşadığı evdə olan zaman saat 08 radələrində evə qara masqalı şəxslər daxil olmuş, həmin vaxt evdə ondan başqa arvadı və bacısı da olmuşlar. Qara masqalı şəxslər yataq otağına daxil olaraq onu tutub çölə çıxartmışlar. Əynində şortik və mayka olduğu üçün həyətdə olarkən ona şalvar vermişlər ki geyinsin. Daha sonra onu polis şöbəsinə aparmışlar. Üzərinə narkotik vasitə qoyaraq çəkiliş zamanı ondan soruşulduqda narkotik vasitənin ona məxsus olmasını deməsini tapşırmışlar. O, əvvəlcə razı olmamış, lakin ona təzyiqlər etmişlər, daha sonra arvadını və bacısını da idarəyə gətirəcəkləri ilə hədələdikləri üçün o, məcbur qalaraq etirafedici ifadə vermişdir. Daha sonra polis əməkdaşları evinə baxış keçirmişlər, yaşadığı evdə anasının uşaqları hazırladığı məşğələ otağından bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı aşkar etmişlər. Üzərindən və evindən aşkar olunmuş narkotik vasitələr ona aid olmamışdır, həmin narkotik vasitələri polis əməkdaşları qoymuşdurlar. Polis şöbəsində ailəsi ilə hədələndiyi, etirafedici ifadə vermədiyi halda ağır çəkidə narkotik vasitələr üzərinə və evinə qoyulmaqla daha ağır ittiham ediləcəyinə dair təhdidlərə məruz qaldığı üçün istintaqın ilk dövründə etirafedici ifadələr vermişdir. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abdullayeva Dilbazi Ələkbər qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 20 dekabr 2022-ci il tarixində səhər 09 radələrində yan qonşuluqda olan ustalara çay vermək üçün evdən çıxmış, ustalara çay verəndə səs-küy eşitmişdir. Yaxınlaşıb çəpərdən baxanda Rəşadgilin həyətində təxminən 12-13 nəfər olduğunu, qara maskalı şəxslərin Rəşadı evin həyətindən küçəyə çıxardıqlarını görmüşdür. Həmin vaxt Rəşadın əynində boz rəngli şort və qara rəngli mayka olmuş, Rəşadı şortikdə evlərinin həyət darvazasına qədər aparmışlar. Həmin vaxt evdən Rəşada şalvar və digər paltarlar verildi, Rəşad geyindirildi və həyətdən çıxarılaraq aparılmışdır. Rəşadın arvadı xəstə olduğundan, spazması olduğundan, ona kömək etmək üçün içəri girmək istəmiş, qara masqalı şəxs başı ilə yox işarəsi etdi və içəri qoymadı. Orada olan şəxslərin üzünü görməmiş, başları örtülü olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Səfərova Sevda Əliş qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 20 dekabr 2022-ci il tarixində səhər saat 8-9-a işləmiş işə gedirmiş, evdən çıxanda Rəşadın evinin qarşısında masqalı polisləri görmüş, iki nəfər polis əməkdaşının Rəşadın qoluna girmiş, biri belindən tutub aşağı əymişdi, bu qaydada Rəşadın yaşadığı evdən çıxarıldığını görmüşdür. Daha sonra Rəşadı aparıb avtobusa mindirmişdirlər. O, yalnız bunların şahidi olmuş, Rəşadın əynində şalvar, qara mayka olmuşdur. Üstündə boz köynək olmuş, geyinməmiş, əlləri qandallı olduğu üçün üstdən keçirmişdilər. Məhkəmədə şahid qismində dindirilmiş Gürşadlı Əsmər Tahir qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 20 dekabr 2022-ci il tarixində səhər 8-9-a işləmiş radələrdə oyaq olmuşdur. Ödündə ağrıları olmuş, anasını həkimə getmək üçün gözləmiş, həmin vaxtı özünə mətbəxdə çay süzmüşdür. Çayı süzüb yataq otağına keçəndə qapının çırpılmasını görmüşdür. Nə baş verdiyini bilməmiş, anasına nəsə olub gəldiyini fikirləşmişdir. Yataq otağından çıxanda qara masqalı şəxslərin üzərinə gəldiyini görmüş, qorxub qapını örtəndə qardaşı oğlu yadına düşmüş, qapını açanda polis olduqlarını, qoxmamaqları demişlər. Üzü açıq olan polis onu tutaraq qolunu burmuş, əlində olan telefonu almış, qışqırdığından, onu qardaşıgilin otağına tərəf itələmişlər. Qardaşının maykasının cırılmasını görmüşdür. Rəşadın əynində boz şalvar, qara mayka, daha doğrusu boz şortik olmuşdur. Rəşadı həmin vəziyyətdə evdən həyətə çıxarmışlar, hava soyuq olduğuna və yağış yağdığına görə şalvarı polislərə vermişdir ki, Rəşadı geyindirsinlər. Şalvarın cibin yoxladıqdan sonra vermişdir. İşığın kartı həmişə qardaşının cibində olurmuşdur, ona görə cibin yoxlamışdır. Rəşadın köynəyini də o polislərə vermişdir. Polis içəri girdi, o, üzü açıq polisi yataq otağından itələmişdir, çünki gəlin əynini dəyişirdi. Rəşad əvvəllər nəşə (qurudulmuş marixuana) çəkmək yolu ilə qəbul edirmiş, lakin son vaxtlar tərgitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Əlişirinli Mehriban Süleyman qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 20 dekabr 2022-ci il tarixində səhər saat 8-9-a işləmiş radələrdə baldızının qışqırıq səslərini eşitmiş, düşünmüşdür ki, ödündə problem olduğu üçün ağrısı var, ona görə qışqırır. Gözünü açmağa çalışarkən on nəfərdən artıq qara masqalı şəxslər baldızını da otaqlarına itələyərək otağa daxil olmuşlar. Rəşad səsə oyanıb onlara tərəf getdikdə Rəşadı tutmuşlar. Rəşadın əynində boz şortik və qara mayka var idi. Rəşadı həmin vəziyyətdə evdən çıxarmışlar, bundan sonra üzü açıq olan polis əməkdaşlarından biri Rəşada paltar götürmək üçün otağa girmək istədikdə o qorxaraq qışqırmış, polis də daxil olmamış, ona görə də baldızı Əsmər otağa daxil olmuş, Rəşadın şalvarından kart, vəsiqəni çıxarıb həmin polis əməkdaşına vermiş, həmçinin nazik gödəkcə də vermişdir. Rəşada həmin paltarları artıq evin həyətində darvazanın qarşısında geyindirərək polisə aparmışlar. Polis əməkdaşlarından hündürboylu bir nəfər olmuş, ondan yoldaşını görməyini xahiş edəndə həmin polis ona Rəşadın aparıldığını demiş, evə qayıtmasını tələb etmişlər. 1-2 saat onların evində qalmışlar, hətta o sanitar qovşağına gedən zaman da onlar onu təqib etmişlər. O, həmin günü işə getməli olmuşdur, məktəbdə ingilis dili müəlliməsi işləyir, direktora məlumat vermək üçün telefonunu istəmiş, lakin telefonunu verməmişlər. Qaynanasının telefonunu ona vermişlər və səsi diktofona qoymuşlar. Direktoru ilə danışarkən aydın şəkildə bildirmişdir ki, qara masqalı şəxslər onların həyətindədirlər, yoldaşını aparıblar, onlara evdən çölə çıxmağa icazə vermirlər, ona görə o işə gələ bilməyəcək, 1-2 saat sonra Rəşadı gətirmişdirlər. O, çəkiliş zamanı iştirak etmək istəmiş, lakin ona icazə verməmişlər, darvazadan çölə çıxartmışlar. 20 dəq sonra Rəşadı çölə çıxardıblar, orada görüşmüşlər, Rəşad heç bir günahının olmamasını demiş, sonra Rəşadı aparmışlar. Rəşad əvvəllər narkotiklərdən yalnız marixuananı siqaret kimi çəkməklə qəbul edirmiş, lakin son zamanlar nəşə çəkmirmiş. Məhkəmədə şahid qismində dindirilmiş Fətəliyev İlkin Kamil oğlu ifadəsində göstərmişdir ki, o, fəhlə kimi işləyir, 20 dekabr 2022-ci il tarixdə saat 07-dən başlayaraq Rəşadın qonşuluğunda olan evdə fəhlə kimi işləmiş, səhər 08 radələrində Rəşad adlı şəxsin masqalı şəxslər tərəfindən evdən çıxardıb apardıqlarını görmüşdür. Rəşadın əynində boz şortik, qara mayka olmasını görmüşdür. Əynində olan qara maykası cırılmış formada olmuşdur. Yalnız Rəşadı evdən aparmaqlarının şahidi olmuş, Rəşadı şortiklə evdən çıxarmışlar, lakin darvaza qapısının yanında olanda kimsə paltar gətirdi, Rəşad geyimini dəyişdirdikdən sonra onu aparmışlar. Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutlara istinad edərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq eyni zamanda əlavə olaraq qeyd edir ki, həqiqətən də Təqsirləndirilən şəxs səhər saat 8 radələrində polis tərəfindən yaşadığı evdən aparılması barədə işin birmənalı şəkildə müəyyən edilmiş halları, ittiham tərəfin, onun guya yaşadığı evin yaxınlığında olan küçədən aparılması ilə bağlı dəlillərini və bu dəlillər üzərində formalaşdırılmış sübutlarını kifayət qədər ciddi şübhə altına almışdır. Məhkəmənin də müəyyən etdiyi kimi səhər saatlarında evində yataq otağında olan şəxsin evinə daxil olaraq onun qəflətən yaxalanması, bu zaman əynində şalvarının olmaması, şalvarı ona bacısı Gürşadlı Əsmər Tahir qızının verməsi və Təqsirləndirilən şəxs şalvarı polisin tutduğu bir şəraitdə geyinməsi, xüsusən də bacısı Əsmər Gürşadlının şalvarı qardaşı Təqsirləndirilən şəxs verməzdən qabaq şalvarın cibindən elektrik kartını götürməsi, lakin onun cibindən başqa hər hansı əşya aşkar edilməməsi ilə bağlı hallar Təqsirləndirilən şəxs üzərindən polisdə axtarış zamanı narkotik vasitə aşkar olunmasının inandırıcı olmasına əhəmiyyətli dərəcədə təsir etmişdir. Yuxarıda qeyd olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi belə presedent formalaşdırmışdır ki, sübutlar inandırıcı və yetərli olmalıdır. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 13,055 qram çəkidə narkotik vasitə olan heroinlə bağlı hissədə əsas sübut olan şəxsi axtarış və götürmə protokolu sübut kimi mötəbərlik tələbinə cavab vermədiyindən, o cümlədən onun üzərindən aşkar olunan narkotik vasitənin mənbəyi və həqiqətən Təqsirləndirilən şəxs üzərində olması şübhə doğurduğundan bu barədə tərtib edilmiş 20 dekabr 2022-ci il tarixli protokol sübut kimi qəbul oluna bilməz, eyni zamanda Təqsirləndirilən şəxs təqsiri cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmiş hesab edilə bilməz. CPM-in 125.1-ci maddəsindən göründüyü kimi, sübutların əldə edilməsinə, həqiqiliyinə və mənbəyinə şübhə olmadıqda o sübut kimi qəbul oluna bilər. Bundan başqa, kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə münasibətdə digər sübutlar, o cümlədən şahid polis əməkdaşlarının ifadələri əsas sübut kimi təqdim edimiş şəxsi axtarış və götürmə protokoluna uyğun gəlmədiyinə, habelə həmin ifadələrin qərəzli ola biləcəyinə əsaslı şübhələr olduğuna görə bu sübutların da qəbul edilməsi mümkün deyil. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə ilə bağlı sübutları qəbul etməyən və bununla razılaşmayan birinci instansiya məhkəməsinin gəldiyi nəticələr kifayət qədər əsaslı olmuşdur. Məhkəmə düzgün olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi qeyd edilən narkotik vasitəni ittihamdan xaric etmişdir. Bundan başqa, kollegiya Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan 11,791 qram çəkidə qurudulmuş marixuanaya mübasibətdə işin hallarına qiymət verərək hesab edir ki, məhkəmənin bu hissədə gəldiyi nəticələr də əsaslıdır. Belə ki, yaşayış sahəsində axtarış aparılması haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evin dərs otağındakı qəhvəyi rəngli dolabın içərisindən bir ədəd sellofan bükümdə 11,791 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən protokoldan görünür ki, evə baxış keçirilməsində Təqsirləndirilən şəxs özü də iştirak etmiş, baxış cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq baxış nəticəsində aşkar edilmiş narkotik vasitənin növünə və çəkisinə görə Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-in 8.1, 41.2 və 58.3-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı Cinayət Qanununun yuxarıda qeyd edilən normaları ilə müəyyən edilmiş meyarlar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, məhkəmə ədalətli cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni, əsaslı və ədalətli cəzanın təyin edilməsinə nail olmuşdur. Belə ki, məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu, gənc olmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə cəzanın məqsədlərini təmin edən həddə, yəni 11 ay 9 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməsi, məhkəmənin qanuni və əsaslı olan hökmünün isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(099)-353/2023 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar