Məhkəmə qərarları › İş №1(106)-226/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-226/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-226/2023 17.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin sədr əvəzi Zaur Allahyarov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.1-ci maddəsi ilə təqsirləndirləməsinə dair cinayət işinin aidiyyətinin dəyişdirlməsi ilə bağlı məsələyə baxaraq MÜƏYYƏN ETDİM: Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli 1(048)-02/2023 saylı hökmü ilə (sədrlik edən A.Q.Kiçibəyov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəza çəkdiyi müddətdə üzərinə CM-in 52-1-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin qoyulması qərara alınmış, həmçinin iş üzrə mülki iddia ilə bağlı məsələlər həll edilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hökmdən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 17 mart 2023-cü il tarixli ilkin baxış qərarı ilə Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli 1(048)-02/2023 saylı hökmü ləğv edilmiş, işə mahiyyəti üzrə birinci instansiya məhkəməsində yenidən baxılması qərara alınmışdır. Qeyd olunmalıdır ki, Lerik Rayon Məhkəməsi təktərkibli birinci instansiya məhkəməsi olmaqla bir nəfər hakim fəaliyyət göstərir. Həmin hakimin hökmü isə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 17 mart 2023-cü il tarixli ilkin baxış qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası CPM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə bu hal hakimə etiraz olunması və onun işə baxılmasından kənarlaşdırılması üçün əsasdır. CPM-in 109.5-ci maddəsinə görə isə birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. CPM-in 76.1-ci maddəsinə əsasən.cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən aşağıdakı hallarda dəyişdirilə bilər: 76.1.1. bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə. Həmçinin, CPM-in 77.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı cinayət işinə Lerik Rayon Məhkəməsində baxılması mümkün olmadığına görə işin aidiyyəti dəyişdirilərək, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin iş yükü nəzərə alınmaqla Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 77 və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin aidiyyətinin dəyişdirilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Sədr əvəzi Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar