Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-286/2024 13.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin, Apellyasiya instansiyası məhkəmələrində X5 Üzrə şöbəsinin prokuroru X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar Rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 1(022)-18/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 1(022)-18/2024 nömrəli hökmü (hakim Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi) ilə xx xxxx 1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 15 avqust 2023-cü il tarixdə saat 20:45 radələrində özünə məxsus «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu Çaylı kəndindən keçən 5-ci kilometrliyində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində idarə etməklə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobillə istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətdən artıq yük kütləsi daşımış, həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saatdan artıq, 70 km/saat sürətlə hərəkət etdirmiş, həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş, nəticədə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada, Biləsuvar rayonu Çaylı kəndində yaşayan, 18 noyabr 1968-ci il təvəllüdlü X3 yolun özünə aid hərəkət hissəsində avtomobilin qabaq sol qanadı ilə ehtiyatsızlıqdan vuraraq ona «ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcli əzilməsi, başın ənsə nahiyəsində və sağ baldır nahiyəsində əzilmiş yara, sağ baldır sümüklərinin açıq sınığı, burun sümüyünün qapalı sınığı, alının sol yarısında, burun belində və sol çənə nahiyəsində sıyrıq, sağ gözyuvası ətrafında və sol bud nahiyəsində qançır» kimi törəndiyi anda həyat üçün təhlükəli olduğu üçün dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, bununla da idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində Biləsuvar rayon məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmünü dəyişdirilərək ona təyin olunan cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun ailəsinə yeganə qazanc gətirən şəxs olması, himayəsində 2 azyaşlı uşağının və xəstə arvadının olması, əməlimdən səmimi peşiman olması və zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməklə barışması və onun barəsində şikayətin olmaması nəzərə alınmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X9 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X8 apellyasiya şikayətini müdafiə edib, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti çəkilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib müdafiəçisi X7 cıxışı ilə razı olduğunu bildirdi və həmin apellyasiya şikayətinin təmin edilərək barəsində şərti cəza təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, ilk növbədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs etirafedici ifadələri, həmçinin Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1, Şahid2 ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol və yol-nəqliyyat hadisəsinin sxemi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 8/2981 nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının 25 avqust 2023-cü il tarixli 27 №-li rəyi və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar şərh etməyə zərurət görmür. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 17 yanvar 2024cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Biləsuvar Rayon Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi, həmin əməllərə görə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətindən və müdafiə tərəfinin çıxışlarından görünür ki, apellyasiya şikayətində cəzanın ağırlığına görə ədalətsiz olması, hökm çıxarılarkən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması göstərilmiş və həmin əsaslarla da birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək məhkum olunmuş şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini araşdırıb hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətlərinin və apellyasiya məhkəmə baxışında çıxışlarının cəza təyin olunarkən birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən halların nəzərə alınmaması və həmin əsaslarla da təyin olunmuş cəzanın ağır olması barədə dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin sonuncuya təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, ölmüş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və himayəsində 2 azyaşlı uşağının (xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1) olmasını onun cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halın olmamasını, cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması qənaətinə gəlmişdir. Apelyasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Qanunun mənasına görə şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadığı və cəzasının məqsədinə cəzanın şərti hesab edilməsi ilə nail olmağın mümkün olduğu təqdirdə tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın müddətinin aşağı endirilməsini, məhkum olunduğu maddəyə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının məhkum olunmuş şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilərək ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzəzrdə tutulmuş aşağı dəddən də az cəza təyin edilməsi və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 1(022)-18/2024 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-286/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-286/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver