Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-322/2025 12.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Sadıqov Mirlətif Süleyman oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, bəraət almış şəxs- Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X5 iştirakı ilə. xx xxxx 1988-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, evli, ali təhsilli, sürücü işləyən, məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Buynaksk şəhəri, Ostrovskıy küçəsi ev 49 da qeydiyyatda olmaqla yaşayan; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 1(099)-97/2025 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARİ: İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixədək olan dövr ərzində İran İslam Respublikasının Astara şəhərində olarkən şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə xüsusilə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tranzit qaydada keçirilərək Rusiya Federasiyasına aparma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən qəsdən qanunsuz olaraq tamah və satış məqsədilə əldə edilmiş, eləcə də malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə falqaya bükülüb üzərləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmaqla “kahı” yükündən ibarət 22 ədəd paletdən birindəki 90 bağlamadan 30 ədədinə yerləşdirilərək saxlanılmış 199 bağlamada qablaşdırılmış ümumilikdə xüsusilə külli miqdarda, 69970 qram qurudulmuş marixuana və 10 bağlamada qablaşdırılmış ümumilikdə xüsusilə külli miqdarda, 20870 qram həşiş qətranı narkotik vasitələrini tamah və satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindəki kahı yükündən ibarət digər paletlərin arasına yerləşdirərək saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 06 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş,qeyd edilən tarixdə aparılmış gömrük yoxlaması zamanı həmin qurudulmuş marixuana və həşiş qətranı narkotik vasitələri saxlanıldıqları yerdən aşkar edilərək götürülmüşdür Məhkəmənin bəraət hökmünə əsasən (hakimlər X12 (sədrlik edən), X14 və X10 ibarət tərkib) Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən X2 bəraət verilmişdir. İİ.APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: İş materiallarından da görünür ki, X3 heç bir şirkətin tabeliyində çalışmamış, özünün mülkiyyətində olan «DAF» markalı, C781HA05/AM556105 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşıyacağı yükləri öz iradəsi və mülahizəsi əsasında sərbəst şəkildə seçmişdir. Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixli, 812-İQ nömrəli Qanun ilə ratifikasiya etdiyi “X4 haqqında” 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 3-cü bəndində göstərilmişdir ki, daşıyıcı həm öz şəxsi fəaliyyəti və diqqətsizliyinə görə, həmçinin yük daşınması zamanı xidmətindən istifadə etdiyi öz agentlərinin və digər başqa şəxslərin fəaliyyəti və diqqətsizliyinə görə məsuliyyət daşıyır. Həmin konvensiyanın 4-cüı maddəsinə əsasən yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Yəni ki, mal müşayiət sənədlərinə daxil olan qaimə (CMR) həm də müaviləni əvəz edir. Konvensiyanın 8-ci maddəsinə əsasən sürücü yükü qəbul edən zaman yük yerlərinin sayının, əlamətlərinin, nömrəsinin qaimədə düzgün göstərilməsini və yükün xarici görünüşünü və qablaşdırılmasını yoxlamalıdır. Sürücünün göstərilənlərin düzgünlüyünü yoxlamağa imkanı olmadıqda qaimədə əsaslandırılmış qeyd-şərtini göstərməlidir. Yükgöndərən daşıyıcıdan yükün qeyri-xalis çəkisinin, digər ölçü vahidlərində ifadə olunmuş miqdarının yoxlanılmasını tələb edə bilər. Daşıyıcı yoxlama ilə əlaqədar çəkilən xərclərin ödənilməsini tələb edə bilər. Bu yoxlamaların nəticələri qaimədə qeyd olunur. 9-cü maddədə göstərilmişdir ki, qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. 17-ci maddənin 3-cü bəndinə əsasən isə daşıyıcı öz üzərindən məsuliyyəti götürmək üçün yük daşıyan avtomobilin qüsurlu olmasına, avtomobili icarəyə götürən şəxsin və ya onun agentinin günahkar olmasına istinad edə bilməz. Konvensiyanın müddəalarından da görünür ki, sürücünün yükü yoxlamaq hüququ vardır, hətta sürücünün yükü yoxlamaq imkanı olmadıqda qaimədə (CMR-də) bu barədə öz qeydşərtini yazmalıdır. Lakin, iş materiallarında olan beynəlxalq qaimədən görünür ki, daşıyıcının qeydşərtləri qrafasında X1 tərəfindən heç bir qeyd göstərməmişdir. X3 öz cinayətkar niyyətini pərdələmək, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə guya ki, “yükü yoxlamaq səlahiyyətinin olmaması”, “sadəcə sürücü olması” kimi göstərdiyi xüsusatların məhz beynəlxlaq qanunvericilik səviyyəsində məsuliyyət müəyyən edən hallar olması öz təsdiqini tapır. Bununla yanaşı, Azərbaycan Respublikasının 9 dekabr 2003-cü il tarixli, 555-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiya”nın “Xüsusi əlavələr” bölməsinin E.2/F.3 bəndinə əsasən «daşıyıcı»-malların faktiki daşınmasını həyata keçirən və ya nəqliyyat vasitəsindən istifadəyə görə cavabdeh olan şəxs başa düşülür. 4-cü standarta əsasən isə daşıyıcı bütün malların yük bəyannaməsində göstərilməsinə görə və ya onlar barədə informasiyanın gömrük xidmətinin nəzərinə istənilən digər icazə verilmiş üsulla çatdırılmasına görə gömrük xidməti qarşısında məsuliyyət daşıyır. X3 peşəkar sürücü kimi zəruri sayıqlığı göstərərək ehtiyat tədbirlərinə riayət etmiş olsaydı, törədilmiş cinayət əməli barədə əvvəlcədən məlumat sahibi olardı. Lakin o, cinayətkar dəstənin üzvü olduğundan, satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilərək digər dövlətlərə daşınması cinayətlərinin törədilməsində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri ilə qabaqcadan əlbir olduğu səbəbindən guya ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün içərisində xüsusilə külli miqdarda narkotik vasitəsinin olmasından məlumatı olmadığını bildirib, işin faktiki hallarına və obyektiv reallığa uyğun gəlməyən ifadələr vermişdir. Məhkəmə nəzərə almamışdır ki, X3 beynəlxalq yük daşımaları həyata keçirən sürücü kimi beynəlxalq yük daşınmaları qaydaları ilə yanaşı bu münasibətlər çərçivəsində yaranan qanunvericiliklə tənzimənən və tənzimlənməyən xüsusatları yaxşı bilmiş, İran İslam Respublikasından yük qəbul etməsi, orada müxtəlif şəxslərlə əlaqələrinin olması da onu söyləməyə əsas verir ki, o, bu qədər ziddiyyətli məqamları görmüşdür və görməli idi. Lakin o, şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsi barədə cinayət əlaqəsinə girməsi səbəbindən bu qədər aşkar ziddiyyətləri, beynəlxalq təcrübə və işgüzar münasibətlər zəminində formalaşmış normaların uyğunsuzluğunu bilərək görməzdən gəlmiş və cinayət əməllərinin törədilməsində birbaşa qəsdlə iştirak etmişdir. Məhkəmənin gəldiyi yanlış nəticədən fərqli olaraq işin faktiki hallarından görünür ki, X3 İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri xüsusilə külli miqdarda əldə edilməsi, saxlanılması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi tam sübuta yetirilmişdir. Həmçinin iş materiallarından görünür ki, X3 heç bir şirkətin tabeliyində çalışmamış, özünün mülkiyyətində olan “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşıyacağı yükləri öz iradəsi və mülahizəsi əsasında sərbəst şəkildə seçmiş, 09.01,2024-cü il tarixdə yük onun avtomobilə yüklənilmiş, o yalnız 4 gün sonra yəni xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Gömrük postuna daxil olmuşdur. Belə olan halda isə qeyd olunan yük məhz 4 gün müddətində X1 tam nəzarətində olmuşdur. Lakin məhkəmə həmin halıda diqqətə almamış və həmin halı digər sübutlarla yanaşı qiymətləndirib X1 əməlinə düzgün hüquqi qiymət verməmişdir. Bütün bunlarla yanaşı, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefona keçirilməsi haqqında 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, aşağıdakı hallar müəyyən edilir. 13 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “Magomednabi”: (saat 08:18-də 1 cavabsız zəng) Mehdi salamun aleykum, Azərbaycandayam mən Mehdi. Yükdə bir şübhəli cizgilər müşahidə edilibdir, baxışa salırlar məni, saat 10-da, 11-də də baxış eləyəcəklər məni Allah qoysa....“+**********90”: (saat 10:17, 10:19, 10:26 və 10:28-də olmaqla 4 cavabsız zəng) Magomednabi”: (saat 10:37-də 2 dəqiqəlik danışıq), (saat 10:59-da 2 cavabsız zəng) “+**********90”: (saat 11:19, 11:20, 11:52, 12:10, 12:26, 12:37, 13:39 və 15:09-da olmaqla 8 cavabsız zəng) Telefonda mövcud olan “WhatsApp” tətbiqində adı qeyd edilməmiş +**********5 nömrəsi ilə əsasında yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. “Magomednabi”: Keçən dəfə daha rahat çıxmışdım burdan, 6-7 saata tamamilə keçmişdim, indi görürsən ki, dünəndən indiyənə qədər burda ilişib qalmışam. Allah böyükdü da, mən sənə nə deyə bilərəm ki? Nə çox, nə az (saat 23:06), “+**********5”: (saat 23:06-da yazılmış, lakin sonradan silinmiş 1 mesaj) “Magomednabi”: Hə, hə, İnşallah qardaş, çatanda yazacam sənə. 13 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “Magomednabi”: (saat 08:20-də 1 cavabsız zəng), Salam qardaş, Azərbaycanda rentegendə deyirlər 3 ləkə görsənir amma kələmə oxşamır, Deyirlər 3 dairəvi predmet var, buraxa bilmirəm. Onlar məni baxışa göndərəcəklər, amma bilmirəm baxışı eliyəcəklər yoxsa yox, yəni vəziyyət budur. Baxış da pulludur, gələcəkdə problem olmasın deyə pul vermək lazımdır. Mən də sənə nə qədər pul lazım olduğunu xəbər edəcəm (saat 08:20),“+**********5”: Salam. Bundan əlavə “WhatsApp” tətbiqinin zənglər bölməsindən görünür ki, adı qeyd edilməmiş “+**********5” nömrəsinin istifadəçisi “WhatsApp” vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 20:15-də Təqsirləndirilən şəxs həmin nömrəsinə zəng etmiş və aralarında 37 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün saat 20:38 və 20:41-də 2 dəfə həmin nömrəyə zəng etmiş, lakin zəngə cavab verilməmişdir. Qeyd olunan səsli və yazılı sms mətnləri ilə tam olaraq müəyyən edilir ki, X3 idarə etdiyi kahı yükü yüklənmiş avtomobillə Azərbaycan Respublikasının Gömrük sərhədinə daxil olduqdan sonra yoxlama zamanı yükdə şübhəli cizgilərin müəyyən edilməsi ilə bağlı iran İR-də yükü onun üçün təşkil etmiş “Mehdi” adlı şəxsə və yükü qəbul etməli olan “+**********5” mobil nömrənin məxsus olduğu şəxsə məlumat vermiş, hətta yükü qəbul etməli olan şəxsə “Azərbaycanda rentegendə deyirlər 3 ləkə görsənir amma kələmə oxşamır, Deyirlər 3 dairəvi predmet var, buraxa bilmirəm. Onlar məni baxışa göndərəcəklər, amma bilmirəm baxışı eliyəcəklər yoxsa yox, yəni vəziyyət budur. Baxış da pulludur, gələcəkdə problem olmasın deyə pul vermək lazımdır. Mən də sənə nə qədər pul lazım olduğunu xəbər edəcəm” məzmunda sms göndərmişdir. Həmin hal bir daha təsdiq edir ki, X1 avtomobilə kahı yükünün içərisində yerləşdirilmiş narkotik vasitələrdən xəbəri olmuş, o məhz buna görə yükü onun üçün təşkil etmiş İran İR-in vətəndaşı “Mehdi” adlı şəxsə və yükü qəbul etməli olan şəxsə yükdə şübhəli cizgilərin olması barədə məlumat vermiş, hətta yükü qəbul etməli olan şəxsə “Onlar məni baxışa göndərəcəklər, amma bilmirəm baxışı eliyəcəklər yoxsa yox, yəni vəziyyət budur. Baxış da pulludur, gələcəkdə problem olmasın deyə pul vermək lazımdır. Mən də sənə nə qədər pul lazım olduğunu xəbər edəcəm” məzmunda sms yazmışdır. Əgər həqiqətən də, X1 avtomobildəki kahı yükünün içərisinə yerləşdirilmiş narkotik vasitələrədn xəbəri olmasa idi, o yükü onun üçün təşkil etmiş və yükü qəbul etməli olan şəxslərlə yuxarıdakı məzmunda yazışmalar aparmamalı idi. Beləliklə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutları- şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almamışdır. Göstərilənlərə əsasən X2 CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli hökmümüm ləğv edilməsi, X3 CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılması xahiş olunmuşdur. İİİ.PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya protestinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 1(099)-97/2025 saylı bəraət hökmünün ləğv edilməsini və X3 CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmasına dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında bəraət almış şəxs X3 və onun müdafiəçisi Müdafiəçi apellyasiya protestinin dəlillərini əsassız hesab etmiş, Maqomednabi Aleskenderoviçə bəarət hökmündə göstərilmiş ifadəyə uyğun apellyasiya protestinə etirazını bildirmiş, o və müdafiəçisi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 1(099)- 97/2025 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya protestində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən hökmün ləğv olunması qeyd olunmuşdur. Apellyasiya protestinin ümumi dəyərləndirilməsinə görə, cinayət işində olan sübutların tam və hərtərəfli araşdırılmaması, onların düzgün qiymətləndirilməməsi, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, X1 təqsirinin olması kimi məsələlər mübahisələndirildiyi üçün, məhkəmə kollegiyası hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparmağı zəruri hesab edir. İttihamın verilməsinə əsas olan sübutlar aşağıdalardır. -Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin böyük inspektoru Şahid1 ibtidai və məhkəmə istintaqında şahid qismində ifadəsində bildirmişdir ki, 13 yanvar 2024-cü il tarixdə Astara Gömrük İdarəsi yoxlama qrupuna göndərilən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 06 radələrində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedən Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi saxlanılmış və rentgen aparatının görüntüləri əsasında yoxlama qrupuna göndərilmişdir. Avtomobil yoxlama qrupuna göndərilməzdən əvvəl gömrük xəttinə daxil olarkən gömrük inspektoru tərəfindən avtomobilə baxış keçirilmiş, avtomobilin yükünə İran İslam Respublikası gömrüyü tərəfindən vurulmuş plomb, yükün sənədləri qaydasında olduğundan Astara Gömrük İdarəsinin də plombunu vurmuş və avtomobilin gələcək hərəkətinə nəzarət üçün GPS quraşdırılmışdır. Yəni avtomobil yoxlama qrupuna göndəriləndə avtomobilin yük qoşqusu həm İran İslam Respublikası gömrüyü tərəfindən, həm də Astara Gömrük İdarəsi tərəfindən plomblanmış vəziyyətdə olmuşdur. Həm də avtomaşının üzərinə GPS quraşdırılmışdır. O əvvəlcə videoçəkiliş aparılmadan avtomobilin qoşqusu üzərinə vurulmuş hər iki plombları və avtomaşına quraşdırılmış GPS açmışdır. Avtomobilin qoşqusunda 22 ədəd paletlərdə olan kahı yükü yerə boşaldılmış və həmin yükə kinoloji xidmət, yəni it tədbiq edilmişdir. Xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 1 ədəd paletə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən sözügedən paletə əsaslı gömrük yoxlaması tədbiq etmişdir. Yoxlama zamanı 1 ədəd paletdə olan 90 ədəd qablaşmadan 30 ədəd qablaşmada hər qablaşmada müvafiq olaraq 6-7 ədəd olmaqla ümumilikdə 209 ədəd falqaya bükülmüş formada üzəriləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilmiş oval formalı bağlamalar aşkar etmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və 199 ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 73 kq 476.18 qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə və 10 ədəd bağlamada isə ümumi təqribi çəkisi 21 kq 132.8 qram qara rəngli, kəskin iyli narkotik vasitə həşişə oxşar maddə olduğu məlum olmuşdur. Sonra kahı yükü avtomobilin yük qoşqusuna yüklənmiş və yenidən videoçəkilişlə sənədləşmə aparılmışdır. Sürücü Təqsirləndirilən şəxs kahı yükünün içərisindən narkotik çıxanda təəccüblənmiş, bu barədə məlumatının olmadığını bildirmişdir. İçərisində narkotik maddələr olan paletlə digər kahı yüklənmiş paletlər arasında xarici görkəmcə heç bir fərq olmamışdır. Sonra isə sürücü Maqomednabi Aleskenderovun üzərində şəxsi axtarış aparılmış və qanunsuz əşya aşkar olunmamışdır. Yoxlamalar tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunda aşkar olunmuş narkotik vasitələrəbənzər maddələr götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Maqomednabi Aleskenderov xarici görkəminə görə kahı yükünün içərisində narkotik olmasını bilə bilməzdi. -Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3, Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunda ifadələr vermişlər. -İbtidai istintaqda və məhkəmə istintaqında ifadələri alınmış sürücülər Şahid6 və X6 göstərmişlər ki, yük nəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti ilə məşğul olurlar. 05 yanvar 2024-cü il tarixdə o, Maqomednabi, onlar və iki nəfər əlavə sürücülər Dağıstan Respublikasının Xasavyurt şəhərindən un yükləyib İran İslam Respublikasına yola düşmüşlər. 7-8 yanvar 2024-cü il tarixlərdə İranda limanda avtomaşınlarda olan un yükü boşaldılmışdır. Yükü boşaltdıqdan sonra beş nəfər dağıstanlı sürücülər iran gömrüyünün yaxınlığındakı Pəyanə adlanın dayanacaqda dayanmış və yük axtarmağa başlamışlar. Onlar bir neçə gün Pəyanə terminalının avtomobil dayanacağında qalmışlar. Həmin müddət ərzində hər biri öz avtomobilində gecələmişlər. Bu müddət ərzində Təqsirləndirilən şəxs onlarla birlikdə olmuş və heç bir şəxslə görüşməmişdir. Bir neçə gün dayanacaqda gözlədikdən sonra çay içdiyikləri zaman bir nəfər yük dspeçiri onlara yaxınlaşaraq Rusiya Federasiyasının Moskva şəhərinə kələm yükü aparmaq lazım olduğunu bildirmişdir. Maqomednabi beynəlxaq yükdaşıma ilə təzəlikcə məşğul olduğuna görə ona məsləhət bilmişlər ki, həmin yükü o qəbul etsin, digər sürücülər isə yük gözləsinlər. Belə ki, Maqomednabini qabağa salmışlar ki, onları gözləsin birlikdə getsinlər. Maqomednabi onlarla razılaşaraq həmin yükü qəbul etmək üçün dispeçrlə birlikdə avtomaşınını sürüb getmişdir...” -Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində tərtib olunmuş “Malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərində yerləşən “X18” şirkətinin ünvanından Rusiya Federasiyasının Sank-Peterburq şəhərində yerləşən “Sarmant-UG” şirkətinin ünvanına yükü müşaiyət edən “05.04.30” saylı CMR-ə və “329” nömrəli İnvoysa əsasən “kahı” yükü apararkən, xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onun üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra zərurət yarandığından “DAF” markalı “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmişdir. Stasionar rentgen qurğusunda nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə şübhəli cizgilər müşahidə edildiyindən sözügedən yükə gömrük yoxlaması tədbiq edilməsi məqsədilə nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. Yoxlama qrupunda tətbiq edilmiş gömrük yoxlaması zamanı “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda ümumilikdə 22 ədəd paletdə olan “kahı” yükü yerə boşaldılmış və həmin yükə “Qrey” ləqəbli kinoloji xidməti it tədbiq edilmişdir. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 1 ədəd paletə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən sözügedən paletə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı 1 ədəd paletdə olan 90 ədəd qablaşdırmadan 30 ədəd qablaşmada hər qablaşmada müvafiq olaraq 6-7 ədəd olmaqla ümumilikdə 209 ədəd falqaya bükülmüş formada üzəriləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilmiş oval formalı bağlamalar aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və 199 ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 73 kq 476.18 qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə və 10 ədəd bağlamada isə ümumi təqribi çəkisi 21 kq 132.8 qram qara rəngli, kəskin iyli narkotik vasitə həşişə oxşar maddə olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunda aşkar olunmuş ümumilikdə 209 ədəd bağlamada olan ümumi təqribi çəkisi 94 kq 608.98 qram təşkil edən narkotik vasitəyə oxşar maddə sürücü və hal şahidlərinin iştirakları ilə gömrük əməkdaşı tərəfindən götürülmüş, əməliyyat və təhqiqat şöbəsinin xidməti otağına gətirilərək, araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. - “DVD-yə baxış keçirilməsi haqqında” 01 fevral 2024- cü il tarixli protokoldan görünür ki, 13 yanvar 2024-cü il tarixli malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD-də olan videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusundakı “kahı” yükündən ibarət paletlərdən birinə xidməti it reaksiya vermiş, bunun əsasında keçirilmiş əsaslı yoxlama zamanı həmin paletdəki 90 ədəd qablaşmadan 30 ədədində, hər qablaşmada müvafiq olaraq 6-7 ədəd olmaqla ümumilikdə 209 ədəd falqaya bükülmüş formada üzəriləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmaqla gömrük nəzarətindən gizlədilmiş oval formalı bağlamalar aşkar edilmiş, həmin bağlamalardan 199 ədədində açıq yaşıl rəngli marixuana narkotik vasitəsinə oxşar maddə və 10 ədədində isə qara rəngli həşiş qətranı narkotik vasitəsinə oxşar maddə olduğu məlum olmuşdur. - “DVD-yə baxış keçirilməsi haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Hədəf və X7 şöbəsindən daxil olmuş 3-33/150/019782 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əlavə edilmiş 1 ədəd DVD-də olan videogörüntülərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi 13 yanvar 2024-cü il tarixdə saat 05:26-da Astara Gömrük İdarəsində olan idxal yoxlama xəttinə daxil olur, həmin vaxt nəqliyyat vasitəsinin qoşqusundakı yüklər istisna olmaqla digər hissələri gömrük əməkdaşları tərəfindən fiziki olaraq yoxlanılır. Təqsirləndirilən şəxs isə gömrük əməkdaşları tərəfindən fiziki yoxlama başa çatdıqdan sonra nəqliyyat vasitəsini idarə edərək rentgen qurğusu istiqamətində hərəkətini davam etdirir. Həmin vaxt nəqliyyat vasitəsinin yük qoşqusunun arxa tərəfdə yerləşən qapısının üzərində plomb olması görünür. “Mobil telefona baxış keçirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üçün aşağıdakı əhəmiyyətli məlumatlar aşkar edildi: Telefonun üzərində +**********1 mobil nömrəsi vardır. Telefonda mövcud olan “WhatsApp” tətbiqindən həmin nömrə ilə qeydiyyatdan keçilmişdir. Telefonda mövcud olan “WhatsApp” tətbiqində adı qeyd edilməmiş +**********90 nömrəsi ilə (X9 Mehdi adlı yük dispeçiri və ya makleri) yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. -09 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “+**********90”: Salam aleykum Muhammadnabi, mənim adım Mehdi, inşallah “kahı” yükləyəcəm “Magomednabi”: Anladım, anladım, yaxşı Mehdi, sağ ol, söyləyərsən “+**********90”: (kahı yükünə dair malmüşayət sənədlərinin şəklini göndərib) Muhammadnabi bu sənin sənədlərindi, at onu sənədləşdirmə işlərini görənə, sənin Azərbaycana çıxış kodunu alsın. “Magomednabi”: (saat 16:14-də 37 saniyəlik danışıq) -10 yanvar 2024-cü il tarixdə “+**********90”: (saat 12:16-da cavabsız zəng) -12 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “+**********90”: (saat 11:24-də 34 saniyəlik danışıq) “Magomednabi”: Mehdi burda tərəzidəyəm, hardadı kağızlarım mənim? “+**********90”: Kağızların orda qapıda Şahruzdadı, Şahruza çatdın, orda çıxış qapıda, orda deyərsən X21, sənədlərin qapıdadı, Şahruzda. “Magomednabi”: Mehdi Şahruzun nömrəsini bax göndər mənə, telefon nömrəsini. (45-50 yaşlarında, saçı seyrək bir kişinin şəkilini göndərir) Bumu Şahruz? “+**********90”: Hə, hə. X21, ay sağ ol. Onun şəkilidi bu, onun fotosudu. Bunu göstərərsən, Şahruzdadı orda sənin bütün sənədlərin. Nömrə lazım deyil, ordadı. Şahruz özü görsən olmur, başqa adam da olur, onlar neçə nəfərdi orda qapıda işləyənlər. Sən get, sən növbən ilə davam elə get qabağa, problem yoxdu. Bütün sənədlər qapıdadı, Şahruzda. Orda Mehranın şəklini göstərərsən. “Magomednabi”: Mehdi bu nə özbaşınalıqdı burda baş verir? Bu nə təhlükəli gömrük idarəsidir? Mən artıq 2-ci gündür burdayam, təsəvvür edirsən? Dəli olmaq olar. -13 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “Magomednabi”: (saat 08:18-də 1 cavabsız zəng) Mehdi salamun aleykum, Azərbaycandayam mən Mehdi. Yükdə bir şübhəli cizgilər müşahidə edilibdir, baxışa salırlar məni, saat 10-da, 11-də də baxış eləyəcəklər məni Allah qoysa.... “+**********90”: (saat 10:17, 10:19, 10:26 və 10:28-də olmaqla 4 cavabsız zəng) “Magomednabi”: (saat 10:37-də 2 dəqiqəlik danışıq), (saat 10:59-da 2 cavabsız zəng) “+**********90”: (saat 11:19, 11:20, 11:52, 12:10, 12:26, 12:37, 13:39 və 15:09- da olmaqla 8 cavabsız zəng) Telefonda mövcud olan “WhatsApp” tətbiqində adı qeyd edilməmiş +**********5 nömrəsi ilə (Kahı yükünü Rusiya Federasiyasında qəbul etməli olan şəxs) yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. -11 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “Magomednabi”: Salam aleykum, qardaş ümumiyyətlə sən kimsən? Zəng elədin maraqlandın ki, kedin-keçə bilmədin? Yoxladılar-yoxlamadılar? Başa düşmədim kimsən sən? (saat 20:42) “+**********5”: (saat 20:48 və 20:49-da yazılmış, lakin sonradan silinmiş 2 mesaj) “Magomednabi”: Hə başa düşdüm qardaş, sənin adın nədir? -12 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “+**********5”: (saat 22:56 və 22:57-də yazılmış, lakin sonradan silinmiş 2 mesaj), (saat 23:03-də 1 cavabsız zəng) “Magomednabi”: Salam qardaş, artıq 2-ci gündür ki gömrükdəyəm, burda münasibət insani deyil, 2-3 saatdır ki, eyni nöqtədəyik, yavaş-yavaş hərəkət edirik. (yük avtomobillərinin növbədə gözləmə şəklini göndərib) bax belə qarışıqlıqdır. (saat 23:05) “+**********5”: (saat 23:05 və 23:06-da yazılmış, lakin sonradan silinmiş 2 mesaj) “Magomednabi”: Keçən dəfə daha rahat çıxmışdım burdan, 6-7 saata tamamilə keçmişdim. İndi görürsən ki, dünəndən indiyənə qədər burda ilişib qalmışam. Allah böyükdü da, mən sənə nə deyə bilərəm ki? Nə çox, nə az (saat 23:06) “+**********5”: (saat 23:06-da yazılmış, lakin sonradan silinmiş 1 mesaj) “Magomednabi”: Hə, hə, İnşallah qardaş, çatanda yazacam sənə. -13 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “Magomednabi”: (saat 08:20-də 1 cavabsız zəng), Salam qardaş, Azərbaycanda rentegendə deyirlər 3 ləkə görsənir amma kələmə oxşamır, Deyirlər 3 dairəvi predmet var, buraxa bilmirəm. Onlar məni baxışa göndərəcəklər, amma bilmirəm baxışı eliyəcəklər yoxsa yox, yəni vəziyyət budur. Baxış da pulludur, gələcəkdə problem olmasın deyə pul vermək lazımdır. Mən də sənə nə qədər pul lazım olduğunu xəbər edəcəm (saat 08:20) “+**********5”: Salam Bundan əlavə “WhatsApp” tətbiqinin zənglər bölməsindən görünür ki, adı qeyd edilməmiş “+**********5” nömrəsinin istifadəçisi “WhatsApp” vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 20:15-də Təqsirləndirilən şəxs həmin nömrəsinə zəng etmiş və aralarında 37 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün saat 20:38 və 20:41-də 2 dəfə həmin nömrəyə zəng etmiş, lakin zəngə cavab verilməmişdir. Telefonda mövcud olan “WhatsApp” tətbiqində “Atasının balalaykası” adı ilə qeyd edilmiş +**********9 nömrəsinə (Maqomednabinin qızı Fatimə) 13 yanvar 2024-cü il tarixdə saat 08:12-də aşağıdakı məzmunda mesajlar göndərilmişdir: “Magomednabi”: 1) Salam aleykum, qardaş ümumiyyətlə sən kimsən? Zəng elədin maraqlandın ki, kedin-keçə bilmədin? Yoxladılar-yoxlamadılar? Başa düşmədim kimsən sən?. 2) Mən qəbul eləyənəm qardaş, malın sahibi (istiqamətləndirilmiş mesaj). 3) Qardaş sənin nömrəni İrandan Mehdi veribdir (istiqamətləndirilmiş mesaj). 4) Hə başa düşdüm qardaş, sənin adın nədir?. 5) Salam aleykum (istiqamətləndirilmiş mesaj). 6) Qardaş, necəsən? Qardaş sən hardasan? (istiqamətləndirilmiş mesaj). 7) Salam qardaş, artıq 2-ci gündür ki gömrükdəyəm, burda münasibət insani deyil, 2-3 saatdır ki, eyni nöqtədəyik, yavaş-yavaş hərəkət edirik. (yük avtomobillərinin növbədə gözləmə şəklini göndərib) bax belə qarışıqlıqdır. 8) (yük avtomobillərinin növbədə gözləmə şəklini göndərib). 9) bax belə qarışıqlıqdır. 10) Yaxşı qardaş (istiqamətləndirilmiş mesaj). 11) İnşallah (istiqamətləndirilmiş mesaj). 12) Keçən dəfə daha rahat çıxmışdım burdan, 6-7 saata tamamilə keçmişdim. İndi görürsən ki, dünəndən indiyənə qədər burda ilişib qalmışam. 13) Allah böyükdü da, mən sənə nə deyə bilərəm ki? Nə çox, nə az. 14) Yola düşəndə xəbər eləyərsən (istiqamətləndirilmiş mesaj). 15) Hə, hə, İnşallah qardaş, çatanda yazacam sənə. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/70 nömrəli rəyindən görünür ki, təqdim olunmuş qara rəngli polietilen torbadakı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10785 qram; qara rəngli polietilen torbadakı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10725 qram; qara rəngli polietilen torbadakı sayı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10770 qram; qara rəngli polietilen torbadakı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10420 qram; qararəngli polietilen torbadakı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10805 qram; qara rəngli polietilen torbadakı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10720 qram; qara rəngli polietilen torbadakı 19 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 5745 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 69970 qramdır. Həmin qara rəngli polietilen torbadakı 10 ədəd gümüşü falqa bağlamada (hər bağlamada 02 ədəd narıncı rəngli folqa paket olmaqla) ümumi çəkisi 20870 qram olan maddələr tərkiblərinə görə eyni olub çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Qeyd olunan sübutları tədqiq edən birinci instansiya məhkəməsinin hakim tərkibi belə hesab etmişdir ki, avtomobil nəqliyyatı vasitəsi ilə beynəlxalq yükdaşımaları tənzimləyən normalara əsasən sürücü-ekspeditorun vəzifəsi yüklərin yerini, yükün və onun qablaşdırılmasının xarici görkəmini yoxlamaqdır. Sürücünün daşıma üçün qəbul etdiyi yükün tamlığını pozmaqla daxilini yoxlamaq vəzifəsi deyil, belə hüququ və imkanı da yoxdur. Sürücü-ekspeditor Maqomednabi Aleskenderovun yükü plomblanmış vəziyyətdə qəbul etməsindən sonra yükə müdaxilə etmək imkanı olmamış və müdaxilə etmədən Azərbaycan gömrüyünə daxil olmuşdur. Bundan başqa tərkibinə narkotik maddələr yerləşdirilmiş kahıların yükləndiyi palet xarici görkəminə görə digər paletlərdən fərqlənməmiş və beləliklə də heç bir şübhə doğurmamışdır. Beləliklə protestin dəlillərinə əsasən ittihamla əlaqəli sübutları birinci instansiya məhkəməsinin mövqeyi ilə qarşılıqlı təhlil edərək cinayət kollegiyası qeyd edir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Apellyasiya protestinin dəlillərində həm cinayət hadisəsinin baş vermə faktı və halları, həmçinin təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqələrinin sübuta yetirilməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, protestin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139 və 346-cı madələrində təsbit olunmuş halların müəyyən edilməsi baxımından cinayət təqibi üzrə toplanmış sübutların həcminin kifayət edib-etməməsi araşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Apellyasiya baxışının nəticələrinə görə müəyyən olunan hallar ittiham tərəfinin Maqomednabi Aleskenderov tərəfindən cinayət əməlinin törədilməsinə, habelə həmin cinayət hadisəsi ilə onun əlaqəsinə dair təqdim etdiyi sübutların həqiqiliyini əsaslı şübhə altına alır. Bununla bağlı kollegiyanın qeyd edir: -İlkin olaraq qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisinə yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçərkən rentgen qurğusunun yaddaş kartında olan videogörüntü maddi sübut kimi cinayət işi materiallarına əlavə edilməmişdir. Bununl bağlı apellyasiya baxışında sorğu verilmiş, həmin cizgiləri əks etdirən görüntü tələb olunmuş, lakin uzun müddət keçməsinə görə yaddaş qurğusunun həmin görüntünü saxlamadığı bildirilmişdir. -Bundan başqa gömrük xidmətinin əməkdaşlarının ibtidai və məhkəmə istintaqında şahid qismində verdikləri ifadələrdən belə məlum olur ki, yükə iki dəfə baxış keçirilmişdir. Birinci dəfə baxış keçirilən zaman yükdə narkotik vasitənin olması müəyyən olunmuş, lakin həmin vəziyyət rəsmiləşdirilməmişdir. Sonradan yük yerinə, yəni nəqliyyat vasitəsinə yüklənmiş, daha sonra yenidən rəsmi olaraq videoçəkilişlə baxış keçirilmişdir. Kollegiya bu vəziyyətə xüsusilə şübhə ilə yanaşaraq qeyd edir ki, bir halda ki, nəqliyyat vasitəsi “HCVG” markalı stasionar rentgen qurğusundan keçərkən yükdə yad cizgilər olması aşkar olunmuşdur, niyə məhz bundan sonra yükə baxış dərhal rəsmi olaraq keçirilməmiş, yüklü paletlər yerə boşaldılmış, sonra maşının yük yerinə yığılmış, daha sonra görüntünü rəsmləşdirmək üçün yenidən videoçəkilişlə yükə formal olaraq baxış keçirilmişdir. -Apellyasiya baxışında yükə baxış keçirilməsi ilə bağlı cinayət işində olan kompakt diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, yük maşınını bəraət almış Təqsirləndirilən şəxs deyil, gömrük əməkdaşı idarə edərək rentgen qurğusundan keçirir. Lakin yükün rentgen qurğusundan keçən zaman şübhəli cizgilərin aşkar ounması ilə əlaqəli heç bir rəsmi görüntü yoxdur. Nəqliyyat vasitəsi başqa şəxs tərəfindən mobil telefonla çəkilir. Kollegiyanın qənaətinə görə həmin ərazinin, xüsusilə rentgen aparatı yerləşən yerin müşahidə olunması üçün kameraların olmaması mümkün deyil. -Qeyd olunan kompaktdiskə apellyasiya baxış iclasında baxış keçirilən zaman həmçinin müəyyən olunmuşdur ki, qoşqudakı “kahı” yükündən ibarət paletlər əvvəlcə texnika vasitəsi ilə götürülmüş, yüklü paletlər həmin vaxt lentlənmiş vəziyyətdə olmuş, yükə hər hansı müdaxilə müşahidə olunmamışdır. Lakin videonun davamından görünür ki, kinoloji it vasitəsi ilə “kahı” yükündən ibarət paletlərə baxış keçirilməzdən əvvəl, narkotik vasitə aşkar olanunun paletlər dağınıq vəziyyətdədir, üzərlərinə bağlanmış lentlər aşağı və yuxarı sürüşdürülmüşdür. Yəni məhz həmin yüklü paletlərdə artıq narkotik vasitənin olması bəlli olduğu halda, formal olaraq it vasitəsi ilə yükə baxış keçirilmişdir. Cinayət Prosessual Məcəllənin 236.1. və 236.2-ci maddələrinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır. Cinayət Prosessual Məcəllənin 236.4. və 236.5-ci maddələrinin tələbi üzrə, müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. Göründüyü kimi baxış keçirilərkən prosessual tələblər pozulmuş, aradan qaldırılması mümkün olmayacaq dərəcədə şübhəli məqamlar yaranmışdır. Ona görə də qeyd olunan hallar bəraət almış şəxsin xeyrinə təfsir olunmalıdır. Qeyd olunanlardan əlavə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması» Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) olan yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Kollegiya hazırkı iş üzrə Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixdə qoşulduğu «X4 haqqında» 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasına nəzər salmağı vacib hesab edir. Qeyd olunmalıdır ki, Konvensiya ölkələrarası xüsusi hüququn - ölkələrarası avtomobil nəqliyyatı hüququnun baza sənədi sayılır. Əgər yük konkret bir ölkənin ərazisini, tərk edərək, digər ölkə ərazisinə daşınarsa, ölkələr arasında beynəlxalq yük daşınma münasibəti formalaşır ki, həmin münasibət beynəlxalq yük daşınmaları müqavilələri ilə rəsmiləşir. Bağlanmış müqavilənin beynəlxalq saziş kimi tanınması üçün iki tərəfdən - yüklərin yola salındığı yer (yüklərin daşınmaq üçün qəbul edildiyi yerdən) və ya yüklərin təyinat sahəsindən, heç olmazsa, birinin Konvensiyanın iştirakçısı olan ölkənin ərazisində olması kifayətdir. Məhz bu saziş beynəlxalq yük daşınması sazişi sayılır və bu səbəbdən Konvensiyanın hüquqi tənzimetmə predmetinə daxil edilir. Qeyd olunan iki şərt olduğu zaman, beynəlxalq avtomobil yük daşınmasını nizamlamaq üçün sözü gedən Konvensiyanın norması tətbiq edilir. Beynəlxalq yük daşıması sazişinin əsas elementindən biri onun tərəfləri (subyekt tərkibləri) olur. Müqavilə iki tərəf-daşıyıcı və yükgöndərən arasında imzalanır. Bu sənəd qaimə adlandırılır. Məhz qaimə beynəlxalq yüklərin daşınması müqaviləsinin özü sayılır. Qaimənin olması onu göstərir ki, yük sahibləri ilə (yükgöndərənlərlə) daşıyıcılar arasında yük daşınması sazişi bağlanmışdır. Konvensiyada nəzərə alınır ki, yük daşınması müqavilələri qaimə ilə təsdiqlənməyi mütləqdir. Beləliklə də, qaimə həmçinin yüklərin daşınması sazişinin bağlanmasını əsaslandırır. Daşıyıcı yükləri daşınmaq üçün qəbul etdiyi halda qaimədəki informasiyaların doğruluğunu yoxlamalıdır. Bu informasiyalar aşağıdakılardır: 1)Yük yerləri haqqında məlumat; 2) Yük yerlərinin nişanlanması barədə məlumat; 3)Yükün xarici vəziyyəti barədə məlumat; 4) Yükün qablaşdırılması barədə məlumat. Konvensiya qaimənin məcburi və əlavə rekvizitlərini müəyyən edir. Məcburi rekvizitlər qaimədə mütləq qeyd edilməli olan informasiyalardır. Onlar mühüm rekvizitlər olub, qaimənin etibarlı olmasını və hüquqi əhəmiyyət kəsb etməsini şərtləndirir. Məcburi rekvizitlərə qaimənin hazırlandığı vaxt və məkan; yükgöndərənin adı və ünvanı; daşıyıcının adı və ünvanı; yüklərin daşınma üçün qəbul edildiyi yer və tarix; təyinat yeri; yükü qəbul edənlərin adı və ünvanı; yüklər üzrə yer sayı, onların xüsusi nişanı və yerlərin nömrələnməsi; yükün brutto çəkisi yaxud yükün həcmi (ölçü vahidləri ilə göstərilməlidir); daşıma ilə əlaqəli ödənişlər (daşınma haqqı, gömrük rüsumları və s.); gömrük və başqa rəsmiləşdirmələri həyata keçirmək üçün lazım olan təlimat; daşımanın Konvensiyanın normalarına müvafiq formada yerinə yetirilməsi haqqında göstəriş; yükün xarakteri və onun qablaşdırılmasının növü barədə işarə olunması. Qaiməyə daxil olunması məcburi olmayan informasiyalar əlavə rekvizitlər adlanır. Bu cür informasiyalar qaimədə ancaq lazım olduqda göstərilir. Əlavə rekvizitlərə aşağıdakılar yükgöndərənin yükün boşaldılıb təkrar yüklənməsinə icazə verilməməsi haqda göstərişi; yükgöndərən tərəfindən edilən ödənişin forması və miqdarı; yükgöndərən tərəfindən yüklərin elan edilmiş qiyməti; yükün sığortalanması haqda təlimat; daşıyıcıya verilən sənədlərin siyahısı və s. Göründüyü kimi, beynəlxalq yük daşıması sazişinin tərəfi kimi sürücü Konveniysa ilə müəyyən edilmiş məcburi rekvizitləri yoxlamaqla vəzifəlididir. Həmin məcburi göstərişlərdə yükün daxilini yoxlamaq vəzifəsi müəyyən olunmamışdır. Odur ki, yükdaşıyıcının qəsdən cinayətin iştirakçısı olması sübut olunmayana qədər, onun yükdə qanunla cinayət qanunu ilə qadağan olunmuş maddənin aşkar olunması üçün məsuliyyətə cəlb olunması yolverilməzdir. Kollegiyanın qeyd etdiyi xüsusi hallar əsas verir ki, ibtidai istintaq yalnız ehtimal əsasında Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlamış və sonda CM-in 206.3.2. və 234.4-1-ci maddələri ilə ittaham vermişdir. Lakin məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır və qanuni hesab edilir. CPM-in 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə sübutlardan istifadə etməklə əsaslandırsın. CPM-in 21.1.-21.3-cü maddələrinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə apellyasiya baxışında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə görə birinci intsansiya məhkəməsində CPM-in 351.2., 351.3.1-351.3.4-cü maddələrində və 346.1.1-346.1.6-cı maddələrində təsbit edilən tələblər düzgün müzakirə edilmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-ci maddələrinin tələblərinə uyğun təhlil edilmişdir. Yuxarıda təhlil edilən, o cümlədən Təqsirləndirilən şəxs yuxarıda şərh edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların real olmasını təsdiq edən hallar bu qənaətə əsas verir ki, birinci instansiya məhkəməsinin istintaq orqanının mövqeyi ilə razılaşmayaraq irəli sürülmüş ittiham üzrə təqsirliliyin sübuta yetirilməməsi əsası ilə bəraət hökmü verməsi, cinayət-prosessual qanunun yuxarıda qeyd edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Nəzərə alınmalıdır ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. CPM-in 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. CPM-in 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-in 350.1. və 350.2-ci maddələrinə görə məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 42.1. və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən və bəraət hökmü çıxarılması əsaslarından biri də təqsirliliyin sübuta yetirilməməsidir. Qeyd olunan Məcəllənin 42.2.4-cü maddəsinə əsasən isə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutub, işin məhkəmə baxışı zamanı müəyyən edilmiş hallarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 206.3.2. və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi halı sübuta yetirilməmişdir. Qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəllənin 401 və 399.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməkdə haqlıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 1(099)-97/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 401, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 1(099)-97/2025 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-322/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-322/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver