Məhkəmə qərarları › İş №1(106)-333/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-333/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-333/2023 10.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Reginal Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(099)-97/2023 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(099)-97/2023 nömrəli hökmü (hakimləri: X5 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) ilə xx xxxx 1975-ci ildə Sabirabad rayonu Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 10 avqust 2021-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2022-ci ilin mart ayının sonlarında yaşadığı Sabirabad rayon Azadkənd kəndində yerləşən evinin həyətində istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi 06 ədəd çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, həmin toxumlardan bitmiş, tərkibində narkotik vasitələr olan xeyli miqdarda, 06 ədəd çətənə (kannabis) bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 2022-ci ilin iyun ayının əvvəllərindən başlamaqla, həmin bitkilərin hissələrini yığıb qurutmaqla 760 qram çəkidə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib yaşadığı evin həyətində olan köməkçi tikilidə saxlamış, 10 avqust 2022-ci il tarixdə Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə ümumi təmiz çəkisi 12000,0 qram olan, yaş vəziyyətdə xeyli miqdarda – 06 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkiləri, eləcə də həyətyanı sahəsində olan köməkçi tikilidə 01 ədəd plastik qabın içərisində təmiz çəkisi 760 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(099)-97/2023 saylı hökmünün lǝğv edilib, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətləri olmadıgı üçün və təqsiri sübuta yetmədiyi üçün həmin ittihamı hökmdən xaric edib, bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi, həmçinin Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi üzrə iş üzrə agırlaşdırıcı halların olmamasını və mövcud olan yüngülləşdirici halları nəzərə alaraq ədalətli həddə azadlıgın məhdudlaşdırılması növündə cəza təyin edib məhkəmə iclas zalından dərhal həbsdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, narkotik vasitə qurudulmuş marixuananın keyfiyyəti barədə, əkilən narkotik xassəli bitkilər kimi təsiredici gücünün olubolmaması barədə məhkəmə-bioloji ekspertiza qarşısında sualların qoyulmaması və bu barədə təkrar ekspertizanın nə ibtidai istintaq nə də, məhkəmə tərəfindən təyin edilməməsi işin natamam aparılmasına və həmin halın şübhəli qalmasına gətirib çıxarmışdır ki, bu hallar da təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Qeyd edim ki, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs başqa yerdən narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlamadıgı üçün plastmas qab deyilən əşyadan aşkar edilmiş həmin bitkilərin əkdiyi çətənə bitkisi kollarının altına düşmüş saralmış yarpaqlardan və qırılmış qurumuş budaqdan toplandıgını və yerdən baxış keçirilən zaman polis əməkdaşları tərəfindən toplanıb qaba dolduruldugunu bildirdiyindən və hal şahidlərinin də məhkəmədə ifadələrindən aydın olunur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi düzgün olmamış, işin faktiki halları üzrə qeyd olunan hallar ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispoziyasında vardır və həmin maddə ilə tam əhatə olundugundan təqsirləndirilən şəxsə əlavə olaraq əkdiyi çətənə bitkilərindən yarpaqlarını, budaqlarını toplayıb, qurudub, istehlakı üçün yarım tikilidə saxlaması əməli üzrə ittiham verilməsi düzgün deyildir. Həmçinin, təqsirləndirilən şəxsin əkdiyi çətənə bitkilərindən yarpaqlarını, budaqlarını toplayıb, qurudub, istehlakı üçün yarım tikilidə saxlaması əməli sübuta yetirilməyib, həmin hallar şübhəli əsaslardan ibarətdir çünki, ittiham tərəfi həmin halın sübut olunmasından ötəri iş üzrə mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Bu halların sübutu üçün ən əsas hal axtarış, baxış istintaq hərəkətlərinin obyektivliyi təmin etmək üçün, şübhələri aradan qaldırmaq üçün həmin hərəkətlərin video çəkilişlə edilməsi olmalı idi. Videoçəkiliş zamanı həmin plastmas qabın haradan, hansı vəziyyətdə aşkar olunması, hal şahidlərinin həmin yerdə iştirak edib-etməməsi, şübhəli şəxsin həmin aşkar olunmuş kütlə barədə sorgu-sualı kamera önündə sübut olunmalı idi. Bunu etmək çox asan oldugu halda, polis əməkdaşları həmin hərəkətləri video çəkilişlə qəsdən etməyərək iş üzrə şübhəli fikirlərin ortaya çıxmasına şərait yaratmışlar. Həmçinin məhkum Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman polis əməkdaşları tərəfindən qanunvericiyilin normalarının tələbləri kobud şəkildə pozulmuş, həmin yaşayış sahəsinin mülkiyyətçisi təqsirləndirilən şəxsin anası olduğu halda, baxış keçirilməsinə dair razılıq anasından deyil, Təqsirləndirilən şəxs alınmışdır. Bundan başqa, hal şahidlərinin də iş üzrə xüsusən məhkəmədə ziddiyyətli ifadələri, baxış zamanı evdə olan ailə üzvlərinin, qonşuların iştirakının təmin olunmaması, iş üzrə qalan şahidin ittiham tərəfinin tabeçiliyində olan maraqlı ola bilən polis əməkdaşı olması bu şübhələrin əsaslı şübhələr belə olmasını aradan qaldırır və ittihamı sübut etmək vəzifəsi də müdafiə tərəfinin deyil, ittiham tərəfinin üzərinə düşür və eləcə də, qanunvericiliyə görə şübhəli məqamlar şübhə əsaslı olsa belə təqsirləndirilən şəxsin xeyrinə təfsir olunur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunduğunu, ona törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti, nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərnə uyğun çıxış etdi və şikayətin təmin olunmasını, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətləri olmadıgı üçün həmin ittihamı hökmdən xaric edib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəza təyin olunmasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs çıxış edərək bildirdi ki, ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilmir və "həyətyanı sahəsində 01 ədəd plastik qabın içərisində aşkar edilmiş qurudulmuş marixuana əkdiyi çətənə kollarının yararsız hissələri olmuşdur. Həmin hissələri qurutmamış, sadəcə kolların saralmış yarpaqları olmuş və onları siqaret kimi çəkdiyi üçün, yəni istifadə etdiyinə görə atmamış, saxlamışdır. Bundan əlavə baxış keçirilən zaman polis əməkdaşları əkdiyi çətənə kollarından yarpaqlar yıgaraq həmin plastik qabın içinə yıgıb qurudulmuş marixuana kimi rəsmiləşdirmişlər. Gösətilənlərə əsasən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, əməlində CM-in Azərbaycan Respublikası 234.1-1-ci maddəsinin tərkibi olmadığından həmin həmin ittihamın hökmdən xaric olunmasını və ona CM-in 237.1-ci maddəsi ilə isə daha yüngül cəza təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CPM-in) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində və müdafiə tərəfinin çıxışlarında məhkum olunmuş şəxsə ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair məsələlər mübahisələndirildiyindən ilk növbədə məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, məhkum olunmuş şəxsə bəraət verilməsi və ya əməlinin tövsif üçün əsasların olub-olmamasına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023cü il tarixli hökmü isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid2, Şahid3, Şahid4 İbrahim oğlunun tədqiq edilmiş ifadələri, həmçinin iş materiallarından olan "baxış keçirilməsi" haqqında 10 avqust 2022-ci il tarixli protokol və istintaq hərəkətinin protokoluna əlavə olunmuş fotoşəkillər, 10 avqust 2022-ci il tarixli mütəxəssis rəyi, məhkəmə bioloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 18/853 nömrəli rəyi, işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan sübutlar məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs istinad olunan əməllərin törədilməsində aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin və apellyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarının məhkum olunmuş şəxsə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair əsassız ittiham irəli sürülməsi, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman polis əməkdaşları tərəfindən qanunvericiyilin normalarının pozulması, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Azadkənd kəndində yaşadığı evə baxış keçirilən zaman videoçəklişdən istifadə edilməməsi, iş üzrə hal şahidi Şahid4 İbrahim oğlunun aşkar olunmuş 06 ədəd çətənə (kannabis) bitkisi və təmiz çəkisi 760 qram narkotik vasitə qurudulmuş marixuananın qablaşdırlması zamanı iştirak etməməsi, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində olan köməkçi tikilidə 01 ədəd plastik qabın içərisində təmiz çəkisi 760 qram olan narkotik vasitə marixuananın polis əməkdaşları tərəfindən toplanaraq həmin qaba yığılması və yaş vəziyyətdə olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər aşağıda qeyd olunan sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqında verdiyi ifadələrlə təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətinin təmin olunaraq məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi və ya həmin hissənin ittihamdan xaric edilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz.

1. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman polis əməkdaşları tərəfindən qanunvericiliyin normalarının pozulması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti; İş materiallarında olan Sabirabad RPŞ-nin Qaragüney PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Sabirabad RPŞ-nin Qaragüney PB-nin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə Sabirabad RPŞ-in Qaragüney PB-nə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Sabirabad rayonu Azadkənd kəndində yaşayan X4 narkotik vasitələrin istifadəsi və satmasını ifşa etmək məqsədi ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə icazə verilməsi xahiş etmişdir. İş mareiallarında olan Sabirabad RPŞ-nin Qaragüney PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.2022-ci il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərarı ilə Sabirabad rayonu Azadkənd kəndində yaşayan X4 narkotik vasitələrin qəbulu və satışı ilə əlaqədar cinayət əməllərini ifşa etmək məqsədilə onun yaşadığı evə və evin həyətyanı sahəsinə təxirəsalınmaz əməliyyat axtarış baxışı keçirilməsi, qəbul edilmiş qərarın surəti 48 saat müddətində nəzarət qaydasında rayon Məhkəməsi və prosessual rəhbərliyi həyata keçirən Prokurora göndərilməsi, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə 24 saat müddətində nəzarət qaydasında rayon Məhkəməsinə və prosessual rəhbərliyi həyata keçirən Prokuroruna məlumat verilməsi barədə nəticəyə gəlinmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şifahi ərizə haqqında protokol və Təqsirləndirilən şəxs tərəfindən Sabirabad RPŞ-nin baş müstəntiqi, polis mayoru Mirzahid Abasova ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı Sabirabad rayonu, Azadakənd kəndindəki evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmişdir. “AZEMİS” informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatdadır və həbs olunana qədər həmin ünvanda yaşamışdır. Azərbaycan Respublikası CPM-in 177.1-ci maddəsinə əsasən Cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər, onun iştirakçılarının bu hərəkətin başlanmasını gözləmələri və onun aparıldığı yeri tərk etməmələri üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən istintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. Həmin Məcəllənin 177.3.1-ci maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Həmin Məcəllənin 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman prosessual pozuntuya yol verilməmiş, Təqsirləndirilən şəxs həmin ünvanda yaşamaqla sahiblik hüququna malik olmuş və onun razılığı ilə aparılmış istintaq hərəkətləri Azərbaycan Respublikası CPM-in 177-ci maddəsinin tələblərinə əməl ediməklə həyata keçirilmişdir.

2. Təqsirləndirilən şəxs Sabirabad rayonu, Azadkənd kəndində yaşadığı evə baxış keçirilən zaman videoçəklişdən istifadə edilməməsi və aşkar olunmuş 06 ədəd çətənə (kannabis) bitkilərinin və təmiz çəkisi 760 qram narkotik vasitə qurudulmuş marixuananın qablaşdırlması zamanı hal şahidi Şahid4 İbrahim oğlunun orada iştirak etməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti; Azərbaycan Respublikası CPM-in 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Həmin Məcəllənin 236.4 və 236.5-ci maddələrinə əsasən müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. Qanunun tələbindən də görünür ki, hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə edilməsi məcburidir. İş materiallarında olan baxış keçirlməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Sabirabad rayon Polis Şöbəsinin müstəntiqi Mirzahid Abasov tərəfindən aparılmış istintaq hərəkəti zamanı iki hal şahidinin iştiriakı təmin edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, aparılmış istintaq hərəkəti zamanı iş üzrə hal şahidləri Şahid4 İbrahim oğlu və Şahid3 digər şəxslərlə birlikdə baxış keçirilən yerlərdə iştirak etmişlər. Həmçinin, iş materiallarında olan “baxış keçirilməsi” haqqında 10 avqust 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin protokoluna əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətdəki tikililərə baxış keçirilən zaman, həyətyanı sahədə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi xeyli miqdarda - 06 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və 01 ədəd plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunub götürülmüşdür. Tərtib olunumuş protokol aparılmış istintaq hərəkəti yekunlaşdıqdan sonra proses iştirakçıları və hal şahidləri tərəfindən imzalanmışdır. Şahid4 İbrahim oğlu birinci instansiyası məhkəməsi zamanı aşkar olunmuş bitkilərin və qabda olan bitki hissələrinin qablaşdırılmasında iştirak etmədiyini qeyd etsə də, ibtidai araşdırma zamanı 02 oktyabr 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 10 avqust 2022-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları onu küçədə görüb Sabirabad rayon Azadkənd kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmiş, onun da hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmiş, ondan başqa polis əməkdaşları bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişlər. Bundan sonra polislərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və ev sahibini çağırmışlar. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmış, bundan sonra onun digər hal şahidinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilmiş, oradan 06 ədəd çətənə bitkiləri və həyətyanı sahəsində olan köməkçi tikilidə 01 ədəd plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermiş, aşkar edilmiş 06 ədəd çətənə bitkiləri və 01 ədəd plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, götürülmüş, Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərini özü istifadəsi üçün əkdiyini etiraf etmişdir. Məhkəmə göstərilənlərə əsasən Şahid4 İbrahim oğlunun ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə mötəbər sübut kimi qiymətləndirir və buna görə də apellyasiya şikayətinin bu dəlillərini də əsaslı hesab etmir.

3. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində olan köməkçi tikilidə 01 ədəd plastik qabın içərisində təmiz çəkisi 760 qram olan narkotik vasitə marixuananın polis əməkdaşları tərəfindən toplanaraq həmin qaba yığılması və yaş vəziyyətdə olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti; İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o, təxminən 2-3 il əvvəl yaşadığı kənd ərazisində siqaret qutusunda içərisində 06 ədəd narkotik tərkibli marixuananın toxumlarını tapmış və toxumların çətənə bitkisinə aid olduğunu bilmiş və həmin toxumları saxlayaraq 2022-ci ilin mart ayının sonlarında həyətyanı sahəsində 06 ədəd marixuananın toxumlarını əkib onlara gündəlik qulluq etmişdir. 10 avqust 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəlib iki hal şahidi və aqronomun iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində 06 ədəd çətənə bitkisi aşkar edilib qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan başqa, yaşadığı evin həyətyanı sahəsində olan əl damından da plastik qabda qurudulmuş marixuana aşkar edilmiş və götürülmüşdür. Bundan əlavə, birinci instnasiya məhkəməsində keçirilmiş məhkəmə istintaqı zamanı şahid qismində Şahid2 və Şahid3, ibtidai istintaq zamanı isə Şahid4 İbrahim oğlu ifadələrində, Təqsirləndirilən şəxs yaşadığı evin əl damında 01 ədəd plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunmasını bildirmişlər. Həmçinin, məhkəmə bioloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 18/853 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs.. həyətyanı sahəsinə baxış...” sözləri və imzalar olan 02 ədəd sintetik torbadakı cəmi 06 ədəd, nəm vəziyyətdə ümumi təmiz çəkisi- 12000,0 qram olan bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir və 01 ədəd polietilen torbada olan təmiz çəkisi-760,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aqronomun rəyinə əsasən təqdim olunmuş şitillərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim edilmiş 06 ədəd çətənə bikiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarına əsasən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir. Başqa sözlə, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlilləri əsassızdır, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun Azərbaycan Respublikası CM-in 237.1 və 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlləri birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələri ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müabhisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini nəzərə alaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-ci maddəsinə əsasən, ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədəuyğun saymışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək məhkum olunmuş şəxsə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi və ya həmin hissənin ittihamdan xaric edilməsi və yaxud hökmün dəyişdirilərək məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın azaldılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(099)-97/2023 nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar