Məhkəmə qərarları › İş №1(106)-278/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-278/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-278/2025 27.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmü (sədrlik edən X1) ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Astara rayon məhkəməsinin 09 iyun 2022-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,həmin cəzanı şəkmiş, lakin məhkumluğu ödənilməmiş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 9(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2024-cü ildən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 1,286 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 06 avqust 2024-cü il tarixdə, saat 15:15də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsində saxlanılaraq üstü yoxlanılan zaman 01 ədəd sellofan bükümündə təmiz çəkisi 1,286 qram psixotrop maddə metamfetamin əynində olan göy rəngli şortikin sol yan cibindən aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulub sənədləşdirilmişdir. İş materiallarında guyo yolda şübhəli şəxs kimi tutulduğu göstərilsə də əslində Astara rayon Ərçivan qəsəbəsində yaşadığı evdən aparılmışdır. Polis əməkdaşları fiziki və psixi təzyiq göstərərək onu videoya çəkmişlər. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətin təmin olunması xahiş etdi. Göstərdi ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Polis əməkdaşları onu saxlayarkən 48 saatdan sonra buraxacaqlarını dedikləri üçün onlara inanıb etirafedici ifadələr vermişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində bəraət hökmüunün çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X5 apellyasiya şikayətinin təmin olunmamasını, Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarıloması üçün əsas vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar