Məhkəmə qərarları › İş №1(106)-346/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-346/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-346/2024 01.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi ilə, hakimlər-Hacıyev Pərviz Vaqif oğlunun və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Masallı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 1(050)-117/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 1(050)-117/2023 saylı hökmü ilə (sədrlik edən hakim Ceyhun Quliyev) xx xxxx 2000-ci ildə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məğul olan, əvvəllər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1, 68.1.1-1 və 69.3cü maddələrinə əsasən 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və üzərində 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Masallı rayonu Şıxlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan; Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(004)-245/2023 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 02 (iki) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə, ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddəlləri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə tanışı Masallı rayonu, Şıxlar kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 09 mart 2023-cü il tarixdə saat 21 radələrində əvvəllər tanımadığı Masallı rayonu, Şıxlar kənd sakini Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evinə evin pəncərəsini açmaq yolu ilə qanunsuz olaraq daxil olub həmin evdən bir ədəd, 500 manat dəyərində “LG” markalı plazma tipli televizoru, 1 ədəd, 100 manat dəyərində “LG” markalı DVD aparatını, 1 ədəd 100 manat dəyərində “Hyundai” markalı CD player aparatını, 1 ədəd, 60 manat dəyərində, “Smart” markalı DVD antena qurğusunu, 1 ədəd 10 litr həcmdə, 300 manat dəyərində od samovarını, 1 ədəd 8 litr həcmdə, 300 manat dəyərində od samovarını, hər bir dəstinin qiyməti 200 manat olan 6 ədəd yataq dəstini, 1 ədəd 50 manat dəyərində qədimi dərzi qayçısını, 1 dəst 250 manat dəyərində qab-qacaq dəstini, 1 dəst 250 manat dəyərində gümüş qaşıq dəstini, 1 ədəd “Madonna” firmasına məxsus, 400 manat dəyərində qab-qacaq dəstini, 1 ədəd 50 manat dəyərində fotoaparatı, 1 ədəd 250 manat dəyərində, 3x4 ölçüdə xalçanı, 1 ədəd 300 manat dəyərində 4x5 ölçüdə xalçanı, 3 ədəd hər birinin qiyməti 40 manat olan elektirik tənzimləyici stabilizatoru, 1 dəst, 70 manat dəyərində tefal qazan dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 0,399 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin olunmuş cəza sərtliyinə görə ədalətsizdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən hallar, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona dəymiş maddi ziyanının könüllü olaraq tamamilə ödənilməsi, gənc olması, ilk dəfə cinayət törətməsi, himayəsində yaşlı anasının olması, qardaşının həbsdə olması, əməlini etiraf etməsi və peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ailə şəraiti kimi hallar kifayət qədər nəzərə alınmamış, nəticədə ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiya hissəsində nəzərdə tutulmuş daha sərt cəza, yəni azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində göstərilənlərə əsasən Masallı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmünün dəyişdirilməsini və ona təyin edilmiş cəzanın azaldılmasını, yaxud başqa cəza növü cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X4 apellyasiya şikayətini müdafiə edib, Masallı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı X5 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Masallı Rayon Məhkəməsinin 21 avqust 2023cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Zərərçəkmiş şəxs gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək, daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs1 əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü ərizədən görünür ki, zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənildiyini, buna görə sonuncu ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin olunmuş 01 il 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 08 gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 05 ay 04 gün muddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12. və 59.1.13-cü maddələrinə əsasən cəzanıi yüngülləşdirən hallar kimi nəzərə almış, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(004)-245/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 həmin cinayət işi üzrə 02 noyabr 2022ci il tarixdən 04 noyabr 2022-ci il tarixə qədər şübhəli şəxs kimi saxlanılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına, eləcə də Cinayət Məcəlləsinin 58.3, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən mütləq qaydada cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib nəzərə alınmalı olan hallar – təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsi müvafiq olaraq cəzanın təqsirkarın islah olunmasına təsiri baxımından dəyərləndirilməlidir. Cinayət qanununun tələbinə əsasən mütləq şəkildə cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hallara əhəmiyyət verilmədən və cəzanın təqsirkarın islah olunmasına təsirini diqqətə almadan təyin olunmuş cəza isə ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində təyin edilmiş cinayət törətmiş şəxs haqqında tətbiq etdiyi cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması, sosial ədalətin bərpası, məhkumun islah edilməsi baxımından qanuniıiyini təhlil edərək qeyd edir ki, qeyd edilən hallara uyğun olmayan təyin edilmiş cəza həm yüngüllük, həm də ağırlıq baxımından Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddəsinin məqsədlərinə görə açıq aşkar ədalətsiz cəza hesab olunur. Bu hüquqi dəyərləndirməyə əsasən, kollegiya birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində cəza təyininə görə mövqeyini qanuni və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 şəxsiyyət baxımından cinayətə meyilli şəxsdir, əvvəlki məhkumluqları da nəzərə alınmaqla son hökmlə bilrikdə dörd cinayət əməlinə görə təqsirli bilinmiş və barəsində ittiham hökmü çıxarılmışdır. Bu və digər qeyd olunanlar göstərir ki, apellyasiya şikayətinin cəza təyini ilə bağlı dəlilləri əsassızdır, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddəsinin məqsədlərinə görə açıq aşkar uyğun deyil. Təqsirləndirilən şəxs1 şəxsiyyətinin sosial xüsusiyyəti, yəni qanunlara münasibəti və həyat tərzi, eləcə də psixoloji xüsusiyyəti, xarakteri onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmayağacını təsdiq edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə yeni və əvvəlki hökm üzrə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması tam qanuni və ədalətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cinayət qanununun tətbiqində birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün yuxarıda qeyd olunanları nəzərə alır və hesab edir ki, Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş başqa hallarda diqqətə alınmaqla Kollegiya məhkəmənin təyin etmiş olduğu cəzanı ədalətli hesab etsə də, cəzanın toplanması qaydasında səhvə yol verildiyi qənaətindədir. Belə ki, hökmdən də göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəti olaraq təyin olunmuş 2 il 06 ay müddətinə azadlqıdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yasamal rayon məhkəməsinin təyin etmiş olduğu 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmışdır. Lakin nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 5.1-ci maddəsində göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin məzmunundan göründüyü kimi, həmin normaya əsasən cəzalar tamamilə və ya qismən toplanılarkən çəkilən cəza (üzərində saxlanılan cəza deyil) qəti cəza müddətinə hesablanır. Cinayət Prosessual Məcəlləsinin 158.6-nin cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yeni hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə, əvvəlki hökm üzrə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasını qismən toplamaqla qəti cəza təyin etməli, daha sonra şübhəli şəxs kimi saxlanıldığı müddət qəti cəza müddətindən cıxılmalı idi. Odur ki, məhkəmənin hökmü həmin hissədə dəyişdirilməlidir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmü Cinayət- Prosessual Məcəlləsinin 399.1.4-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 1(050)-117/2023 saylı hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 1(050)- 117/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1., 177.2.3. və 234.1-ci maddələrinə əsasən təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(004)-245/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün, təyin olunmuş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm Təqsirləndirilən şəxs1 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar çıxarılıdğı andan, məhkum Təqsirləndirilən şəxs1 verildiyi tarixdən 12 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar