Məhkəmə qərarları › İş №1(106)-279/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-279/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-279/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), X2 və Hacıyev Pərviz Xanoğlan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri-Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil X5 iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1-ci maddəsi ilə barəsində ittiham hökmü çıxarılmış Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(050)-180/2023 nömrəli hökmündən vermiş olduğu apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(050)-180/2023 saylı hökmü ilə (sədrlik edən hakim Ceyhun Quliyev) xx.xx.1999-cu il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Boradigah qəsəbəsi, N.Nərimanov küçəsi, ev 45də qeydiyyatda olan və Masallı rayonu, Mollaoba kəndində yaşayan, barəsində hökm qanuni qüvvəyə minənə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6500 (altı min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Hökmdə qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizası, habelə cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmə istintaqında təyin edilərək keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İŞİN HALLARİ: İttiham hökmünə əsasən Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi X1 məxsus “VAZ 21074 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran-Boradigah- Masallı avtomobil yolunun Masallı rayonu, Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə 20 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissəslərinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, qövsvari yolun sağ hərəkət zolağından sol ehtiyat hissəsinə keçmək istəyərkən ehtiyatsızlıqdan həmin vaxt onunla eyni istiqamətdə hərəkətdə olan əvvələr tanıdığı Masallı rayonu, Mollaoba kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol ehtiyat hissəsinin kənarında toqquşmuş və sonuncunun sol mil sümüyünün yerini dəyişmiş qapalı sınığı, alt çənə, sol said və diz nahiyəsinin əzilmiş yarası xəsarətləri alması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozması sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, hadisə günü ittiham aktına əsasən zərərçəkmiş Zərərçəkmiş şəxsla eyni kafedə ayrı masalarda oturaraq çörək yemişlər, sonradan o kafedən çıxıb yanacaqdoldurma məntəqəsində avtomobilinə benzin vurub, Mais adlı şəxsin çayxanasına dönmüş, sola dönmə əməliyyatını yerinə yetirərkən dönmə işığını yandırmış, öndən və arxadan avtomobilin gəlmədiyini görüb dönmə əməliyyatını tam şəkildə yerinə yetirmişdir. Yolun ümumi eni 7 metrdir. Onun 3,5 metr sağ, 3,5 metr sol hissəsinə düşür. Zərərçəkmiş şəxs Masallı şəhər istiqamətində gedərkən yolun 3,5 metr sağ istiqamətində getməli idi. Həmin yolu səhv salaraq yolun sol istiqaməti olan 3,5 metr hissəsinidə keçərək onun avtomobilini yolun ehtiyyat hissəsinin 1,7 metrliyində vurmuşdur. Dönmə əməliyyatını yerinə tam şəkildə yetirmiş, yolun ehtiyyat hissəsində olarkən Zərərçəkmiş şəxs onun avtomobilini vurmuşdur. Əməlində nəqliyyat vasitəsini idarə etmək hüququm olmadığına görə inzibati xəta vardır. Avtomobilinə külli miqdarda ziyan dəymiş, səbəbkarı isə Zərərçəkmiş şəxsdur. Savadının olmadığından polis şöbəsində ona hüquqları tam şəkildə izah olunmamışdır. Lakin iş məhkəmədə olarkən müdafiəçisi Müdafiəçi2 onu hansı maddə ilə ittiham etdiklərini, onu hansı cəzanın gözlədiyini bildirmişdir. Polis şöbəsində ifadə verərkən heç vaxt özünü təqsirli bilməmiş və ittihamı qəbul etməmişdir. Müstəntiq tərəfindən ifadəsi kompüterdə yazıldıqdan sonra oxumağa imkan verilməmişdir. Cinayət işi materiallarında da açıq aydın görünür ki, Zərərçəkmiş şəxs onu yolun ehtiyyat hissəsində vurmuşdur. Məhkəmə isə əsassız olaraq ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. “Yol Hərəkəti haqqında” Qanunun 42-ci maddəsində qeyd olunmuşdur ki, sola dönmə əməliyyatı apardıqda məsafədən aslı olmayaraq arxadan ondan sol tərəfdə hərəkətdə olan və qarşıdan gələn avtomobillərə yol verməlidir. Ekspert rəyini bu maddəyə istinad edərək onu təqsirkar çıxartmışdır. Cinayət işinə əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən də görünür ki, dönmə əməliyyatını artıq yerinə yetirmiş və yolun ehtiyyat hissəsində Zərərçəkmiş şəxs avtomobilini vurmuşdur. Hökmdə məhkəmənin yeganə istinad etdiyi qanunsuz ekspert rəyidir. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(050)- 180/2023 saylı hökmünün ləğv edilməsini və bəraət verilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edildiyini, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin olunduğunu bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona dəymiş maddi ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olmasını bildirərək, Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(050)-180/2023 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi2 və X9 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(050)-180/2023 saylı hökmünün ləğv edilərək, bəraət verilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1 və 397.2-ci maddələrinə əsasən, “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır”, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır”. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsassız hesab edilməli, Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(050)-180/2023 saylı hökmü dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan hallarının sübuta yetirilməməsini iddia edərək, tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərə münasibətdə təqsirinin sübuta yetirilməsi kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillə bağlı cinayət işinin mötəbər, mümkün və qanuni toplanmış, sübut əhəmiyyətinə malik materiallarına əsasən aşağıdakıları qeyd edir. 1.Mövcud hadisə 5 iyun 2023-cü il, saat 23:00 radələrində Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində baş vermişdir. 2.Hadisə yerinin yol şəraiti: hadisə baş verən yolun hərəkət hissəsi quru, düz və asfaltbeton örtüklü olmuş, yol iki istiqamətli olmaqla hərəkət hissəsinin ümumi eni 7 metrdir. Yolun sağ çiyininin eni 2 metr, sol çiyininin eni isə 1,7 metrdir. Hadisə yerində icazə verilən maksimum sürət həddi 50 km/saatdır. 3.Sürücü Zərərçəkmiş şəxs Mercedes-Benz D markalı avtomobili 70 km/saat sürətlə idarə edərkən, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan və sola dönmə işığını yandıraraq, avtomobilini sola istiqamətləndirən sürücü Təqsirləndirilən şəxs 20 km/saat sürətlə idarə etdiyi VAZ-21074 markalı avtomobil ilə yolun sol çiyinindən sol tərəfdə toqquşmuşdur. VAZ-21074 markalı avtomobil Mercedes-Benz D markalı avtomobilə nəzərən hərəkət zolağının sağ kənarı ilə hərəkətdə olmuş və hərəkət hissəsinin sağ kənarından avtomobili sola doğru istiqamətləndirmişdir. Hər iki avtomobil texniki cəhətdən saz vəiyyətdə olmuş, avtomobillərdə yük və sərnişin olmamışdır. Toqquşma yeri avtomobillərin hərəkət istiqamətlərinə nəzərən yolun sol çiyinindən sola doğru 2,9 metr məsafədə yerləşir. Mercedes-Benz D markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə VAZ-21074 markalı avtomobilin sol ehtiyyat hissəsinə istiqamətləndiyi andan yaranmış və həmin andan toqquşma yerinə kimi VAZ-21074 markalı avtomobil 7,5 metr məsafə qət etmişdir. 4.Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 04 iyul 2023-cü il tarixli, 8/1762 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ- 21074” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəydə qeyd olunmuşdur ki, mövcud vəziyyətdə VAZ-21074 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1 -ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən: -dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır (maddə 42.1 ). -dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır (maddə 42.6). Göstərilən vəziyyətdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı avtomobillə sola dönmə əməliyyatı aparmazdan əvvəl bu manevrin təhlükəsiz başa çatdırılmasına əmin olmalı və əvvəlcədən hərəkət hissəsində sol kənar vəziyyət tutmalı idi. Mövcud şəraitdə sürücü Təqsirləndirilən şəxs arxadan eyni istiqamətdə ona nəzərən sol tərəf ilə Mercedes-Benz D markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi VAZ-21074 markalı avtomobillə hərəkət hissəsinin sağ kənarından sola doğru dönmə əməliyyatı aparmamalı, Mercedes-Benz D markalı avtomobilə yol verdikdən sonra sola doğru yerdəyişmə aparmaqla hərəkət hissəsində sol kənar vəziyyət tutmalı və bundan sonra sola doğru dönmə əməliyyatı aparmalı idi. Lakin istintaq tərəfindən göstərildiyi kimi, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı avtomobil ilə hərəkət hissəsinin sağ kənarından sola doğru dönmə əməliyyatı aparması, yəni hərəkəti istiqamətində sol kənar vəziyyət tutmadan “sola doğru dönmə əməliyyatı aparması, arxadan eyni istiqamətdə hərəkətdə olan Mercedes-Benz D markalı avtomobilə yol verməməsi və nəticədə nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsi faktları onu izah edir ki, qeyd olunan vəziyyətdə VAZ-21074 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 5.Məhkəmə istintaqı zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 8/3087 saylı rəyində göstərilir; 1,3. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsi sürücüsü dönmə işığını yandıraraq sola dönmə əməliyyatı apardıqda məsafədən asılı olmayaraq arxadan ondan sol tərəfdə hərəkətdə olan və qarşıdan gələn avtomobillərə yol verməlidir. 5a.6a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-21074” markalı 44CD055 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 2.5b,6b. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes-Benz D” markalı 42CD330 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs “Mercedes Benz D” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Zərərçəkmiş şəxs “Mercedes Benz D” markalı avtomobilin hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 6.Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 548 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol mil sümüyünün yerini dəyişmiş qapalı sınığı, alt çənə, sol said və diz nahiyəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 05 iyun 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün ilk olaraq yuxarıda əks olunan və iş materiallarında olan digər sübutlar əsasında hadisənin real mexanizmi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Aiman Hüseynovun iddia etdiyi hadisə mexanizminə görə hadisədən qabaq onun idarə etdiyi “VAZ 21074” minik markalı 44 CD-055 qeydiyyat nişanlı avtomobili təxminən 20-25 metr məsafə getdikdən sonra sola dönmə işığını yandırıb asfalt yolun sağ hərəkət zolağından yolun sol ehtiyat hissəsinin kənarına, yəni daş və torpaqdan ibarət əraziyə qövsvari keçib orada avtomobilini dayandırmaq istəyərkən arxadan “Mersedes Benz” markalı avtomobilin sürətlə gəlib avtomobilinin ön sağ tərəfi ilə onun avtomobilinin ön sol qanadına vurub onu təxminən 5-6 metr irəli atmış və daha sonra təxminən 10-15 metr düz gedib qarşıda olan daş hasar və elekrtik dirəyinə dəyərək yerində dayanmışdır. Hadisənin Təqsirləndirilən şəxs iddia etdiyi mexanizm üzrə baş verməsi cinayət işi üzrə toplanmış digər sübutlarla yanaşı, hadisənin bilavasitə şahidi olmuş Şahid1, Şahid2 ifadələri ilə təkzib olunur. Belə ki, ilk olaraq həmin şəxslər hadisə yerinə çatdıqda VAZ 21074 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun Masallı şəhəri istiqamətində sol tərəfində toqquşduğunu və toqquşmadan sonra “Mersedes Benz D minik” markalı avtomobilin yol kənarında olan daş hasara və elektrik dirəyinə çırpılaraq dayandığını görmüşdür. Həmin sübutlar əsasında mübahisəsiz olaraq müəyyən olunur ki, “VAZ21074” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 42.1.1-42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü-cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyatı olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə və sair hallar olduqda çıxarılır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə hazırki cinayət işi üzrə məhkum edilmiş şəxsin barəsində o halda bəraət hökmü çıxarıla bilər ki, onun əməlində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in müvafiq maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmasın; həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar mövcud olsun; onun təqsirləndirildiyi cinayətləri törədilməsinə aidiyyatı olmaması sübuta yetirilsin; onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmasın və ya toplanmış sübutlar təqsirliliyini təsdiq etməsin və sair. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs hadisəni təsvir edən ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibb ekspertizasının və “Məhkəmə yol-nəqliyyat hadisələri” ekspertizasının istinad olunmuş rəyləri və digər səndlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Beləliklə kollegiyanın hüquqi təhlilinə əsasən, Asiman Hüseyovun qeyd etdikləri işin faktiki hallarına uyğun deyil, digər sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Bununla da cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət təqibi üzrə toplanmış sübutlar kifayətdir ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir, birinci inctansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlmişdir. Yekun olaraq, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və ya onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi onun ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsirini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən 01(bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6500 manat cərimə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(020)-180/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(050)-180/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Elçin Xasməmmədov Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar