Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-204/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə İmanov Mahir Əlisəfa oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri Əsədov İlqar Həsən Ağa oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Həsənova Gülnar İbrahim qızının iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə iclaında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin (hakim E.B.Quliyev) 18 yanvar 2023-cü il tarixli 1(017)-13/2023 nömrəli hökmü ilə xx.xx.1973-cü ilə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-in 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 2850 manat cərimə cəzasına və 2 il 3 ay 12 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmış, xx.xx.2022-ci il tarixdə təyin edilmiş cərimə cəzasından Amnistiya aktına əsasən azad edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; CM-in 69.3-cü maddəsinə əsasən onun 01 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün bir günə iki gün hesabı ilə təyin olunan azadlığın cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; üzərinə cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş; cəzasının əvvəlinin Ağcabədi rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və yaşayış yeri üzrə Ağcabədi rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməsi qərara alınmış, həmçinin iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmiş və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələr və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun İİİ siyahısının 1.2ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan xeyli miqdar hesab edilən 7 (yeddi) ədəd çətənə bitkisinin toxumlarını qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən əldə edərək, yaşadığı Ağcabədi şəhəri, X.Şuşinski küçəsində yerləşən 09 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində qəsdən, qanunsuz olaraq əkib və mütəmadi olaraq onlara aqrotexniki qulluq göstərməklə yetişdirib xeyli miqdarda kultivasiya etmiş, 01 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun qeyd edilən ünvanda yerləşən həyətyanı sahəyə baxış aparılan zaman oradan qəsdən, qanunsuz olaraq əkib və mütəmadi olaraq onlara aqrotexniki qulluq göstərməklə yetişdirib xeyli miqdarda kultivasiya etdiyi ümumilikdə təmiz çəkisi 320,0 qram olan 7 (yeddi) ədəd yaş vəziyyətdə çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri Hökmdən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs barəsində olan Ağcabədi Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilərək azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, «Ağcabədi Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmündən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin 07 yanvar 2022-ci il tarixli amnistiya tətbiq edilməsi barədə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 67.1 və 68.2-ci maddələrinə əsasən 2 il 3 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2850 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmış, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Hazırkı hökmlə məhkəmə cəza təyin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli qərara əsasən "8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edildiyindən Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndinə əsasən məhkumluğu götürülmüş hesab edilir. Halbuki, Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Eyni zamanda “Azərbaycan Respublikası CM-in 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrumetmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixində CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülməmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilə bilməz. Məhkumluğun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaradır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əsassız olaraq üzərində məhkumluğun olmaması kimi səhv nəticəyə gəlməklə, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir». Prosessual məsələlər Apellyasiya baxışında dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Həsənova Gülnar İbrahim qızı apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, onların əsassız olduğunu, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, apellyasiya protestinin təmin olunmadan, Ağcabədi Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyasından xahiş etdilər. Müdafiəçi əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur və qardaşının ailəsi də onun himayəsindədir. Odur ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın dəyişdirilməməsini xahiş edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini işin müəyyən edilmiş halları əsasında nəzərdən keçirərək, habelə cinayət prosesinin tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli və hökm cəza hissəsində dəyişdirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, istər ittiham, istərsə də müddafiə tərəfi əməlin hüquqi tövsifini, o cümlədən işin faktiki hallarını mübahisələndirməmişdir. İttiham tərəfi həm apellyasiya protestində, həm də apellyasiya baxışında birinci instansiya məhkəməsinin cinayət qanunu normasını cəza hissəsində düzgün tətbiq etmədiyini göstərərək hesab etmişdir ki, məhkəmə əsassız olaraq Təqsirləndirilən şəxs məhkumluğunun olmaması kimi səhv nəticəyə gəlməklə cinayətlərin residivinin yaranmasını müəyyən etməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestində mübahisələndirilməsə də, CPM-in 397ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda tövsifin düzgünlüyünü araşdırmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan xeyli miqdarda- 7 (yeddi) ədəd çətənə bitkisinin toxumlarını qəsdən istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək kultivasiya etmişdir. Təqsirləndirilən şəxs sadalanan əməli məhkəmə tərəfindən düzgün olaraq CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər Əsgərov Səyavuş Eldar oğlu, Əliyev Elxan İbadət oğlu və Gözəlov Asiman Cəmil oğlunun ifadələri, şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol, məhkəmə-bioloji ekspertizasının rəyi, ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyi, maddi sübut, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübut, bundan başqa, CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-in 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci maddəsi). CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar prosessual qaydalara uyğun tədqiq edilmiş və onlara düzgün hüquqi qiymət verilmişdir. Həmin sübutlar Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən cinayətin törədilməsi nəticəsinə gəlməyə əsas verir. Apellyaisya protestinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olub-olmaması məsələsini araşdıran kollegiya müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 67.1 və 68.2-ci maddələrinə əsasən 2 il 3 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2850 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmış, xx.xx.2022-ci il tarixdə isə "8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Birinci instansiya məhkəməsi hökmdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edildiyinə görə o, Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü üzrə məhkumluğu olmayan hesab edilməlidir, ona görə ki, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 7ci hissəsinə görə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə amnistiya aktına əsasən cəzadan azad edildiyinə görə o, məhkumluğu olmayan hesab edilməlidir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticələrlə aşağıda qeyd edilənlərə görə razılaşmır. Belə ki, işdən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü üzrə ona təyin edilmiş 2 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Onun cəzadan azad edildiyi həmin tarixdə amnistiya elan olunmamış və o azadlıqdan məhrum etmə cəzasından amnistiya aktına əsasən deyil, cəzasının sonu ilə azad edilmişdir. Halbuki, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 7ci hissəsinə görə, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına münasibətdə məhkumluğunun ödənilib-ödənilməməsi barədə məsələ amnistiya aktının məhkumluğun ödənilməsi barədə tələblərinə uyğun deyil, Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən həll edilməli olan məsələdir. CM-in 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Xüsusilə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir. Odur ki, kollegiya hesab edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü üzrə məcmuya daxil olan azadlıqdan məhrumetmə cəzası amnistiya aktının tətbiqi ilə bağlı olmadığına görə bu cəza növünə görə məhkumluğun ödənilməsi ilə bağlı məsələlər amnistiya aktına əsasən deyil, CM-in 83-cü maddəsinə əsasən həll edilməli, eyni zamanda Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına uyğun olaraq məhkumluğun axımı onun qəti cəzanı çəkib qurtardığı vaxtdan, yəni 07 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə olan halda isə nəzərə alınmalıdır ki, Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü üzrə məhkum Təqsirləndirilən şəxs qəti cəzadan 07 yanvar 2022-ci il tarixdə azad edilməsi səbəbindən onun məhkumluq müddətinin axımı da həmin tarixdən başlamış və müvafiq olaraq CM-nin 83-cü maddəsində nəzərdə tutulan məhkumluğun ödənilməsi müddəti (2 il) keçməmişdir. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəmüvafiq hesab edir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal olduğuna görə bu hal təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs vcəzasını ağırlaşdırna hal kimi nəzərə alınmalıdır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Odur ki, apellyasiya protestinin dəlillərini yuxarıda qeyd olunan normaların tələbləri baxımından müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını və həmin halın cəzanı ağırlaşdıran hal qismində müəyyən edilməli olmasını cinayət qanunvericiliyinin tələbləri baxımından nəzərə almamaqla cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Ona görə də həmin hal nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü ilə, yəni azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Kollegiya törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məhkumun şəxsiyyətini səciyyələndirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən sərt cəza növü olan azadlıqdan məhrumetmə cəzasının son müddətinin yarısı həddində, yəni 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində 01 sentyabr 2022-ci il saat 18:40-dan 03 sentyabr 2022-ci il saat 16:00-dək həbsdə saxlanılmışdır. Həmin müddət Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CM-in 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrumetmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısının apellyasiya protesti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(017)-13/2023 nömrəli hökmü dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması müəyyən edilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. CM-in 69.3-cü maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün təyin olunmuş azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Məhkum Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Məhkum Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin. Hökm apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-204/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-204/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver