Məhkəmə qərarları › İş №1(106)-245/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-245/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-245/2024 06.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin, Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 1(057)-164/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 1(057)-164/2023 nömrəli hökmü (hakim: Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi) ilə xx xxxxxx 1975-ci Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan, Salyan rayonu, Çadırlı kəndində yaşamış Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 24 iyul 2023cü il tarixdən 26 iyul 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılıb üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 26 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi və onun dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 03 iyun 2023-cü il tarixdə yaşadığı evin həyətində qızı Sədəf Babayevanın növbəti gün keçiriləcək toy şənliyi münasibətilə təşkil etdiyi məclisdə iştirak edən qardaşı oğlu Zərərçəkmiş şəxs iyunun 04-də saat 01 radələrində qaynı Şahid14 ilə mübahisə etdiyini bəhanə edib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həyətdəki hamamda olan Zərərçəkmiş şəxslə heç bir əsaslı səbəb olmadan mübahisə edib ünvanına ucadan nalayiq ifadələr işlədərək qəsdən yumruq, sillə və silah qismində istifadə etdiyi dəmir parçası ilə sonuncunun baş, üz və bədən nahiyyələrinə çoxsaylı zərbələr vurub ona sol gicgahda hematoma, burunda şişkinlikdeformasiya, üst dodaqda şişkinlik ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirmiş, həmçinin silah qismində istifadə etdiyi dəmir parçası ilə yaşadığı evin həyətində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus ağ rəngli, VAZ 211440 markalı, M744CY05 dövlət qeydiyyat nişanlı (Rusiya Fedarasiyası) avtomobilin ön alın və yan şüşələrini qəsdən sındırıb zədələyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 530 manat məbləğində maddi ziyan vurub 15-20 dəqiqə ərzində ətrafında olan insanların narahatlığına səbəb olmuş, həmin gün saat 08 radələrində təkrarən qərəzli hərəkətlərinə davam edərək yaşadığı evin qarşısında küçədə Zərərçəkmiş şəxslə mübahisə edib onun ünvanına ucadan nalayiq ifadələr işlədərək üzərində olan ilgəklə qəsdən sonuncunun boyun nahiyəsini sıxıb ona boyunun aşağı 1/3-nin ön-yan səthlərində stranqulyasiya şırımı ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət yetirərək 15-20 dəqiqə ərzində insanların narahatlığına səbəb olan hərəkətlər etməklə xuliqanlıq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində olan Salyan Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmünü dəyişdirib, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib ona təyin olunmuş cəzanı şərti hesab edilməsini və Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış və nəticədə Təqsirləndirilən şəxs ağır cəza təyin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ağabala ailənin yeganə qazanc gətirənidir, ondan başqa ailəyə baxan yoxdur. O, yaşadığı ərazidə müsbət xarakterizə olunmuşdur. Məhkəmə cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən halları nəzərə almamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X5 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Salyan Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edib, Salyan Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti çəkilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib müdafiəçisi Müdafiəçi2 cıxışı ilə razı olduğunu bildirdi və həmin apellyasiya şikayətinin təmin edilərək barəsində şərti cəza təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, ilk növbədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs etirafedici ifadələri, həmçinin zərərçəkmiş şəxs və şahidlərin ifadələri, 04 iyun 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokol, 08 iyun 2023-cü il tarixli Şirvan “AMS və Ticarət” müəssisəsinin direktoru F.M.Ələkbərov tərəfindən verilmiş rəy aktı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 07 iyun 2023-cü il tarixli 235, 236 nömrəli və 05 iyun 2023-cü il tarixli 230 nömrəli rəyləri və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar şərh etməyə zərurət görmür. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 26 dekabr 2023cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Salyan Rayon Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi, həmin əməllərə görə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətindən və müdafiə tərəfinin çıxışlarından görünür ki, apellyasiya şikayətində cəzanın ağırlığına görə ədalətsiz olması, hökm çıxarılarkən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması göstərilmiş və həmin əsaslarla da birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək məhkum olunmuş şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini araşdırıb hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətlərinin və apellyasiya məhkəmə baxışında çıxışlarının cəza təyin olunarkən birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən halların nəzərə alınmaması və həmin əsaslarla da təyin olunmuş cəzanın ağır olması barədə dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin sonuncuya təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halın olmamasını, cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması qənaətinə gəlmişdir. Apelyasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Qanunun mənasına görə şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadığı və cəzasının məqsədinə cəzanın şərti hesab edilməsi ilə nail olmağın mümkün olduğu təqdirdə tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını nəzərə alaraq təyin edilmiş cəzanın müddətinin aşağı endirilməsini, məhkum olunduğu maddəyə Cinayət Məcəlləsinin 62ci maddəsinin tətbiq edilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının məhkum olunmuş şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Salyan Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 1(057)-164/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar