Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-187/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 1(099)-879/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 1(099)-879/2023 nömrəli hökmü (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə) ilə xx xxxxxx 1978-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Marışlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə, 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 30 iyul 2023-cü il tarixdən hesablanması, ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023- cü ilin mart ayında yaşadığı Salyan rayonunun Seyidsadıqlı kəndində yerləşən evinin həyətində qanunsuz olaraq əkməklə külli miqdarda çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə 30 iyul 2023-cü il tarixdə, saat 14 radələrində keçirilmiş baxış zamanı cəmi 46 (qırx altı) ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 19500,0 qram eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 2023-cü ilin mart ayında yaşadığı Salyan rayonunun Seyidsadıqlı kəndində yerləşən evinin həyətində istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi külli miqdarda çətənə bitkilərindən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 910,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış və həyətindən aşkar edilib götürülmüş 46 (qırx altı) ədəd çətənə (kannabis) bitkiləri ilə eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq toplayıb əldə edərək yerini dəyişməklə yaşadığı Salyan rayonu, Seyidsadıqlı kəndindəki yaşayış evinin həyətindəki yardımçı tikiliyə daşıyıb, qanunsuz olaraq saxlamış, 2023-cü il iyul ayının 30da, saat 14 radələrində yaşadığı ünvanda Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxsmum müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 1(099)- 879/2023 saylı hökmünün təyin olunmuş cəzaya münasibətdə dəyişdirilməsini barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasıda nəzərdə tutulmuş aşağı həddəndə yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlımışdır ki, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlar üzrə tam təqsirli bilmiş və məhkəməyə səmimi ifadə verərək əməlindən peşmançılığını göstərmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunan şəxsdir, himayəsində 1 azyaşlı uşağı vardır və yaşayış yeri üzrə də müsbət xarakterizə olunmaqdadır. Eyni zamanda Təqsirləndirilən şəxs ağır xəstədir, mütəmadi müayinə və müalicəyə ehtiyacı vardır. Onun xəstəliyi ilə bağlı sənədlər iş materiallarına əlavə olunmuşdur. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini, habelə narkotik vasitənin miqdarını nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə həmin hökmün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib həmin dəlillərə uyğun çıxış edərək, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, səhhəti ilə əlaqədar əməliyyat olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alıb təyin edilmiş cəzaya Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla məhkum edilmilş şəxsə Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrinin sanskiyalarında nəzərdə tutulmiş cəzadan da aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasına videokonfrans əlaqə sistemindən istifadə etməklə qoşularaq, müdafiəçinin çıxışı ilə razı olduğunu bildirib apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətli və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlnin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübut və işdə olan digər sənədlərlə tam sübuta yetirilmiş, onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, o, Cinayət Məcəlləsinin 234.1-1-ci ilə təqsirli bilinməklə, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsini də müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, səhhəti ilə əlaqədar əməliyyat olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkdiyini onun cəzasını yüngülləşdirən hal olduğunu və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alsa da təyin edilmiş cəza məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Belə ki, Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrinin hər birininin sanksiyalarında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə, 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları araşdırsa da, cəza təyini zamanı həmin halları kifayət qədər nəzərə almamış və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə ağır cəza təyin etmişdir. Ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompleks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə, alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə, qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə, şərti məhkum etmə institutunu tətbiq etməyə və təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Bu baxımdan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının, o cümlədən cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəzanın həddini azaltmaqla cəzanın məqsədinə nail olunacağı qərarına gəlir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 1(099)-879/2023 nömrəli hökmü şikayətə əsasən cəza təyini hissəsində dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 1(099)- 879/2023 nömrəli hökmü apellyasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət-Prosessual Məcəlləsinin 410cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-187/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-187/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver