Məhkəmə qərarları › İş №1(106)-205/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-205/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-205/2024 02.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsinin) 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 1(099)-390/2022 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətinin rədd edilməsi barədə həmin məhkəmənin 17 oktyabr 2023-cü il tarixli, 1(099)- 390/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında ilkin məhkəmə baxışını keçirərək, məhkəmə kollegiyası Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsndə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötüdüyü üçün onun bərpa edilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və həmin məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 1(099)-390/2022 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi savadı olmadığı üçün həbs olunması ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 1(099)-390/2022 nömrəli hökmündən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilən məzmunda çıxış etdi və apelyasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etdi ki, birinci instansiya məhkəməsinin qərarı ədalətsizdir, işin faktiki hallarına uyğun deyildir. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və müddətin üzürlü hesab edilərək bərpa edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş dövlət ittihamçısı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə dövlət ittihamçısı və məhkum Təqsirləndirilən şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, müdafiəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayət-prosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla bağlı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, həmin məhkəmə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir tutarlı sübutun olmaması əsası ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 1(099)-390/2022 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı hesab edir və apellyasiya şikayətinin dəlilləri ilə bağlı cinayət-prosessual qanunvericiliyi nəzəriyyəsində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri sayır. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət-Prosessual Məcəlləsinin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2022ci il tarixli, 1(099)-390/2022 nömrəli hökmü elan olunarkən Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmişlər, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 1(099)-390/2022 nömrəli hökmünün surəti 09 noyabr 2023-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs hökmün surəti 25 sentyabr 2022-ci il tarixdə təqdim edildiyindən ona münasibətdə prosessual müddətin axımı 25 sentyabr 2022-ci il tarixdən başlamış və 15 oktyabr 2022-ci il tarixdə başa çatmışdır. Məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət isə 06 saylı Cəzaçəkmə Müəssisəsinin 28 sentyabr 2023-cü il tarixli məktubu ilə 11 oktyabr 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Bununla da, məhkum tərəfindən hökmdən apelyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 11 ay 11 gün vaxt keçmiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət üzrlü səbəblər olmadan dəfələrlə ötürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı bütün hüquqları, hökm elan edildikdən sonra apelyasiya şikayəti verilməsi qaydası və müddəti ona izah edilmiş, eyni zamanda, məhkuma təqdim olunan hökmdə də bu barədə göstərilmiş, lakin qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkum apellyasiya şikayəti verməklə hökmü mübahisələndirməmişdir. Məhkəmə iclasında da məhkumun müdafiəçisi iştirak etmiş, məhkumun hüquqlarını müdafiə etmiş və apellyasiya şikayəti verilməsi qaydası və müddəti müdafiəçiyə də izah edilmişdir. Bundan başqa, iş materialları ilə də müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verə bilməsinə mane ola biləcək hər hansı bir hal mövcud olmamış və bu halların mövcudluğu barədə iş materiallarında heç bir sübut yoxdur. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2022-ci il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüquqlarından istifadə etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv olaraq araşdıraraq, məhkumun apellyasiya şikayəti ilə əlaqədar dəlillərini, eləcə də, müdafiəçinin rəyini dinləyərək, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apelyasiya şikayəti vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 202, 203, 384.1-384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (məhkum Təqsirləndirilən şəxs münasibətdə isə qərarın surəti ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar