Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-163/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru X8, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 1(073)-197/2023 saylı hökmü ilə (sədrlik edən E.Ə.Əmirəliyev) xx.xx.1976-cı ildə Cəlilabad rayonunun Ağusəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Cəlilabad rayon Dələli kənd ümumi orta məktəbində riyaziyyat və informatika müəllimi işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Ağusəm kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri, R.Nəsirov küçəsində yerləşən nömrəsiz evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını əsas iş yeri üzrə çəkməsi, cəzasının əvvəlinin aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 13 fevral 2023-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, Döngə 11, ev 9-da yerləşən fərdi yaşayış evində iş yoldaşı X5 ilə mobil telefonda danışmasını irad tutan həyat yoldaşı Zərərçəkmiş şəxs ilə həmin zəmində aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə dəfələrlə əl və ayaq zərbələri ilə vuraraq, onu yerdə sürüyərək sol dirsək oynağı nahiyəsində əzilmiş yaranın sağaldıqdan sonrakı izi olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan çapıqdan ibarət olan xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cəlilabad Rayon Məhkəməsinin qeyd olunan hökmündən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün apellyasiya baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşının və Cəlilabad RPŞ-nin əməkdaşı olan qardaşı Mais Qasımovun onun barəsində verdikləri ifadələr şər və böhtandan ibarətdir, onlar guya Təqsirləndirilən şəxs öz iş yoldaşı ilə cinsi münasibətdə olduğunu və onun Rəhmandan hamilə qaldığını bildirmiş, bunu bütün Cəlilabad rayonunda və hətta Cəlilabad RPŞ-nin məsul əməkdaşlarının yanında yaymış, bu böhtanla bağlı onun iş yoldaşı Sevinc Bədirovanı məktub vasitəsi ilə Cəlilabad RPŞ-nə çağıraraq, hədə-qorxu gələrək əgər gəlməzsə, zorla gətiriləcəyi təhdidi altında səlahiyyət həddini aşmaqla onu PŞ-nə gətirmiş, iş yoldaşım və o, xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-nə gələrək izahat vermiş və barələrində yayılmış böhtanla bağlı məhkəmətibb ekspertizasından keçmək istədiklərini bildirmiş, iş yoldaşı, xüsusilə ekspertizadan keçirilməsini israrlı şəkildə müstəntiqdən tələb etmiş, lakin müstəntiq müxtəlif bəhalələr gətirərək Sevinc Bədəlovanı ekspertizadan keçirməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs DİN-nə şikayət etmiş, şikayətində X6 onu hədələyərək maşınla vuracağını, xidməti silahla öldürəcəyini, atasına onun yanımda “oğlunun cibinə qoyaraq tutduracağam” deməsini, əgər bacısını boşayarsa, 30.000 manat verib onu tutduracağını nümayişkəranə surətdə bildirməsini qeyd etmiş, onun dedikləri həqiqətə çevrilmiş, Cəlilabad RPŞ-də barəsində qanunsuz və əsassız olaraq cinayət işi başlanmış, Cəlilabad rayon prokuroru onun barəsində tərtib edilmiş əsassız ittiham aktını təsdiq etmiş, Cəlilabad Rayon Məhkəməsi də onu əsassız olaraq məhkum etmişdir. Lakin o, heç vaxt keçmiş arvadını vurmamış, ona xəsarət yetirməmiş, keçmiş arvadını və qaynı avradını əxlaqsız hərəkətlərinə görə keçmiş qaynı, Cəlilabad RPŞ-nin əməkdaşı Mais Qasımov vuraraq xəsarətləndirmiş, Mais bunu onun, atasının və öz əmisinin yanında bildirmiş, lakin X16 RPŞ-nin əməkdaşı olmasından istifadə etməklə polis əməkdaşlarının vasitəçiliyi ilə onu şərləmiş, Cəlilabad Rayon Məhkəməsi də həmin şərləməni qanuniləşdirmişdir. DİN-nə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nə dəvət etmişlər, o şikayətilə əlaqədar izahat verərkən Mais Qasımov təhqiqatçı Seyidrza Təhməzovun yanında ona ana-bacı söyüşü söymüş, üstündə olan tapança ilə onu öldürəcəyi ilə hədələmış, bunu görən təhqiqatçı onu məcburi qaydada otaqdan çıxarmaq istəmış, lakin Mais otaqdan çıxmaq istəməmiş, vəziyyətin ciddiliyini görərək o, Cəlilabad RPŞ-nin rəisi Polad Qarayevin otağına soxulmuş, polis əməkdaşı Mais Qasımovun onun başına gətirdikləri barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmiş, belə şəxsin polis orqanlarında çalışmağa mənəvi haqqı olmamasını bildirmiş, rəis onu dinləyəndən sonra təhqiqatçı Seyidrza Təhməzovu otağına dəvət edərək ona dedikləri ilə əlaqədar təhqiqatçıdan soruşmuş, təhqiqatçı da onun dediklərini təsdiq etmiş, Mais haqqında qanuni tədbir görüləcəyi bildirilmiş, lakin onun barəsində heç bir tədbir görülməməsindən daha da qürrələnən Mais Qasımovun atası evinə basqın edərək Təqsirləndirilən şəxs döyərək xəsarətləndirmiş, Rəhmanı onun əlindən əmisi Aqil Alkişiyev və bacısının əri, qayınatası Rəyasətin qardaşı Rafət Qasımov almışlar. Beləliklə, nəyin bahasına olursa olsun, keçmiş arvadı, qayınatası və qaynı onların boşanmalarının qarşısını almaq üçün müxtəlif üsul və vasitələrə əl atmış, Rəhman keçmiş arvadını döymədiyi halda, onlar xx.xx.2023-cü il tarixdə guya keçmiş arvadını döyməyi barədə DİN-nin 102 telefon xidmətinə məlumat vermiş, şikayət əsasında həmin gün Cəlilabad RPŞ-nin təhqiqatçısı Samir Musayev evlərinə gələrək onlardan izahat almış, arvadından əgər döyülmüşdürsə, xəsarətin izlərini, Rəhmanın onu kimin yanında döydüyünü soruşmuş, lakin keşmiş arvadı Vəsimə atası ilə birlikdə yenidən yalan danışaraq Vəsiməni indi yox, guya bir neçə ay bundan əvvəl döydüyünü bildirmiş, Rəhman isə təhqiatçının yanında onların hər ikisinin yalan danışdığını, nə indi, nə də əvvəl Vəsiməni döymədiyini bildirmiş, Vəsimədə heç bir xəsarət izi olmadığından təhqiqatçı Samir Musayev ata və balanın hər ikisinin yalan danışdığını hiss edərək onlara cinayət barədə yalan məlumat verməyə görə məsuliyyətə cəlb edilə biləcəklərini bildirmiş, lakin sonradan işi elə qurmuşlar ki, guya o, keçmiş arvadı Vəsiməsi mütəmadi olaraq döyüb incitmişdir. Bunun sübut olunmadığını gördükdən sonra ona məlum olmayan səbəblər üzündən işin icraatını bir müddət dayandırdırmış, hansı yollasa, guya Vəsimənin bədənində müxtəlif xəsarətlər olması barədə ekspertdən rəy almış, müstəntiq də guya həmin xəsarətləri Vəsiməyə onun yetirməsi nəticəsinə gəlmiş, əslində əxlaqsız hərəkətlərinə görə Vəsiməni qardaşı Mais döymüş, Rəhman ondan boşanmaq istədiyi üçün onu şərləmiş və qardaşının onu döyməsini bildirməmiş, lakin müstəntiq buna qiymət verməmiş, ifadəsində bildirsə də, məhkəmə də bunu nəzərə almamış, əksinə məhkəmədə onun dediklərini təhrif edərək hökümdə qeyd etmişdir ki, guya 2023-cü ilin fevral ayının 13-də o, Vəsimənin sifətinə əli ilə bir dəfə vurmuşdur. Prosessual məsələlər Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi X1 Alkişiyev ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olduğunu və dəymiş ziyanın tam olaraq ödənildiyini göstərib, CM-in 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X13 iş üzrə qanunamüvafiq qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlk növbədə qeyd olunmalıdır ki, CPM-in 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilməlidir ki, apellyasiya şikayətində təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi və işin faktiki halları mübahisələndirmiş, keçmiş arvadını nə indi, nə də əvvəllər döydüyünü, ona şər atıldığını göstərmiş və bu səbəbdən barəsində bəraət hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi espertizasının rəyi, o cümlədən işdə olan biri digərinə kifayət qədər uyğun gələn digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş faktiki halları düzgün olaraq məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi kimi qiymətləndirilmiş və onun həmin əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs sonradan apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını bildirmiş, bu səbəbdən də barəsində CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilmiş və Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin birinci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və onun barəsində icraatına xitam verilmiş hər hansı cinayət təqibi ilə bağlı material olmamışdır. Ona görə də kollegiya hesab edir ki, müdafiəçinin apellyasiya şikayətinin baxılmasına xitam verilməli, birinci intansiya məhkəməsinin qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində CM-in 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, həmçinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 1(073)-197/2023 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində CM-in 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. X7 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-163/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-163/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver