Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-346/2025 28.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – X11 və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 1(050)-2/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs E.Abiyevin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 1(050)-2/2025 nömrəli hökmü (hakim: Abbasova Ellara Həsən qızının sədrliyi) ilə, 7 aprel 1989-cu il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 4 nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək, X4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, X4 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanaraq, X12 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılması barədə yekun qərar qəbul edilmiş iş üzrə maddi sübut məsələləri həll edilmişdir. İŞİN HALLARİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. N.Cəfərov xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” y/s evi, mənzil 40-da qeydiyyatda olmaqla hal-hazırda Masallı şəhərində yaşayır və Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışır. Son vaxtlarda barəsində şikayət verdiyi şəxs X12 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi sosial şəbəkələrdə, kütləvi çıxışlarında və Respublikanın müxtəlif təşkilatlarında yayımlamışdır. 2024-cü ilin iyul-avqust aylarında sosial şəbəkələrdə yaradılmış “TikTok” proqram kanalında X12 ölkənin hüquq mühafizə orqanlarına Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisinin, yəni onun qanunsuz əməlləri, cinayətkarlardan rüşvət tələb etməsi barədə dəfələrlə hüquq mühafizə orqanlarına məlumatlar verdiyini bildirir. Eyni kanalda ayrı-ayrı vaxtlarda, yəni təkrar olaraq həmin görünüşlə, həm də rəsmi şəkillərdə müraciətlərin mətnini yayımlamışdır. Hər iki video və audio materiallar sosial şəbəkədə “Tik-Tok” kanalında 2024-cü ilin iyul-avqust aylarında yayımlanmışdır. Həmin yayımlanan müraciət və çıxışlarda danışan şəxs X4 özüdür və nəql etdiyi hadisələrin iştirakçısının özü olduğunu bildirir. Onun haqqında səsləndirdiyi fikirlər o cümlədən böhtanlar X7 məxsusdur. Yayımlanmış video materiallar üzrə Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi mövcuddur və bu əsasla hazırda Cinayət Prosessual Məcəlləsinin (CPM) 293-cü maddəsinə uyğun olaraq tərtib edilməklə məhkəməyə təqdim edilən şikayət ərizəsi Cinayət Məcəlləsinin (CM) 147-ci maddəsi üzrə baş vermiş cinayət hadisəsini araşdırmaqla, cinayət törətmiş şəxsin əməlinə hüquqi qiymət verilməsindən ibarət məqsədə xidmət edir. Xüsusi ilə nəzərə almaq lazımdır ki, X4 müraciətləri ilə o və polis şöbəsi ağır cinayətdə ittiham edilməklə böhtana məruz qalmışdır. X12 tərəfindən 2024-cü ilin iyul-avqust aylarında yayımlanmış video müraciətlərdə aşağıdakılar qeyd edilmişdir. “Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Nəsimi Cəfərov qumarxanalardan pul alır, rüşvət yığır, tutulub saxlanılan şəxslərin ailələri ilə əlaqə saxlayır, onlarla görüşdükdən sonra cinayət törətmiş şəxsləri şöbədən qanunsuz buraxır”. Həmçinin müraciətlərində bu işlərə rəhbərlik edən və şöbədə anarxiya yaradan polis rəisi Azay Ağayevi də ittiham edir. Müraciətlərindən sonra N.Cəfərov, onu polis şöbəsində 3 gündən sonra qanunsuz saxlamış, o sonradan sərbəst buraxılmışdır. Bu qanunsuzluqlara görə ölkə Prezidentinə, Baş Prokurora və Daxili İşlər Nazirliyinə müraciətləri olmuş, lakin müraciətlərinə baxılmamışdır. Onun video müzakirələri tam mətni ərizəyə əlavə edilməklə bərabər diskə köçürülmüş vəziyyətdə məhkəməyə təqdim edilir. Yayımlanmış hər video materiallarda səslənən fikirlər X4 özünə məxsus olmaqla sonuncuya aid edilməli, həmin fikirlərə görə məsuliyyət məsələsi həll olunmalıdır. Əvvəla nəzərə almaq lazımdır ki, bütün video materialların ümumi kompleksi böhtana əsaslanır, üstəlik həmin fikirlər E.Abiyevin mülahizəsi olmaqla reallığı əks etdirmir. Video müraciətlərində Masallı Rayon Polis şöbəsində özbaşınalığın, rüşvətxorluğun olmasını dəfələrlə qeyd etmişdir. E.Abiyevin onu rüşvət almaqla, böhtan olduğunu bilə-bilə polisin şərəf və ləyaqətini ləkələyən, polisə yaraşmayan, kollektiv və ictimaiyyət arasında hörmətdən salan ağır cinayətdə ittiham etməsi ilə (rüşvət alma) əsassız olaraq böhtana məruz qalmışdır. Bu isə E.Abiyevin əməllərində Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsinin tərkibini yaratmışdır. Göründüyü kimi, E. Abiyev böhtan olduğunu bilə-bilə polisin şərəf və ləyaqətini ləkələyən yəni şəxsi nüfuzdan salan, onu ağır cinayətdə ittiham edən məlumatları kütləvi informasiya vasitəsi ilə yaymaqla ona böhtan atmışdır. Yayımlanmış video materiallara 13.000 baxış olmuşdur. İnsanın şərəfi, ləyaqəti və nüfuzu ən ali dəyərlərdən hesab olunur. Vətəndaşın ifadə azadlığına malik olması, onun mətbuat vasitəsilə öz sözünü cəmiyyətə çatdırması normal haldır. Belə ki, video müraciət hazırki dövrün tələblərinə uyğun olaraq, şəxsin öz iradə ifadəsi forması kimi qiymətləndirilməlidir. Lakin bunun sui-istifadə, ictimaiyyəti çaşdırmaq, insanların şərəf və ləyaqətini alçatmaq və onları ən ağır cinayətdə ittiham etmək yolu ilə olub-olmaması araşdırılmalıdır. Özünün hüquqlarının pozulduğunu hesab edən şəxs hansı vasitəni seçməsindən aslı olmayaraq qanunvericilik çərçivəsində hərəkət etməlidir. Xüsusi ittiham qaydasında şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qaydada hökm qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: X5 vəkili Müdafiəçi1 apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 1(050)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünün ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş şikayət ərizəsi qanunvericiliyin tələblərinə. Ali Məhkəmənin Plenum qərarına uyğun şəkildə tərtib edilməmiş, natamam, heç bir əsaslandırma göstərilmədən, konkret olaraq CPM-nin 293-cü maddəsinin tələbləri pozulmaqla, yəni: şikayət vermiş şəxsin doğulduğu il, yaşayış yeri, məşğuliyət növü, əməlin harda və nə vaxt törədilməsi, məhz hansı zərərin vurulması, şikayətin veildiyi yer və.s göstərilməli olduğu halda heç bir prosessual normaya riayət edilmədən şikayəti icraata götürmüşdür. Məhkəmə iclasında bu hallarla bağlı məhkəməyə bildirdikdə isə hakim Ellara Abbasova haqlı etirazı qanunvericiliyin norma və prinsilərinə məhəl qoymayaraq xüsusi ittihamı icraata qəbul etdi. İşə baxan hakim Rayon və Şəhər məhkəmələrində icraata qəbulla bağlı normaların müxtəlif olduğunu əsas gətirdi, lakin vəkil kimi o qanunvericiliyin bütün məhkəmələrə və şəxslərə şamil olunduğunu məhkəmənin diqqətinə çatdırsam da məhkəmə buna məhəl qoymayaraq şikayəti icraata qəbul etdi. Bununla bağlı məhkəməyə və digər orqanlara şikayətlər ünvanlanmışdır. Lakin işə baxan məhkəmə qanunvericiliyin tələbin pozaraq icraata götürmüşdür. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” y/s evi, mənzil 40-da qeydiyyatda olmaqla hal-hazırda Masallı şəhərində yaşayır və Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışır. Son vaxtlarda barəsində şikayət verdiyi şəxs X12 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi sosial şəbəkələrdə, kütləvi çıxışlarında və Respublikanın müxtəlif təşkilatlarında yayımlamışdır. 2024-cü ilin iyul-avqust aylarında sosial şəbəkələrdə yaradılmış “TikTok” proqram kanalında X12 ölkənin hüquq mühafizə orqanlarına Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisinin, yəni onun qanunsuz, əməlləri, cinayətkarlardan rüşvət tələb etməsi barədə dəfələrlə hüquq mühafizə orqanlarına məlumatlar verdiyini bildirir. Eyni kanalda ayrı-ayrı vaxtlarda, yəni təkrar olaraq həmin görünüşlə, həm də rəsmi şəkillərdə müraciətlərin mətnini yayımlamışdır. Hər iki video və audio materiallar sosial şəbəkədə “Tik-Tok” kanalında 2024-cü ilin iyul-avqust aylarında yayımlanmışdır. Həmin yayımlanan müraciət və çıxışlarda danışan şəxs X4 özüdür və nəql etdiyi hadisələrin iştirakçısının özü olduğunu bildirir. Onun haqqında səsləndirdiyi fikirlər o cümlədən böhtanlar X7 məxsusdur. Məhkəmə iclasında ifadə vermiş X12 bildirdi ki, xüsusi ittiham qaydasında qaldırılmış şikayətin heç bir əası yoxdur. Məqsədli və qərəzli şəkildə ona qarşı qaldırılmış şikayətdir. O, uzun müddətdir ki. Masallı Rayon Polis İdarəsinin hərəkət və hərəkətsizliyindən yuxarı dövlət orqanlarına yüzlərlə şikayət ərizəsi ünvanlamışdır. Belə ki, həyətyani sahəsindən dəmir boruların oğurlanması, və onun evində güllə ilə vurulması ilə bağlı hadisələr heç biri araşdırılmamış, təqsirləndirilən şəxslər bu günə kimi məqsədli şəkildə tapılmamışdır. 5 dəfə X13 qəbulunda olmuş, hər dəfə araşdırma ilə bağlı tapşırığ verilsədə heç bir nəticəsi olmamış, hər dəfə polis idarəsində ona bildirmişlər ki, “sənin məsələn bağlanıb” “heç bir araşdırma aparılmayacaq”. Masallı rayon polis idarəsinin bir çox əməkdaşından eşitmişdir ki, onun şikayətlərinin araşdırılmamasına səbəb orqanlarına Masallı Rayon Polis Şöbəsinin rəisi və Cinayət Axtarış Bölməsinin rəisi şəxsən imkan vermir və onun şərlənərək həbs edilməsində maraqlıdırlar. O, heç bir böhtan atmamış və eşitdiklərini, ona qarşı edilənləri əsas tutaraq həmin çıxışları etmişdir. Maraqlıdır onun şikayətləri əsasında araşdırmaları kim və necə “bağlayıb”...? əgər rüşvət almaq yoxdursa necə mənim işlərim, şikayətlərim bağlana bilər..? Bütün Polisdə olan əməkdaşlar bildirir ki, sənin məsələn bağlanıb. Bundan başqa Nəsimi Cəfərovun barəsində rayon camaatının danışdıqları, həmçinin onların barəsində internet saytlarında, xüsusəndə “Yolun sonu” saytı tərəfindən yayılmış məlumatlar əsasında fikrimi bildirmişəm. Mən həmin videoda heç bir böhtan atmamışam, həmin məsələlərin yalan olduğunu bilə-bilə deməmişəm, paylaşılmış, polis əməkdaşlarının mənə şəxsən dediklərini, mənim işlərimin araşdırılmamasını və rayon camaatının onlar barəsində dediklərini bildirmişəm. Polis əməkdaşları məni şərləmək, mənim dövlət orqanlarına yazdığım şikayətlərin, haqlı tələblərimin qarşısını almaq üçün belə bir qondarma şikayət irəli atmışlar. Bildirir ki, şikayətin heç bir əsası yoxdur və məqsədli şəkildə həyata keçirilmişdir. Polis əməkdaşları məhz məhkəmənin əli ilə bu hərəkətlərə hüquqi don geyindirmək istəmişlər. Belə ki, Masallı Rayon Polis İdarəsinin əməkdaşları 21 avqust 2024-ci il tarixdə X8 yaşadığı evin qarşısından Polis İdarəsinə apararaq orada ona guya Xırda Xuliqanlıq edərək polis işçisinin qanuni tələbinə tabe olmama maddəsi ilə barəsində İX-nin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə gətirmişlər. Masallı Rayon Məhkəmənin xx.xx.2024-ci il tarixli 3(050)-1674/2024 saylı (hakim: Firdovsi Əliyev) qərarına əsasən 8 sutka müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin qərardan verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Elman Abiyev bildirir ki, ona qarşı qanunsuz və əsassız hərəkətlərin edilməsinə, barəsində guya İXM-in 510-535.1ci maddələri ilə protokolun tərtib edilməsi məqsədli və göstərişlidir. Bundan başqa, Abiyev Elman bildirir ki, polis idarəsində onun haqlı tələblərinə baxılmır və o, həmin hərəkətlərdən yuxarı orqanlara şikayətlər ünvanlayaraq qanunsuzluqların dayandırılmasını tələb etmişdir. Xüsusi ittihamın verilməsi, onun inzibati qaydada barəsində protokol tərtib edilməsi hamısı məqsədli şəkildə və qəsdən həmin işdən bizi uzaqlaşdırmaq niyyəti güdür. Tərtib edilmiş protokolun, onun əsasında çıxarılmış qərarın heç bir əsası yoxdur. İşə baxan hakim öz qərarında göstərmişdir ki, “Məhkəmə X4 yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş oldıığa izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş oldıığa inzibti xətaya görə nəzərdə tatıdan cəzadan yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbal edir” ancaq protokol və polis əməkdaşı kimi şahid qismində dindirilmiş şəxslərdən başqa hər hansı mötəbər sübutun mövcudluğuna istinad etməyərək Elman Abıyevin dediklərini yalnış olaraq özünü müdafiə kimi qiymətləndirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-412/2024 saylı, xx.xx.2024-ci il tarixli qərarı ilə şikayətləri əsaslı olduğundan Masallı Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. Bundan başqa X12 26 avqust 2024-ci il tarixli məhkəmə iclasından sonra polis İdarəsinə aparıldıqdan sonra 3 gün müddətində işgəncələrə məruz qaldığını bildirmiş və hətta X1 hakimi bu halları ondan soruşduqda kamera qarşısında döyüldüyünü bildirmişdir. Bu hallar məhkəmə qərarında öz əksini tapmışdır. Abiyev Elman 29 avqust 2024-ci il tarixdə zaldan azad edilmiş və evə gətirilmişdir. Növbəti gün tibbi müayinələrdən keçirilmişdir. MRT müayinəsi nəticəsində müəyyən edilmişdir ki, aldığı xəsarətlərdən boynunda qırıq aşkarlanması müşahidə olunduğundan KT göndərişi verilmişdir, (tibbi sənədlər əlavə edilir.) Rentgen müayinəsi zamanı həkim bir daha boyun fəqərəsində sınığın olduğunu bildirmiş və müvafiq dərmanlar yazılaraq Elman Abıyevə hərəkətsiz uzanmaq tapşırılmışdır. Şirvan Aellyasiya Məhkəməsi həmin araşdırmaların aparılması üçün Masallı Rayon Məhkəməsinə işi qaytarsa da Masallı rayon məhkəməsi polis idarəsindən kamera görüntülərini əldə edə bilmədən yenidən əsassız qərar qəbul elmişdir. Göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin heç bir əsası mövcud deyil. Abiyev Elmanın bu günə qədər yüzlərlə dövlət orqanlarına və həmçinin X10 ünvanadığı şikayətlərə baxılmamış, onun güllələnməsi və dəmir borularını oğurlayan şəxslər tapılmamışdır. Hər dəfə müxtəlif bəhanələrlə bu məsələlər örtbasdır edilmişdir. İşə baxan məhkəmə işin faktiki hallarını aydınlaşdırmadan, tərəflərin əvvəlki münasibətlərini nəzərə almadan, sosial şəbəkələrdə olan və məhkəməyə təqdim edilmiş materiallara düzgün qiymət vermədən, təqdim edilmiş disklərdə olan görüntüləri ümumi şəkildə dəyərləndirmədən, dövlət orqanlarına və Daxili İşlər Nazirliyinə ünvanlanmış şikayətləri nəzərə almadan əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarmışdır. Abiyev Elmanın dövlət orqanlarına elədiyi şikayətlərdən də görünür ki, vətəndaş olaraq haqlı narazılığına baxılmır və şikayətləri düzgün araşdırılmır. Elman öz işinə münasibətdə eşildiklərini və ona polis əməkdaşlarının dediklərinə istinad olaraq belə bir çıxış elmişdir. Həmin çıxışlara tam şəkildə baxış keçirilən zaman görünür ki, vətəndaş eşildiklərini, onun barəsində paylaşılanları və "Yolun Sonu” saytında olanlara istinad edərək fikrini bildirmişdir. Bu halda böhtan maddəsinin tərkibi qəti şəkildə yarana bilməz, şəxs yalan olduğunu bilə-bilə yayarsa məsuliyyət müəyyən olunmuşdur. Hazırkı halda isə şəxs eşitdiklərini, sosial şəbəkədə paylaşılan məlumatları, öz işlərinin qəsdən və məqsədli şəkildə araşdırılmadığını əsas tutaraq vətəndaş şikayəti kimi prezidentə məlumat vermiş və haqlı tələblərinin yerinə yetirilməsini xahiş etmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətdə göstərilən halların heç bir əsası yoxdur. Məhkəmənin gəldiyi qənaət əsassızdır və qərəzlidir. Ümumiyyətlə icraata götürülməsi qanunvericiliklə yol verilməyən şikayəti icraata götürməklə yanaşı, eyni amanda əsası olmayan uydurma şikayət əsasında şəxsin barəsində ittiham hökmü çıxarmışdır. Şəxsin ifadə və söz azadlığının qarşısını almaq, onun haqlı tələblərini araşdırmadan şikayətlərini nəzərə almamaq, digər saytlarda paylaşılmış hadisələrə münasibət bildirmək böhtan kimi qiymətləndirilə bilməz. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında: Xüsusi ittihamçı X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da o, məhkəmə iclasına gəlməmişdir. Təqsirləndirilən şəxs X12 və müdafiəçisi Müdafiəçi2 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılsalar da hər dəfə müxtəlif bəhanələr gətirməklə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası xüsusi ittihamçı X2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd olunan işin 4 mart 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin icraatına daxil olmasını və iş üzrə dəfələrlə məhkəmə iclaslarının keçirilməsini nəzərə alaraq təqsirləndirilən şəxs E.Abiyev və müdafiəçisi Müdafiəçi2 tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatətlərini işə vaxtında və səmərəli baxılması, ədalətli məhkəmə araşdırması, prosessual qənaət prinsiplərinə zidd və lüzumsuz vaxt itkisi kimi qiymətləndirərək həmin şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya digər yekun qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayətində göstərilib-göstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Odur ki, məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 1(050)-2/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növü kimi qəbul edərək, onları bir-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, məhkum edilmiş şəxs Elman Abıyevin xüsusi ittihamçı N.Cəfərov barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi sosial şəbəkələrdə, kütləvi çıxışlarında yayımlaması və bununla da CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin: 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbi baxımdan birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş sübutları tam, hərtərəfli yoxlayıb hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından düzgün qiymət vermişdir. Apellyasiya şikayətində işin faktiki halları, o cümlədən məhkum edilmiş şəxsin təqsirliliyi məsələsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs E.Abıyevin apellyasiya şikayətində göstərdikləri dəlillərini əsassız sayır və mülahizə xarakterli hesab edir. Belə ki, iş materialında olan 1-ci CD diskə keçirilən baxış zamanı diskdəki 1-ci videofaylda 6 dəqiqə 39 saniyəlik videokadr var. Həmin videonun 3:10-cu dəqiqəsindən başlayaraq 04:05-ci dəqiqəsinədək təqsirləndirilən şəxs X12 “TikTok” video paylaşma platformasında özünə məxsus “elman.abiyev3” səhifəsində “Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Nəsimi Cəfərov o qədər harınlayıb ki, Masallıda qumar oyunları oynayan bəzi təşkilatlar var ki, onlardan aylıq haqq alır”, X3 “narkotik satmağa başı qarışıb”, “rüşvət yığmağa başı qarışıb” “Nəsimi Cəfərov qumar oyunlarının, mərc oyunlarının təşkilatçısıdır. Onlardan aylıq pul yığır” ifadələrini işlətməsi müəyyən olunur. 3-cü diskə baxış keçirilən zaman 1-ci videofaylda 02 dəqiqə 46 saniyəlik videokadr var. Həmin videonun 01:00-ci dəqiqəsindən başlayaraq 01:38-ci dəqiqəsinədək X12 “TikTok” video paylaşma platformasında özünə məxsus “elman.abiyev3” səhifəsində “Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Nəsimi Cəfərov “Diş həkimlərindən haqq yığır, apteklərin gününü qara edib, banditlərlə oğrularla şərik işləyir” ifadələrini bildirməsi müəyyən olunur. Həmçinin apellyasiya şikayətinin dəlillərinə nəzər yetirərkən görünür ki, şəxsin ifadə və söz azadlığının qarşısını almaq, onun haqlı tələblərini araşdırmadan şikayətlərini nəzərə almamaq, digər saytlarda paylaşılmış hadisələrə münasibət bildirməyin böhtan kimi qiymətləndirilməməsi və bu səbəbdən də hər hansı cinayətin törədilmədiyi qeyd edilmişdir. Beləliklə də, birinci instansiya məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs E.Abıyev tərəfindən xüsusi ittihamçı N.Cəfərov barəsində ağır və ya xüsusilə cinayət etməkdə ittiham etməklə ona böhtan atması iş materialları ilə tam təsdiqini tapmışdır və qeyd olunan yalan məlumatların “TikTok” video paylaşma platformasında özünə məxsus “elman.abiyev3” səhifəsində yerləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs E.Abıyev tərəfindən xüsusi ittihamçı Masallı RPŞ Cinayət Axtarış Bölməsinin rəisi N.Cəfərov barəsində böhtan xarakterli söz və ifadələr, habelə onun rüşvət alma (CM-in 311-ci maddəsi), mənimsəmə (CM-in 179-cu maddəsi), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (CM-in 308-ci maddəsi) və sair barədə məlumatlar sosial şəbəkədə kütləvi şəkildə yayılmışdır. Sosial internet şəbəkəsində təqsirləndirilən şəxs E.Abıyevin yalan olduğunu bilə-bilə zərərçəkmiş şəxs N.Cəfərov barəsində onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayması, o cümlədən N.Cəfərovun yuxarıda sadalanan ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi birbaşa CM-in 147.2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın düzünə qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Burada şəxsin şəxsiyyətini əxlaqi, hüquqi, peşə meyarları baxımından nüfuzdan salan qondarma məlumatlar nəzərdə tutulur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: Birincisi məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması, ikincisi həmin məlumatların doğru olmaması və üçüncüsü belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Bununla da, sosial şəbəkə hesabında X12 öz düşüncəsinə görə fikirləri, ehtimalları olub-olmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə yuxarıda qeyd edilən yalan məlumatlar yaymışdır. Hansı ki, məhz həmin məlumatlar da hazırkı xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, Nəsimi Cəfərovanın şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir, daxili işlər orqanının əməkdaşı kimi onu cəmiyyətdə nüfuzdan salmaqla, cəmiyyətdə, insanlar yanında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin: 145.2-ci maddəsinə görə,hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların müqayisəli təhlilinə əsaslanaraq və onların həqiqiliyinə mötəbərlik baxımından qiymət verib belə nəticəyə gəlir ki, X4 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. İşə baxan birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmiş, E.Abıyevin törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs X9 təyin edilmiş cəzanı da müzakirə edib aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi X4 himayəsində dörd nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən halları kimi qiymətləndirmiş, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinin tələbinə görə, cinayəti törətmişşəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 147.2-ci maddəsinin alternativ xarakterli sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbləri baxımdan birinci instansiya məhkəməsi düzgün olaraq məhkuma cəza təyin edərkən onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı X4 cəzasını yüngülləşdirən bütün halları nəzərə almış, apellyasiya məhkəmə baxışı zamanı onun cəzasının yüngülləşdirən hər hansı yeni bir hal müəyyən edilməmişdir. Odur ki, təqsirləndirilən şəxs E.Abıyev barəsində azadlığın məhdudlaşdırılması cəzasına nisbətən daha yüngül cəzanın təyin edilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı gələcəkdə təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cəzanın ümdə məqsədlərindən biri və bəlkə də birincisi olan sosial ədalətin bərpası elə cəzanın törədilən cinayətə uyğun olması ilə öz təsdiqini tapır. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə də razılaşır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, E.Abiyevin Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkum edilməsi barədə Masallı Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 1(050)-2/2025 saylı hökmü dəyişdirilmədən, məhkum edilmiş şəxs E.Abiyevin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən saxlanmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.1, 407 və 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs X5 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Masallı Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 1(050)-2/2025 saylı hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərardan Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Əli Əliyev Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(106)-346/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-346/2025
28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver