Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-191/2024 08.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Məmmədov Samir Vahid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-716/2023 saylı, 04 dekabr 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə videkonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-716/2023 saylı, 04 dekabr 2023-cü il tarixli hökmü (sədrlik edən X8, hakimlər X9 və X4 ibarət tərkibdə) ilə, 26 sentyabr 1982-ci il tarixdə Masallı rayonun Böyük Xocavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib ona 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmışdır. İŞİN HALLARİ Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan qardaşı Şahid1 məxsus “VAZ 217030” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində Təzə Alvadı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobili “3.24 Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə edib "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunlara əməl etməyib idarə etdiyi avtomobili yolun əks hərəkət zolağına idarə etdikdən sonra həmin zolaqda Masallı şəhəri istiqamətində hərəkətdə olan rayonun Banbaşı kənd sakini, əvvəllər tanımadığı X1 hüququnu təsdiq sənəd əsasında və etibarnamə ilə idarə etdiyi “VAZ 21043” markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmuş və hadisə nəticəsində “VAZ 21043” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında olan su kanalına aşaraq çevrilməsinə, həmin avtomobilin sürücüsü X5 qarnın qapalı küt travması, qara ciyərin və dalağın cırılması, daxili qanitirmə, sol bud və sol said sümüklərinin qapalı sınığı, alnın, sol dirsək və sol said nahiyəsinin əzilmiş yarası, bədənin müxtəlif nahiyələrinin qançırları və sıyrıqları ilə nəticələnən və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri aldıqdan sonra qarnın qapalı küt travması nəticəsində əmələ gəlmiş qara ciyərin və dalağın cırılmasından törənən daxili qanitirmədən ölməsinə səbəb olan və sonuncunun idarə etdiyi avtomobilin ön sərnişin oturacağında olan Masallı rayonu Banbaşı kənd sakini, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol birinci qabırğanın yerini dəyişən qəlpəli sınığı, sağ bazu nahiyəsinin kəsilmiş yarası, sol əlin arxa hissəsinin və gövdənin sol yan hissəsinin sıyrıqları kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-716/2023 saylı, 04 dekabr 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasının aşağı həddində azadlaqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətmişdir, törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid edilsə də, cinayət ehtiyatsızlıqdan törədilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərmiş, lakin barışıq əldə edilməmişdir. Təqsirləndirilən şəxs atası 2-ci qrup əlil olmaqla lal və kardır. Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxsdir və əlil atası onun himayəsindədir. Yaşayış yerindən müsbət xarakterizə olunur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X6 müdafiəçisi olduğu şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X10 təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-716/2023 saylı, 04 dekabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərində məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın ağırlığı mübahisələndirildiyindən, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə ittiham olunmuş Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum edilmiş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum edilmiş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmiş, onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinə öz hökmündə hüquqi qiymət verərək, onu haqlı olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CMnin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin ibtidai araşdırma və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla tamamilə sübuta yetirildiyini nəzərə alaraq onun barəsində təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsi üçün üçün əsaslar görmür və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Həmin şəxslər təqsirləndirilən şəxsdən şikayətçidirlər. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-716/2023 saylı, 04 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-716/2023 saylı, 04 dekabr 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-191/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-191/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver