Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-342/2024 14.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X7, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, onun vəkili Mübariz Yolçuyevin, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun vəkili Qədir Qədirovun iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(099)-93/2024 saylı hökmündən məhkum edilmiş şəxslər X9 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(099)-93/2024 saylı hökmü ilə (sədrlik edən hakim Cavid Səfərli) xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumğulu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 inzibati binasında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam şəhəri, Vidadi küçəsi, ev 8-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsi, ev 12-də yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs1 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 Nərimanov Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmaqla 9 (doqquz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum edilmişlər ona görə ki, onlar külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair “Sultan” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məlumatı olmadan satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamış olduğu şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 1,322 qram olan narkotik vasitə heroini özü ilə götürüb daşımış, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, daşıyaraq Cəlilabad rayonu, Uzuntəpə kəndində qəbiristanlıq ərazisində gizlədilmiş 1 ədəd bağlamanın içərisində 2 ədəd bükümdə ümumi təmiz çəkisi 2960,0 qram narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 5120,0 qram narkotik vasitə olan külli miqdarda heroini, 19 ədəd bükümdə ümumi təmiz çəkisi 3910,0 qram narkotik vasitə olan külli miqdarda həşiş qətranını və 25 ədəd konvalyutda 250 ədəd ümumi miqdarı 10 qram narkotik vasitə olan külli miqdarda metadon həblərini götürmək məqsədi ilə 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəldikdən sonra aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 avtomobildə qalmış, Təqsirləndirilən şəxs1 isə avtomobildən düşərək narkotik vasitələri qəbiristanlıq ərazisində gizlədilən yerdən əldə edib, özündə saxlamaqla daşıyarkən, 17 mart 2023-cü il tarixdə, saat 02 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri qanunsuz olaraq əldə edib avtomobilə yaxınlaşan zaman saxlanılmış, sonuncunun polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanıldığını gördükdən sonra Təqsirləndirilən şəxs2 avtomobili yüksək sürətlə Bakı şəhəri istiqamətində hərəkət etdirərək polis əməkdaşlarından yayınmağa çalışmış, Təqsirləndirilən şəxs1 isə Cəlilabad rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əlində olan qara rəngli bağlamanın içərisində həmin narkotik vasitələrdən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1410,0 qram və 1550,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2030,0 qram, 2050,0 qram və 1040,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 19 ədəd açıq formada listlərdə (külçə şəklində) ayrı-ayrılıqda təmiz çəkiləri 210,0 qram, 210,0 qram, 205,0 qram, 200,0 qram, 220,0 qram, 205,0 qram, 200,0 qram, 200,0 qram, 200,0 qram, 200,0 qram, 210,0 qram, 210,0 qram, 210,0 qram, 200,0 qram, 210,0 qram, 210,0 qram, 200,0 qram, 205,0 qram, 205,0 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə həşiş qətranı və 25 ədəd konvalyutda 1 həbin təsiredici maddəsi 0,04 qram olmaqla ümumi sayı 250 ədəd olan qəhvəyi rəngli dairəvi formalı külli mqidarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi avtomobil ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən dumanlı hava şəraiti olduğundan idarəetməni itirərək Salyan rayonu ərazisində avtomobili aşırmış, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat müşahidəsi nəticəsində 17 mart 2023-cü il tarixdə, saat 06 radələrində Salyan rayonu ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilib onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda 1,322 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA Ş İKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində göstərmişdir ki, onun barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(099)-93/2024 saylı hökmü ilə razılaşmır. Belə ki, məhkəmə işi kifayət qədər araşdırmadı. Saxlanılan zaman onun üzərində qadağan olunan əşya və ya vasitə olmamışdır. Özü 2016-cı il tarixli Qarabağ müharibəsi iştirakçısıdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(099)-93/2024 saylı hökmünün dəyişdirilməsini, onun əməlinə düzgün hüquqi qiymət verilməklə daha az və yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərmişdir ki, xx.xx.2023-cü il tarixədək Bakıda taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini çətinliklə dolandırmışdır. Həmin tarixdə Oktay Quliyev ona zəng edərək Cəlilabad rayonuna aparmasını xahiş etmişdir. Oktay ona demişdir ki, Cəlilabadda bir tanışı ilə görüşəcəkdir. Oktay ona yol xərci olaraq maşınına 30 manqatlıq benzin tökəcəyini və özünə də 50 manat verəcəyini bildirmişdir. O razılaşaraq onun təklifini qəbul etmişdir. X10 telefonuna bir neçə dəfə zəng gəlmiş, o kiminləsə danışmışdır. O Oktayın kiminlə danışmasını bilməmişdir. Çünki Oktay arxa oturacaqda oturduğundan və yalnız özünün eşidə biləcəyi tembrdə danışdığından o onun kiminlə və nə barədə dnışdığını başa düşməmişdir. Onlar Cəlilabad rayonu Uzuntəpə kəndinin yanındakı qəbirsanlığa çatarkən Oktay maşını saxlatdırmışdır. O maşından düşərək, yaxınlıqda tanışı ilə görüşəcəyini bildirərək maşından aralanmışdır. Üstündən 5 dəqiqə keçdikdən sonra mülki geyimli bir şəxs maşına yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmiş, Siz bura narkotik vasitə götürməyə gəlmisininz demişdir. O isə baş verənlərdən xəbərsiz olduğundan qorxaraq maşınının qapılarını və şüşələrini bağlayaraq maşınını sürərək həmin yerdən uzaqlaşmışdır. Onu təqib edən Niva markalı maşın Salyan postunu keçdikdən sonra o məcburən maşını saxlamış, onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Orada ona işgəncələr verərək üzərinə narkotik vasitə qoymuşlar. Maşınından heç bir narkotik vasitə çıxmamışdır. O qorxduğundan onların tələbini yerinə yetirmişdir. Məhkəmə baxışı zamanı onun təqsirsizliyini təstiq edəcək vəsatətləri təmin edilməmişdir. Ədalətli araşdırma apararaq ona bəraət verilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin tövsifinin və ona təyin edilmiş cəzanın işin hallarına uyğun olduğunu, onlara maddənin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edildiyini göstərərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Mübariz Yolçuyev çıxışında Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə töfsüv edilməsini, ona həmin maddə ilə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçi Qədir Qədirov apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş əməllərinin tövsifinin həmin maddələrdən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrinə, Təqsirləndirilən şəxs2 istintaq orqanının tərəfindən CM-in 32.5, 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş əməllərinin tövsifini həmin maddələrdən CM-in 234.1, 234.4.1 və 234.4.3cü maddələrinə dəyişdirməsi düzgün olmuşdur. Onların qeyd edilən cinayətləri törətməsi Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı, X2 isə istintaq zamanı verdiyi ifadələri ilə, şahidlər Şahid7, Şahid6, Şahid8 və Şahid2 ifadələri ilə və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində gösətmişdir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 2023-cü ilin mart ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində təsadüfən İran İslam Respublikası vətəndaşı Sultan adlı şəxslə tanış olmuşdur. O, bir neçə gün danışdıqdan sonra birbirilərinə mobil nömrələrini verərək “Whatsapp” sistemi vasitəsilə əlaqə saxlamağa başlamışdır. O, söhbət əsnasında narkotik vasitə istifadəçisi olduğunu və ona narkotik vasitə lazım olduğunu bildirdikdə Sultan, ona bu barədə kömək edə biləcəyini bildirdi və Sultandan 5-10 qram narkotik vasitə götürmək barədə razılaşmışdır. Onlar biraz danışdıqdan sonra 16 mart 2023-cü il tarixdə, səhər saatlarında Sultan ona Cəlilabad şəhərinin girişinə onun özü üçün narkotik vasitə qoyulacağını bildirdi. 16 mart 2023-cü il tarixdə, axşam saat 20 radələrində o, fərdi qaydada sərnişin daşıma fəaliyyəti ilə məşğul olan, əvvəlcədən tanıdığı taksi sürücüsü Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsi ilə zəng vuraraq, Cəlilabad rayonuna getmək lazım olduğunu bildirmişdir. Həmçinin idarə etdiyi avtomobilinin yanacağını vuracağını, əlavə olaraq ona 50 manat da pul verəcəyini bildirdikdə, Marif onunla razılaşdı. Təxminən 1-2 saat sonra Marif onun yaşadığı evə gələrək onu götürmüş və sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Cəlilabad rayonu istiqamətində yola düşmüşlər. O, Maarifə narkotik vasitə götürmək üçün Cəlilabada gəldiyini deməmişdir, sadəcə bir tanışı ilə görüşməli olduğunu demiş, yol boyu da Sultan ilə telefon danışıqlarını Maarif eşitməmiş, belə ki, o maşında arxa oturacaqda əyləşmiş və telefonla danışanda Maarif onu eşitməmişdir. Onlar Cəlilabad rayonuna çatmaqlarına az qalmış Sultan ona zəng vuraraq narkotik vasitənin Cəlilabad şəhərinin girişində yerləşən, Uzuntəpə kəndinin ərazisində olan qəbristanlıqda daşın altında olduğunu demişdir. Artıq, 17 mart 2023-cü il tarixdə, saat 02 radələrində Sultanın dediyi yerə çatmışlar. Marif avtomobili saxlayıb avtomobildə qalmış, o isə avtomobildən düşmüşdür. Lakin, narkotik vasitəni götürməmiş mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin vaxt Marif avtomobili sürərək oradan uzaqlaşmışdır. Ona yaxınlaşan şəxslər özlərini təqdim edib polis əməkdaşı olduğunu bildirmişlər. Bir neçə polis əməkdaşı isə Marifin arxasınca hərəkət etmişdir. Polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis şöbəsinə aparmışlar. O, əvvəlcə etiraz etmiş, daha sonra onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində bir bağlamanı göstərib onu içərisində narkotik vasitə olduğunu və ona məxsus olduğunu demişlər, halbuki o narkotik vasitə götürməmişdir. O etiraz etmiş, polis əməkdaşları onu döyəyərək, təzyiqlər etmişlər, o da məcbur qalıb etiraf edici ifadə verərək sənədlərə imza etmişdir. Heç bir günahı yoxdur. Bərəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün birinci instansiya məhkəməsinin iustintaqı zamanı onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, İran vətəndaşı Sultanla əlaqə saxlayarkən ona söhbət əsnasında narkotik vasitə istifadəçisi olduğunu, həmçinin maddi problemlərinin olduğunu bildirdikdə sonuncu, ona bu barədə kömək edə biləcəyini bildirmişdir. Sonra 16 mart 2023-cü il tarixdə, səhər saatlarında Sultan ona Cəlilabad şəhərinin girişinə narkotik vasitə qoyulacağını, onun dediyi narkotik vasitəni olduğu yerdən götürüb dediyi yerə yerləşdirdikdən sonra ona 500 AZN pul veriləcəyini bildirmişdir. Həmçinin Sultan ona əgər nəğd pul istəməzsə, onun əvəzində götürdüyü narkotik vasitədən ona 500 qram narkotik vasitə verəcəyini qeyd etmişdir. Bundan sonra o, tanıdığı taksi sürücüsü Maarif Quliyevə zəng vuraraq, Cəlilabad rayonuna getmək lazım olduğunu bildirmişdir. Həmçinin idarə etdiyi avtomobilinin yanacağını vuracağını, əlavə olaraq ona 50 manat da pul verəcəyini bildirdikdə, Maarif onunla razılaşmışdır. Təxminən 1- 2 saat sonra Marif onun yaşadığı evə gələrək onu götürmüş və sonuncunun idarə etdiyi "Toyota Corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Cəlilabad rayonu istiqamətində yola düşmüşlər. Onlar yolda olarkən Sultan adlı şəxs ona bir neçə dəfə zəng vurmuşdur. O, Sultanla danışdıqda Maarif Quliyev onun narkotik vasitə üçün Cəlilabad rayonuna gəldiyini bilmişdir. Maarif ona bir söz deməmişdir. Marif həmçinin onun İran vətəndaşı ilə əlaqə saxlamağını da öyrənmişdir. O, Maarifin narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün götürəcəkləri narkotik vasitədən ona da verəcəyini bildirdikdə, Maarif birlikdə narkotik vasitəni götürməklərinə razı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iustintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək Cəlilabada tanışı ilə görüşmək üçün getməli olduğunu, onu aparmağı müqabilində ona 30 manat benzin pulu, 50 manat da əlavə pul verəcəyini bildirmiş, o, də razılaşmışdır. Cəlilabada gedən zaman Oqtay yolda telefon ilə danışmış, lakin kim ilə danışdığını bilməmiş, nə danışdığını da eşitməmişdir, çünki Oqtay arxa oturacaqda oturmuş və sakit danışmışdır. O, Oqtayın İranlı ilə narkotik vasitə barədə danışdığını, Cəlilabada narkotik vasitə götürmək üçün getdiyini bilməmişdir. Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisindəki kənd qəbristanlığının yanında Oqtay maşını saxlatdırmış, avtomobildən düşdüş. Təxminən 5 dəqiqə sonra mülki geyimli bir şəxs avtomobilə yaxınlaşmış, vəsiqə göstərmiş və qapını açmağını bildirmişdir. O, həmin şəxsin polis olduğunu bilməmiş və qorxduğum üçün maşının qapısını açmamış, maşını sürərək oradan uzaqlaşmışdır. Niva markalı maşın onu təqib etməyə başlamış, Salyan postunu keçdikdən sonra polislər onu saxlamışlar və Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Üzərində narkotik vasitə olmamış, polislər onu döyərək üzərinə narkotik vasitə qoymuşlar. Heç bir günahı yoxdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs Maarif Quliyevin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün birinci instansiya məhkəməsinin iustintaqı zamanı onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 15 mart 2023-cü il tarixdəBakı şəhərində "Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində 1 bükümdə şəxsi istifadəsi üçün narkotik maddə heroin almış, real şərait olmadığı üçün heroini qəbul edə bilməmiş və cibində saxlamışdır. 16 mart 2023-cü i1 tarixdə, axşam saat 20 radələrində Təqsirləndirilən şəxs1 onun nömrəsinə zəng vuraraq, Cəlilabad rayonuna getmək lazım olduğunu bildirmişdir. Həmçinin idarə etdiyi avtomobilin yanacağını vuracağını, əlavə olaraq ona 50 manat da pul verəcəyini qeyd etmişdir. Yolda olarkən Oqtayın mobil telefonuna bir neçə dəfə zəng gəlmişdir. Oqtay həmin şəxslə danışarkən onun narkotik vasitə üçün Cəlilabad rayonuna getdiyini başa düşmüşdür. Həmçinin onun danışdığı şəxsin İran vətəndaşı olmasını hiss eləmişdir. Həmin ərəfədə Oqtay birlikdə narkotik vasitəni götürməklərini təklif etmiş və götürəcəkləri narkotik vasitədən ona da verəcəyini bildirmişdir. O, bundan sonra Oqtayla birlikdə narkotik vasitəni götürməklərinə razılıq vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı vermiş olduqları ifadələrinə üstünlük verməsi düzgün olmuşdur. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətiundə onun işinin ədalətli araşdırılmasını, Təqsirləndirilən şəxs2 isə ona bəraət verilməsini xahiş etmişdir. Beləliklə şikayət müəllifləri məhkəmə istintaqı zamanı verdikləri ifadələrə uyğun qərar qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələri əsas götürməklə qərar qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, işin digər sübutları onların məhkəmədə verdikləri ifadələrlə deyil, istintaq zamanı vermiş olduqları ifadələri ilə üst-üstə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək düzgün olaraq Şahid6 və Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab etmişdir. Bundan əlavə təqsirləndirilən şəxs X2 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən döyülərək üzərinə narkotik vasitə qoyulması barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İşdən görünür ki, X4 polis əməkdaşları tərəfindən döyülmüş olması barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(099)-93/2024 saylı hökmü qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi də işin hallarına, əməlin xarakterinə və ictima təhlükəliliyinə, onların şəxsiyyətinə, onlardan aşkar edilmiş narkotik vasitələrin növünə və miqdarına uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(099)-93/2024 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanı onlara birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddində çəkmələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinin əldə edilməsinin mümkün olacağını hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxslərin izahatını, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin olunmaması barədə rəyini, müdafiəçilərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(099)-93/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(099)-93/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və X4 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-342/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-342/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver