Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-294/2024 27.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin, Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsi) 314.1-ci maddəsi ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(057)-27/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 23 yanvar 2024 il tarixli, 1(057)-27/2024 nömrəli hökmü (hakim: Səmədov Ağarza Hacırza oğlunun sədrliyi) ilə xx xxxx 1984-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, «Salyan Rayon Mərkəzi Xəstəxanası» X7 Cərrahiyyə Şöbəsində həkim-cərrah vəzifəsində işləməklə, həqiqi hərbi xidmətə çağırılan çağırışçıların tibbi müayindən keçirilməsi üçün yaradılmış həkim komissiyanın üzvü (cərrah) işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Salyan rayonu Aşağı Noxudlu kəndində yaşayan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2010-cu ildən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Salyan Rrayon Mərkəzi Xəstəxanası» X6 Cərrahiyyə şöbəsinin həkimcərrahı vəzifəsində işləməklə Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 182 saylı 2003 və 2004-cü il təvəllüdlü gənclərin ilkin hərbi qeydiyyata alınması haqqında və xx.xx.2022-ci il tarixli, 89 saylı çağırış yaşına çatmış gənclərin 2022-ci ilin iyul ayının 01-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması tədbirlərinin keçirilməsi haqqında sərəncamları əsasında yaradılmış həkim komissiyasının üzvü-cərrah kimi «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 6.2, 13.2 və 15.1-ci maddələrinə əsasən komissiyanın işində iştirak etməklə istər ilkin hərbi qeydiyyata alındıqları, istərsə də, müddətli həqiqi hərbi xidmətə çağırıldıqları zaman çağırışçıları tibbi müayinə etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 1.8-ci bəndinə əsasən verdiyi rəyin əsaslılığına və +obyektivliyinə görə məsuliyyət daşımaq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2014cü il tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında» Təlimatın 39-cu bəndinə əsasən çağırışçılara ayrı-ayrılıqda fərdi baxışın nəticəsində onların qeydiyyat kartasına və tibbi şəhadətləndirilmə kartasına diaqnozu, hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəyi, hərbi xidmət keçmək üçün təyinat göstəricisni və tibbi şəhadətləndirilmənin tarixini yazmaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs olaraq tibbi şəhadətləndirilməsi məqsədi ilə çağırışçıları tibbi müayinə zamanı soyunmuş şəkildə tibbi baxışdan keçirməli, onların bütün bədən qurluşunun xarici görnüşünə baxılmalı olduğu halda, həmin vəzifələrinə laqeyid münasibət göstərib öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, istər xx.xx.2019-cu il tarixində ilkin hərbi qeydiyyata alınması, istərsə də, xx.xx.2022-ci il tarixində müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar qeyd olunan tarixlərdə, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin inzibati binasında təşkil edilmiş komissiya zamanı Salyan rayonu Şorsulu kənd sakini, xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs hər iki ayağının pəncəsini obyektiv vizual müayinə etməyərək, Zərərçəkmiş şəxs mövcud olan və əsaslı obyektiv vizual müayinə ilə aşkar edilməsi mümkün olan sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı rəyinə əsas olan «Aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastılığı» dioqnozlu xəstəliyini aşkar etməyərək, sonuncuya hərbi xidmətə yararlı diaqnozunu qoyması nəticəsində Zərərçəkmiş şəxs qanunsuz olaraq hərbi xidmətə göndərilməklə hüquqlarına və qanunla qorunan mənafelərinə, həmçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək keçən dövr ərzində həqiqi hərbi xidmətdə olduğu zaman ərzaq, əşya və tibb təminatına görə ümumilikdə 4.250,04 manat pul vəsaitinin dövlət büdcəsindən ayrılması ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olaraq səhlənkarlıq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs barəsində Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli l(057)-27/2024 saylı saylı hökmü ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salyan rayon Məhkəməsi yekun qərar qəbul edən zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları hərtərəfli araşdırmamış, onunn əməlində birbaşa qəsdin olmadığı nəzərə alınmamışdır. Belə ki, Zərərçəkmiş şəxs ifadəsinə baxılsa görünür ki, o, uşaqlıqdan yastıpəncəlikdən əziyyət çəkdiyini bilmiş, lakin səhhətində başqa problem olduğundan bu problemini deməmişdir. Buna baxmayaraq o, Zərərçəkmiş şəxs tam müayinə etmiş və bununla bağlı 2019-cu ildə zərərçəkmişi göndərişlə müayinəyə göndərmiş, lakin bu hissədə heç bir araşdırma aparılmamış, səthi şəkildə üstündən keçilmişdir. Onun xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs səhlənkarlıqla hərbi hissəyə yola salınma zamanı yastıpəncə olmasını aşkar etmədiyi müəyyən etdikdən sonra xx.xx.2023-cü il tarixədək düzgün olmayaraq hərbi xidmətdə olmasını bilən və kütləvi olmasını bildirən Müdafiə Nazirliyi heç bir tədbir görülməsi üçün müraciət etmədiyi halda 1 çağırışçının şikayətini böyüdüb qloballaşdırmaq ən azından ədalətsizlikdir. Yüzlərlə çağırışçıdan 15-20 nəfər olsaydı bəli özü də razılşardı ki səhlənkarlıq etmiş, işinə laqeyd yanaşmışdir. İşlədiyi uzun illər ərzində hər çağırış zamanı yola salınan minlərlə çağırışçıdan 1 nəfərin çıxması və səhlənkarlıq kimi qiymətləndirilə bilməz. Bundan başqa, cinayəti törədən şəxs kimi onun vəzifəli şəxs hesab edilməsi də düzgün deyil. O, mütəxəssis kimi cəlb edilmiş və buna görədə mülki, inztizam və inzibati qaydada məsuliyyət tədbiri tətbiq edilə bilər. O, hakimiyyət nümayəndəsi deyildir, təşkilat sərəncamverici funksiyaları həyata keçirən şəxs deyildir, inzibati təsərrüfat funksiyasını yerinə yetirmir. Cinayət Məcəlləsinin 308-ci maddənin qeydində olan vəzifəli şəxsdən hansı olduğu müəyyən edilməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı X5 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmadığını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya instansiyasında məhkəmə baxışında apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etdi və Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmünün ləğv etməklə, barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını, bu mümkün olmadıqda isə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib müdafiəçisi Müdafiəçi2 cıxışı ilə razı olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilərək barəsində bəraət hökmünün çıxarılmasını və ya təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddəsi ilə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid3, Şahid1, Şahid2, Şahid4, Şahid5 ifadələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-43-52/2-494/2023 saylı məktuba əlavə edilmiş Zərərçəkmiş şəxs məxsus olan «Çağırışçılarının uçot kartası, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından daxil olmuş 29 avqust 2023-cü il tarixli, 5088 saylı məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsindən daxil olmuş 30 avqust 2023-cü il tarixli, 11591 saylı məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, 3-25/2-15/4052/2023 saylı məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsindən daxil olmuş 12 oktyabr 2023-cü il tarixli, 5-25/2-15/4530/2023 saylı məktubu, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, KEŞ- 734 saylı rəyi, məhkəmə-xətşünaslıq ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 4/1674 saylı rəyi, Salyan Rayon İcra Hakimiyyəti Başçısından daxil olmuş xx.xx.2018-ci il tarixli, 182 saylı, 28 iyun 2022-ci il tarixli, 89 saylı sərəncamı, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 182 saylı, 28 iyun 2022-ci il tarixli, 89 saylı sərəncamına əsasən Təqsirləndirilən şəxs qeyd olunan tarixlərdə həqiqi hərbi xidmətə cəlb edilən çağırışçıların çağırışı üçün təşkil edilən həkim komissiyasının cərrah həkim kimi üzvü olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-43-52/2-494/2023 saylı məktuba əlavə edilmiş Zərərçəkmiş şəxs məxsus olan «Çağırışçılarının uçot kartası»-dan görünür ki, istər ilkin hərbi qeydiyyata alındığı zaman, istərsə də, həqiqi hərbi xidmətə çağırıldığı zamanı təşkil olunmuş həkim komissiyasının bütün üzvləri tərəfindən Zərərçəkmiş şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından daxil olmuş 29 avqust 2023-cü il tarixli, 5088 saylı məktuba əsasən N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs 01 yanvar 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmamışdır. Zərərçəkmiş şəxs 04 may 2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş X3 bölməsində «Aşıq qayıqvari oynaqların İ mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ dərəcə boylama yastıpəncəliyi» diaqnozu ilə ambulator (ambulator-7102) qeydiyyatda olmuş, 20 iyun 2023-cü il tarixdə Qəbul bölməsində ambulator (ambulator-10350), 20 iyun 2023-cü il tarixdə Qəbul bölməsində «Alternəedici ekzotropiya planlı əməliyyat məsləhətdir» diaqnozu ilə ambulator (ambulator-10293) qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsindən daxil olmuş 30 avqust 2023-cü il tarixli, 11591 saylı məktuba əsasən N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs 22 aprel 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək N nömrəli hərbi hissədə «Aşıq- qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı. Kəskin bronxit yüngül gedişli. OU-Alternəedici ekzotropiya» diaqnozu ilə stasionar müalicədə olmuş, 21 iyun 2023-cü il tarixdə N nömrəli hərbi hissənin Hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və «Xəstəliklər cədvəli»nin 68c maddəsinin İİ qrafasına əsasən «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır» qərarı verilmişdir. Qərar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmişdir. Əsgər Zərərçəkmiş şəxs hərbi həkim komissiyasının qərarının icra edilməsi üçün 17 iyul 2023-cü il tarixdə öz hərbi hissəsinə yazılmışdır. Əsgər Zərərçəkmiş şəxs 10 noyabr 2022ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək «Sol əlin arxa nahiyəsinin infiltrasion ödemi» diaqnozu ilə N nömrəli hərbi hissədə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, 3-25/2-15/4052/2023 saylı məktuba əsasən Zərərçəkmiş şəxs dövlət tərəfindən çəkilən ərzaq təminatı üzrə xərc 2351 manat 17 qəpik, əşya təminatı üzrə xərc 1548 manat 85 qəpik təşkil edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsindən daxil olmuş 12 oktyabr 2023-cü il tarixli, 5-25/2-15/4530/2023 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Ordusunun hərbi hissələrində həqiqi hərbi xidmətdə olduğu zaman dövlət tərəfindən onun müalicəsinə ümumilikdə 350,02 manat xərc çəkilmişdir. Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, KEŞ- 734 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının radioloq və travmatoloq mütəxəssisləri tərəfindən komisyon qaydada müayinəsi keçirilmiş və müayinə zamanı hər iki ayaqda İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq (sağ ayaq: L=165 mm, h=15 mm, a=160°; sol ayaq: L=470 mm, h=12 mm, a=167°) müəyyən edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Zərərçəkmiş şəxs aşkar edilmiş «Aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastılığı. Alteməedici ekzotropiya» xəstəliklərinin sonuncu həqiqi hərbi xidmətə göndərilməmişdən əvvəl yerli hərbi həkim komissiyası tərəfindən müayinə olunarkən onda müəyyən edilməli idi. Buna məsul şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin həkim komissiyasıdır. Zərərçəkmiş şəxs hər iki ayaqda İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq rentgenoloji müayinə əsasında təyin edilir. Zərərçəkmiş şəxs hər iki ayaqda İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq obyektiv (vizual) müayinə əsasında şübhə yaratmalı və rentgenoloji müayinə aparılaraq təyin edilməli idi. Zərərçəkmiş şəxs hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq xəstəliyinin 5 ay müddətində hərbi xidmət dövründə yarana bilməsi istisna edilir. Belə ki, Zərərçəkmiş şəxs yaşını nəzərə alaraq sümüyün böyümə zonasının bağlanması ilə əlaqədar İİ dərəcə boylama yastıayaqlılığı olduğu halda, İİİ dərəcəli olaraq dəyişə bilməsi və ya 3-4 ay ərzində boylama yastıayaqlılığın İİİ dərəcədən İİ dərəcəyə keçə bilməsi mümkün hesab olunmur. «Aşıqqayıqvari oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıyaqlılığı; Alteməedici ekzotropiya» xəstəliklərinin hərbi xidmət zamanı «Kəskin bronxit, yüngül gedişli» xəstəliyinə səbəb olması istisna edilir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 02 noyabr 2023- cü il tarixli, 4/1674 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs adından olan «Çağırışçının uçot kartası»nın 1-ci vərəqinin arxa tərəfində «İİİ. İLKİN HƏRBİ QEYDİYYATA ALMA KOMMİSSİYASİNİN QƏRARİ» hissəsində «CƏRRAH» qrafasının qarşısında «yararlı» yazısı və həmin yazının qarşısında «İmza» qrafasındakı imza, 2-ci vərəqinin üz tərəfində «İV. RAYON, ŞƏHƏR, ŞƏHƏRDƏ RAYON ÇAĞRİŞ KOMİSSİYASİNİN QƏRARİ» hissəsində «CƏRRAH» qrafasının qarşısında «yararlı» yazısı və həmin yazının qarşısında «İmza» qrafasındakı imza - eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxsin vəzifəli şəxs olmaması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə bununla bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında Plenum hüquqi mövqeyini belə əsaslandırmışdır ki, müəssisə, idarə və təşkilatların (mülkiyyət formasından asılı olmayaraq) təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməyən, daimi və ya müvəqqəti olaraq vəzifə tutan işçiləri (məsələn, müəllim, həkim və başqaları) hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə, yəni səlahiyyətlərinə uyğun olaraq başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olan və ya səbəb ola bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Müəllimlər tərəfindən rəsmi sənədlərdə əks olunan imtahanlara verilmiş qiymət, həmçinin imtahan zamanı təhsil alanların biliklərinin mənfi və ya müsbət qiymətləndirilməsi bir halda hüquqi əhəmiyyətli nəticənin yaranması, yəni hüquq münasibətinin yaranması, dəyişməsi və ya xitam olunması üçün birbaşa və bilavasitə əsas olur. Göstərilənlər nəinki təhsil sahəsində öz vəzifələrini həyata keçirən şəxslərin, o cümlədən digər xidmət sahələrində çalışan və hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sırasına aid olunmasını istisna etmir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun: 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərinə əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti daxildir. 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin inzibati binasında təşkil edilmiş komissiya zamanı Salyan rayonu Şorsulu kənd sakini, xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs hər iki ayağının pəncəsini obyektiv vizual müayinə etməyərək, Zərərçəkmiş şəxs mövcud olan və əsaslı obyektiv vizual müayinə ilə aşkar edilməsi mümkün olan sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı rəyinə əsas olan «Aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastılığı» dioqnozlu xəstəliyini aşkar etməyərək, sonuncuya hərbi xidmətə yararlı diaqnozunu qoyması nəticəsində Zərərçəkmiş şəxs qanunsuz olaraq hərbi xidmətə göndərilməklə hüquqlarına və qanunla qorunan mənafelərinə, həmçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixinədək keçən dövr ərzində həqiqi hərbi xidmətdə olduğu zaman ərzaq, əşya və tibb təminatına görə ümumilikdə 4.250,04 manat pul vəsaitinin dövlət büdcəsindən ayrılması ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olaraq səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində və məhkəmə baxışı zamanı çıxışında işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması, onun əməlində cinayət tərkibinin olmamsı barədə dəlilləri yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsində tədqiq olunmaqla araşdırılmış sübutlar və qanun normaları ilə tam təkzib olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyyən edilmiş azadlıığın məhdudlaşdırılması cəzası təyin etmişdir ki, bu hal da belə qənaətə gəlməyə əsas verir ki, təyin olunmuş cəza törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və məhkumun şəxsiyyətinə uyğun ədalətli cəza olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıığın məhdudlaşdırılması növündə cəza təyin etməklə onun islah olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, baxımından hesab edir ki, məhkum olunmuş şəxsin apellyasiya şikayətinin dəlilləri ona daha yüngül təyin edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş əsas və əlavə cəzalar həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Salyan Rayon Məhkəməsinin 1(057)-27/2024 №-li, 23 yanvar 2024-cü il tarixli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 1(057)-27/2024 №-li, 23 yanvar 2024-cü il tarixli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-294/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-294/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver