Məhkəmə qərarları › İş №1(106)-253/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-253/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-253/2024 29.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – X1 və X2 ibarət tərkibdə məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmü ilə (hakimlər: X8 (sədrlik edən), X9 və X4 ibarət tərkibdə) xx xxxxxxx 1991-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhəri, Babuşinsk rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 05 fevral 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan mənbədən və vaxtda külli miqdarda-35,121 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 05 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin (bundan sonra – Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsi) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Şirinsu kəndində piyada hərəkətdə olan zaman saxlanılıb, ünvan 1 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin inzibati binasına gətirilərək həmin tarixdə saat 16:45-də üzərində şəxsi axtarış aparılan zaman üzərində gəzdirdiyi əl çantasının içərisindən bir ədəd gümüşü rəngli bükümdə qablaşdırılmış külli miqdarda – 35,121 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda, o əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, üzərindən aşkar olunmuş narkotik vasitə – heroinə aidiyyəti yoxdur. Həmin maddə məhz polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs əl çantasına qoyulmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X6 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edildiyini, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin olunduğunu bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilərək bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əmələ münasibətdə təqsirinin sübuta yetirilməsi kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:

1. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili tərəfindən 05 fevral 2023-cü ildə tərtib olunmuş raportun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.

2. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirasalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.

3. Lənkəran Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 5(049)-38/2023 nömrəli qərarı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənib Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 05 fevral 2023cü il tarixli «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərar qanuni hesab edilmişdir.

4. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili tərəfindən 05 fevral 2023-cü ildə tərtib olunmuş raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15.30-da Lənkəran rayonu Şirinsu kəndində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmişdir.

5. “Şəxsi axtarış keçirilməsi” haqqında 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi əl çantasının içərisindən üç ədəd mobil telefon, iki ədəd pasport, 4 ədəd plastik bank kartı, iki ədəd daraq, bir ədəd qaşıq, digər əşyalar, müxtəlif pul əskinazları və bir ədəd gümüşü rəngli bükümdə təqribi çəkisi 37,39 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür.

6. Məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2023-cü il tarixli 19/159 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, «Tədqiqata təqdim olunmuş üzərində: «Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....» sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 35,121 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir».

7. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə alınmış 05 fevral 2023-cü il tarixli izahatında, 06 fevral 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində 05 fevral 2023-cü ildə onda aşkar olunmuş narkotik vasitə – heroinin özünə məxsus olduğunu bildirmişdir.

8. Şahidlər Şahid1, Şahid4 və Şahid6 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərindən 05 fevral 2023-cü ildə bir bükümdə heroinə bənzər kütlə aşkar olunmuşdur. Apellyasiya şikayətinin dəlillərində həm cinayət hadisəsinin baş vermə faktı və halları, həm də Təqsirləndirilən şəxs həmin hadisə ilə əlaqəsinin sübuta yetirilməməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139-cu madəsində təsbit olunmuş halların müəyyən edilməsi baxımından iş üzrə toplanmış sübutların həcminin kifayət edib-etməməsi araşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139.0.1 və 139.02-ci maddələrinə əsasən cinayət təqibi zamanı aşağıdakılar yalnız sübutla müəyyən edilir: 139.0.1. Cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. Şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; İ mərhələ – cinayət hadisəsinin baş vermə faktı və hallarının qiymətləndirilməsi: “Şəxsi axtarış keçirilməsi” haqqında 05 fevral 2023-cü il tarixli və məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2023-cü il tarixli 19/159 nömrəli ilə Təqsirləndirilən şəxs əl çantasından götürülmüş bükümün içərisindən 37,39 qram narkotik vasitə – heroin aşkar olunmuşdur. Məhz bu sübutlar qeyd olunan predmetin real mövcudluğu ilə yanaşı, həmin maddələrə münasibətdə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət hadisəsinin baş verməsini sübut edir. İİ mərhələ – təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin qiymətləndirilməsi: Müdafiə tərəfi aşağıdakı dəlili irəli sürməklə təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin olmamasını iddia etmişdir. - Təqsirləndirilən şəxs üzərindən aşkar olunması qeyd olunan və ittihamda təsvir edilən narkotik vasitə – heroin məhz polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Məhkəmə kolegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitəsinin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı müdafiə tərəfinin iddiası “Şəxsi axtarış keçirilməsi” haqqında 05 fevral 2023-cü il tarixli protokol, onun məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə alınmış 05 fevral 2023-cü il tarixli izahatı, 06 fevral 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrlə tam təkzib olunur. Belə ki, şəxsi axtarış istintaq hərəkəti ilə bağlı tətib olumuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əl çantasından 37,39 qram narkotik vasitə – heroin aşkar edilib götürülən zaman nə o, nə də ki onun müdafiəçisi bununla bağlı etiraz etməmiş, hər hansı vəsatət və qeyd protokola daxil etməmişlər. Əksinə Təqsirləndirilən şəxs qeyd olunan izahat və ifadələrində həmin maddənin özünə məxsus olmasını etiraf etmişdir. Müdafiə tərəfi 05 fevral 2023-cü il tarixli izahatın, 06 fevral 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarının pis rəftarın təsiri ilə alındığını iddia etmişlər və bu halı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 08 fevral 2023-cü il tarixli məlumat məktubuna əsasən Təqsirləndirilən şəxs tibb sanitar hissəsində üzərinə baxış keçirilən zaman hər iki ayaq pəncəsinin altında bənövşəyi rəngli qançır izlərinin aşkar olunması faktı ilə əsaslandırmışlar. Lakin həmin xəsarət faktının aşkar olunması ilə bağlı hələ ibtibai araşdırma zamanı Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış və 27 mart 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyədək icraatda Təqsirləndirilən şəxs polis tərəfindən 05 fevral 2023-cü ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Lənkəran rayon prokrorunun müavinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 mart 2023cü il tarixli qərarının olması cinayət işinə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsini yuxarıda təsvir edilən Cinayət- Prosessual Məcəlləsinin 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başılıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3- cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. Eynilə, “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Apellyasiya şikayətində istinad olunan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 mart 2023-cü il tarixli qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab verdiyi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan vaxt, yəni 05 fevral 2023-cü il tarixlərində zorakılığa məruz qaldığını, yəni ayaqlarının altına zərbələr vurulduğunu və sonrakı günlərdə ona qarşı pis rəftar olunmadığını bildirmişdir. Pis rəftarın araşdırılması ilə bağlı aparılan cinayət təqibi zamanı tibb sənədlər əsasında keçirilən məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 15 mart 2023-cü il tarixli 199 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, tibbi sənədə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində 08 fevral 2023-cü ildə Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsində aşkar edilən – hər iki ayaq pəncəsinin altında bənövşəyi rəngli qançır izləri, aşkar olunma günündən, yəni 08 fevral 2023-cü ildən 1 gün əvvəl, yəni 07 fevral 2023-cü ildə yaranmışdır. Bu hal onu təsdiq edir ki, Təqsirləndirilən şəxs 05 fevral 2023-cü ildə polis əməkdaşları tərəfindən pis rəftara məruz qalmamış, zor tətbiq olunması yolu ilə ondan özünə qarşı ifadə alınmamışdır. Başqa sözlə Təqsirləndirilən şəxs aşkar olunan hər iki ayaq pəncəsinin altında bənövşəyi rəngli qançır izləri pis rəflar və ya polis zorakılığı nəticəsində yaranmamışdır. Artıq bu hallar Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya etdiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə, cinayət məsuliyyətindən azad olunmaya hesablanmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ilkin ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırmanın ilkin dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut hesab etmişdir. İşin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından təxminən 214 dəfə artıq narkotik vasitə – heroinin qanunsuz əldə edib saxlaması, şəxsi istehlak miqdarından dəfələrlə artıq olan metamfetaminin hamısını üstündə saxlamaqla şəhər mərkəzində gəzdirməsi onun həqiqətəndə satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan maddənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Bununla da apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar