Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-256/2024 10.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Hüseynov Pünhan Sübhan oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru X7, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X8 iştirakı ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(099)-600/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.N.Hüseynov (sədrlik edən), V.İ.Əhmədov və Ə.A.Əliyev) 12 dekabr 2024-cü il tarixli 1(099)-600/2023 saylı hökmü ilə xx xxxx 1972-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(073)158/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(073)158/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının, CM-in 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması,barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmas qərara alınmış, həmçinin iş üzrə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,917 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra–heroin) əldə edib daşımaqla üzərində saxlamış, 25 mart 2023-cü il tarixdə, saat 13 radələrində Cəlilabad şəhəri, S.Vurğun küçəsi ərazisində həmin heroinin 1,156 qram hissəsini tanışı Təqsirləndirilən şəxs1 20 (iyirmi) manat pul müqabilində satmış, sonuncu 25 mart 2023cü il tarixdə, saat 14 radələrində Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən Cəlilabad şəhəri, A.Azərtürk küçəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın kiçik sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, saxladığı və daşıdığı həmin 1,156 qram çəkidə heroin aşkar edilərək götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan heroinin 1,114 qram hissəsini 25 mart 2023-cü il tarixdə, saat 15 radələrində Cəlilabad şəhəri, S.Vurğun küçəsi ərazisində tanışı Təqsirləndirilən şəxs3 20 (iyirmi) manat pul müqabilində satmış, sonuncu 25 mart 2023-cü il tarixdə, saat 16 radələrində Cəlilabad RPŞ əməkdaşları tərəfindən Cəlilabad şəhəri, S.Vurğun küçəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, saxladığı və daşıdığı həmin 1,114 qram çəkidə heroin aşkar edilərək götürülmüş, 25 mart 2023-cü il tarixdə, saat 20 radələrində Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən Cəlilabad şəhəri, A.Azərtürk küçəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın kiçik sağ yan cibindən həmin narkotik vasitə olan heroinin 0,647 qram hissəsi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən Təqsirləndirilən şəxs2 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, həqiqətən də, onun həmin maddə ilə təqsiri olmamış, şahid qismində tanınan şəxslər də polis əməkdaşlarının onlara fiziki təzyiq göstərərək yalan ifadələr verməyə məcbur etdiklərini etiraf etmiş, məhkəmə kollegiyası həqiqətə göz yumaraq haqsız, ədalətsiz qərar qəbul edərək ona ağır cəza təyin etmiş, ibtidai istintaq qərəzli və saxtakarlıqla aparılmış, məhkumluğu ödənilmiş, o, 2024-cü ildə narkotikdən istifadə etməmişdir, ailəlidir, himayəsində bir azyaşlı olmaqla 5 övladı var, həyat yoldaşı evdar qadındır. Prosessual məsələlər Apellyasiya baxışında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X11 apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X12 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Ona görə də həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Konstitusiya Məhkəməsi qeyd olunan Qərarında hüquqi mövqeyini davam etdirərək vurğulamışdır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Təqsirləndirilən şəxsin apellyasiya şikayətindən və apellyasiya baxışı zamanı verdiyi izahatından görünür ki, o, işin faktiki hallarını, eyni zamanda ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar cinayət işinin materiallarını yoxlayıb aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddənin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, əməlin cinayət olub-olmaması, habelə cinayət tərkibinin əlamətləri Cinayət Qanununun Xüsusi hissəsinin normalarında təsbit edilsə də, bu əməllərin sübuta yetirilməsinin hüquqi proseduru Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Beləliklə, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbləri baxımından Təqsirləndirilən şəxs2 istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Təqsirləndirilən şəxs2 ibtidai isintaq zamanı verdiyi ifadələrində ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir, narkotik vasitədən istifadə edir və əvvəllər də qanunsuz olaraq narkotik vasitə əldə edib daşıdığına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. 25 mart 2023-cü il tarixdə saat təxminən 11 radələrində Cəlilabad şəhəri, Xətai küçəsində yerləşən qəbiristanlığın yanında piyada hərəkətdə olan zaman yerdə qara rəngli sellofana bükülmüş bükülü olduğunu görmüş, həmin bükülünü götürüb içərisinə baxdıqda orada heroin olduğunu görmüş və götürüb üzərində saxlamışdır. Onu saxlamaqda məqsədi sanitar qovşağa atmaq olmuşdur. Həmin gün saat 20 radələrində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmiş, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin qara rəngli sellofana bükülmüş halda olan bir büküm narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmadığını, üzərində narkotik vasitə olmasından heç kimin məlumatının olmadığını və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində isə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun tərəfindən hər hansı cinayət törədilməmiş, hər hansı günahı yoxdur. 25 mart 2023-cü il tarixdə atasının qəbrini ziyarət etmək üçün qəbirstanlığa getmiş və həmin vaxt polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər və həmin vaxt üzərində hər hansı narkotik vasitə olmamışdır. Polis şöbəsində onu döymüş və onların verdikləri balaca bir bükümü cibindən çıxarıb təqdim etməyi tələb etmişlər, həm də ona CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişlər. O, da polislər tərəfindən döyüldüyü üçün məcbur olub onların verdiyi balaca bir bükümü onlardan götürümüş və qəbirstanlığa gedərkən yerdən tapdığını bildirmişdir. Apellyasiya baxışı zamanı da Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsindəki ifadəsini təsdiq etmiş və eyni məzmunlu dəlillər irəli sürmüşdür. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:05-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı Elnur Kazımovun əməliyyat tapşırığı icraatına daxil olmuş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş heroini əldə etdiyi Elsevər adlı şəxsin müəyyən edilərək təhqiqata təqdim edilməsi göstərilmişdir. Əməliyyat tapşırığının icrası ilə əlaqədar tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, A.Azərtürk küçəsində piyada hərəkətdə olduğu zaman saxlamış və onu polis şöbəsinə aparmışlar. Orada videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində sonuncunun müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın kiçik sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükülü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olduğunu və həmin bükülünü xx.xx.2023-cü il tarixdə qəbiristanlıqdan qayıdarkən yoldan tapdığını bildirmişdir. Həmçinin iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 25 mart 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən də görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın kiçik sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükülüdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan 25 mart 2023-cü il tarixli digər protokollardan və onlara əlavə edilmiş videogörüntülərdən məlum olur ki, iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərlərindən aşkar edilmiş narkotik vasitəni Cəlilabad rayon sakini Elsevər adlı şəxsdən 20 manata aldıqlarını bildirmişlər. İş materiallarında olan 26 mart 2023-cü il tarixli, 19/338 nömrəli məhkəmə fizikikimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,647 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə....”, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №19/336...” və “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №19/337...” sözlər və imzalar olan 3 ədəd zərfdəki, ümumilikdə 3 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbirləri ilə eynidirlər. İşdə olan, “Mobil telefona baxış keçiriməsi haqqında” 04 aprel 2023-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi “Samsung” markalı mobil telefon ilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-51-510-95-89 saylı mobil nömrəyə dəfələrlə zənglər edilmiş və danışıqlar aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olan 050- ***-**-** mobil nömrəyə daxil olan və çıxan zənglər barədə məlumatların yerləşdirildiyi "xxxx" MMC-dən daxil olmuş diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 saxlanılmamışdan öncəki günlərdə və saxlanıldığı gün də bir neçə dəfə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** telefon nömrəsinə zənglər etmiş və aralarında bir neçə dəfə müxtəlif müddətlərdə danışıqlar olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs3 istifadəsində olan 055-890- 81-00 mobil nömrəyə daxil olan və çıxan zənglər barədə məlumatların yerləşdirildiyi "xxxx" MMC-dən daxil olmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs3 saxlanılmamışdan öncəki günlərdə və saxlanıldığı gün də bir neçə dəfə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zənglər etmiş və aralarında bir neçə dəfə müxtəlif müddətlərdə danışıqlar olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən sübutları bir daha nəzərdən keçirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayəti törətməkdə təqsirli olması sübuta yetirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, Təqsirləndirilən şəxs2 saxlanılarkən polis əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər edildiyini, bu səbəbdən də üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə verməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 bu dəlilinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsindəki məhkəmə istintaqında və apellyasiya baxışında tutularkən polis tərəfindən Təqsirləndirilən şəxs2 təzyiqlər edilməsi və döyülməsi qeyd edilməsinə baxmayaraq, nə təqsirləndirilən şəxs özü, nə də onun müdafiəçisi onun döyülməsi, işgəncəyə məruz qalması, üstünə zorla narkotik vasitə olan heroin qoyulması kimi qanunsuz hesab etdiyi hərəkətlərə görə istintaq orqanlarına (o cümlədən prokurorluğa) müraciət, yaxud şikayət etməmiş, hazırkı dövrdə şikayət etsələr də, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Həmçinin, işdən görünür ki, Təqsirləndirilən şəxs2, o cümlədən digər təqsirləndirilən şəxslər birinci instansiya məhkəməsində polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldıqlarını və döyüldüklərini bildirdikdən sonra, məhkəmə tərəfindən Bakı İstintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və tibbi kitabçaların surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sol saidin ön səthində və qarının ön divarında köhnə çapıq toxumalar müşahidə olunmuşdur. İşdə olan 20 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı Cəlilabad ŞPŞ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları və Təqsirləndirilən şəxs2, o cümlədən iş üzrə digər təqsirləndirilən şəxslərin fiziki və psixi zorakılığa məruz qalması öz təsdiqini tapmamış, bu səbəbdən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Kollegiya, həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 ilk əvvəl özünün, daha sonra digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanılmasını qeyd etsə də, bu hal da iş materiallarında olan istintaq hərəkətinin protokolları ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi də, mötəbər şəkildə öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Kollegiyanın gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Həmin Plenum qərarının 4-cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. İşdə olan, Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Quliyev X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(073)-158/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm üzrə Təqsirləndirilən şəxs2 15 sentyabr 2022-ci il tarixdə Şöbədə qeydiyyata götürülmüş, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2023-cü il tarixədək 06 ay 10 gün cəza çəkilmiş , 01 il 11 ay 16 gün cəza çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-in 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın ən aşağı həddinə yaxın cəza təyin etməklə sonuncunun barəsində kifayət qədər ədalətli davranmış və ümümilikdə, Cinayət Qanununun cəzanın ədalətliliyi prinsipinə tam əməl etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 1(099)-600/2023 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-256/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-256/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver