Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-18/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi ilə, hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şivan regional vəkil bürosunun vəkili X2 iştirakları ilə. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(020)-19/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(020)-19/2023 nömrəli hökmünə əsasən (hakim Ramiz Nurullayev) xx xxxx 1984-cü ildə Füzuli rayonu, Qarakolu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Füzuli rayonu, Qarakolu kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Həziyev X5 Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o 13 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, AD № 649620 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünün mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə “Mercedes Benz E220” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Horadiz-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindən keçən hissəsində, Horadiz şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib göstərilən yol hərəkəti qaydalarını pozub, hərəkət zamanı idarə etdiyi nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmayaraq hərəkətdə olduğu Horadiz-Bəhrəmtəpə avtomobil yolu Daşburun-Əhmədli-Dünyamalılar yolunun kəsişməsində, sağ tərəfdən yolayrıcına daxil olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 21060” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş, onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs2 sol bud sümüyünün açıq yerdəyişmiş, sol körpücük, sol kürək, sol bazu sümüklərinin, sağdan İİİ, İV, soldan İ, İİ qabırğaların qapalı sınıqları, ikitərəfli hemotoraks, ağciyərlərin əzilməsi və cırılması, sol qaş nahiyəsinin və sol saidin əzilmiş-cırılmış yaraları, sol budun cırılmış yarası, burun nahiyəsinin, sol bazunun, sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sağ budun, sol baldırın, sağ ayağın sıyrıqları, ənsə, sol kürək, sol çiyin qurşağı, sol körpücük, sol bazu, sağ dirsək oynağı, sağ said nahiyələrinin dərialtı hematomaları xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alması nəticəsində Zərərçəkmiş şəxs2 aldığı sol bud sümüyünün açıq yerdəyişmiş, sol körpücük, sol kürək, sol bazu sümüklərinin, sağdan İİİ, İV, soldan İ, İİ qabırğaların qapalı sınıqları, ağciyərlərin əzilməsi və cırılması nəticəsində baş vermiş posttravmatikhemorragik şok xarakterli xəsarətlərdən 14 noyabr 2022-ci il tarixdə saat 14:30-da X3 və Ortopediya İnstitutunda ölməsinə, bundan əlavə Zərərçəkmiş şəxs1 sağ mil sümüyünün aşağı üçdə-birində qapalı sınığı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər almasına səbəb olmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, qəza zamanı onun avtomobilində 2 türk vətəndaşı olmuşdur və həmin şəxslər də hadisə zamanı qəzanın verməsi hallarına şahid olmuşlar. Nə istintaq prosesində, nə ekspert rəyində, nə də məhkəmə iclası zamanı qarşı tərəfdən gələn digər “Vaz 21060” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 əslində sürücülük vəsiqəsinin olmadığı və bu səbəbdən naşılıq etdiyini, təqsirləndirilən şəxsin isə baş yolla hərəkət etdiyinə baxmayaraq, ehtiyata görə sürət həddindən daha aşağı sürətlə getdiyi və buna baxmayaraq, Zərərçəkmiş şəxs2 tərəfindən idarə edilən avtomobilin təqsirləndirilən şəxsin yoluna gözlənilmədən çıxdığına görə, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmasının mümkün ola bilməyəcəyini (çünki həmin zaman məsafə cəmi 2-3 metr olmuşdur) nəzərə alınmamışdır. Məhkəmə Zərərçəkmiş şəxs2 tərəfindən idarə edilən avtomobilin onun yoluna gözlənilmədən çıxdığına görə, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmasının mümkün ola bilməyəcəyini bildirmiş və hadisənin ətraflı araşdırılmasını istəmiş, lakin onun ifadəsi vəsatət kimi qəbul edilərək elə həmin günü rədd edilmişdir. “Təsadüfdür” ki, işin içərisindəki ekspert rəyi də elə həmin tarixlidir. Bütün bu “təsadüflər və prosesual hərəkətlərin tarixlərinin eyniliyi əslində istintaqın obyektiv keçirilmədiyinə dəlalət edir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilənlərə əsasən Beyləqan Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(020)-19/2023 nömrəli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün cıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Qismən istintaqla keçirilən məhkəmə iclasında Dövlət ittihamçısı2 bildirmişdir ki, iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi sübuta yetirilmiş, birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ona ədalətli cəza təyin edilmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(020)-19/2023 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X7 gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Qismən istintaqla keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək, “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” 12 fevral 2024-cü il tarixli, 8/86 nömrəli rəyi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmün ləğv edilməsini və məhkum olunmuş şəxsə bəraət verilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət-Prosessual Məcəlləsin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddə ilə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edibetməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materialları və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahid ifadələrini dinləyib hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin olunmamalı, Beyləqan Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, 13 noyabr 2022-ci il tarixdə, günorta saatlarında özünə məxsus “Mercedes Benz E220 minik” markalı avtomobillə Bakı şəhərindən Füzuli rayonuna gələrkən Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindən keçən dairəyə yaxınlaşan vaxt “VAZ-2106” markalı avtomobilin onun yolu ilə kəsişən yoldan, sağ tərəfdən dairəyə daxil olduğunu görmüş, bu zaman həmin avtomobil onun avtomobilinə təxminən 2-3 metr məsafə qalmış qarşısına çıxmış və nəticə yol nəqliyyat hadisəsi baş vermişdir. O, hadisənin qarşısını almaq üçün sükanı sola tərəf çəksə də hadisənin qarşısını ala bilməmişdir. Qəza baş verən həmin ərazidə böyük ağaclar olduğundan dairəyə daxil olan avtomobillərin görünüşü məhdud olmuşdur. Həmin vaxt onun hərəkət sürəti saatda 70-80 km olmuş və “VAZ-2106” markalı avtomobili dairəyə çatmağa 10 metr qalmış görmüşdür. “VAZ-2106” markalı avtomobili gördükdən sonra fikirləşmişdir ki, o, dairədə dayanacaqdır. Lakin “VAZ-2106” markalı avtomobil dayanmamış toqquşmaya 2-3 metr qalmış həmin avtomobil onun hərəkət hissəsinə çıxdığından hadisənin qarşısını ala bilməmişdir. O, “VAZ-2106” markalı avtomobilin gəldiyi sürətlə dairəyə daxil olduğunu, “VAZ-2106” markalı avtomobilin hansı sürətlə hərəkətdə olmasını bilməmişdir. “VAZ-2106” markalı avtomobil onun hərəkət zolağına daxil olmuş və onun üçün təhlükə anı həmin avtomobilə çatmağa 2-3 metr qalmış başlamışdır. Bundan başqa 04 dekabr 2023-cü il tarixdə hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, idarə etdiyi “Mercedes Benz E220” markalı, **-LG- *** dövlət qeydiyyat nişanlı avtomobillə Horadiz-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonu Dünyamalılar kəndi ərazisindən keçən hissəsində Horadiz şəhəri istiqamətində təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun Horadiz-Bəhrəmtəpə avtomobil yolu Daşburun-Əhmədli-Dünyamalılar yolunun kəsişməsində sağ tərəfdən yol ayrıcına daxil olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 21060” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuşdur. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yol ayrıcında, ikinci dərəcəli yolla hərəkət edən “Vaz 21060” markalı sürücüsü Zərərçəkmiş şəxs2 onun baş yolla hərəkət edib yolayrıcına yaxınlaşmasına baxmayaraq, müəyyən edilmiş yerdə avtomobili saxlayıb yol verməmiş, əksinə gözləmədən gəldiyi sürətlə baş yola çıxmışdır. Bu baxımdan onun hərəkəti üçün təhlükə “Vaz 21060” markalı sürücüsü Zərərçəkmiş şəxs2 müəyyən edilmiş yerdə avtomobili saxlamadan baş yola çıxdığı an yaranmış və məsafə az olduğundan hadisənin qarşısını almağa imkanı olmamışdır. Hesab etmişdir ki, Vaz 21060” markalı avtomobilin qarşısından keçə bilər, lakin keçə bilməmişdir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatlara uyğun olaraq ölçülər götürülmüş, “Mercedes Benz E220” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yarandığı andan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 21060” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yerinə qədər olan məsafə 23 metr 20 santimetr olması müəyyən edilmişdir. Həmin müayinəyə əsasən müdafiə tərəfinin vəsatəti təmin olunaraq 20 dekabr 2023-cü il tarixdə əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirimişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun əri olmuşdur. 13 noyabr 2022ci il tarixdə, saat 15 radələrində əri Camalla birlikdə Camalın idarə etdiyi “VAZ-2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən pay torpaq sahəsindən Daşburun-Əhmədli-Dünyamalılar avtomobil yolu ilə qayıdan zaman o, avtomobildə arxa oturacaqda əyləşmiş və özünü yaxşı hiss etmədiyi üçün başını arxaya doğru söykəyərək yatmış və zərbənin təsirindən anidən ayılmışdır. Həmin vaxt hadisənin şokunda olduğu üçün bundan sonra baş verənlər tam yadında qalmamışdır. Təcili-tibbi yardım avtomobili gəldikdən sonra onu və əri Camalı Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisə nəticəsində onun sağ qolu sınmış və bədəninin bəzi nahiyələri əzilmiş, əri Camal isə ağır xəsarətlər almışdır. Həkimlər xəstəxanada onları müayinə etdikdən sonra Camalı Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparmalarını məsləhət görmüşlər. Onlar həmin gün Camalı Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparmışlar. Lakin 14 noyabr 2022-ci il tarixdə Camal həmin xəstəxanada vəfat etmişdir. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş ekspert Şahid3 ifadəsində bildirmişdir ki, ibtidai istintaq orqanı tərəfindən təyin edilmiş yolnəqliyyat ekspertizası üzrə müvafiq rəy vermişdir. İbtidai istintaq orqanının qərarına və tədqiqat materiallarına əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-2106” markalı avtomobil 2-ci dərəcəli yoldan baş yola daxil olmuş və nəticədə nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Toqquşma yerində “Mercedes Benz E220 minik” markalı avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 10.2 metr məsafə yerləşir, yəni “VAZ-2106” markalı avtomobil yol ayrıcına daxil olduğu andan toqquşma yerinə kimi ən azı 10.2 metr məsafə qət etmişdir. “Mercedes Benz E220 minik” markalı avtomobilinin sürəti 80 km saat, “VAZ-2106” markalı avtomobilin isə 10 km saat olmuşdur. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, “VAZ-2106” markalı avtomobil yol ayrıcına daxil olan anda “Mercedes Benz E220 minik” markalı avtomobil toqquşma yerindən 81.6 metr məsafədə olmuş və 80 km saat sürətlə hərəkət edən “Mercedes Benz E220 minik” markalı avtomobili mövcud yol şəraitinə uyğun olan tam dayanıqlığı 64.5 metr olması müəyyən edilmişdir. Yol ayrıcına daxil olduqda “VAZ- 2106” markalı avtomobilin “Mercedes Benz E220 minik” markalı avtomobilə toqquşma yerinin olduğu məsafə avtomobilin tam dayanma yolundan böyük olduğundan, qeyd olunan vəziyyətdə “Mercedes Benz E220 minik” markalı avtomobilinin sürücüsünün vaxtında tədbir görməklə toqquşma yerinə çatanadək idarə etdiyi avtomobili dayandırmağa texniki imkanı olmuşdur. “Mercedes Benz E220 minik” markalı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini, “VAZ-2106” markalı avtomobilinin sürücüsü isə 2-ci dərəcəli yoldan baş yola keçərkən baş yolda hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermədiyindən həmin Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozulmuşdur. Bununla da “VAZ-2106” markalı avtomobilinin sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” 31 yanvar 2023-cü il tarixli, 8/3597 nömrəli rəyindən görünür ki, iş üzrə istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ-2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes Benz E220” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstinad olunan ekspertiza rəyinə əsasən aparılmış hesabatdan məlum olmuşdur ki, mövcud şəraitdə VAZ-2106” markalı avtomobil sağ tərəfdən ikinci dərəcəli yoldan yol ayrıcına daxil olan anda Mersedes-Benz E220” markalı avtomobilin toqquşma yerindən olduğu məsafə 81,6 metrə, həmçinin mövcud şəraitdə 80 km/saat sürətlə hərəkət edən “Mersedes-Benz E220” markalı avtomobilin dayanma yolu 64,5 metr olmuşdur. “Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın 12 fevral 2024-cü il tarixli, 8/86 nömrəli rəyi üzrə aparılan tədqiqatın nəticəsinə görə məhkəmə tərəfindən müəyyən edildiyi kimi, təhlükə yaranan anda “Mercedes Benz E220” markalı 99LG193 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 23,2 metr məsafədə olması şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşını almağa texniki cəhətdən imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş üçün əhəmiyyətli hal olması nəzərə alınmaqla Azərbaycan Respublikasının CPMnin 97.6.4-cü maddəsinin tələbləri rəhbər tutularaq ekspert təşəbbüsü ilə əlavə olaraq göstərmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhlükə yaranan anda “Mercedes Benz E220” markalı avtomobilin toqquşma yerindən 23,2 metr məsafədə olması real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan anda “Mercedes Benz E220” markalı avtomobil toqquşma yerindən 23,2 metrdən böyük məsafədə olmuşdur. Qeyd edilir ki, 70-80 km/saat sürətlə hərəkətdə olan avtomobilin 23,2 metr məsafəni qət etməsinə sərf olunan vaxt 1,0-1,1saniyədir. Toqquşmanın “Mercedes Benz E220” markalı avtomobilin qabaq sağ hissəsi ilə baş verməsi və sürücü Təqsirləndirilən şəxs göstərdiyi kimi yaranmış təhlükə qarşısında avtomobili sola istiqamətləndirməsi faktları onu izah edir ki, toqquşmaya “Mercedes Benz E220” markalı avtomobil yolun eni boyunca sola doğru müəyyən məsafə qədər yerdəyişmə etmişdir. Lakin qeyd edilir ki, 1,0-1,1 saniyə vaxt ərzində sürücünün yaranmış təhlükəyə reaksiya verərək 70-80 km/saat sürətlə hərəkətdə olan avtomobili sola istiqamətləndirməsi və toqquşmaya kimi “Mercedes Benz E220” markalı avtomobilin yolun eni boyunca sola doğru yerdəyişmə etməsi mümkün deyildir. Bu isə onu izah edir ki, məhkəmə tərəfindən müəyyən edildiyi kimi təhlükə yaranan anda “Mercedes Benz E220” markalı avtomobilin toqquşma yerindən 23,2 metr məsafədə olması real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan anda Mercedes Benz E220 markalı avtomobil toqquşma yerindən 23,2 metrdən böyük məsafədə olmuşdur. Bu baxımdan ekspert öz təşəbbüsü ilə qeyd etmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz E220” markalı 99LG193 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət kollegiyası “Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın 12 fevral 2024-cü il tarixli, 8/86 nömrəli rəyini və “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın 31 yanvar 2023-cü il tarixli, 8/3597 nömrəli rəyini, o cümlədən təqsiləndirilən şəxsin ifadəsini, cinayət işi üzrə ibtidai istintaqda və qismən məhkəmə istintaqında müəyyən edilmiş halları qarşılıqlı təhlil edərək qeyd edir ki, Təqsirləndirilən şəxs hadisənin yerində müayinəsi zamanı qeyd etdiyi hallar, hadisənin real olaraq baş verməsi şəraitinə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs bütün ifadələrindən aydın olur ki, yolun hərəkət sürəti 60 km/saat olduğu halda, nəqliyyat vasitəsini 70-80 km/saat sürətlə idarə etmişdir. Belə olan halda “VAZ-2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ikinci dərəcəli yoldan yol ayrıcına daxil olan anda “Mersedes-Benz E220” markalı avtomobilin toqquşma yerindən olduğu məsafənin (81,6 metr) avtomobilin dayanma yolundan (64,5 metr) böyük olması onu izah edir ki, göstərilən vəziyyətdə sürücü Təqsirləndirilən şəxs vaxtında tədbir görməklə və ya sürət həddini aşmamaqla avtomobili 60 km/saat sürətlə idarə etməklə, “Mersedes-Benz E220” markalı avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 42.1.1-42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü-cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyatı olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə və sair hallar olduqda çıxarılır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə hazırki cinayət işi üzrə məhkum edilmiş şəxsin barəsində o halda bəraət hökmü çıxarıla bilər ki, onun əməlində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in müvafiq maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmasın; həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar mövcud olsun; onun təqsirləndirildiyi cinayətləri törədilməsinə aidiyyatı olmaması sübuta yetirilsin; onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmasın və ya toplanmış sübutlar təqsirliliyini təsdiq etməsin və sair. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və Zərərçəkmiş şəxs1, şahidlərin ifadələri, əlavə şahid ekspert Şahid3 ifadəsi, məhkəmə tibb ekspertizasının rəyləri, “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” 31 yanvar 2023-cü il tarixli, 8/3597 nömrəli rəyi və digər səndlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Beləliklə kollegiyanın hüquqi təhlilinə əsasən, Təqsirləndirilən şəxs yerində müayinə zamanı qeyd etdikləri işin faktiki hallarına uyğun deyil, digər sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Bununla da cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət təqibi üzrə toplanmış sübutlar kifayətdir ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir, birinci inctansiya məhkəməsi Şahlar Hacıyev barəsində ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlmişdir. Yekun olaraq, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və ya onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazan gətirəni olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsirini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 06 aprel 2023-ci il tarixli, 1(020)-19/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 06 aprel 2023-ci il tarixli, 1(020)-19/2023 saylı hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Elçin Xasməmmədov Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(106)-18/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-18/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver