Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-308/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), X1 və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə. xx xxxxxxxx 1992-ci ildə Lerik rayonu, Piran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lerik Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 1(048)-40/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lerik rayonu, Piran kəndində daimi qeydiyyatda olmaqla orada yaşamış, 10 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lerik Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 4(048)-08/2023 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, 01 avqust 1989-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 12 mart 2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, məhkumuğu ödənilmiş, Lənkəran rayonu, Bala Şürük kəndində qeydiyyatda olmaqla yaşamış, 10 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lerik Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 4(048)-09/2023 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(099)-848/2023 saylı hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kpllegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(099)-848/2023 sayl; hökmü ilə (hakimlər X7 (sədrlik edən), X8 və X5) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lerik Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 1(048)-40/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu ilə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 10 iyun 2023-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 10 iyun 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,973 qram və 107,219 qram olmaqla külli miqdarda-116,192 qram çəkidə narkotik vasitə tiryəki, tiryəkdən kustar üsulla hazırlanmış iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,368 qram və 354,636 qram olmaqla külli miqdarda-360,004 qram çəkidə narkotik vasitə heroini və üç bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 96,078 qram, 1,116 qram və 1,785 qram olmaqla külli miqdarda-98,979 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib onları üzərində daşımaqla Lənkəran rayonu, Bala Şürük kəndində yerləşən yaşadığı evə gətirdikdən sonra həmin kütlələri zirzəmidə olan dəmir vedrədə və istifadəsində olmuş «Moskviç 2141» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfdə yerləşən qapısının içərisində saxlamış, əldə etdiyi psixotrop maddə metamfetamindən xarici görünüşlərinə və komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,116 qram və 1,785 qram olmaqla külli miqdarda-2,901 qram psixotrop maddə metamfetamini 10 iyun 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı Lənkəran rayonu, Bala Şürük kəndində yerləşən evində Lerik rayonu, Piran kənd sakini Təqsirləndirilən şəxs1 20 (iyirmi) manata satmış, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda-2,901 qram psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 10 iyun 2023-cü il tarixdə, saat 14:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Lənkəran-Lerik avtomobil yolunun 20-ci km-də, Lerik rayonu, Piran kəndi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Lerik Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə, saat 15:10-dan saat 15:35-dək üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarının sağ yan cibindən bir ədəd «Rothmans» markalı siqaret qutusunda iki ədəd kağız bükümdə içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1,116 qram və 1,785 qram olmaqla külli miqdarda- 2,901 qram xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə eyni olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, onun Təqsirləndirilən şəxs1 həmin psixotrop maddə metamfetamini satması barədə əməliyyat məlumatları almış Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin gün, yəni 10 iyun 2023-cü il tarixdə yaşadığı Lənkəran rayonu, Bala Şürük kəndində yerləşən evində saat 18:15-dən saat 19:00-dək axtarış aparılarkən evin zirzəmisində olan dəmir vedrənin içərisində saxladığı bir ədəd sellofan torbada içərisində bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi külli miqdarda-107,219 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, iki ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,368 qram və 354,636 qram olmaqla külli miqdarda-360,004 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda- 96,078 qram olan ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin, bundan əlavə yaşadığı evin həyətində olan «Moskviç 2141» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfdə yerləşən qapısının içərisində saxladığı bir ədəd sellofan kəsiyi bükümündə külli miqdarda-8,973 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə münasibətdə əməlləri düzgün olaraq CM-nin 234.1-1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, verilən ittiham sübuta yetmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 Cingiz oğlu apellyasiya şikayətində qeyd etmişdir; -Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, ibtidai istintaq ona qarşı qərəzli saxtakarlıq edərək, ona agır maddə ilə ittiham etmişdir. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü qismən təqsirli hesab edir. Məhkəmə istintaqında ifadələrinə və söylədiklərinə qiymət verilməmiş və araşdırlmamışdır. Ailəlidir, himayəsində üç azyaşlı övladları, ailəsinin onun qayğısına ehtiyacı vardır və ailəyə yeganə qazanc gətirən şəxsdir. Məhkəmə ifadəsini və ailəsinin vəziyyətini yüngülləşdirici hal kimi hesab etməmiş və nəticədə ağır cəza təyin etmişdir. Təqsirləndirilən şəxs1 Cingiz oğlu apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(099)-848/2023 saylı hökmünün dəyişdirilməsini və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində qeyd etmişdir; -Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir, o, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Saxlanıldığı zaman üzərindən narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları qərəzli olaraq onun vəziyyətini ağırlaşdırmaq üçün tərkibini bilmədiyi 2 sellofan bükümü evinin ayrı-ayrı yerlərinə yerləşdirmişlər. Həmin narkotik maddələrin ona məxsus olmasını etiraf etməsini təkid etsələr də, buna etiraz etmişdir. -İbtidai istintaq saxta sübutlar əsasında aparılmış, prosessual qaydalara kobud surətdə yol verilmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(099)-848/2023 saylı hökmünün dəyişdirilməsini və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ədalətli cəza təyin olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X9 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs1 Cingiz oğlunun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 234.4.3-cü maddəsi ilə təqsirlərinin sübuta yetdiyini, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxslərə cəza təyin edərkən onların şəxsiyyətlərini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, cəzanın ailələrinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin olunduğunu bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Cingiz oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, ondan külli miqdarda narkotik vasitə aşkar olunmamışdır. Saxlanıldığı gün Təqsirləndirilən şəxs2la pulunu almaq üçün görüşmüş, həmin vaxt üzərində narkotik vasitə olmuş, bir yerdə istifadə etmişlər. Üzərində qalan az miqdarda olmuşdur. Saxlanıldıqdan sonra ona təzyiqlər, fiziki ağrılar edilmiş, odur ki, narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Hal-hazırda özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir və həmin maddə üzrə ona yüngül cəza təyin olunmasını xahiş edir. Müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini və Təqsirləndirilən şəxs1 ifadəsini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(099)- 848/2023-cü il tarixli hökmünün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bildirdi ki, onun yaşadığı evin zirzəmisində və avtomobildə narktok vasitə olmamışdır. Həmin narkotik vasitələri polis əməkdaşları yerləşdirmişlər. Onun Əliməhəmmədə 170 manat borcu olmuç, 10 iyun 2023-cü il tarixdə Əliməhəmməd həmin pula görə onlara gəlmişdir. Əliməhəmməddə narkotik vasitə “patı” olmuş, bir qismini birlikdə qəbul etmişlər. Polis əməkdaşları onu saxladıqdan sonra evə və avtomobilə baxış keçirilmişdir. Həmin vaxt onda heç bir narkotik vasitə olmamışdır. Özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Həmin ittihama görə barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini və Təqsirləndirilən şəxs2 ifadəsini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(099)- 848/2023-cü il tarixli hökmünün qeyd olunan qaydada dəyişdirilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya müraciətlərinin dəlillərinin prosessual dəyərləndirilməsindən göründüyü kimi, müdafiə tərəfi təqsirsiz olduqlarını iddia edir və bununla da hökmün ləğv olunması üçün CPM-in 402.0.2-ci maddəsində nəzərdə tutulmuş “irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir” prosessual əsasından çıxış edir. Belə ki, CPM-in 399.1.3-cü maddəsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından birini müəyyən edir. Odur ki, müraciətin dəlilləri təqsirsizlik prezumpsiyasının tələblərinə uyğun yoxlanılmalıdır. Belə ki, CPM-in 21.1-21.3-cü maddələrinin tələbləri üzrə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham hökmü üzrə müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilibyetirilməməsi ilə əlaqədar, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutların yoxlanılması və qiymətləndirlməsinin qanunauyğunluğu apellyasiya baxışında yoxlanılmış, şikayətlərin dəlillərinin həmin sübutlarla tam təkzib olunması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hal-hazırda və birinci instansiya məhkəməsində özlərini verilmiş ittihamlar üzrə təqsirli bilməsələr də, toplanmış sübutları təkzib edən və yaxud şübhə altına alan əsaslı bir xüsusat müəyyən olunmamışdır. Belə ki, CPM-in 125.8ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərində verilmiş ittiham üzrə həm cinayət hadisəsinin baş vermə faktı və halları, həm də təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqələrinin sübuta yetirilməməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139-cu madəsində təsbit olunmuş halların müəyyən edilməsi baxımından iş üzrə toplanmış sübutların həcminin kifayət edib-etməməsi araşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Müdafiə tərəfinin qeyd etdiyi dəlillər üzrə ittiham tərəfinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən cinayət əməlinin törədilməsinə, habelə həmin cinayət hadisəsi ilə onların əlaqəsinə dair təqdim etdiyi sübutların həqiqiliyini əsaslı şübhə altına alıb-almamasını müəyyən etmək üçün hər bir dəlil üzrə kollegiya qeyd edir: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti üzrə, eləcə də birinci instansiya məhkəməsində qeyd edir ki, polis əməkdaşları ona işgəncə verərək, xəsarət yetirərək etrafedici ifadələr almışlar. Qeyd olunan hallarla bağlı Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində ifadəsində bildirmişdir ki,”.... saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin olmuşdur. 10 iyun 2023-cü il tarixdə Pərvizə 3- dəfə telefonla zəng vurmuşdur. Əvvəllər Pərvizə 470 manat borca pul vermiş, Pərvizə zəng vurmaqda məqsədi kreditini ödəcəyindən imkan varsa borc verdiyi pulu qaytarmasını demək olmuşdur. İşdən çıxandan sonra aradan bir az keçmiş Pərvizə yenidən zəng vurmuş, Pərviz borc aldığı pulun 170 manatının hazır olduğunu, gəlib pulunu götürməyini demişdir. Narkotik vasitə istifadəçisi olmuş, saxlanılan zaman üstündə küllü miqdarda psixotrop maddə metamfetamin olmamış, həmin vaxtı üzərində az miqdarda psixotrop maddə metamfetamin olmuş, sadəcə psixotrop maddə metamfetamin çəkən olmuşdur. Pərvizin yanına getdikdən sonra söhbət əsnasında sözləri alındığından üstündə olan psixotrop maddə metamfetamini çıxarıb yarısın Pərvizlə çəkmiş, psixotrop maddə metamfetaminin yarısını da üzərində saxlamışdır. Pərvizdən aldığı 170 manat pulu da götürüb evinə gəlmişdir. «Fərid» marketə yaxınlaşanda əməliyyatçılar gəlib onu götürüb aparmışlar, rayonun içində Lerik sözü yazılan plakatın yanında saxlamışlar. Tutulandan sonra onu aparmışlar polis şöbəsinə, üstündə miqdarını dəqiq bilmədiyi bir çəkimlik psixotrop maddə metamfetamin olmuş, onu da Pərvizdən götürməmişdir. Polis şöbəsində döyülmüş, söyülməklə təhqir olunmuş, sonra əməliyyat rəisi əməliyyat hazır olduğunu, maşınlara minərək sürmələrini bildirmişdir. Əli bağlı olmuş, şəxsi maşınlarına oturmuşlar, ipək yoluna çıxanda bilmişdir ki, Pərvizgilə gedirlər. Pərviz atası gəlib çatdıqdan sonra axtarış aparılmasını bildirmişdir. Pərvizi polis əməkdaşları RPŞ-yə aparmışlar. Polis əməkdaşları yarım saat sonra zəng edib demişlər ki, Pərvizi geriyə qaytarsınlar. Əməliyyatçıların əlində olan narkotiki şəxsən özü görmüşdür. Narkotik vasitə Şahinin əlində olmuşdur. Gecə saat 3-ə kimi onu RPŞ-də müvəqqəti saxlama yerinə salmamışılar, ona gedib 3500 manat məbləğdə pul gətirməyini, Pərvizlə məsələni özləri həll edəcəklərini bildirmişlər. Pərvizi ona «podelnik» kimi hansı səbəbdən qoşduqlarını soruşmuşdur. Pərvizdən psixotorp maddə metamfetamin götürməmiş, Pərvizlə Lənkəran rayonunda görüşmüş, bir çəkimlik dəyərində 0,2 qram istifadə etmişdir. 0.2 qram psixotrop maddə metamfetamini Lənkəran rayonunda «Dağlaroğlu» adlı şəxsdən götürmüşdür. Psixotrop maddə metamfetamini götürüb sonra Pərvizlə əlaqə saxlamış, 170 manat pulunu götürməyə getmiş, psixotrop maddə metamfetamini götürüb çıxandan sonra polis əməkdaşları onu izləyib saxlamışlar. Polis əməkdaşları düzgün olaraq yazmamışlar, yazmışlar ki, guya onu «Fərid» marketin qabağında tutmuşlar, «Fərid» marketin qabağında tutulmamışdır. Yolda onu saxlamışlar və üzərində axtarış keçirmişlər. Həmin vaxtı heç bir çəkliş olmamışdır. RPŞ-də ona işgəncə vermişlər, ona işgəncə verərək metamfetamini Pərvizdən aldığını deməyini bildirmişlər, həmin işgəncələrin yeri bədəni üzərində qalmışdır. Psixotrop maddə metamfetamini alanda Pərvizdən pulu götürməmişdir. Pərviz demişdir ki, qardaşı Rusiya Federasiyasından pul göndərəcək, ola bilsin nahardan sonra alacaqdır. Pərvizgilə gəlib pulu götürmüş, bir stakanda çay içmişdir. Onu döyən polis əməkdaşlarını üzdən tanımış, ancaq adların bilməmişdir. Polis əməkdaşları psixotrop maddə metamfetamini götürməsə aparıb evinə qoyacaqlarını bildirmişlər. Psixotrop maddə metamfetamini gündüz saat 12 radələrində almışdır, Pərvizin xəbəri olmamışdır. Pərvizgildən çıxandan sonra yarım saat ərzində tutulmuşdur. Polis əməkdaşları ona yaxınlaşmışlar, soruşmuşlar ki, üzərində narkotik vasitə və ya psixotrop maddə var, o da üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Polis əməkdaşları ondan psixotrop maddə metamfetamini kimdən aldığını soruşmuşlar, o isə cavabında tanımadığı şəxsdən aldığını demişdir. Onu saxlayandan sonra Lerik RPŞ-nə aparmışlar, orada 2 saat saxlamışlar, rəis müavini barmaqlarının qapının arasına qoyulmasını demişdir. O isə psixotrop maddə metamfetamini «Dağlaroğlu» adlı şəxsdən aldığını demiş, həmin şəxsin telefon nömrəsi olmamışdır. Yolda olanda Piran kəndinin ərazisində qara «VAZ-2107»-də əməliyyatçılarda göy paket olmuşdur. «Moskviç» markalı avtomobilə narkotik vasitə yerləşdirdikdən sonra zəng etmişlər ki, Pərvizi qaytarın evə. Pərviz tutulanda əməliyyat çəkilişi yarıdan başlamışdır. Onu Pərvizgilə gətirəndə Pərvizi Lerik RPŞ-nə aparmışlar, yarı yoldan yenidən Pərvizgilin evinə qayıtmışlar, sonra isə Pərvizin evində əməliyyat keçirmişlər. Həmin kənddə şahidlər də olmuşdur. Pərvizi gətirəndən sonra «Moskviç»in sağ qapısından narkotik vasitə çıxartmışlar, girəndə vedrəyə baxmışlar, heç nə olmamış, çıxanda həmin vedrənin içindən narkotik vasitə çıxmışdır. Pərvizin maşınına narkotik yerləşdirində görmüşdür. Həmin vaxtı qolları qandallı «Niva» markalı avtomobilin arxasında oturmuş, yan şüşədən onların həyəti hamı görünmüşdür, amma evin içində olanları bilməmişdir. Polis əməkdaşları Pərvizgilə gedəndə Pərvizgildə heç kim olmamışdır. Üzərindən metamfetamin çıxmış, onun evinə baxış keçirməmişlər, ancaq Pərvizin üzərindən heç bir narkotik vasitə və psixotrop maddə metamfetamin çıxmamış Pərvizin evinə baxış keçirtmişlər...” Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan olunmuş ifadələrində qeyd olunanlara əsasən “...təxminən 2 ildir ki, narkotik vasitə, əsasən də psixotrop maddə metamfetamindən istifadə etmişdir. 10 iyun 2023-cü il tarixdə, səhər saatlarında tanışı, Lənkəran rayonu, Bala Şürük kənd sakini Pərviz adlı şəxsin mobil telefonuna zəng edib psixotrop maddə metamfetamin almaq istədiyini ona demiş, Pərviz ondan yaşadığı kəndə gəlməyini istəmişdir. Əvvəllər də ondan bir neçə dəfə metamfetamin almışdır. Bundan sonra avtobusla Lənkəran şəhərinin «4 yol» adlanan ərazisinə gedib oradan tanımadığı taksiyə minib Lənkəran rayonu, Bala Şürük kəndinə getmişdir. Avtomobildən düşüb piyada Pərvizin evinə getmiş, evə daxil olub Pərvizlə oturub bir qədər söhbət edib ondan 20 manata 2 bükümdə psixotrop maddə metamfetamin alıb yenidən tanımadığı taksi ilə geri qayıtmışdır. «4 yol» adlanan ərazidə taksidən düşüb sürücüsünü tanımadığı və nömrə nişanına baxmadığım «VAZ-2107» markalı avtomobillə Piran kəndinə gəlib həmin kənddə yerləşən «Fərid market»in yaxınlığında avtomobildən düşmüşdür. Lənkəran-Lerik avtomobil yolu ilə piyada evinə doğru gedərkən mülki geyimdə tanıdığı polis əməkdaşları Şahid1, Şahid5 və Gəray Məmmədov ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər. Sonra polis əməkdaşları onu avtomaşınla Lerik RPŞ-nə gətirmişlər. RPŞ-də otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilmişdir. Bu barədə qərarla tanış olmuş və ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynindəki göy rəngdə şalvarın sağ yan cibindən «Rothmans» markalı siqaret qutusunu çıxarıb içərisində metamfetamin olduğunu bildirmiş və verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisində metamfetamin var, Lənkəran rayonu, Bala Şürük kəndində həmin kənd sakini Pərviz adlı şəxsdən 20 manata almışdır. Təqdim etdiyi siqaret qutusunun içərisinə baxıldıqda içərisində 02 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Təqdim etdiyi büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayət və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır, hər hansı bir psixi qüsuru və ya psixi xəstəliyi yoxdur. Təqdim etdiyi psixotrop maddə ona məxsusdur, istifadə etmək üçün 20 manata Lənkəran rayonu, Bala Şürük kəndində Pərviz adlı şəxsdən almış, narkotik maddəyə görə məhkum olunmamışdır. Polis əməkdaşları tərəfindən üzərindən aşkar olunmuş psixotrop maddəyə baxdıqda həmin maddənin çox olduğunu, yəni 20 manatdan artıq qiymətə olduğunu görmüşdür. Ola bilər ki, Pərviz ona artıq çəkidə psixotrop maddə vermişdir. Şəxsi axtarış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmiş və həmin vaxtı göstərdiyi məlumatları bir daha təsdiq edir. Ona qarşı heç kim zor tətbiq etməyib, heç kim ona hədəqorxu gəlməmişdir. Bu barədə heç kimdən şikayət və tələbi olmamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddəni 10 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran rayonu, Bala Şürük kənd sakini Pərviz adlı şəxsdən sonuncunun evində istifadə etmək məqsədilə almışdır. Əvvəlki dövrlərdə də qəbul etdiyi narkotik vasitələri Pərvizdən, həmçinin Lənkəran şəhərində tanımadığı və xatırlamadığı şəxslərdən ayrı-ayrı vaxtlarda, həmçinin ayrı-ayrı yerlərdə əldə etmişdir. Həmin şəxsləri tanımamışdır. Həmçinin həmin şəxslərin adlarını və soyadlarını bilməmişdir. Həmin psixotrop maddələri gələcəkdə istifadə etmək məqsədilə əldə etmişdir...” Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində ifadəsində bildirmişdir ki, “...Təqsirləndirilən şəxs1 borcu olmuş, 2023-cü ilin iyun ayının 10-da saat 12 radələrində Əliməhəmməd gəlmiş, onunla birlikdə falqanın içində psixotorp maddə metamfetaminin bir qismindən istifadə etmişlər. Əliməhəmməd ona tələsdiyini, getdiyini demiş, psixotorp maddə metafetamini özü ilə aparmışdır. Bir az evində oturmuş, bir saatdan sonra piyada kəndə marketə getmiş, siqaret almış, telefonuna kontur vurmuş, sonra isə evinə qayıdıb gəlmiş, evə çatanda Lerik RPŞ-nin əməliyyatçıları 4-5 avtomobillə 20-30 nəfər gəlmişlər. Polis əməkdaşları məcburi qaydada onu avtomobilə mindirmişlər, həmin vaxtı Əliməhəmməd də maşında olmuşdur. Bundan sonra Əliməhəmmədi düşürüb ağ rəngli «Niva» markalı avtomobilə mindirmişlər, onu isə «Mersedes» markalı avtomobilə üzü Lerik rayonu tərəfə aparmışlar. Piran kəndini keçərkən avtomobili sürən şəxsə zəng gəlmiş, daha sonra onun olduğu avtomobili dəyişmişlər, onu «Vaz-2107» markalı avtomobilə mindirmişlər, telefon zəngi əsasında onu evinə qaytarmışlar. Onu tutulduğu yerə aparmışlar, həmin yer yaşadığı evin qapısından 20-25 metr aralıda olmuşdur. Həmin vaxtı yaşadığı evin həyətinə giriş qapıları tamamilə açıq vəziyyətdə olmuşdur. Hansıkı evindən çıxan zaman həyətinin giriş qapısını kilid ilə bağlamışdır. Həyətlərində çoxlu sayda Lerik RPŞ-nin əməkdaşları olmuşdur. Həmin vaxtı əlləri qandallı vəziyyətdə olmuş, əllərində olan qanı yumuş, polis əməkdaşlarının deməsi ilə çəklişə başlamışdır. Evdən aşkar olunan narkotik vasitə və psixotrop maddələrin heç birinin ona aidiyyəti olmamışdır..” Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadələrindən görünür ki, “...ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Təxminən 5-6 aydır ki, narkotik vasitə, əsasən marixuanadan istifadə edir. Lerik rayonu, Piran kənd sakini Təqsirləndirilən şəxs1 8-9 aydır ki, tanıyır. Təqsirləndirilən şəxs1 yaşadığı kənddə yerləşən mağazalara çörək gətirmişdir. Əliməhəmmədlə tanış olub münasibəti yaranmış, buna görə də onunla bir neçə dəfə bir yerdə narkotik maddə qəbul etmişlər. 10 iyun 2023-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib metamfetamin istəmiş, üzərində az miqdarda metamfetamin olduğunu, həmçinin pula ehtiyacı olduğunu demişdir. Təqsirləndirilən şəxs1 həmin gün, saat 13 radələrində evə gəlmiş, evdə oturub söhbətləşmiş, bundan sonra Təqsirləndirilən şəxs1 20 manata 2 bükümdə metamfetamin satmışdır. Əslində həmin maddəni birlikdə qəbul etməli olmuşlar. Lakin Təqsirləndirilən şəxs1 tələsdiyindən çıxıb getmiş, ona 20 manat pul vermişdir. Həmin gün, saat 18 radələrində Lerik RPŞ-nin əməkdaşları evinin yaxınlığında ona yaxınlaşıb özlərini təqdim etmiş, evində axtarış aparılmalı olduğunu deyib bu barədə qərarla tanış edilmişdir. Bundan sonra yaşadığı evin zirzəmisində axtarış aparılmış, axtarış zamanı zirzəmidə olan dəmir vedrənin içərisində bir ədəd skoçla bükülmüş vəziyyətdə kütlə aşkar olunmuş, həmin sellofan torbaya baxıldıqda torbada 4 ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar kütlələr aşkar olunmuşdur. Həmin kütlələr ona məxsus deyil, həmin kütlələrdən xəbəri yoxdur, kim tərəfindən evinə qoyulmasını bilmir. Həmin kütlələrdən xəbəri olmamışdır. Bundan sonra evdə axtarış aparılmış, lakin hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra həyətdə olan və ona məxsus «Moskviç-2141» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmış, axtarış zamanı avtomobilin arxa sol qapı tərəfində, qapının içərisində 1 ədəd içərisində narkotik maddəyə oxşar büküm aşkar edilərək götürülmüşdür. Həmin büküm də ona məxsus deyil. ..... Şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi olmamış, törətdiyi əmələ görə peşmandır,...” Cinayət işi materiallarına əlavə edilmiş kompakt diskdə olan “Şəxsi axtarış və götürmə barədə” 10 iyun 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş «DVD» diskdən görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin zirzəmisində olan dəmir vedrənin içərisində bir ədəd qara rəngdə sellofan torbada içərisində 04 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitəyə oxşar kütlələr, bundan əlavə Təqsirləndirilən şəxs2 məxsus «Moskviç 2141» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfdə yerləşən qapısının içərisində bir ədəd sellofan kəsiyi bükümündə narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında dindirilmiş şahidlər (polis əməkdaşları) X3 və digərləri təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə uyğun ifadə vermişlər. Hal şahidi Şahid8 birinci instansiya məhkəməsində ifadəsində bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddəni öz istifadəsi üçün aldığını demişdir. Əliməhəmməd psixotrop maddə aldığı şəxsin adını çəkmiş, ancaq Əliməhəmmədin kimin adını çəkməsi yadında qalmamışdır, Lənköəran rayonu Bala Şürük kəndindən aldığını bildirmişdir. Əliməhəmmməd «Dağlaroğlu» adlı şəxsin adını çəkməmişdir. Əliməhəmmədin üzərində şəxsi axtarış Lerik RPŞ-də keçirilmişdir. Əliməhəmmədin üzərində şəxsi axtarış aparılan zaman iştirak edən əməliyyatçılardan Şahin yadında qalmışdır. RPŞ-nə gedən zaman Əliməhəmməd içəridə olmuşdur. Əliməhəmməd psixotrop maddəni cibindən özü çıxardaraq təqdim etmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı telefonla foto və video çəkiliş aparılmış, çəkiliş aparılanda onları xəbərdar etmişlər. Əliməhəmmədin təqdim etdiyi psixotrop maddənin tərəzidə çəkilməyi yadında qalmamışdır. Əliməhəmmədin RPŞ-də döyülməsini görməmiş, Əliməhəmməd də şəxsi axtarış aparılan zaman döyülməsini bildirməmişdir. “Şəxsi axtarış aparılması və götürmə haqqında» 10 iyun 2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngdə cins şalvarının sağ yan cibindən bir ədəd «Rothmans» markalı siqaret qutusunu təqdim edib içərisində metamfetamin olduğunu bildirmiş, həmin siqaret qutusunun içərisində 02 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış, fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 iyun 2023-cü il tarixli, 19/634 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Lerik rayonunun Piran kənd sakini Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan 02 ədəd bükümdə narkotik vasitəyə oxşar kütlələr....» sözlər və imzalar olan bir ədəd zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,116 qr; -1,785 qram, ümumi təmiz çəkisi- 2,901 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 iyun 2023-cü il tarixli, 19/639 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Lerik rayonunun Bala Şürük kənd sakini Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar olunan 01 ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar kütlə ....» sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükülüdə təmiz çəkisi: -8,973 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində «Lerik rayonunun Bala Şürük kənd sakini Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinin zirzəmisində aşkar olunan 04 ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar kütlə ....» sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -107,219 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 2 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri: -5,368 qr: -354,636 qram, ümumi təmiz çəkisi: - 360,004 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilərindən fərqlidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi: - 96,078 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinin zirzəmisində aşkar olunmuş 1 bükülü metamfetamin ilə Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş 2 büküm metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 12 iyun 2023-cü il tarixli üzləşdirmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 iyun 2023-cü il tarixli, 624 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (cild 1, i.v.232) -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 13 iyun 2023-cü il tarixli, 625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 stimulyatorların və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 avqust 2023-cü il tarixli, 801 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı X2 opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Hər iki təqsirləndirilən şəxsin apellyasiya şikayətlərinin dəlillərinin əsaslılığı apellyasiya baxışında cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmaqla qiymətləndirilmiş yuxarıda istinad edilmiş əsas sübutlarla qarşılıqlı təhlil edilmişdir. Nəticə olaraq məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yaradan hal müəyyən olunmur. İddia edən olaraq müdafiə tərəfi qeyd edilən sübutların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması barədə dəlilləri, yəni işgəncə, hədə-qorxu, narkotik vasitənin külli miqdarda olmaması, yaxud avtomobilə və ya evin zirzəmisinə narkotik vasitənin polis əməkdaşları tərəfindən yerləşdirilməsi işin faktiki halları ilə təkzib olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 hazırkı ifadələri üzərində xüsusilə dayanaraq qeyd edir ki, o, ibtidai istintaqda ifadələrində, eləcə də videoçəkilişdə zirzəmidən və avtomodildən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını bilidirir. Yəni, işgəncə, hədə qorxu faktı olmuş olsaydı o, yəqin ki, ibtidai istintaqda narkotik vasitəni Təqsirləndirilən şəxs1 satmasını bildirdiyi kimi, zirzəmidən və avtomobidən aşkar olunmuş narkotik vasitələrində özünə məxsus olduğunu təsdiq etmiş olardı. Bundan başqa Təqsirləndirilən şəxs1 narkotik vasitəni məhz Təqsirləndirilən şəxs2 almasına məcbur edilməsinə əsas və şübhə yaradan hal da müəyyən olunmur. Hər iki təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşmə zamanı da ittihamı təsdiq edən ifadə vermişlər. Qeyd olunan hallar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonradan dəyişdiyi ifadələrinin həqiqiliyinə məhkəmə kollegiyasında daxili inam yaratmır. Bundan başqa cinayət hadisəsinin törədilməsinə qədər təqsirləndirilən şəxslərin hərəkətləri təhlil edilərkən aşkar görünür ki, hadisə günü onlar dəfələrlə əlaqə saxlamışlar. Onlar əvvəllər də bir yerdə narkotik vasitə qəbul etmişlər. Bu hal onların narkotik və psixotrop maddələrin əldə olunması və dövriyyəsində maraqlı şəxs olmalarını xarakterizə edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İşin hallarından göründüyü kimi, təqsirləndirilən şəxslərin verilmiş ittihamla nəzərdə tutulan cinayətin törədilməsinə aidiyyəti təsdiq olunur. Narkotik vasitənin satılmasına yönəlmiş real hərəkətlər icra edilənədək, törədiləcək əməlin ictimai təhlükəliliyinin nəticəsi olaraq cinayət hadisəsinin baş verməsini, qanunla qadağan olunmasını və buna görə təqsirin müəyyən olunmasını dərk etmiş, cinayət əməlinin törədilməsinə şüurlu surətdə yol vermişlər. Beləliklə məhkəmə kollegiyası müdafiə tərəfinin dəlillərini sübut növü kimi mötəbər və mümkün hesab etmir, həmin dəlilləri müdafiə mövqeyi olaraq qiymətləndirir. Məhkəmə kollegiyası CPM-in 397.2.-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunun maddi və prosessual normalarına riayət edilməsini yoxlayaraq, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxslərə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İttiham hökmünün təsviri əsaslandırıcı hissəsindən göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü dəqiqləşdirərkən, müəyyən etdiyi cəzalarını yüngülləşdirən bütün halları Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq nəzərə alınmışdır. Nəticə olaraq birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilən şəxslərin şəxsiyyəti, törətdilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın onların ailəsinin həyat şəraitinə və islah olunmalarına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyası xüsusilə Təqsirləndirilən şəxs2 münasibətdə cəzanın həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitənin yayılmasının real icraçısıdır. Yəni, onun CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərindən iki növ üzrə, həm avtomobildən və zirzəmidən aşkar olunmuş 116,192 qram tiryək, 360,004 qram heroin 96,078 qram olan metamfetamindən ibarət narkotik vasitələrə və psixotrop maddələrə münasibətdə satış məqsədi ilə əldə etmə, həm də 2,901 qram metamfetamini Təqsirləndirilən şəxs1 satmasına görə təqsirli olması sübuta yetir. Məhz bu baxımdan onun cəmiyyət üçün ictimai təhlükəliliyi daha çoxdur və bu səbəblə ona təyin olunmuş 07 il müddətə azadlıqdan məhrumetmə cəzası qanuni və ədalətli hesab olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, müraciətlərin dəlilləri və hüdudu üzrə apellyasiya baxışının nəticəsinə görə birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulmuş hallar üzrə pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(099)-848/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397- 399, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(099)-848/2023 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-308/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-308/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver