Məhkəmə qərarları › İş №1(106)-33/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-33/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-33/2023 31.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X1 (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi X7, Təqsirləndirilən şəxs2 və müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər B.C.Əliyev (sədrlk edəni, V.İ.Əhmədov və İ.Ə.Neymanov) 19 sentyabr 2022-ci il tarixli, 1(099)-351/2022 saylı hökmü ilə xx.xx.1998-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan,əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Astara rayonunun Şəvqo kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Astara rayonunun Şəvqo kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişlər, o cümlədən: Təqsirləndirilən şəxs1 6 il 6 ay müddətə, Təqsirləndirilən şəxs2 isə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, cəzalarının əvvəlinin 09 yanvar 2022-ci ildən hesablanması, barələrində seçilmş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmaları qərara alınmış; həmçinin iş üzrə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs4 qohumu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda - 11010 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın külli miqdarda - 1320 qram çəkidə olan hissəsini qanunsuz olaraq satmaq məqsədi ilə 01 ədəd bağlamada qablaşdıraraq yaşadığı evin yataq otağındakı çarpayının altında qanunsuz olaraq saxlamış, digər külli miqdarda - 9690 qram çəkidə olan hissəsini isə aralarında olan razılaşamya əsasən qanunsuz olaraq satıb qazanc əldə etmək məqsədi ilə 2021-ci ilin dekabr ayının ortalarında qohumu Təqsirləndirilən şəxs3 qanunsuz olaraq vermiş, bundan sonra onun məlumatı olmadan Təqsirləndirilən şəxs3 həmin narkotik vasitənin külli miqdarda - 2230 qram çəkidə olan hissəsini qanunsuz olaraq satmaq məqsədi ilə ayırıb 01 ədəd bağlamada qablaşdıraraq yaşadığı Astara rayonu Diqo kəndində yerləşən evinin zirzəmisində qanunsuz olaraq saxlamış, qalan külli miqdarda -7460 qram çəkidə olan hissəsini isə sonuncunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında olan razılaşmaya əsasən satıb qazanc əldə etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində yaşadığı evin arxasında qohumu Təqsirləndirilən şəxs1 qanunsuz olaraq vermiş, sonuncu isə satış məqsədi ilə qohumu Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdikdən sonra aralarında olan razılaşmaya əsasən satması üçün Təqsirləndirilən şəxs2 qanunsuz olaraq vermək məqsədi ilə Astara rayonu Pəlikəş kəndinə özü ilə daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Astara rayonunun Pəlikəş kəndində saxlanılaraq Astara RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli torbadan külli miqdarda, təmiz çəkisi - 7460 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı Astara rayonu Diqo kəndində yerləşən evinin zirzəmisindən 01 ədəd göy rəngli sellofan torbanın içərisindən külli miqdarda, təmiz çəkisi - 2230 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində onun yaşadığı Astara rayonu Züngüləş kəndində yerləşən evinə keçirilən axtarış zamanı evin yataq otağındakı çarpayının altından 01 ədəd göy rəngli sellofan torbanın içərisindən külli miqdarda, təmiz çəkisi - 1320 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilib əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif olunmasını və həmin maddə ilə ona cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, «narkotik vasitənin çəkisi saxtakarlıqla qərəzli olaraq artırılmaqla işi ağırlaşdırılmış, ittiham aktı saxtalaşdırılmışdır. Qazi olmasına baxmayaraq məhkəmə ona ağır cəza təyin etmişdir. Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir». Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilib əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif olunmasını və həmin maddə ilə ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, «işin faktiki halları tam araşdırılmamışdır. Təqsirləndirilir ona görə ki, külli miqdarda olan narkotik vasitə qurudulmuş marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə daşımışdır. Lakin onun satış məqsədi olmamışdır. Məhkəmə istintaqında araşdırılmalı olan faktlar araşdırılmamış, ibtidai istintaqın təqdim etdiyi sübutları məhkəmə sadəcə təsdiq etmişdir. Bundan başqa, himayəsində iki azyaşlı xəstə uşağı var. Uşaqlarının birinin ayağı əlildir, və əməliyyata ehtiyacı var, digərinin isə gözündə problem var. Uşaqların onun köməyinə ehtiyacı var. Ailəsində maddi vəziyyət pisdir». Prosessual məsələlər Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, o, özünü narkotik vasitələrə aidiyyəti olmaqda təqsirli bilir, lakin narkotik vasitəni satmaqda və ya satış məqsədi ilə əldə etməkdə təqsirli bilmir. Belə ki, hadisə ilə bağlı onu deyə bilər ki, Təqsirləndirilən şəxs2 ondan narkotik vasitə istəyib tanışlarına lazım olduğunu bildirmiş, o isə narkotik vasitəsi olmadığını Ramala demişdir. Təxminən 10 gün ərzində Ramal ondan yenə də narkotik vasitə istəmiş, həmçinin bildirmişdir ki, o, kiməsə söz verib, əgər narkotik vasitə tapmazsa, onun üçün yaxşı olmayacaq. Ramal onun əmisi nəvəsi olduğuna görə ona yazığı gəlmiş, onun pis vəziyyətdə qaldığını düşünüb qohumu Təqsirləndirilən şəxs3 narkotik vasitə istəmiş, sonuncu da belə işlərə qarışmamağı demişdir. Onun özü də bir neçə dəfə təkid etdikdən sonra Təqsirləndirilən şəxs3 ona narkotik vasitəsi olmasını bildirib narkotikin yaşadıqları ərazidəki meşədə olduğunu demiş, narkotikin yerini ona nişan vermişdir. Bundan sonra isə Ramal ona zəng etmiş və demişdir ki, ondan narkotik istəyən polis əməkdaşları olublar və onlar narkotiki təhvil versələr məsuliyyətdən azad olunacaqlar. Hətta Ramal telefonu polis əməkdaşına vermiş, o, polis əməkdaşı ilə danışmış, polis əməkdaşı da ona eyni sözləri dediyinə görə qərara gəlmişdir ki, Vüqarın ona nişan verdiyi narkotiki götürüb polisə təhvil versin. Bu məqsədlə narkotik vasitəni özü ilə götürüb kəndin mərkəzində polis əməkdaşları ilə görüşməyə getmiş, onlarla görüşmüş və narkotiki təhvil verdikdən sonra polislər onu saxlayıb şöbəyə aparmışlar. Ona görə də hesab edir ki, onun əməli narkotik vasitənin könüllü təhvil verilməsi kimi qiymətləndirilməli idi. Buna baxmayaraq, əvvəllər narkotik vasitədən bəzi hallarda istifadə etdiyinə görə özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlinin həmin maddəyə tövsif edilməsini kollegiyadan xahiş edir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Emil Quliyev müdafiə etdiyi şəxsin izahatında göstərilənlərə diqqəti cəlb edərək əməlin CM-in 234.1-ci maddəsinə tövsif etməyə kollegiyadan xahiş etmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 eynilə Təqsirləndirilən şəxs1 nizahatına uyğun izahat verib onun da əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini kollegiyadan xahiş etdi. Təqsirləndirilən şəxs2 müdafiəçisi Ulduzə Əhmədova müdafiə etdiyi şəxsin izahatında göstərilənlərə diqqəti cəlb edərək əməlin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X8 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edərək, onları həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barələrində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxslərə bəraət verilməsi, əməlin hüquqi tövsifinin dəyişdirilməsi və ya onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıldakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hər iki təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifini mübahisələndirir, özlərini CM-in 234.4.3-cü maddəsi ilə deyil 234.1-ci maddəsi ilə təqsirli bilirlər və bunu onunla əsaslandırırlar ki, onlar bəzi vaxtlarda narkotik vasitə olan marixuanadan istifadə etmişlər. Xüsusilə qeyd olunması vacibdir ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 cinayət işinin materiallarında sözügedən marixuanaya aid hissədə özlərinin həmin narkotik vasitəyə aidiyyətinin olmalarını mübahisələndirmirlər, onlar yalnız iddia edirlər ki, narkotik vasitənin miqdarı cinayət işində göstərildiyi kimi 7,4 kq deyil, təxminən 3 kq olmuşdur. Müdafiə tərəfin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınması, CM-in 234.2-ci maddəsində belə narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması, göndərilməsi, yaxud satılması, CM-in 234.4.1 və 234.4.3-cü maddələrində isə yuxarıda qeyd olunan əməllərin (CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan əməllərin) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədilməsi cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməllər kimi təsbit edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əlavə edilmiş İ Siyahıda qurudulmuş marixuananın şəxsi istehlak miqdarı 5 qr, külli miqdarı isə 500 qr müəyyən edilmişdir. Bu baxımdan əvvəlcədən qrup təşkil etmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də hazırkı iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aşkar edilmiş qurudulmuş marixuananın ümumi çəkisinin 11010 qr olması nəzərə alınaraq onlara CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədilməsi bu maddənin tərkibini yaradır. Beləliklə, sadalanan Cinayət Qanunu normalarının birgə və əlaqəli təhlilindən görünür ki, CM-in 234.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan mənaya görə narkotik vasitələrin və ya psixotrop maddələrin təkcə satılması deyil, eyni zamanda belə vasitələrin və ya maddələrin satış məqsədilə əldə edilməsi də həmin normalarda nəzərdə tutulan cinayətin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də məhkəmə kollegiyası müdafiə tərəfinin, iş materiallarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmasına dair mötəbər sübut olmaması və buna görə də onların əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsinin əsassız olması haqda dəlilləri ilə razılaşmır və hesab edir ki, bu dəlillər əməlin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə əsas ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik vasitəni satış məqsədi ilə əldə etmələri ilə bağlı məsələyə gəldikdə isə kollegiya hesab edir ki, onların belə niyyətdə olması işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunarkən özünü həmin ittihamda təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qohumu, yəni əmisi nəvəsidir. Ramal ailəsi ilə birlikdə Astara rayonu, Deqədi kəndində yaşayır. Təxminən 15-20 gün əvvəl Ramal ona telefon vasitəsi ilə və üzbəüz görüşərkən demişdir ki, bir nəfər var ona nəşə satacaq, əgər satmaq üçün ona nəşə təşkil edə bilərsə, onun da pulunu verəcəkdir. O da Ramala demişdir ki, maraqlanıb bu barədə xəbər edəcəkdir. Lakin o, Ramala kimdən maraqlanacağını deməmişdir. O, həmin nəşəni yeznəsi, Astara rayonu, Diqo kəndində yaşayan Təqsirləndirilən şəxs3 maraqlanacaqmış. Bundan 2 gün sonra o, Vüqarın yaşadığı evinə gedib bir nəfərin ondan yaxşı qiymətə nəşə almaq istədiyini, satmaq üçün ona nəşə təşkil edə biləcəyini soruşmuşdur. Vüqar da təşkil edə bilərsə, ona xəbər edəcəyini demişdir. Bundan sonra o, həmin gün Ramala zəng edib nəşə tapılan kimi xəbər edəcəyini bildirmişdir. Bundan 2-3 gün sonra o, Vüqara zəng edib lazım olan nəşəni tapıbtapmadığını soruşmuşdur. Vüqar da ona demişdir ki, 4 kq nəşə, yəni qurudulmuş marixuana tapmışdır, 1 kq-nı 3500 manata satır, istəyirsə, gəlib aparsın. Bundan sonra o, dərhal Ramala zəng edib demişdir ki, bir nəfər tanışında 4 kq nəşə var, onun 1 kq-nı 3500 manata satır. Ramal da onun təklifi ilə razılaşaraq nəşənin hamısını alacağını və ona da əlavə 400 manat, ümumilikdə isə 14400 manat pul verəcəyini demiş və həmin nəşəni ola bilsin ki, bu axşam gəlib götürəcəyini, ona görə də nəşəni satan həmin şəxsin hər an hazır olmasını tapşırmışdır. O da dərhal sonra Vüqara zəng edib Ramalın ona dediklərini demişdir və hər an hazır olmasını tapşırmışdır. Vüqar da onunla razılaşmışdır. Təxminən 2-3 saat sonra Ramal ona zəng edərək nəşəni almaq istəyənlərin Bakıdan çıxıb gəldiyini, onun da həmin nəşəni götürüb Astara rayonu, Pəlikəş kəndində yerləşən körpünün üstünə gəlməsini demişdir. Bundan sonra o, Vüqara zəng edib nəşəni hazırlamasını, gəlib götürəcəyini, nəşəni almaq istəyənlərin Bakıdan artıq çıxdıqlarını demişdir. Həmin vaxt Vüqar heç bir səbəb göstərmədən nəşəni satmaq istəmədiyini, həmin şəxslərə onda nəşə olmadığını deməsini tapşırmışdır. O, Vüqardan satmaq istəməməsinin səbəbini soruşaraq satmasını təkid etsə də, Vüqar satmaqdan imtina etdiyi üçün o, telefonda Vüqarla söhbətini sonladırıb Ramala zəng etmişdir. Ramala zəng edərək onun adamının nəşəni satmaq istəmədiyini demişdir. Ramal da təkidlə ona demişdir ki, artıq nəşəni almaq istəyənlərlə danışıb razılaşmışdır, həmin şəxslər artıq yolun yarısına gəlmişlər, ona görə həmin nəşəni onlara satmalıdır. O da Ramala alınmadığını, həmin şəxslərin qayıtmalarını demişdir. Bundan sonra Ramal telefonda onunla sağollaşmışdır. 06 yanvar 2022-ci il tarixdə Ramal yenidən ona zəng edərək həmin nəşənin qalıb-qalmadığını soruşaraq, əgər qalıbsa, həmin adamların nəşəni almaq istədiklərini, nəşəni onlara satsalar, yaxşı pul qazanacaqlarını demişdir. O da maraqlanıb deyəcəyini bildirmişdir. Bundan sonra o, həmin gün Vüqarın yaşadığı Diqo kəndinə getmişdir. O, Vüqara demişdir ki, «çox dirəşiblər nəşəni istəyirlər, gəl nəşəni sataq getsin». Həmin vaxt Vüqar onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, bir qədər kənara çəkilib telefonla Ramalla danışıb nəşənin qaldığını, adamının nəşəni əvvəlcə danışdıqları qiymətə satmaq istədiyini demişdir. Ramal da ona həmin nəşəni 08 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Pəlikəş kəndində körpünün üstünə gətirməyini demişdir. O da bu barədə Vüqara demişdir. Bundan sonra 08 yanvar 2022-ci il tarixdə təxminən saat 19 radələrində Ramal ona zəng edib nəşəni almaq istəyənlərin Bakıdan çıxdıqlarını demişdir. Həmin vaxt o, Ramala evdən cizlin çıxacağını, ona görə onlarla gec görüşə biləcəyini demişdir. Ramal həmin nəşəni 23:30 radələrində danışdıqları yerdə ondan götürəcəyini demişdir. Saat 23 radələrində Ramal ona zəng etməyə başlamışdır. Lakin o, telefon zənginə cavab verməmişdir. Həmin vaxt içində nəsə narahatlıq olduğu üçün nəşəni satmaq istəməmişdir. Ramal isə dayanmadan gecə saat 02 radələrinədək ona zəng etmişdir. O, artıq məcbur olub onun telefon zənginə cavab verərək yalandan yatdığını, ona görə telefon zənginə cavab vermədiyini demişdir. Həmin vaxt Ramal ona, nəşəni almaq istəyənlərin Lənkəranda kafedə oturub ondan xəbər gözlədiklərini deyərək, bu dəfə də onu yalançı çıxarmamağını xahiş etmişdir. Bundan sonra o, nəşəni götürmək üçün yaşadığı Şəvqo kəndindən Vüqarın yaşadığı Diqo kəndinə piyada getmişdir. O, evdən çıxarkən Vüqara zəng edib nəşəni götürmək üçün gələcəyini demişdir. Təxminən 30 dəqiqəyə Vüqarın yaşadığı evinə çatmışdır. Həmin vaxt Vüqar onu evinin arxasında qarşılamışdır. Vüqarın əlində qara rəngli torba olmuşdur. Həmin vaxt o, Vüqarın əlindəki torbanı ondan alıb içərisinə baxanda həmin torbanın içərisində göy sellofan torba olduğunu görmüşdür. Həmin göy rəngli sellofan torbanı da açdıqda içərisində nəşə, yəni qurudulmuş marixuana olduğunu görmüşdür. Vüqar onun çəkisinin 4kq-dan bir qədər az olduğunu demişdir. Vüqarın əlindəki ot kütləsindən gələn spesifik qoxudan da onun nəşə, yəni qurudulmuş marixuana olduğunu bilmişdir. Bundan sonra o həmin torbanı Vüqara vermişdir və birlikdə piyada Pəlikəş kəndinə getmişlər. Onlar ora çatanda təxminən saat 4 olmuşdur və Ramal hələ çatmamışdı. Həmin vaxt Vüqar torbanı ona verib çıxıb getmişdir. Səhər saat 10 radələrində Ramalla görüşdükdə ətrafdan tanımadığı iki nəfər şəxs gələrək polis əməklaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə məşğul olmaqda şübhəli olduğu üçün onlarla birlikdə Astara rayon polis şöbəsinə getməli olduğumu bildirmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində otaqların birində video çəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı üzərinə axtarış keçirilərkən əlində olan torba götürülmüşdür. Torbanın içərisinə baxıldıqda orada Təqsirləndirilən şəxs3 aldığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitə qablaşdırılmış bu barədə tərtib olunmuş protokola imzalar etmişdir. Həmin narkotik vasitəni yeznəsi Təqsirləndirilən şəxs3 satıb qazanc əldə etmək məqsədi ilə almışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuananın 1 kq-nı 3500 manata Ramalın dediyi adamlara satıb Vüqarın pulunu verəcəkmiş, Ramal da ona 400 manat pul verməcəkdir. Vüqarın həmin nəşəni nə vaxt, kimdən və haradan almasını bilməmişdir. Onu polis şöbəsinə gətirdikdən sonra bilmişdir ki, Vüqar da həmin nəşəni əvvəllər həmkəndlisi olmuş, hazırda isə Astara rayonu, Züngüləş kəndində yaşayan Təqsirləndirilən şəxs4 almışdır. Lakin nə zaman və hansı qiymətə aldığını bilməmişdir. Vüqardan aldığı narkotik vasitənin çəkisini ölçməmişdir və Vüqarın deməsinə görə təxminən 4 kq olmuşdur. Ona görə də ondan aşkar olunaraq götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuananın 4 kq və ya 7 kq 460 qram olmasını dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunarkən özünü həmin ittihamda təqsirli bilərək göstərmişdir ki, X10 onun qohumu, yəni əmisi nəvəsidir. Cahid ailəsi ilə birlikdə Astara rayonu, Şəvqo kəndində yaşayır. Təxminən 15-20 gün əvvəl xalası oğlu Qalib onunla görüşərək ona satmaq üçün çoxlu nəşə təşkil etməyini istəmişdir. O da tapsa, xəbər edəcəyini demişdir. Bundan sonra o, Cahidlə Pəlikəş kəndində görüşüb ondan satmaq üçün nəşə təşkil etməyini istəmişdir. Cahid də təşkil edə bilsə, xəbər edəcəyini bildirmişdir. Bundan 3-4 gün sonra Cahid ona zəng vurub, bir nəfər tanışında 4 kq nəşə olduğunu, onun 1 kq-nı 3500 manata satdığını bildirmişdir. O, nəşəni almaq istəyənlərlə danışıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Qalibə zəng edib 4 kq nəşə tapdığını, 1 kq-nı 3500 manata satdığını demişdir. Qalib də razılaşaraq 3500 manata alıb 5000 manata satacaqlarını, əldə etdikləri pulu da yarı böləcəklərini demişdir. Bundan sonra o, Cahidə zəng edib razı olduğunu, həmin 4 kq nəşəni almaq istədiyini, buna görə Cahidə də 400 manat pul verəcəyini demişdir, Cahid də onunla razılaşmışdır. Qalib onun Cahidlə danışmağından, nəşəni ondan alacağından məlumatı olmamışdır. Aralarında olan razılaşmaya əsasən Cahid nəşəni ona Astara rayonu, Pəlikəş kəndində yerləşən körpüdə verməli, o da Cahidə 14400 manat pul verməli imiş. Ona görə Cahidə demişdir ki, hər an nəşəni ona satmağa hazır olsun. Bundan bir neçə saat sonra Cahidə zəng edib demişdir ki, nəşəni almaq istəyənlər Bakıdan çıxıb gəlirlər, həmin nəşəni götürüb Astara rayonu, Pəlikəş kəndində yerləşən körpünün üstünə gəlsin. Bundan təxminən 1 saat sonra Cahid ona zəng edib demişdir ki, adamı nəşəni satmaq istəmir. O da Cahidə demişdir ki, nəşəni almaq istəyənlərə söz vermişdir, onlar Bakıdan çıxıb gəlirlər. Cahidə təkid etmişdir ki, ona nəşəni satsın. Lakin Cahid onun adamının nəşəni satmaq istəmədiyini bildirmişdir. Cahidin sözündən dönməyəcəyini görüb onunla razılaşmağa məcbur olmuşdur. Bundan sonra o, Qalibə zəng edib adamının nəşəni satmaqdan qorxduğunu demişdir. 06 yanvar 2022-ci il tarixdə Qalib ona zəng edərək həmin nəşənin qalıb-qalmadığını soruşaraq, əgər qalıbsa, onları almaq istədiyini demişdir. Bundan sonra o, Cahidə zəng edib ondan nəşənin qalıb-qalmadığını soruşaraq həmin adamların nəşəni almaq istədiklərini, nəşəni onlara satsalar, yaxşı pul qazanacaqlarını demişdir. Cahid də maraqlanıb deyəcəyini bildirmişdir. Bundan bir neçə saat sonra Cahid onunla telefonda danışıb nəşənin qaldığını, adamının nəşəni əvvəlcə danışdıqları qiymətə satmaq istədiyini demişdir. O da Cahidə demişdir ki, həmin nəşəni 08 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Pəlikəş kəndində körpünün üstünə gətirsin. Bundan sonra 08 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixə gecə radələrində Cahidə zəng edib nəşəni almaq istəyənlərin Bakıdan çıxdıqlarını demişdir. xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində o, Cahidlə birlikdə Pəlikəş kəndində onun gətirdiyi 4kq nəşə, yəni qurudulmuş marixuana ilə birlikdə Bakıdan gələn nəşə alıcılarını gözləyən zaman 2 nəfər tanımadığı şəxs onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə onlar saxlanılaraq Astara RPŞ-yə gətirilmişlər və Astara RPŞ-də xidmətin otaqlardan birində video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirmişlər, lakin üzərindən hər hansısa narkotik vasitə və ya digər qanunsuz predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 ilə şifahi sorğu aparılarkən o, üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs2 tapdığı müştəriyə 1 kq-nı 3500 manata satmaq üçün həmkəndlisi Təqsirləndirilən şəxs3 əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 ilə şifahi sorğu aparılarkən o, həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitə satmağa getdiklərini, satacaqları narkotik vasitənin hər 1 kq-dan ona 1000 manat çatacağını bildirmişdir. Kollegiya təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə əldə etmələrini təsdiq edən digər sübutları da nəzərdən keçirmişdir. Belə ki, işdə olan şəxsi axtarış və götürmə protokolundan görünür ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli torbanın içərisindən qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. İşdə olan "xxxx" MMC-dən Astara Rayon Polis Şöbəsinə xx.xx.2022-ci il tarixli, 3015 saylı məktubla göndərilmiş 1 ədəd “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsi arasında 08 yanvar 2022ci il tarixdə saat 18:28:04, 18:37:03, 18:54:58, 20:02:26-da və 09 yanvar 2022-ci il tarixdə saat 01:56:22, 02:00:58, 02:09:16, 02:19:19, 02:37:16, 02:57:55, 03:09:39, 03:28:59, 03:39:10 və 03:43:30-da, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş həmin mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 08 yanvar 2022-ci il tarixdə saat 18:21:41, 19:56:04-da və 09 yanvar 2022-ci il tarixdə saat 02:13:54, 02:29:48, 02:33:01 və 02:35:10-da danışıqlar olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayəti törətmələri şahid polis əməkdaşlarının doğruluğu inkar olunmayan ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri və digər iş materialları ilə də kifayət qədər təsdiq edilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə hadisənin baş vermə, vaxtı, yeri, ŞƏRAİTİ, üsulları, halları və təqsirlilik məsələsinə düzgün qiymət verilməsi üçün zəruri olan bütün halları araşdırmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci maddəsi). CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı tədqiq etdiyi sübutları tam, hərtərəfli araşdırmış, həmin sübutları bir-birilə müqayisəli şəkildə təhlil etmiş və əldə etdiyi nəticələrə düzgün cinayət-hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini düzgün olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif etmişdir. Bundan başqa, təqsirləndirilən şəxslərin mübahisələndirdiyi əsas məsələlərdən biri də onların narkotik vasitəni könüllü olaraq təhvil verməsi və buna görə məsuliyyətdən azad edilməli olmaları ilə bağlıdır. CM-in 30.1-ci maddəsinə görə cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. CM-in 30.2-ci maddəsinə gpörə isə cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd olunan narkotik vasitəni Şahid9 adlı şəxsə satmağa çaılşmış, sonuncu bu barədə Astara RPŞ-yə məlumat vermiş, bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər ikisi tutulmuşdur. İşin göstərilən halları məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, onların bu əməli CM-in 30.1-ci maddəsində nəzərdə tutulmuş mənada könüllü imtina kimi qiymətləndirilə bilməz. Belə ki, könüllü imtina təqsirkarın cinayəti törətməkdən qəti və birdəfəlik və dərk olunmuş imtinanı, yəni cinayəti başa çatdırmaqdan imtinanı nəzərdə tutur. Təqsirləndirilən şəxslərin əməllərində isə belə əlamətlər müəyyən olunmamışdır. Odur ki, kollegiya müdafiə tərəfin bu dəlilləri ilə razılaşmır. Cəza məsələsinə gəlldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. CM-in 8.1, 41.2 və 58.2-ci maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, cəza təyin edilərkən məhkəmə tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların hər birinin himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, yaşayış yerindən müsbət xarakterizə olunmalarını və ilk məhkumluqlarını CM-in 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzalarını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 6 il 6 ay müddətə, Təqsirləndirilən şəxs2 isə 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onlara cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(099)- 351/2022 saylı həmin apellyasiya şikayətlərinə münasibətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. X6 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar