Məhkəmə qərarları › İş №1(106)-355/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-355/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-355/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi ilə, hakimlər-X1 və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Atakişiyeva Nuranə Fadil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(032)-22/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Səidə Məmmədova) xx.xx.1991-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 03 sentyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,189 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 03 sentyabr 2023-cü il tarixdə, saat 21:50də Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Nizami küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli şalvarın sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,189 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin olunmuş cəza sərtliyinə görə ədalətsizdir. Belə ki, məhkəmə cəza təyin edərkən məsuliyyətini yüngülləşdirən halları, yəni ağır böyrək xəstəlikdən əziyyət çəkməsini, əməlini etiraf etməsini və peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını kifayət qədər nəzərə almamışdır. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilənlərə əsasən Şirvan Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmünün dəyişdirilməsini və azadlığa buraxılması ilə əlaqəli cəza təyin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 apellyasiya şikayətini müdafiə edib, Şirvan Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında dövlət ittihamçısı X7 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Şirvan Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya şikayətində təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq hökmün dəyişdirilməsi üçün Cinayət- Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində məhkəmə qərarının apellyasiya qaydasında dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər məhkum edilmiş şəxs tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxsin ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs aşağıda qeyd edilən hökmlərlə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur: 1)Şirvan Şəhər Məhkəməsinin 23 iyul 2010-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 saat ictimai işlər növündə cəza təyin edilmişdir; 2)Şirvan Şəhər Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18 iyul 2016-ci ildə cəzasının sonu ilə azad olunmuşdur; 3)Şirvan Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1maddəlləri ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs sonuncu məhkumluğundan göründüyü kimi, o, Şirvan Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü üzrə sübuta yetmiş ittiham üzrə cinayət əməlini məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu hal Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmaması təsdiq edir və belə olduqda onun təqsirli bilindiyi cinayəti törətdikdən sonra həmin cinayətin ictimai təhlükəliliyini azaldan hər hansı müsbət davranışından söhbət gedə bilməz. Buna görə də birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi hallara, əməldə cinayətin residivinin olmasını nəzərə almaqla Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallara əsasən, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar