Məhkəmə qərarları › İş №1(106)-343/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-343/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-343/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – X7 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Füzuli Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 1(064)-9/2025 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 1(064)-9/2025 nömrəli hökmü (hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi) ilə 28 avqust 1976-cı il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, onun barəsində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbs edilməsinin əvvəlinin hesablandığı 10 iyul 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 12,30 qram, yəni xeyli miqdar təşkil edən, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, Füzuli rayonu, Əhmədalılar kəndində yaşadığı evə daşımış, cəmi iyirmi ədəd bükümlərə bölmüş, onların ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,46 qram, 0,49 qram, 0,51 qram, 0,52 qram, 0,52 qram, 0,54 qram, 0,54 qram, 0,58 qram, 0,58 qram, 0,61 qram, 0,62 qram, 0,63 qram, 0,65 qram, 0,66 qram, 0,75 qram, 0,76 qram və 0,85 qram təşkil edən cəmi on səkkiz ədəd bükümlərdəki hissələrini Füzuli rayonu, Əhmədalılar kəndində yaşadığı evin həyətyanı sahəsindəki tikilidə şüşə bankanın içərisində saxlamış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram və 1,24 qram təşkil edən qalan hissələrini isə əynindəki şalvarın sağ yan cibindəki siqaret qutusu və əlindəki rezin borunun içərisində saxlamış, 10 iyul 2024-cü il tarixdə Füzuli şəhəri ərazisinə daşımışdır. Göstərilən kütlələr Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə saat 18:15-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Füzuli şəhəri ərazisində saxlanılıb şübhəli şəxs qismində tutulmasından sonra üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsindəki tikiliyə baxış keçirilərkən saxladığı göstərilmiş yerlərdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs təqsirləndirilib məhkum edilməsinə dair Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci i tarixli hökmünün dəyişdirilərək, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanun əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 139.0. və 139.0.1-ci maddələrinin göstərişində bildirilir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş hallara görə məhkəmənin bu qənaəti reallığı əks etdirməməklə yanaşı işin faktiki hallarına uyğun deyildir, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədilə əldə etməsi ilə bağlı yekun nəticəyə gəlməsini ittiham tərəfinin fərziyyə və ehtimallarına əsaslanmışdır. Belə ki, CPM-in 144-cü maddəsinin göstərişinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı dəfələrlə və israrla bildirmişdir ki, həmin bükümləri öz şəxsi istifadəsi üçün saxlamışdır. O narkotik vasitəni hadisədən 1 ay əvvəl Zəngilan rayonu ərazisində “ÜMİD tikinti şirkətində işləyərkən Cahangirbəyli kəndində meşədə təsadüfən yabanı halda bitmiş marixuana bitkisinin bir ədəd başlıq hissəsini qırıb Əhmədallar kəndi ərazisinə gətirib gizlətmiş, polislər tərəfindən saxlanılmazdan 1 həftə əvvəl həmin bitki kütləsini evinə gətirib ayrı-ayrı kağız bükümlərə yığıb şüşə bankada saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi yerlə bağlı verdiyi ifadəsi ilə əlaqədar ifadənin yerində yoxlanılması üçün işin istintaq orqanına qaytarılması, bundan başqa məhkəmə baxışında isə əraziyə məhkəmə tərəfindən baxışın keçirilməsinin vacib əhəmiyyət kəsb etməsi, eyni zamanda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın düzgün həlli məqsədilə tərəfimdən məhkəməyə verilmiş vəsatətlər təəssüf ki, təmin edilməmişdir. Təəssüf ki, bu həqiqətləri aşkara çıxarmaq üçün birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamış və düzgün olmayan nəticəyə gələrək, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə bağlı az ağır cinayətin törətməsinə dair ittiham hökmü çıxarmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş polis əməkdaşları fərqli və ziddiyyətli ifadələr vermişlər. Məhkəmədə ilkin dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə günü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatı ona daxil olmuş və bundan sonra polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmışdır. Lakin digər polis əməkdaşı, əməliyyat müvvəkli Şahid1 xx.xx.2024-cü il tarixli keçirilən məhkəmə prosesində bildirmişdir ki, Nəva Səfiyev barəsində əməliyyat məlumatı ona daxil olmuş və bundan sonra əməliyyat qrupu yaradılmışdır. Şahid qismində dindirlmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin həm istifadəçisi, həm də satışı ilə məşğul olan şəxs kim onlarda məlumat olduqlarını bildirsələr də, narkotik vasitənin satışı ilə bağlı hər hansı sübutlar təqdim edə bilməmişlər. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə heç bir fakt və yaxud sübut müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon polis şöbəsinin rəsmi sənədində də qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satmasına dair hər hansı məlumatlar əldə edilməmişdir. Təəssüf ki, rəsmi sənədlərə və işin bu halına düzgün hüquqi qiymət verməyən birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassız olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs mobil telefonuna keçirilən baxış protokolunda onun narkotiklə bağlı heç bir şübhəli əlaqələri, SMS və yaxu WhatsApp yazışmaları və sair aşkar edilməmişdir. Çox təəssüf ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanın gəldiyi nəticəni əsas götürməklə törədilmiş əmələ düzgün hüquqi qiymət verməmiş müdafiə etdiyim şəxsin əməlini narkotik vasitənin satışı ilə bağlı ittiham hökmü çıxarmışdır. Ali Məhkəmənin xx.xx.2011-ci il və xx.xx.2014-cü il tarixli Plenum qərarlarında məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyəti müəyyən edilərkən başqa sübutlar və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razlığın əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Plenumun gəldiyi nəticəyə əsaslanaraq narkotik vasitənin satışı ilə bağlı alıcı qismində digər hər hansı şəxsin olmadığı, həmin bükümlərdən digər ünvanlara daşınmadığı və yaxud atılmadığı, hər hansı gəlirin və yaxud gəlir barədə razlığın əldə edilmədiyi, həmçinin iş üzrə əhəmiyyət kəsb edən mobil telefon əlaqələri, SMS və yazışmalar barədə iş materiallarında heç bir subut mövcud deyildir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar üzrə, yəni marixuana növlü yabanı bitkinin haradan, hansı şəraitdə əldə etdiyi istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi əraziyə baxış və yaxud “İfadələrin yerində yoxlanılması” istintaq hərəkətləri keçirilməmişdir. Belə qənaətə gəlmək olur ki, istintaq tam, hərtərəfli, obyektiv aparılmamış, bu səbədən əməlin tövsifində yanlışlığa (səhvə) yol verlmişdir. Əgər ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqin tapardısa ona AR CM-nin 234.2-ci maddəsilə ittiham verilməsi üçin əsaslar olmayacaqdır. Buna görə də istintaq orqanı əraziyə baxış keçirilməsinə təşəbbüs göstərməmişdir. Qeyd edilən məsələyə məhkəmə baxışı zamanı məhkəmə hüquqi mövqe bildirməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi üçün əsaslar olmadığını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınmaqla ona ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən əsassız olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verildiyini, birinci instansiya məhkəməsi isə formal əsaslarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsiri bilib məhkum etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını, Füzuli Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmünün dəyişdirilməklə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu və apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edibetməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxsin qismən etirafedici ifadəsi, şahidlər Şahid1, Şahid2 Mirzalı oğlu, Şahid3, Şahid4 ifadələri, 10 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olması barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və yaşadığı evin həyətindəki tikiliyə baxış keçirilməsi barədə olan protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-bioloji ekspertizasının 11 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/655 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2024cü il tarixli, 5442 nömrəli rəyi və maddi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, onun satiş niyyətinin olmaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər cinayət işinin materiallarında olan və birinci instansiya məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və DVD diskdə olan videogörüntülərlə təkzib olunur. Belə ki, iş materiallarında olan: 10 iyul 2024-cü il tarixli “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması” haqqında protokol və həmin protokola videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı X5 üzərində olan şalvarın sağ yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunun içindən 01 ədəd bükümdə və əlində olan rezin borunun içindən bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 2,6 qram olmuşdur. Vidoçəkiliş aparılarkən videokamerada nasazlıq yarandığına görə şəxsi axtarışın ilk iki dəqiqə 45 saniyəsi qeydiyyata alına bilməmiş, bu barədə şəxsi axtarışda iştirak edən şəxslər məlumatlandırılmış, X5 üzərindən aşkar edilmiş 2 ədəd büküm elektron tərəzidə çəkilən andan videoçəkiliş digər videomakera vasitəsilə qeydə alınmışdır. Şəxsi axtarış keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs Füzuli RPŞ-nin rəisi Zaur Abbasova ünvanladığı 10 iyul 2024cü il tarixli ərizədən görünür ki, ona məxsus Füzuli rayonu, Əhmədalılar kəndində olan evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. 10 iyul 2024-cü il tarixli “baxış və götürülməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, 10 iyul 2024-cü il tarixdə X5 yaşadığı Füzuli rayonu Əhmədalılar kəndində yerləşən evin həyətyanı sahəsindəki tikiliyə baxış keçirilən zaman oradan şüşə bankanın içərisində 18 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 10,8 qram olmuşdur. Baxış və götürmə keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 11 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/655 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram və 1,24 qram, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı həyətdə ...” sözləri yazılmış zərfdəki on səkkiz ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,46 qram, 0,49 qram, 0,51 qram, 0,52 qram, 0,52 qram, 0,54 qram, 0,54 qram, 0,58 qram, 0,58 qram, 0,61 qram, 0,62 qram, 0,63 qram, 0,65 qram, 0,66 qram, 0,75 qram, 0,76 qram və 0,85 qram olmaqla, ümumi təmiz çəkisi 12,30 qram təşkil edən bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Ekspert tədqiqatından sonra qurudulmuş marixuananın ümumi qalığı 10,30 qram təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2024-cü il tarixli, 5442 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar edilmiş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər bir-iki gündənbir bir ədəd kiçik bükümdə qurudulmuş marixuanadan istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, iş üzrə tutulmamışdan təxminən bir ay əvvəl Zəngilan rayonu ərazisində aparılan tikinti işlərində Şahid6 (bundan sonra - Mübariz) ilə işləyərkən sonuncu ilə birlikdə yeyib-içmək üçün Zəngilan rayonu, Cahangirbəyli kəndində yerləşən bulağa getmiş, həmin vaxt orada meşə ərazisində yabanı halda bitmiş çətənə bitkilərindən bir ədədinin nəm halda olan başlıq hissəsini gələcəkdə şəxsi istifadəsinə hazırlamaq məqsədilə qırmış, üzərində yaşadığı Füzuli rayonu, Əhmədalılar kəndi ərazisinə gətirib sahibsiz yerdə gizlətmişdir. Mübariz onun bu hərəkətlərini görməmiş, o, da bu hərəkətləri barədə Mübarizə məlumat verməmişdir. 01 iyul 2024-cü il tarixdə həmin kütləni gizlətdiyi yerdən götürüb Füzuli rayonu, Əhmədalılar kəndində yaşadığı evin (bundan sonra – yaşadığı ev) yerləşdiyi həyətdəki tikiliyə gətirmiş, orada qurudub şəxsi istifadəsinə hazırlamaq məqsədilə iyirmi ədəd kiçik kağız bükümlərə bölmüş, şüşə bankanın içərisinə qoymuşdur. 09 iyul 2024-cü il tarixdə tanışları Şahid7 (bundan sonra – Niyaməddin) və Mübarizlə işğaldan azad edilmiş ərazilərə gəzmək məqsədilə getmək barədə razılığa gəldiklərinə görə 10 iyul 2024-cü il tarixdə yaşadığı evin həyətində yerləşən tikilidə saxladığı iki ədəd bükümlərdəki qurudulmuş marixuananın bir ədəd bükümünü üzərindəki siqaret qutusu, digər bir ədəd bükümünü isə əlindəki rezin borunun içərisinə qoyub özü ilə götürmüşdür. Həmin narkotik vasitələri özü ilə götürməkdə məqsədi gedəcəkləri yerdə bir ədəd bükümündən şəxsən istifadə etmək, digər bir ədəd bükümünü isə əvvəllər narkotik vasitələrdən istifadə etdiklərini bildiyi Niyaməddin və Mübarizə istifadə etmələri üçün vermək olmuşdur. Lakin əvvəllər Niyaməddin və ya Mübarizlə birlikdə narkotik vasitədən istifadə etməmişdir. 10 iyul 2024-cü il tarixdə Niyaməddin və Mübarizlə birlikdə sonuncunun idarə etdiyi avtomobildə Füzuli şəhəri istiqamətində gedərkən Niyaməddin və Mübarizə üzərində iki ədəd bükümlərdə qurudulmuş marixuana olduğunu demişdir. Buna görə də sonuncuların onun üzərində iki ədəd bükümlərdə qurudulmuş marixuana olmasından qabaqcadan deyil, yolda olanda məlumatları olmuşdur. Füzuli şəhəri ərazisində olarkən Füzuli RPŞ-nin əməkdaşları onları və olduqları avtomobili saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada o, həmçinin müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindəki siqaret qutusu və əlindəki rezin borunun hər birinin içərisində bir ədəd bükümdə olmaqla, cəmi iki ədəd bükümlərdə ona məxsus olmuş qurudulmuş marixuananı təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. O, şübhəli şəxs qismində verdiyi ifadəsində yaşadığı evin həyətində yerləşən tikilidə narkotik vasitə saxladığını bildirdiyinə görə özünün yazılı razılığı ilə, həmçinin özünün və müdafiəçisinin iştirakları ilə, videoçəkiliş aparılmaqla polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindəki tikiliyə baxış keçirilərkən orada şüşə bankanın içərisindən on səkkiz ədəd bükümlərdə ona məxsus olmuş qurudulmuş marixuana aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. ***-***-**-** mobil nömrəsi yalnız onun istifadəsində olmuşdur. O, atasının yaşadıqları evdə meyvələrdən kustar üsulla çəkdiyi, spirtli içki olan araqdan (bundan sonra - araq) yalnız qohumlarına istədikləri halda pay kimi vermişdir. Buna görə də onun istifadəsində olmuş həmin mobil nömrəyə dair telefon danışıqları haqqında məlumatlara baxış keçirilərkən qohumu X1 olmuş ***-***-**-** mobil nömrədən 02 və 03 iyul 2024-cü il tarixlərdə daxil olması aşkar edilmiş mesajların məzmunu sonuncunun ondan narkotik vasitə deyil, göstərdiyi araqdan istəməsi ilə bağlı olmuşdur. Buna görə də o, həmin araqdan yalnız Anar Gözəlova bir neçə dəfə müəyyən məbləğdə pula satmışdır. O, həmin araqdan istəmiş digər qohumlarına pay kimi verdiyi halda, qohumu Anar Gözəlova bir neçə dəfə müəyyən məbləğdə pula satmasının səbəbini izah edə bilmir. İş üzrə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. Törətdiyini etiraf etdiyi cinayət əməlindən səmimi peşimandır. Göstərdiklərinə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs isnad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli 08 saylı Qərarının: 8-ci bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 9-cü bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs 20 (iyirmi) ədəd bükümlərə bükümlərdə, onların ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,46 qram, 0,49 qram, 0,51 qram, 0,52 qram, 0,52 qram, 0,54 qram, 0,54 qram, 0,58 qram, 0,58 qram, 0,61 qram, 0,62 qram, 0,63 qram, 0,65 qram, 0,66 qram, 0,75 qram, 0,76 qram və 0,85 qram qurudulmuş marixuananını evində saxlanması, 0,35 qram və 1,24 qram qurudulmuş marixuananı isə üzərində saxlamaqla daşımasını, eləcə də bu bükümlərdən birini istehlak üçün onunla birlikdə olan şəxslərə vermək niyyətində olmasını həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən 14 iyun 2024-cü il tarixli 08 saylı qərarı baxımından da qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı da ədalətli sayır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması və himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi, əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsinin həlli zamanı sonuncunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almaqla əsaslı olaraq onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasını mümkün saymış və Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddinə yaxın cəza təyin etməklə cəzanın ümumi məqsədinə xidmət edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi, habelə hökmün dəyişdirilərək ona aşağı həddə cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Füzuli Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 1(064)-9/2025 nömrəli hökmü isə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Füzuli Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 1(064)-9/2025 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Əli Əliyev Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar