Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-311/2024 01.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, hakimlər – Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(041)-26/2024 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(041)-26/2024 nömrəli hökmü (hakim İmanov Xaliq Xalıq oğlunun sədrliyi) ilə xx xxxx 1982-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət təyin olunmuş cəzadan çıxarılaraq, üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Kürdəmir şəhəri, İ.Qayıbov küçəsində tanışı Kürdəmir şəhəri, İ.Qayıbov küçəsi ev 5/7-də qeydiyyatda olmaqla yaşayan X1 məqsədi olmadan, xeyli miqdarda 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,097 qram və 0,104 qram, ümumi çəkisi – 0,201 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq almaq barədə razılaşma əldə etdikdən sonra 15 manat pul müqabilində almaqla qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 09:45 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının ön sol cibində olan 01 ədəd “Arqo” markalı siqaret qutusunda 01 ədəd qızılı rəngli kağız kəsiyi içərisində olan 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,097 qram, 0,104 qram, ümumi çəkisi – 0,201 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kürdəmir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmdən narkomaniyadan məcburi müalicənin təyin edilməsinin xaric edilməsini və narkoloji kabinetdə profilaktiki qeydiyyatda olmasına müvafiq hüquqi qiymət verilməklə cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş üzrə təyin edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1908 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 6-49/2-532/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində xx.xx.2001-ci il tarixdən “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə həkim psixiatrın qeydiyyatında durur, eləcədə Kürdəmir RMX PHŞ-nın Poliklinika şöbəsində narkoloqun qeydiyyatında durur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X8 Filialından daxil olan xx.xx.2023-cü il tarixli 3-17-1/2-190907/2023 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdli Təqsirləndirilən şəxs İİİ dərəcə əlilliyə görə sosial müavinət ödənilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 26.5-ci madddəsinə əsasən əlilliyi olan şəxslər, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəlikləri olan şəxslər barəsində müalicə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əsasən tətbiq olunur. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə 9 fevral 2006-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq edilmir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı X5 apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Kürdəmir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi qaydada müalicə təyin edilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestini qəbul edərək Kürdəmir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmünün dəyişdirilməsini və barəsində olan narkomaniyadan məcburi müalicə təyin edilmənin ləğv edilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X6 apellyasiya protestinin dəlillərinə etiraz etmədi və məhkum edilmiş şəxsin mövqeyinə uyğun olaraq qanuni qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. 399.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi. Dövlət ittihamçısı apellyasiya protestində məhkum edilmiş şəxs barəsində olan hökmdən narkomaniyadan məcburi müalicənin təyin edilməsinin xaric edilməsini və narkoloji kabinetdə profilaktiki qeydiyyatda olmasına müvafiq hüquqi qiymət verilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinini dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə Kürdəmir Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, məhkum edilmiş şəxsin narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınaraq hökmdən onun barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi barədə müddəalar xaric edilməlidir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, şahidlər Şahid1 və Şahid2 ifadəsinə, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolu, məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/791 nömrəli rəyi, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 603 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1908 nömrəli rəyi və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür) Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya protestinin məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası iş üzrə apellyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1908 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Kürdəmir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsi barədə yekun qərar qəbul edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində görünür ki, Təqsirləndirilən şəxs 3cü qrup (orqanizmin funksiyalarının 31-60 faiz pozulması) əlildir və qeyd olunan əliliyə görə hər ona ay 150 manat sosial müavinət ödənilir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X8 Filialından daxil olan xx.xx.2023-cü il tarixli 3-17-1/2-190907/2023 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdli Təqsirləndirilən şəxs İİİ dərəcə əlilliyə görə sosial müavinət ödənilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 26.5-ci madddəsinə əsasən əlilliyi olan şəxslər, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəlikləri olan şəxslər barəsində müalicə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əsasən tətbiq olunur. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə 9 fevral 2006-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.2-ci bəndinə əsaəsn əlilliyi olan şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq edilmir. “Narkoloji xəstələrin qeydiyyatının aparılması qaydasının və onların qeydiyyatda olma müddətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 19 avqust tarixli, 136 nömrəli Qərarının: İ. Narkoloji xəstələrin qeydiyyatının aparılması qaydası.
1. Narkoloji xəstələr (alkoqolizmə, narkomanlığa və toksikomaniyaya düçar olan şəxslər) və insan psixikasına təsir göstərən maddələrdən (spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop və bihuşedici maddələrdən) sui-istifadə edən şəxslər dövlət narkoloji tibb müəssisələri tərəfindən aşağıdakı hallarda qeydiyyata götürülürlər: könüllü müalicə olunmaq üçün müraciət etdikdə; ibtidai istintaq, prokurorluq, məhkəmə orqanlarının qərarı əsasında məcburi tibbi müayinə zamanı yoxlanılan şəxsdə narkoloji xəstəlik aşkar edildikdə; tibbi müayinə üçün könüllü müraciət edən şəxsdə narkoloji xəstəlik müəyyən edildikdə; işə götürən idarə və ya müəssisənin göndərişi əsasında keçirilən tibbi müayinə zamanı narkoloji xəstəlik aşkara çıxarıldıqda. Məhkəmə kollegiyası hazırki mərhələdə birinci instansiya məhkəməsi tərəfindən əlilliyi olan Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsini yuxarıda sözügedən qanunvericilik normalarının pozulması kimi qeydə alır. Bundan əlavə iş materiallarında olan “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 6-49/2-532/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞnin Poliklinika şöbəsində xx.xx.2001-ci il tarixdən “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə həkim psixiatrın qeydiyyatında durur, eləcədə Kürdəmir RMX PHŞ-nın Poliklinika şöbəsində narkoloqun qeydiyyatında durur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya protesti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(041)- 26/2024 nömrəli hökmündən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsi barədə müddəalar xaric edilməli, həmçinin onun Kürdəmir RMX PHŞ-nın Poliklinika şöbəsində narkoloqun qeydiyyatında olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibət bildirərək aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 25-ci bəndində qeyd etmişdir ki, «Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir». Məhkəmə kollegiyası onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin olunmuş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə bir daha istinad etməyi əsaslı hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirləndirilən şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təsirli bilindiyi maddələrin sanksiyası ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmalı, Kürdəmir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(041)-26/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, hökmdən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsi barədə müddəalar xaric edilməli, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(041)-26/2024 nömrəli hökmü apellyasiya protestinə əsasən dəyişdirilsin. Kürdəmir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(041)-26/2024 nömrəli hökmündən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi barədə müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: Yaşar Həşimov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev