Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-248/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X1 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X13, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi6, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi5 və tərcüməçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən müdafiəçilər Müdafiəçi6 və Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.Təqsirləndirilən şəxs3) 23 noyabr 2024-cü il tarixli 1(099)-496/2024 saylı hökmü ilə xx.xx.1969-cu ildə İran İslam Respublikasının Poldaşı rayonunda doğulmuş, İİR vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, İİR Poldaşı rayonunda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 6 il, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 il, CM-in 318.2-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılması qərara alınmış; xx.xx.1966-cı il tarixdə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 318.2-ci maddələri ilə təqsirli bilinib cinayətlərin məcmusu üzrə 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin cəzanın 8 ay 1 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Zəhmətabad kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 il, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən ona Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmış, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. Eybi zamanda, həmin hökmlə Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, lakin o, məhkəmənin barəsində çıxardığı hökmdən apellyasiya şikayəti verməmişdir. İşin halları Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxslər - X15 vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 öz aralarında və digər şəxslərlə külli miqdarda narkotik vasitələrin satışı məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi, Təqsirləndirilən şəxs3 həmin külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikası ərazisində gizlədiləcəyi yerdən götürməklə ümumi niyyətlə əldə edib, saxlayıb daşıyaraq satışını təşkil edəcəyi barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında hər biri külli miqdar təşkil edən 4269 qram tiryəki, 2713,2 qram qurudulmuş marixuananı və 480 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 19,2 qram metadonu, eləcə də şəxsi istehlak miqdarından artıq miqdarda 0,405 qram heroini əldə etmiş, digər şəxslə birlikdə 18 iyul 2023-cü il tarixdə saat 02 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin Cəbrayıl rayonunun Məzrə kəndində yerləşən 13-cü sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçərək, narkotik vasitələri özləri ilə daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs2 və digər yoldaşları isə sərhədçilərdən qaçmağa müvəffəq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini həmin sahədən təkrarən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikası tərəfə keçmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitələri gizlətdiyi yeri göstərmiş və həmin yerdən yəni 13-cü sərhəd zastavasının 9-cu sahəsindəki qamışlıq ərazidən bir ədəd çantada göstərilən miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 Araz çayını İran İslam Respublikası tərəfə keçə bilmədiyindən Azərbaycan Respublikaksı istiqamətinə hərəkət etmiş, sərhəd çəpərinə çatdıqda sərhəd dirəkləri arasındakı tikanlı məftilləri özündə olan kəlbətinlə kəsərək yenidən Azərbaycan Respublikası ərazisinə keçərək kolluq sahədə gizlənmiş, lakin 08 avqust 2023-cü il tarixdə həmin hərbi hissənin 20-ci sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqamətində saxlanılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi6 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Qədimi X28 Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri verərək, təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş etmişlər. Müdafiəçi6 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs3 X9 təxminən 2002-ci ildən tanımışdır. Belə ki, həmin vaxt İran İslan Respublikasına qanunsuz olaraq keçib getmiş və həmin ölkədə spirtli içki içdiyinə görə İİR-in hüquqmühafizə orqanlar tərəfindən tutularaq 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, İİR-də cəza çəkərkən Fərəciar Əlirza ilə tanış olmuşdur. Ötən müddət ərzində Fərəcian Əlirza ilə telefon əlaqəsi saxlamışdır. Həm Əlirza ona, həm də o, Əlirzaya telefonla zəng etmişdir. Əlirza ona bir neçə dəfə qaçaqmalçılıq yolu ilə narkotik vasitələri İİR-dən Azərbaycan Respublikasına keçirmələrini onun Azərbaycanda narkotik vasitələrin satışını təşkil etməsini təklif etmişdir. Lakin o, Əlirzanın bu təkliflərinə razılıq verməmişdir. Sonuncu dəfə 2023-cü ilin iyul ayında Əlirza ona bir daha zəng edib narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İİR vətəndaşları vasitəsilə keçirəcəyini, həmin narkotik vasitələri götürməsini, sonradan deyəcəyi şəxsə verməsini və ya deyəcəyi yerə qoymasını təklif etmişdir. Əlirza ona nə qədər narkotik vasitə göndərəcəyini deməmişdir. O, qərara gəlmişdir ki, bu barədə hüquq-mühafizə orqanlarına məlumat versin ki, həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirən şəxslər ifşa edilib məsuliyyətə cəlb edilsinlər. Məqsədi hər hansı narkotik vasitəni Azərbaycan Respublikasına keçirmək və sonradan onun satışını həyata keçirmək olmamışdır. Bu səbəbdən o, Cəbrayıl rayor polis şöbəsinə həmin məlumatı vermiş, yalnız polisin razılığından sonra iranlı Əlirzaya təklifini qəbul etdiyini demişdir. Lakin İİR-dən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına həmin narkotik vasitələri keçirən şəxs və ya şəxslər Cəbrayıl RPŞ tərəfindən tutula bilinməmiş, o, həmin narkotik vasitələrin sonrakı aqibəti barədə heç bir məlumata malik olmamışdır. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilərkən Əlirza adlı şəxsin Təqsirləndirilən şəxs1 "WhatsApp" tətbiqi vasitəsilə onun və onunla həmin vaxt bir yerdə olan X3 birlikdə çəkilən fotoşəklini göndərib "Sülhəddin, bunlar gəlib götürməlidi baaax, mənə tez cavab verginən. Mənə tez cavab verginən, bunlar gəliblər. Ordadırlar" sözləri barədə heç bir məlumatı olmamış, iranlı Əlirzanın bu təklifini polisə məlumat verdikdən sonra qəbul etmiş, məlumatı verdikdən sonra isə heç bir işə qarışmamışdır. 18 iyul 2023-cü il tarixdə isə, yəni narkotik vasitələrin keçiriləcəyi gün o, demək olar ki, yaşadığı evdə və ya Biləsuvar rayonu ərazisində olmuşdur. Yəni Əlirzanın səs yazısında deməsinə görə o, narkotik vasitələrin keçiriləcəyi yerə getməmişdir. O həmin vaxt öz yaşadığı Biləsuvar rayonunda olmuş, Əlirza ona sonradan da yer barədə heç nə deməmişdir. X21 kimi məlum olan İİR vətəndaşı iş üzrə təqsirləndirilən şəxə Təqsirləndirilən şəxs1 mobil telefonuna bu cür məzmunlu səs yazısı və onun fotoşəklini göndərməsinin səbəbini izah edərkən bildirmişdir ki, Əlirza bilə-bilə ona bu oyunu qurmuş, belə ki, sonuncu narkotik vasitələri keçirən Təqsirləndirilən şəxs1 tutulduğunu biləndən sonra sonuncunun telefonuna qəsdən belə bir məzmunlu səs yazısı və onun fotoşəklini göndərmişdir ki, o da cinayətin iştirakçısı kimi məsuliyyətə cəlb edilsin. O, Əlirza adlı şəxslə düşmənçiliyinin, ədavətinin olub-olmaması, həmçinin hansı məqsədlə Əlirzanın belə bir iş tutmasının səbəbi barədə düşünür ki, Əlirza onunla qəsdən düşmənçilik etmişdir. Belə ki, təxminən 3-4 ay bundan öncə Əlirza ona zəng edib demişdir ki, Biləsuvar rayonunda ona bir nəfər şəxs 8.500 manat məbləğində pul gətirib verəcəkdir. Əlirza demişdir ki, pul onundur və hələ ki, həmin pulu götürüb özündə saxlasın. O, Əlirzadan həmin pulun nəyin pulu olmasını və ona həmin pulun kim tərəfindən veriləcəyini soruşduqda sonuncu demişdir ki, onun tanımadığı bir şəxs pulu gətirib ona verəcək, pulun isə bir nəfərin ona borclu olduğu pul olduğunu bildirmiş, o da sonuncu ilə razılaşmışdır. Əlirza ondan həmin vaxt harada olmasını soruşmuş, o isə cavabında Biləsuvar rayon bazarının yaxınlığında yerləşən körpünün yanında öz istifadəsində olan "Azsamand" markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturub taksi fəaliyyəti kimi müştəri gözlədiyini demişdir. Əlirza ona olduğu yerdə dayanmasını və təxminən 15-20 dəqiqə sonra bir nəfər şəxsin ona yaxınlaşaraq 8500 manat məbləğində həmin pul vəsaitini verəcəyini demişdir. Təxminən yarım saat sonra avtomobildə oturub gözləyən zaman bir nəfər əvvəllər tanımadığı şəxs avtomobilin sağ qapısını açıb ondan adını soruşmuş, o, özünü Adil kimi təqdim etmiş, bundan sonra həmin şəxs əlində olan polietilen torbanı avtomobilin ön sağ oturacağının üstünə qoyaraq qapını bağlamış və oradan piyada uzaqlaşmışdır. O, bundan sonra avtomobildə oturub pulu saymış və 8500 manat olduğunu dəqiq bildikdən sonra pulu təhvil alması barədə Əlirzaya məlumat vermişdir. Əlirza isə ona demişdir ki, ola bilsin bir neçə gündən sonra təxminən əlavə 10000 manat pul da ona həmin şəxs tərəfindən verilsin. Əlirza demişdir ki, həmin pulları cəm şəklində sonradan onun deyəcəyi şəxsə çatdırsa həmin puldan ona 200 manat pul verəcəkdir. O, bir daha Əlirzadan qeyd olunan məbləğdə pulların nəyə aid olmasını soruşmuş, lakin sonuncu ona heç nə deməmiş və ona öz işi ilə məşğul olmasını, dayanan yerdə 200 manat qazancının olduğuna sevinməli olduğunu bildirmişdir. Bundan sonra o, pulu götürüb evə getmiş, Əlirza ona çatdırılacaq olan 10000 manat barədə sonradan heç nə deməmiş və bir-iki dəfə ondan pulu qanunsuz yolla İİR-ə göndərməsini xahiş etmiş, lakin o, bunu etməmiş və pulu ötən müddət ərzində ehtiyacları üçün xərcləmişdir. O, həı dəfə bəhanə edərək Əlirzanın pullarını qaytarmaqdan yayınmış, artıq sonuncu son dövrlər görmüşdür ki, o, həmin pulu sonuncuya vermək istəmir, bu səbəbdən o, düşünmüşdür ki, Əlirza ona narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təklif etmiş və bu yolla oyun oynayıb onu tutdurmaq istəmişdir. Onunla birlikdə fotoşəkildəki şəxs isə Biləsuvar rayonundan olan X5r. Bu fotoşəkil dostları Sahibin qızının toy məclisində çəkilmiş və o, bu fotoşəkli paylaşmışdır. Əlirzanın isə həmin fotoşəkli saxlayıb qurduğu bu oyunda vasitə kimi istifadə etdiyini düşünür. O, Əlirzanın pulunu çatdıran şəxsi əvvəllər görməmiş, həmin şəxs Biləsuvar rayon sakini olmamışdır. O, polisə bu barədə 8500 manat barədə heç nə deməmiş, çünki həmin pulu ehtiyaclarına xərcləmişdir. O, istifadəsində olan 070-20294-06 saylı mobil nömrədən şəxsiyyəti istintaqa Əlirza adlı İİR vətəndaşı kimi məlum olan şəxsin istifadəsində olan +98-914953-90-24 saylı mobil telefon nömrəsinə 30 iyun 2023-cü il tarixdə saat 03:10 radələrində 23 saniyə müddətinə telefon danışığı aparılması barədə danışığın məzmunu barədə bildirmişdir ki, həmin danışığın məzmununu xatırlamasa da, düşünmüşdür ki, ola bilsin Əlirza ona zəng edib görüntülü danışmaq istədiyini demiş və onlar "WhatsApp" tətbiqindən istifadə etməklə telefon danışığı aparmış, bəlkə də həmin danışıq ona çatdırmaq istədiyi 8500 manat məbləğində pulla əlaqəli olmuşdur. Bəlkə də Əlirza ona həmin vaxt narkotik vasitələrin keçirilməsi və onun tərəfindən götürülməsini təklif etmişdir. Lakin danışığın müddətindən də görünür ki, aparılan danışıq cəmi 23 saniyə təşkil edir. Çox güman ki, Əlirza ona başqa bir məsələ haqqında zəng edib, lakin o, danışığın məzmununu dəqiqliklə xatırlamır. Təqsirləndirilən şəxs3 cinayət hadisəsi ilə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Bu səbəbdən də cinayət işi üzrə birinci instansiyası məhkəməsinin düzgün olmayan nəticəyə əsaslanan məhkəmənin hökmünün qanunsuz hesab edilməsi və hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır. Müdafiəçi5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi İİR vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2,234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittihamları əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarına əsasən, guya 18 iyul 2023-cü il tarixdə təqsirləndirilən İİR vətəndaşı Təqsirləndirilən şəxs1 istintaqa İsmayıl, Əlirza və Əli adları ilə məlum olan digər İİR vətəndaşları ilə əlaqəyə girərək külli miqdarda və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən satış məqsədi ilə qanunsuz olaraq keçirmişlər. Cinayət işinin başlanması haqqında qərardan açıq aydın görünür ki, bu hadisələrin real şərhinə istinad olunmayan mövqeydir. Saxlanılan gündən olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, qeyd olunan İran vətəndaşları ona spirtli içki qəbul etdirmişlər və özü də bilmədən onu Azərbaycan Respublikası ərazisinə gətirmişlər. Olduqları yerə gələrkən onlarda iki ədəd çanta var idi. Onu gətirənlərin dediklərinə əsasən, çantaların hər ikisində yemək var idi. Çantalardan birini aralıdakı kolluqda qoyub, ikinci çantanı açaraq orada olan yeməklərdən yeyib, yenə də spitli içki qəbul etdikdən sonra orada yuxulamışdır. Səhər açılanda o, spitli içkinin təsirindən ayılmış və ətrafda sərhəd dirəklərindən ona məlum olmuşdur ki, o sərhədi keçmişdir. Ətrafda olan sərhəd dirəklərində aparat qurğularını görüb özü həmin yerə yaxınlaşmış və əli ilə işarə verərək qışqırmaqla burada olduğunu, gəlib onu aparmalarını bildirmişdir. Dövlət sərhədindən təhminən 60-70 metrə məsafə var idi. Bir az keçdikdən sərhəd xidməti əməkdaşları ona yaxınlaşanda onlara hadisəni danışmış, yanında yemək olan çantaya baxdıqları zaman çantanın içində həqiqən yemək olduğunu görmüşlər. Sülhəddin isə sərhəd xidməti əməkdaşlarına həmin şəxslərdə daha bir çantanın olduğunu və onu kolluqlarda gizlətdiklərini bildirmişdir. Sərhəd xidməti əməkdaşları həmin ərazini axtardıqda həqiqətən də kolluqlardan daha bir çantanı tapmışlar və çantanın içini axtardıqları zaman çantada narkotik vasitələrin olmasını aşkarlamışlar. Araşdırma zamanı Təqsirləndirilən şəxs1 dedikləri həqiqət kimi qəbul olunmayaraq ona əsassız ittihamlar elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq təcridxanasında olan zaman Təqsirləndirilən şəxs1 ailəsi ilə telefon əlaqəsi saxlayaraq hadisəni onlara bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 arvadı Xanım X2 İİR-in dövlət orqanlarına rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Ərdəbil Vilayəti üzrə Baş Ədliyyə İdarəsi Aslanduz rayonu Ümumi Məhkəməsinin 2 saylı Şöbəsinin Qərarına əsasən: Şikayətçinin həyat yoldaşı cənab Solhaddin Alizadeh, Qərbi Azərbaycan Vilayətinin (Urmiyə) Poldəşt rayon sakinidir ki, işsizlik və imkansızlıq səbəbindən əkin sahələrində işləmək məqsədi ilə müvəqqəti olaraq Muğan məntəqəsinə köçmüşdür, ailəsi isə Urmiyədə qalmışdır. Ançaq, Aslanduz şəhərinin əkin sahələrində işə başladıqdan bir neçə gün sonra, uğursuzluqdan orada əvvəllər narkotik malların qaçaqmalçtığı cinayət işi ilə məhkum olan iki nəfərin tələsinə düşür. Sözügedən şəxslər onun maddi ehtiyacından sui-istifadə edib pul vədəsi verərək aldatmış və narkotik vasitədən ibarət bağlamanı daşımasına yönləndirmişdilər ki, Araz çayını keçərək Azərbaycan Respublikasının ərazisində malı orada gözləyən qaçaqmalçıya təhvil versin. Ancaq, fəhlə şəxsin taleyi belə idi ki, sərhədi keçən kimi Azərbaycan Respublikasının ərazisinə daxil olaraq həmin ölkənin məmurları tərəfindən yaxalanır və narkotik maddədən ibarət bağlaması zəbt olunur və Solhaddin Alizadeh həbsxanaya göndərilir. Lakin, onun macərası burada bitmir və Solhaddin Alizadeh yaxalandığı zaman narkotik mallarını itirən şəxslər vurulan ziyanı dələduzluq yolu ilə geri qaytarmaq məqsədi ilə onun ailəsindən üç yüz on miliyon tümən pul alırlar. Onların dələduzluqları belə baş tutur ki, Solhaddinin xanımı öz həyat yoldaşının Azərbaycan Respublikasında həbsə düşməsini bilən kimi Aslanduz şəhərinə müraciət edir və araşdırmadan sonra həyat yoldaşı ilə əlaqədə olan şəxsləri tapır. Sonra təqsirli hesab edilən hər iki şəxs Amin və Alireza Fapajan Azərbaycan vətəndaşı olan digər bir şəxslə utanmadan əlbir olub bir neçə azərbaycanlı ilə də əvvəlcədən razılaşdırılmış telefon əlaqələri yaradıb «müəyyən məbləğ ödəsəniz biz həmin pulu Azərbaycan Respublikasındakı geniş əlaqəli adamlarımıza verib sənin həyat yoldaşını həbsdən xilas edə bilərik» deyə şantaj etməklə üç yüz on milyon tümən pul alıblar. Şikayətçi tərəf həyat yoldaşının azad olunması ümidi ilə qızıllarını və digər əşyalarını satır və min bir çətinliklə həmin məbdəği təmin edir. Lakin, bütün bunlar təqsirli hesab edilən şəxslərin həbsxanada olan muzdlunun ailəsindən pul almaları üçün çirkin planı idi. Əslində həmin utanmaz və həyasız təqsirli şəxslər şikayətçini həyat yoldaşını qürbətdə həbsxanaya saldırmaqdan başqa onun ailəsinin də əmlakına rəhm etməyiblər. Bütün bunları nəzərə alaraq, məhkəmə, şikayətçinin və şahidlərin sözlərini və iddialarını dinləyib pul köçürməsinə aid sənədini müşahidə edib, digər tərəfdən, təqsirli hesab edilən şəxslərin məhkəməyə çağırılmalarına baxmayaraq təşkil olunan heç bir iclasda iştirak etmədiklərini və özlərini müdafiyə etmədiklərini və həm də polis qüvvəsinin onları məsuliyyətə cəlb etməkdə nəticəyə nail olmadığını nəzərə alınıb araşdırmadan sonra hər iki təqsirli hesab edilən şəxs tərəfindən dələduzluq cinayətinin baş verməsini qəti şəkildə təsdiq edib və «rüşvət, başqasının əmlakını mənimsəmə və dələduzluq cinayət işlərinin amillərinin cəzasının şiddətlənməsi barədə qanun»-un 1-ci və 2-ci maddələrinə istinadən təqsirli hesab edilən şəxslər üçün 84 ay şəriət əsaslı təzir növlü həbs, İİR-in Dövlət Kassasına doqquz yüz otuz milyon tümən nağd cərimənin ödənilməsi və həmçinin zərərçəkən şəxsin əmlakını geri qaytarmağı cəza olaraq təyin etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş sərhəd xidməti əməkdaşı Təqsirləndirilən şəxs1 yaxalandığı yerin dövlət sərhədindən 60-70 metr məsafədə olduğunu, həmin ərazini özü də tərk edərək sərhədi keçə bilmək imkanı olmasını təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yaxalayan zaman içərisində narkotik vasitə olan çantanın onun yanında olmadığını, Sülhəddinin qaçan adamların orada çanta gizlətdiklərini deməsini də etiraf etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 aşkarlanmış çantada narkotik vasitənin olması iə bağlı heç bir məlumatı olmamış, dövlət sərhədində qanunsuz keçməsini spirtli içkilərin təsiri altında olduğundan bilməmişdir. Təqsirləndirilən şəxs1 həmin çantada narkotik vasitənin olmasını bilmiş olsaydı, özü aşkarlanmamış çanta barədə sərhəd xidməti əməkdaşlarına məlumat vermiş olmazdı. Onun dövlət sərhədini qanunsuz keçmək niyyətində olması faktı da təsdiqini tapmır. Belə ki, o, səhər açılanda dövlət sərhədini keçdiyinə əmin olduğuna görə özü sərhəd dirəklərində olan kameraya yaxınlaşaraq orada olduğunu və gəlib onu aparmalarını bildirməzdi və təxminən 70 metr olan məsafəni özü qət edərək İİR ərazisinə keçmiş olardı. Qanunvericiliyin birbaşa tələbinə görə məhkəmə hökmü məhkəmə istintaqında toplanmış sübutlara istinad edilməklə çıxarılmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 törədilmiş cinayətlə heç bir əlaqəsinin olmadığı təsdiqlənmişdir. Beləliklə, məhkəmə istintaqında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının dövlət sərhədini qəsdən keçməmiş, meşə sahəsində olan İİR vətəndaşları Amin və Alireza Fapajana məxsus çantada narkotik vasitənin olması barədə heç bir məlumatı olmamış və kiməsə həmin çantanı təhvil vermək niyyəti olmamışdır. Göstərilən xüsusatlara görədə Təqsirləndirilən şəxs1 əməlində ittiham olunduğu cinayət əməlinin tərkibi olmadığından barəsində cinayət işinin icraatına xitam verilməlidir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi6, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxışlar edərək, hər biri ayrı-ayrılıqda öz şikayətlərinin təmin edilməsini, təqsirləndirilən şəxslərə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X19 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməllərinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməllərini isə CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edərək, onları həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barələrində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxslərə bəraət verilməsi, əməlin hüquqi tövsifinin dəyişdirilməsi və ya onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Odur ki, məhkəmə kollegiyası cinayət işini apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan başqa, cinayətin özünün əlamətlərindən bəhs edən CM-in 14.1-ci maddəsində göstərilmişdir ki, Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 25.1-ci maddəsinə görə birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə, törədilmiş hesab olunur. Həmçinin təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayətlərə görə cinayət məsuliyyəti nəzərdə tutan CM-in 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq dedikdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi başa düşülür. CM-in 206.2-ci maddəsində qaçaqmalçılığın xüsusi halı, yəni narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə digər qadağan olunmuş və ya dövriyyəsi məhdudlaşdırılmış malların qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-in 206.3-cü maddəsində isə bu Məcəllənin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin təkrar törədilməsi (CM 206.3.1) və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi (CM 206.3.2) nəzərdə tutulmuşdur. CM-in 32.5-ci maddəsinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Bundan başqa, CM-in 234.1-ci maddəsinə görə narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınması, CM-in 234.2-ci maddəsinə görə isə belə vasitələrin və ya maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması, göndərilməsi və ya satılması cinayət məsuliyyəti yaradan əməllər kimi təsbit edilmişdir. CM-in 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi (CM 234.4.1), təkrar törədilməsi (CM 234.4.2) və külli miqdarda (CM 234.4.3) törədilməsi bu maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olan hərəkətlər kimi müəyyən edilmişdir. CM-in 318.1-ci maddəsində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddədə nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə CM-in 318.2-ci maddəsinin tərkibi yaranır. İttiham aktından və birinci instansiya məhkəməsinin hökmündən görünür ki. təqsirləndirilən şəxslər İİR vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, habelə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında və İİR-in şəxsiyyəti istintaqla müəyyən edilməyən digər şəxsləri ilə əvvəlcədən cinayət əlaqəsinə girərək satış məqsədilə külli miqdarda narkotik vasitələri və sixotrop maddələri İran İslam Respublikasında qanunsuz əldə edib qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına daşımış, eyni vaxtda Azrbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci, Təqsirləndirilən şəxs3 isə CM-in maddələri 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətmişlər. Birinci instansiya məhkəməsinin qənaətinə görə təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan əməlləri Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar daxilində sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmçinin, CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki. birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları «N» saylı hərbi hissənin 3cü sərhəd komendantlığının komendantı vəzifəsində xidmət edən Şahid1 Cəlal oğlu ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə saat 02 radələrində İran İslam Respublikasından narkotik vasitələrin keçiriləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında hərbi hissəsinin Cəbrayıl rayonunun Məzrə kəndi ərazisində yerləşən 13-cü sərhəd zastavasının xidməti sahəsində əməliyyat-axtarış tədbiri həyata keçirməyə başlamışlar. 18 iyul 2023-cü il tarixdə saat 06:50 radələrində sərhəd mühəndis texniki çəpərin yaxınlığında hərəkətdə olan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 saxlamışlar. Həmin şəxsin bədənində cızılmağa xarakterik çoxsaylı xəsarətlər olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan dilində sərbəst danışa bilmiş, İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz yolla keçib narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib Azərbaycan Respublikasının ərazisində gizlətdikdən sonra İran İslam Respublikasına qayıtmaq istədiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin əraziyə tanışları – İran İslam Respublikası vətəndaşı İsmayıl və Əli adlı şəxslərlə gəlmiş, narkotik vasitələri birlikdə gətirmişlər. Lakin o, sərxoş olduğu üçün qaça bilməmiş və ərazidə yatıb qalmışdır. İsmayıl və Əli adlı şəxslər isə İran İslam Respublikasına qaçmışlar. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Əlirza adlı İran İslam Respublikası vətəndaşına məxsus narkotik vasitələri qanunsuz yolla Azərbaycana keçirilməsi müqabilində sonuncu ona, İsmayıl və Əliyə müəyyən məbləğdə pul təklif etmiş və onunla razılaşmışlar. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tanışları İsmayıl və Əli onun mobil telefonundan istifadə etməklə narkotik vasitələri gizlətdiyi yer barədə Əlirza adlı iranlıya konum göndərmişdir ki, Əlirza da həmin konumu qeyd olunan narkotik vasitələri gizlədildiyi yerdən götürə bilməsi üçün Azərbaycanlı tanışlarına göndərsin. Onlar həmin konumdan istifadə edərək narkotik vasitələrin gizlədildiyi yerə getmiş və orada 1 ədəd bağlama aşkar etmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 bir daha etiraf edərək bildirmişdir ki, həmin bağlama İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirdikləri bağlamadır. Onlar həmin bağlamanın içərisinə adi qaydada baxmış və orada müxtəlif növdə narkotik vasitələrə bənzər maddələrin olduğunu görmüşlər. Bundan sonra əraziyə digər hərbi qulluqçular gəlmiş, hadisə yerinə baxış keçirilmiş və aşkar olunan bağlama ətraflı baxış keçirilməsindən ötrü götürülmüşdür. Bundan sonra onlar saxlanılan Təqsirləndirilən şəxs1 və həmin bağlamanı sərhəd zastavasına aparmışlar. Ərazidə aparılan axtarışlar zamanı hər hansı başqa bir şəxs olmamış, Təqsirləndirilən şəxs1 saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra sonuncuya qarşı hansı fiziki yaxud psixoloji təsir göstərilməmiş, əməliyyat tədbiri tamamilə qanuni, operativ və uğurlu başa çatdırılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının mühafizə və təminat tağımının 3-cü qrup komandiri vəzifəsində xidmət edən Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları «N» saylı hərbi hissənin 20-ci sərhəd zastavasının 1-ci qrupun komandiri vəzifəsində xidmət edən Şahid3 Təvəkkül oğlu göstərdi ki, 8 avqust 2023-cü il saat 22:35 radələrində 20-ci sərhəd zastavasının 1-2-ci sahələrində sərhəd naryadı xidmətində olduqları zaman nəzarət iz zolağı və maneə çəpərinin dibi yoxlanılan zaman 4cü sahədə 82-83-cü dirəklərin arasında nəzarət iz zolağında 1 nəfərə məxsus İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində ayaq izlərinin olduğunu və aşağıdan yuxarıya doğru 7-10-cu məftillərin kəsildiyini müəyyən etmişlər. Bundan sonra ərazi qapadılaraq axtarış tədbirlərinə başlanılmışdır. Axtarış zamanı Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində, dövlət sərhəd xəttindən 2500 metr aralıda 1 nəfər şübhəli şəxsi saxlamışlar. Həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş və qeyd olunan əraziyə İran İslam Respublikasından qanunsuz yolla gəldiyini bildirmişdir. Bundan sonra onlar həmin şəxsi sərhəd zastavasına aparmışlar. Təqsirləndirilən şəxs2 üzərində kəlbətin olmuş və sonuncu həmin kəlbətindən istifadə etməklə sərhəd çəpərinin məftilini kəsərək əraziyə daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Azərbaycan Respublikasına məcburi göndərilmiş, İran İslam Respublikasında kiminsə ona borcu olmuş, həmin borcu verməmək üçün sonuncunu zorla Azərbaycana keçirmişlər ki, o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilsin və bunun sayəsində həmin şəxslər də borclarından azad olsunlar. Bundan başqa Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onunla birlikdə heç kəs dövlət sərhədini qanunsuz olaraq keçməmiş, buna cəhd edən və ya ona bu işdə köməklik göstərən şəxs olmamışdır. Onlar Təqsirləndirilən şəxs2 saxlayan zaman sonuncuya qarşı hər hansı zor tətbiq etməmişlər. Cinayət işində olan 01 iyun 2023-cü il tarixli üzləşdirilmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə, həmçinin onlarla birlikdə yeznəsi X35 Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələr gətirmişlər. Həmin vaxt o, Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs2 və yeznəsi Əli isə İran İslam Respublikası istiqamətində qaçmışlar. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «N» saylı hərbi hissənin 13-cü sərhəd zastavasının rəisi, kapitan Mehman Nuriyevin 18 iyul 2023-cü il tarixli raportundan görünür ki, 17 iyul 2023-cü il tarixdə, saat 23:20 radələrində 3 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində Araz çayını keçərək dövlət sərhəd xətdindən aralı qamışlıq ərazidə gizlənmələri müşahidə olunmuşdur. Aşkar olunmuş sərhəd pozucuları Araz çayının sahilinə yaxın olduqları üçün onlara yaxınlaşmaq üçün əlverişli şərait olmamışdır. Həmin şəxslər saat 03:00-dək gözləmiş və yenidən geriyə - İran İslam Respublikası istiqamətində qayıtmışlar. Ərazidə axtarış davam etdirilmiş, nəticədə 18 iyul 2023-cü il tarixdə saat 06:50 radələrində bir nəfər İran İslam Respublikası vətəndaşı gizləndiyi qamışlıq ərazidə saxlanılmışdır. Üzərində şəxsiyyətini təsdiq edən sənədləri olmamış, o, özünü İran İslam Respublikası vətəndaşı X8 təqdim etmişdir. İlkin dindirilmə zamanı məqsədinin dövlət sərhədini pozaraq əvvəlcədən təyin olunmuş ərazidə narkotik vastəni gizlədərək geri qayıtmaq olduğunu bildirmişdir. İfadəsinə uyğun olaraq axtarış aparılmış, 1 ədəd bağlamada müxtəlif növ narkotik vasitələrə bənzər majjələr aşkar olunmuşdur. 18 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış aparılan yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin 3-cü sərhəd komendantlığının 13-cü sərhəd zastavasının 9-cu sahəsi olmaqla, sıx qamışlıq sahədən ibarət olmuşdur. Baxış zamanı İran islam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 18 iyul 2023-cü il tarixdə saat 02 radələrində dövlət sərhədini qanunsuz olaraq keçdiyi ərazini göstərərək ətraflı təsvir etmiş və qeyd olunan əraziyə tanışları olan İran İslam Respublikası vətəndaşları İsmayıl və Əli adlı şəxslər ilə birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə gətirdiyini, həmin şəxslərin İran islam Respublikası istiqamətində qaçmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni gizlətdiyi yeri göstərmiş və həmin yerdən 1 ədəd çanta aşkar olunmuşdur. Həmin çantanın içərisinə baxılan zaman müxtəlif növdə narkotik vasitələrə bənzər maddələrin olması məlum olmuşdur. 18 iyul 2023-cü il tarixli aşkar edilmiş çantaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan çantanın içərisinə keçirilmiş baxış zamanı orada yapışqanlı lentlə bağlanmış dairəvi və dördkünc formalı polietilen torba materiallı bükümlərin olması məlum olmuş, həmin bağlamaların çəkiləri ayrı-ayrılıqda elektron tərəzidən istifadə edilməklə çəkilmiş və orada bükümlərlə birlikdə ümumi təxmini çəkisi 8 kiloqram narkotik vasitələrə, 3200 qram qurudulmuş marixuanaya, 4400 qram tiryəkə, 7 ədəd kiçik bükümdə heroinə bənzər maddələr və 48 konvalyutda, hər birində 10 ədəd olmaqla ümumilikdə 480 ədəd üzərində "Methadone-40" sözləri yazılmış dərman preparatlarının olması məlum olmuşdur. Həmin narkotik vasitələrə bənzər maddələr və dərman preparatları müvafiq qaydada qablaşdırılmış və möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3906 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün 21" dairəvi möhür əksi olan torbadakı 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3044,2 qram və 1219,4 qram və 1 ədəd bükümdə təmiz çəkisi 5,4 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tiryəkin ümumi təmiz çəkisi 4269 qramdır. 7 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,047 qram, 0,053 qram, 0,036 qram, 0,042 qram, 0,091 qram və 0,039 qram - ümumi təmiz çəkisi 0,405 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Methadone 40" markalanma göstəricisi olan 48 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 480 ədəd üzərlərində "F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 480 ədəd həbsdə metadon təsiredici maddəsinin ümumi miqdarı 19,2 qramdır (konvalyutların üzərində qeyd olumuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həmin ekspertizanın 19 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/1042 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş 3 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 750,0 qram, 1076,6 qram, 886,6 qram, ümumi çəkisi 2713,2 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin komandirinin N avqust 2023-cü il tarixli, 3-38-16/2-2572/2023 nömrəli məktubundan görünür ki, 08 avqust 2023-cü il tarixdə hissənin 4-üc sərhəd komendantlığının 20-ci sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqamətində Beyləqan rayonunun Əmirzeyidli kəndi istiqamətində İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 saxlanılmışdır. 08 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış aparılan yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin 4-cü sərhəd komendantlığının 20-ci sərhəd zastavasının 4-cü sahəsinin arxa istiqaməti olmuşdur. Baxış zamanı İran İslan Respublikası vətəndaşı X25 08 avqust 2023cü il tarixdə dövlət sərhədini qanunsuz olaraq keçdiyi ərazini göstərmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 məxsus bir ədəd "Samsung" markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 19:44 radələrində İran İslam Respublikasına məxsus +98-***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +98-***-***-**-** saylı mobil nömrəyə "whatsapp" tətbiqindən istifadə edilməklə fotoşəkil və səs yazısı göndərilmişdir. Həmin fotoşəkildə naməlum 2 nəfər kişi cinsindən olan şəxslərin birlikdə hər hansı məclisdə (toy məclisi olması ehtimal edilir) olması görünür. Həmin fotoşəklin ardınca naməlum şəxs tərəfindən dərhal səs yazısı göndərilmişdir. Səs yazısının məzmunu belədir: "Sülhəddin, bunlar gəlib götürməlidi baaax, mənə tez cavab verginən. Mənə tez cavab verginən, bunlar gəliblər. Ordadırlar". "xxxx" MMC-dən istintaqa daxil olan bir ədəd "CD" diskdəki məlumatlara baxış keçirilməsi haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsiyyəti istintaqa Əlirza kimi məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna məxsus +98-***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 8 iyun 2023-cü il tarixdə, saat 10:29 radələrində 8 saniyə və 30 iyun 2023-cü il tarixdə, saat 03:10 radələrində 23 saniyə telefon danışığı aparılmışdır. Şəxsin fotoşəkil üzrə tanınmaya təqdim olunması barədə 01 sentyabr 2023-cü il tarixli protokollardan görünür ki,Təqsirləndirilən şəxs1 istifadəsində olan telefona iranlı Əlirza adlı şəxs tərəfindən fotoşəkilləri göndərilmiş X10 və Təqsirləndirilən şəxs3 fotoşəkil üzrə Təqsirləndirilən şəxs1 təqdim olunarkən həmin şəxsləri tanımışdır. Azəbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən istintaqa 01 sentyabr 2023-cü il tarixdə daxil olan məlumatlara baxış keçirilməsi haqqında həmin tarixli baxış protokolundan görünür ki, şəxsiyyəti istintaqa Əlirza kimi məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna məxsus +98-***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 30 iyun 2023-cü il tarixdə, saat 03:10 radələrində 23 saniyə telefon danışığı aparılmışdır. Təqsirləndirilən şəxs1 "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə qeydiyyatlarından görünür ki, o, dövlət sərhədindən 19 dekabr 2017-ci il tarixdə, saat 11:50 radələrində X14 Azərbaycan Respublikasına daxil olmuş, həmin tarixdə, saat 12:38 radələrində İran İslam Respublikasına geri qayıtmışdır. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsindən istintaqa 01 avqust 2023-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, +**********24 saylı mobil telefon nömrəsinin istifadəçisi Əlirza adlı şəxsin İran İslam Respublikası, Aslandüz şəhəri, Hacılı kənd sakini X12 olması, Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********37 saylı mobil telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə səs yazısı ilə göndərdiyi fotoşəkildəki şəxslərin Azərbaycan Respublikası vətəndaşları, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan, xx xxxxx 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və ünvan 1 ünvanında qeydiyyatda olan, 05 fevral 1970-ci il təvəllüdlü X10 olması müəyyənləşdirilmişdir. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsindən istintaqa 25 avqust 2023-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirən şəxslərdən biri, yəni şəxsiyyəti istintaqa İsmayıl adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2024-cü il tarixli, 1278, 1279 və 5972 saylı rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmirlər, məcburi müalicəyə ehtiyacları yoxdur, Təqsirləndirilən şəxs3 ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cəbrayıl rayon Polis Şöbəsindən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və qeyriləri tərəfindən 18 iyul 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs2 tərəfindən isə 08 avqust 2023-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaaraq külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçiriləcəyi barədə Cəbrayıl rayon polis şöbəsinə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs1 22 iyul 2023-cü il tarixdə tibbi müayinədən keçərkən bədən səthi üzərində xəsarətlər aşkar olunması faktı ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun 29 sentyabr 2023-cü il tarixli əqrarı ilə cinayət işinin başlanılması rədd olunmuşdur. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən verilmiş xasiyyətnamədə barəsində nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. İşdə olan 10 avqust və 18 avqust 2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan 17 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 318.2-ci maddələri ilə təqsirli bilinib 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan 08 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, yuxarıda qeyd olunan sübutları ayrı-ayrılıqda və müqayisəli şəkildə qiymətləndirən məhkəmə hesab etmişdir ki, həmin sübutların məcmusu təqsirləndirilən şəxslərin hər birinə istinad edilən cinayətin onlar tərəfindən törədilməsi barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, məhkəmədə dindirilmiş şahidlərin ifadələrini və tədqiq edilmiş sübutları əsaslı şübhəyə məruz qoya biləcək hər hansı hala rast gəlinmir. Hər bir sübut ayrıayrılıqda mötəbərdir, digər sübutla ziddiyyət təşkil etmir və ya təqsirləndirilən şəxslərin təqsirsiz olmalarına dəlalət etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən bəraət hökmü o halda çıxarılır ki. ümumiyyətlə cinayət hadisəsi olmasın, əməldə cinayət tərkibi olmasın, şəxsin törədilmiş cinayətə aidiyyəti olmasın və ya onun təqsirliliyi sübuta yetirilməsin. Lakin, CPM-in 42.1-ci maddəsində nəzərdə tutulan həmin meyarlar üzrə aparılan araşdırma zamanı təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün əsasların olması müəyyən edilməmişdir. Bundan başqa, kollegiya Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsiriz olması ilə bağlı dəlillərini araşdırıb həmin dəlillərin əsaslı olmadığına və işdə olan sübutlara uyğun gəlmədiyi qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs1 dəlillərinə görə o, hadisədən bir-iki gün əvvəl İran İslam Respublikasında Əlirza və Əli adlı şəxslər tərəfindən aldadılaraq ticarət etmək adı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının sərhədində yerləşən əraziyə gətirilmiş, orada həmin şəxslər ona qəsdən spirtli içki vermiş və sərxoş vəziyyətə gətirildikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Araz çayını keçməyə sövq edilmiş, əllərində iki çanta olmuş, lakin onun çantalarda olan maldan xəbəri olmamışdır. Araz çayını Azərbaycan tərəfə keçdikdən sonra halı pisləşmiş, hərəkət edə bilməmişdir. Bundan istifadə edən Təqsirləndirilən şəxs2 çantaları Əlirzanın dediyi yerə qoymuş, onun telefonunu götürüb çantaları qoyduğu yeri çəkmiş və İranda olan Əlirzaya konum atmışdır. Daha sonra İsmayıl oradan qaçıb getmişdir. O isə qamışlıq ərazidə yatıb qalmış, oyandıqda səhərin açıldığını görmüş və Azərbaycan sərhədçisinə yaxınlaşaraq özünü təqdim edib kömək istəmiş, başına gələnləri danışmış, hətta onlarla birlikdə narkotikin qoyulduğu yeri də axtarıb tapmışlar. Kollegiya Təqsirləndirilən şəxs1 həmin dəlillərini işdə olan sübutlarla müqayisəli şəkildə araşdırsa da, bu dəlillərin işin faktiki hallarına uyğun gəlmədiyini müəyyən etmişdir. İşdə olan sübutlara, o cümlədən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən hərbi hissə komandanlığına verilmiş 18 iyul 2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs1 özünü könüllü təqdim etməsi və ya kömək istəməsi deyil, sərhədçilər tərəfindən aşkarlandığı qeyd edilmiş, daha sonra DSX-nin digər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs1 könüllü etirafı yolu ilə narkotik vasitənin yeri müəyyən edilmiş və qanunvericiliyə uyğun prosedurlara əsasən götürülmüşdür. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 dəlillərini cinayət məsuliyyətindən azad olmağa yönəlmiş cəhdlər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər inandırıcı olmamaqla yanaşı ona bəraət verilməsi üçün əsas da ola bilməz. Təqsirləndirilən şəxs3 dəlilləri isə ondan ibarədir ki, İranlı olan Əlirza ilə onun arasında əvvəllər pul mübahisələri olduğuna görə Əlirza ona “oyun” qurmuş və məsuliyyətə cəlb etdirməklə qisas almışdır. Kollegiya Təqsirləndirilən şəxs3 dəlillərini yoxlayarkən bunu təsdiq edə biləcək hər hansı sübuta rast gəlməmişdir. Əksinə işdən görünür ki, Əlirza adlı İİR vətəndaşı Təqsirləndirilən şəxs3 fotoşəkilini “WhatsApp” proqramı vasitəsi ilə Sülhəddinə göndərərək narkotik vasitələr olan çantanı onun götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 həmin fotoşəkli Təqsirləndirilən şəxs1 telefonuna baxış keçirilərkən aşkar edilmişdir. Bundan başqa, işdə olan "xxxx" MMC-dən və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş telefon danışıqları haqqında məlumatlarla təsdiq olunmuşdur ki, şəxsiyyəti istintaqa Əlirza kimi məlum olan İİR vətəndaşının istifadəsində olan İİR-in mobil operatoruna məxsus +98-***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 08 iyun 2023-cü il tarixdə saat 10:29 radələrində 8 saniyə və 30 iyun 2023-cü il tarixdə saat 03:10 radələrində 23 saniyə telefon danışığı aparılmışdır. Odur ki, kollegiya Təqsirləndirilən şəxs3 dəlillərini də əsaslı hesab etmir və qeyd edir ki, bu dəlillər ona bəraət verilməsi üçün əsas ola bilməz. Beləliklə, kollegiya hər iki təqsirləndirilən şəxsin dəlillərini mövcud iş materialları əsasında yoxlayaraq bu dəlillərin təsdiq edilmədiyini və onların təqsirini aradan qaldırmadıqlarını təsdiq edir. Kollegiya hesab edir ki, onların əməlləri istintaq orqanı və onun gəldiyi nəticələrlə razılaşan birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. CM-in 8.1, 41.2 və 58.2-ci maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, cəza təyin edilərkən məhkəmə tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Hökmdən görünür ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzalarını yüngülləşdirən hallar müəyyən etməmiş, eyni zamanda Təqsirləndirilən şəxs3 cinayətlərinin təhlükəli residivini isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı Cinayət Qanununun yuxarıda qeyd edilən normaları ilə müəyyən edilmiş meyarlar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, məhkəmə ədalətli cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni, əsaslı və ədalətli cəzanın təyin edilməsinə nail olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, cəzanı yüngülləşdirən halların olmadığını, eləcə də Təqsirləndirilən şəxs3 münasibətdə cəzanı ağırlaşdıran halın olduğunu nəzərə alaraq, təqsirləndirilən şəxslərin hər birinə təqsirli bilindikləri maddələr üzrə cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs3 münasibətdə cinayətlərin məcmusu üzrə cəza təyini zamanı cinayət qanunu normasını düzgün tətbiq etməyərək səhvə yol vermişdir. Belə ki, CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, CM-in 66.5-ci maddəsinin mənasına görə bu maddə ilə cəza təyin etmənin qaydalarına uyğun olaraq birinci hökm üzrə cəzanın çəkilməmiş hissəsi deyil, bütövlükdə təyin edilmiş cəza (hansı hissəsinin çəkilib-çəkilməməsindən asılı olmayaraq) tamamilə və ya qismən toplanılmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CMin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu iki gün təyin olunmuş cəzadan bir günə bir gün hesabı ilə çıxılaraq üzərində qəti olaraq 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə təyin etdiyi cəzanı ona Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 1 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə toplayıb qəti cəza müəyyən etməli olduğu halda, şübhəli şəxs qismində tutulduğu müddət çıxıldıqdan sonra qalan 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə toplamaqla qanun normasının tələbini pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan pozuntu aradan qaldırılmaqla Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə təyin edilmiş cəza ilə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 1 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən toplanaraq vahid cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs3 müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilməli, hökm Təqsirləndirilən şəxs3 CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin olunması hissəsində dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 397, 398, 399, 404, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Müdafiəçi6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli 1(099)-496/2024 saylı hökmü Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin olunması hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(022)-58/2024 saylı hökmü ilə təyin olunmuş 1 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli 1(099)-496/2024 saylı hökmü ilə təyin olunmuş 9 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 9 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(022)-58/2024 saylı hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu iki gün təyin olunmuş cəzadan bir günə bir gün hesabı ilə çıxılaraq üzərində qəti olaraq 9 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. X17 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-248/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-248/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver