Məhkəmə qərarları › İş №1(106)-300/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-300/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-300/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2024 saylı, 21 yanvar 2025-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2024 saylı, 21 yanvar 2025-ci il tarixli hökmü (sədrlik edən X9) ilə, xx.xx.1976-cı ildə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Kürdəmir rayon X6 X8 xəstəliklər şöbəsinin həkiminfeksionisti işləyən, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Kürdəmir Rayon X6 X8 xəstəliklər şöbəsinin müdiri vəzifəsini icra edən, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Sığırlı kəndində yerləşən evini gecə saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsinin qoyulması, təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının müddətinin hökm qanuni qüvvəyə mindiyi andan hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Hökmə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim-infeksionistin nümunəvi vəzifə təlimatı”nın 7-ci bəndinə əsasən həkim-infeksionist müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli olduğu halda bunları etməyərək, həmçinin həmin vəzifə təlimatının 24.1-ci bəndinə əsasən təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, həmin tələblərə əməl etməyərək Kürdəmir Rayon X6 X8 xəstəliklər şöbəsinin müdiri vəzifəsini icra etdiyi dövrdə, yəni xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon X6 Hüquqi Şəxsinə müraciət etmiş, Kürdəmir rayonu Qağacılı kənd sakini, xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs vəziyyətini düzgün qiymətləndirməyərək ona düzgün olmayan “Ağırlaşması olmayan qızılca?” diaqnozu təyin etmiş, təyin edilmiş diaqnozu dəqiqləşdirmək üçün hər hansı bir instrumental və laborator müayinələr aparmamış, diaqnoz əsaslandırılmamış, xəstədə ağciyərlərin hemorragik pnevmoniyasını müəyyən etməmiş, xəstənin vəziyyətinin ağırlıq dərəcəsini nəzərə alaraq təcili hospitalizasiya etməli, protokol üzrə adekvat müalicəyə cəlb etməli olduğu halda bunları etməmiş, bununla da göstərdiyi tibbi xidmətin yetərsizliyi, yəni hospitalizasiya aparmaması və müalicə taktikası seçməməsi nəticəsində xəstə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ağciyərlərdə hemorragik pnevmoniya, acaqlı qansızmalar, atelektaz emfizema fonunda baş vermiş kəskin tənəffüs çatışmazlığı səbəbindən ölmüş, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümündən ibarət ağır nəticəyə səbəb olan səhlənkarlıq cinayəti törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2024 saylı, 21 yanvar 2025-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2024 saylı, 21 yanvar 2025-ci il tarixli hökmünün dəyişdirilməsini, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ona cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşimançılıq çəkməsini, himayəsində 4 azyaşlı uşağının olmasını, peşə fəaliyyəti ilə bağlı əvvəllər heç bir cinayət əməli törətməməsini nəzərə almamış, ona ağır cəza təyin etmişdir. Hesab edir ki, məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alaraq ona daha yüngül cəza təyin edə bilərdi. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətin təmin olunması, ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi X4 müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X5 apellyasiya şikayətinin təmin olunmamasını, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2024 saylı, 21 yanvar 2025-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2024 saylı, 21 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı və məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri,zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2024 saylı, 21 yanvar 2025-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2024 saylı, 21 yanvar 2025-ci il tarixli hökmünün dəyişdirilməsini, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün əsas vermir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 314.2-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, apellyasiya şikayətində göstərdiyi yüngülləşdirici hallparı nəzərə alapraq məhkəmə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə – iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2025 saylı, 21 yanvar 2025-ci il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2025 saylı, 21 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2025 saylı, 21 yanvar 2025-ci il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar