Məhkəmə qərarları › İş №1(106)-275/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-275/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-275/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə (hakimlər: X11 (sədrlik edən), X16 və X3 ibarət tərkibdə) xx xxxxxxx 1980-ci ildə Füzuli rayonu Qərbənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Füzuli rayon filialında sosial işçi işləyən, məhkumluğu olmayan, Füzuli rayonu Qərbənd kəndində qeydiyyatında olan, faktiki olaraq Füzuli rayonu 400 evlik «Fin qəsəbəsi» 93 nömrəli evdə yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 30 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq əldə etdiyi Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edərək üzərində qanunsuz olaraq saxlayıb daşıyarkən, 02 may 2022-ci il tarixdə, saat 23 radələrində Füzuli rayonu, 1-ci Qayıdış qəsəbəsi ərazisində sərnişin kimi mindiyi cinayətdən xəbərsiz olan Şahid1 idarə etdiyi “Khazar SD minik” markalı, ** PX *** dövlət nömrə nişanlı avtomaşında saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada onun üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarışı aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunun içərisindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 11,071 qram, 0,764 qram, ümumi çəkisi 11,835 qram olan narkotik vasitə heroin, həmçinin, 03 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkisi 4.799 qram, 1,687 qram və 0,238 qram, ümumi təmiz çəkisi 6,724 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmadığı halda, əsassız olaraq onun əməli həmin maddələrin satışı kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş və ona həddindən artıq ağır cəza təyin olunmuşdur. Belə ki, ibtidai araşdırma zamanı toplanmış və məhkəmədə tədqiq olunmuş bir sübut belə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışını təsdiq etmir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsini və barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X13 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü ilə düzgün tövsif olunduğunu, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin etdiyini bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsini və barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmə iclasında iştirakının təmin edilməsi üçün onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasından Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə keçirilməsi barədə 13 aprel 2023-cü il tarixli qərar icra olunması üçün həmin orqanlara göndərilsə də, Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona elan olunmuş ittihama münasibətdə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını, işin əhəmiyyətli olan hallarının sübuta yetirilməməsini və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını iddia edərək, tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2, 399.1.3 və 399.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2, 399.1.3 və 399.1.5-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya müraciətlərinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif olunmaması kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:

1. “Şəxsin üzərində şəxsi axtarış aparılması haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, müdafiə hüququ təmin olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunun içərisindən 3 (üç) ədəd bükümdə ağ rəngli ayrı-ayrılıqda təxmini çəkisi – 4,6 qram, 2 qram və 1,1 qram olan psixotrop maddə metamfetaminə və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təxmini çəkiləri – 11,1 qram və 0,9 qram olan narkotik vasitə – heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür.

2. Məhkəmə – kimyəvi ekspertizasının 03 may 2022-ci il tarixli 18/486 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 11,071 qram, 0,764 qram, ümumi çəkisi – 11,835 qram olan qəhvəyimtil maddələr kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 4,799 qram, 1,687 qram, 0,238 qram, ümumi çəkisi – 6,724 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir».

3. Əməliyyat tapşırığına verilmiş 08 sentyabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunur ki, 02 may 2022-ci il tarixdə, saat 23:05 radələrində onun rəhbərliyi ilə CABnin əməkdaşlarının Hacıqabul-Mincivan yolunun 139-cu k/m-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şahid1 idarə etdiyi “Xəzər” markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərindən Füzuli rayonu istiqamətində hərəkətdə olarkən qeyd edilən ərazidə əməliyyat tədbiri olaraq süni tıxac yaradılmaqla avtomobil məcburi saxlanılmış, bu zaman avtomobildə olan Təqsirləndirilən şəxs, avtomobilin sürücüsü Şahid1 və həmin vaxt avtomobilin sağ qabaq oturacağında sərnişin qismində əyləşmiş Şahid2 avtomobildən düşüb, müqavimət göstərərək qaçmaq istəyərkən tədbirə cəlb edilmiş əməkdaşlar tərəfindən “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin 2-ci bəndinin 5-ci hissəsinin tələblərinə əməl etməklə fiziki qüvvə tətbiq edilməklə avtomobilə əyləşdirilərək Füzuli RPŞ-nə gətirilmişdir. Şöbənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun üzərindən qeyd edildiyi miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Həmçinin, onu qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olur. Onun bu əməli onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə açılmış əməliyyat-qeydiyyat işi çərçivəsində keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində tam sübuta yetirilir. Lakin qeyd edilmiş sübutların əldə edilmə mənbəyi 07 sentyabr 2004-cü il tarixli “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən “tam məxfi” qrifli olduğundan və yayılması Azərbaycan Respublikası DİN-nin qanuni mənafeyinə xələl gətirdiyindən açıqlanması, eləcə də açıq məhkəmə iclasında baxışa çıxarılacaq və məxfiçilik rejimində işləməyə buraxılışı olmayan şəxslərin tanış olacağı cinayət işinə əlavə edilməsi qanunvericiliklə qadağan olunduğundan həmin sübut hesab ediləcək dəlillərin istintaq orqanına təqdim edilməsi mümkün deyildir. Buna baxmayaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla apardığı danışıqlara əməliyyat-axtarış fəaliyyəti subyektinin xx.xx.2022-ci il tarixli vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Füzuli rayon prokurorunun 31 mart 2022-ci il tarixli təqdimatı və xx.xx.2022-ci il tarixli məhkəmə qərarı əsasında əməliyyat-axtarış tədbiri qismində “Telefon danışıqlarına qulaq asma” əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş kompleks əməliyyat məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin mütəmadi satışı ilə məşğul olur.O, narkotik vasitəni satacağı şəxslərlə telefonda danışaraq razılaşdıqdan sonra həmin şəxslərdən ya əlbəəl, yada əvvəlcədən kodunu verdiyi və narkotik satışı üçün istifadə etdiyi bank kartına pul köçürtdürmək üsulu ilə pulu əldə edib, narkotik vasitə və ya psixotrop maddələri satmışdır. Belə ki, telefon danışıqlarından məlum olur ki, Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə saat 11:55-dən 18:14-dək olan müddətdə 18 ayrı-ayrı mobil nömrədən zəng edən müxtəlif şəxslər ondan narkotik vasitə və ya psixotrop maddə istəmişlər. Danışığın mətnindən görünür ki, onlar daş (metamfetamin), kola (heroin), ot (qurudulmuş marixuana) və ya torpaq (heroin) jarqon sözlərindən istifadə edərək Təqsirləndirilən şəxs narkotik sifariş vermiş və Təqsirləndirilən şəxs üzərində olan bank kartına müxtəlif məbləğdə, yəni alacaqları narkotik vasitənin miqdarından asılı olaraq bunun müqabilində ödəmə terminalları və bank kartları vasitəsi ilə pullar göndərmişlər. Təqsirləndirilən şəxs həmin şəxslərə Bakı şəhəri istiqamətinə getdiyini bildirmiş və danışıq zamanı Təqsirləndirilən şəxs mobil telefonunun anten dairəsi onun Bakı şəhəri istiqamətində hərəkətdə olduğunu təsdiqləyir, yəni o, birinci telefon zəngində Beyləqan rayonu ərazisində, növbəti zənglərdə Saatlı, Sabirabad, Hacıqabul rayonları ərazisində, sonuncu zəngdə isə Bakı şəhərində olmuşdur.

4. "xxxx" ASC-dən daxil olmuş 06 iyun 2022-ci il tarixli 157000/2-2798 nömrəli məktuba əlavə edilmiş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kart X4 məxsusdur və həmin karta 02 mart 2022-ci il tarixdən 04 may 2022ci il tarixədək olan müddət ərzində müxtəlif elektron ödəmə terminallarından 116 dəfə müxtəlif məbləğlərdə naməlum şəxs və ya şəxslər tərəfindən müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Həmin karta pul köçürməsini kart vasitəsi ilə həyata keçirmiş X5, X12, X7, X2 hər biri bir dəfə, X14 isə 15 dəfə kart vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş karta müxtəlif məbləğlərdə pul köçürmüşlər.

5. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı üzərindən aşkar olunmuş iki ədəd bükümdə ümumi təmiz çəkisi 11,835 qram olan narkotik vasitə heroinin və üç ədəd bükümdə ümumi təmiz çəkisi 6,724 qram psixotrop maddə – metamfetaminin özünə məxsus olduğunu və şəxsi istifadə məqsədilə üzərində daşıdığını bildirmişdir. Birinci instansiya məhkəməsində tədqiq olunmuş qeyd olunan və digər sübatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 11,835 qram olan narkotik vasitə – heroin və 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 6,724 qram psixotrop maddə – metamfetamini əldə edərək üzərində saxlamaqla daşımışdır. Cinayət qanunvericiliyinə əsasən Cinayət Məcəlləsinin 234.1-234.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrlə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə ki, belə tərkiblərə əsasən məsuliyyətin həllində ancaq dispozisiyasında göstərilən hərəkət, yaxud da hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Həmin Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» başlıqlı «İİ siyahı»nın 67-ci sətrinə əsasən metamfetamin psixotrop maddə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndinin ikinci abzasına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». İşin faktiki halları – iş üzrə toplanmış, yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların dairəsi, o cümlədən Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından təxminən 78 dəfə artıq narkotik vasitə – heroini, 44 dəfə artıq psixotrop maddə – metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla daşıması, maddələrin bir deyil, iki çeşiddə (heroin, metamfetamin) olması, heroinin təxminən bərabər ölçülərdə çəkib 2 ədəd, həmçinin metamfetamini 3 ədəd xırda bağlamalara bükməsi, şəxsi istehlak miqdarından dəfələrlə artıq olan həmin maddələrin hamısını üzərində saxlamaqla gəzdirməsi onun həqiqətəndə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə – heroini və psixotrop maddə – metamfetamini əldə edilməsi, saxlanması və daşınması ilə bağlı yekun nəticəyə gəlməyə əsas verir. Bununla da apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Belə ki, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halları – himayəsində iki nəfər azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ağır vərəm və bronxial astma diaqnozu ilə xəstə olmasını, öhdəsində hamilə vəziyyətdə arvadının olmasını, ailədə yeganə qazanc gətirən olmasını, iş üzrə cəzanı ağırlaşdıran halın olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 399.1.2, 399.1.3 və 399.1.5-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar